Duman - Azər Qismətin hekayəsi

Duman - Azər Qismətin hekayəsi
9 oktyabr 2023
# 16:15

Bu gün tanınmış yazıçı, jurnalist Azər Qismətin doğum günüdür.

Kulis.az bu münasibətlə onu təbrik edir və "Duman" hekayəsini təqdim edir.

...Axan gözləri dumandakı şəhərin dalğınlığına bənzəyirdi. Bir dalğın o biri dalğının küçəsində addımlayırdı. Günəbaxan rəsmli çətirini ayağına toxundura-toxundura şəhərin dalğınlığında özünü axtarırdı. İtirdiyi varlığını hələ yuxudan oyanmayan adamların yuxularında arayırdı. Atıldığı bir saatın tamamını başa vurmamış sevinməyə çalışırdı.

- Hər şeydə bir xeyir var.

Arxadan eşidilən səsin sahibinin sifətində bahar rəngi yox idi. Bəlkə də payız gəlib, ona görə baharı axtarmağa dəyməzdi.

- Bir həvəs idi, ötüb keçdi...uşağı saldır...

Hə, dəqiq. O səsin sahibinin sifətində bahar rəngini axtarmağa dəyməzdi. Arxadakının donqultusu dumanın arealını genişləndirdi. Duman belə donqultunu ağuşuna alıb özünü murdarlamaq istəmirdi.

Hərdən parçalanan, hərdən də qatılaşan dumana baxan 39 yaşlı qadının çətiri açıb fırlatması kişini də ümidləndirdi:

- Deyəsən, dediyimlə razılaşırsan? Saldır uşağı. Əvvəlki münasibətimizə qayıdarıq.

Qadın çətiri fırladıb dumanı yarırdı. Yalnız ətrafındakı dumanı. Çantasından hamiləlik testini çıxarıb qoşa xəttə baxıb var səsi ilə qışqırdı:

- Mən anaaa olacağammm...

Çiyninə keçirdiyi çantanı başından aşırıb skamyanın söykənəcəyinə keçirən kişi qadına cumub testi almağa çalışdı. Qadın müqavimət göstərmədi. Başını buladı. Kişi testi qapdı. Qoşa zolağa baxaraq qışqırdı:

- Rədd elə onu. Biz müasir insanlarıq. Uşağı boynumuzdan asmayaq. Azadlığımızı uşaqla məhdudlaşdırmayaq.

Dumanın şehi 41 yaşlı kişinin nizamsız saçını yastıladırdı. Ötən əsrdə sanki inəyin dili ilə yalamağından saçları tumarlanıb parıldayan mafiozlara bənzəyirdi. Bircə zolaqlı kostyumu və qaz piyi ilə parıldadılan ayaqqabıları çatmırdı.

Qatılaşan duman şəhərin hündür binalarını görünməz edir, üstüaçıq kafelərdəki masaların ucundakı damlalar işıldayır, kağız qayıqlar asfaltdakı suların cığırı ilə üzürdü.

- Sənə arxayınam...saldır uşağı...ona yiyə durmayacağam...

Qadın çətirini fırladır, hərdən atılıb-düşür, əlvan güllü donun üstündən geyindiyi qırmızı gödəkçəsinin yaxalığını dodağının arasında çeynəyir, dumanı içinə çəkirdi.

Dalandarlar hələ işə başlamadıqlarından parkda yerə tökülmüş yarpaqlar meşə təəssüratı yaradırdı. Elə oradaca çinarın yarpaqlarından buket düzəldən qadının qəlbində itirmək qorxusunu dadanlara melodiya səslənirdi. Qadın o melodiyanı eşitməyən kişinin qışqırığına məhəl qoymurdu. Skamyada oturub sakitcə yarpaq buketini yelləyirdi. Kişi yanında əyləşmədi. Başının üstündə dayanıb əsəbi halda özünü dala-qabağa verdi.

- Saldır onu. Mənə az da olsa hörmətin varsa, saldır. Daha da xoşbəxt olarıq.

“Ginekoloqun sürətlə işləyən əlcəkli əlləri... O əllərin tutduğu buz kimi soyuq alət...fırtığa bənzəyən rüşeymin cərrahiyyə masasındakı çanağa atılması...sanitarın o rüşeymi iyrənə-iyrənə götürüb zibil vedrəsinə tullaması...qoxunun gəlməməsi üçün üstünə kağız-kuğuz basması... sonra heç nə olmamış kimi ayağa qalxıb elə ordan da evə qayıtması...xoşbəxtlik belə gələcəkmiş. Ruhu göylərə göndərilən günahsız mələyi düşünmədən, yada salmadan gələn xoşbəxtlik. Əvvəlki qaydada siqaretin filtri martiniyə batırılıb çəkiləcək...espanyol saqqallı dostların evə yığışıb özlərindən razı halda kubizm cərəyanından, natürmort janrından edəcəyi söhbətlər...qulaqların sallanması...gecə yatanda da modern yatış qaydasından istifadə...baş-ayaq yatış...Körpəni götürəndən sonra gələn xoşbəxtlik...Rüşeymi hansısa zibilliyə atılan körpənin iki yetkin insana qazandıracağı xoşbəxtlik...Əhəmiyyəti, qiyməti, sevgisi, hörməti olmayan körpə... Çünki atası hələ anası ilə evlənməyi qərara almayıb. İllərlə məşğul etdiyi qadını taleyin ümidinə buraxacaq qədər rəzilliklə gözünü döyən kişi...Çünki ciddi həyat onu qorxudur. O, ancaq ilkin ehtiyacını düşünür, sonrası onluq deyil” - demək istədi, lakin dayandı.

- Məndə X xromosomu yoxdur. O səndədir. Əgər bu xromosomu həmin gecə mənə verə bilmisənsə, mən onu qəbul etməyi qərara almışamsa, deməli qız doğulacaq. Əgər Y olsa, onda oğlan.

- Başladı gicləməyə...

Qatılaşan duman parkdakı saatın əqrəblərini də örtdü. Danqıltılı musiqi saatın tamamını bildirdi. Kişi qol saatına ötəri baxıb başının üstündə dayandığı qadına qışdırdı:

- Bir azdan adamlar yuxudan oyanacaq. Gedək evə, orda başa salaram ki, bizə uşaq lazım deyil.
Sulardakı kağız qayıqlar bəzən saqqız, çipsi cığaralarına ilişib maneələrə dirəniş göstərirdi. Axar su onları dayanmamağa məcbur edir, yalnız irəliyə itələyirdi.

- Həmin gecəki sərxoşluğunu nəzərə alsaq, məntiqlə X xromosomu ölgünləşməli idi. İnanmıram ki, spirtli içkinin təsirindən mayalanmağa gücü çatsın.Bəlkə də ünvanına çatmayıb. Amma ginekoloqun hesabladığı təqvimə inansaq, üç həftə əvvəl bünövrəsi qoyulanlar qız doğulacaqlar. Hər halda dölün şəxsiyyəti üç aydan sonra bilinəcək. O vaxtacan gələcək uşağının cinsi ilə bağlı səni sevindirə bilməyəcəm. Bağışla da. Bilirəm, bunu çox bilmək istəyirsən. Gecə də sevincindən yata bilməmisən, lakin neyləyim ki, sevindirə bilmirəm.

- Dilin uzanıb ha...

- Lakin bayaqdan bir məsələni fikirləşirəm. Həmin gecə sərxoşluğundan yaranan vəhşi hərəkətlərin də onu deməyə əsas verir ki, qız doğulacaq. Bəlkə də özündən asılı olmadan tibb elmində yeniliyə imza atmısan. X xromosu olmadan qız doğmaq...bu ki,qiyamətdir.

- Vəhşi hərəkətlərin bura nə dəxli var?

- Ancaq qız vəhşiliyə dirəniş göstərib varlığını yarıda saxlamaz. Dözüm qadınlara məxsusdur. Fiziki gücə adekvat addım mayalanmadan və doğum vaxtından ötürülür. Kişi isə zəif doğulur. Yalnız böyüyəndə ananın dölünü cırmaq qədər həyasızlaşır.

- Ləçər, deyəsən çaşırsan ha. Dilini qarnına sox. Başının yumruğu əskikdir.

- Başıma yumruğun dəyməsi uşağın bioloji prosesini ləngitməyəcək. Yalnız gələcəkdə psixoloji durumuna mənfi təsir göstərəcək.

- Sonra?

- Sonra belə doğulmasının səbəbini soruşanda deməyə məcbur qalacağam ki, “sən hələ yumurtalıqda ikən “haydı” deyib yolçuluğa başlayanda, bioloji atan başıma yumruq vurmuşdu.

Duman çəkilmirdi. Ən uzunömürlü duman kimi adamların xatirələrinə dönmək istəyirdi. Parkdakı otluğun üstündə rəqs edən saralmış, bürüşmüş yarpaqlar payızın tez gəlişinə sevinirdilər. İşıqforun rəngli işıqları dumanın arxasında da parlaqlığını itirmirdi.

Qadın bətnindəki körpə rüşeyminin qızılı payıza düşməsinin izahını tapdı: “Ömrünü melanxolik düşüncələrdə keçirəcək. Həyatını gözəlliklə, sevgiylə parladacaq. Əgər 41 yaşlı, hələ də çantasının qaytanını çiyninə keçirib guya hər gün harasa tələsən, saqqalının xəttini düz vurmayanda hirslənən, əyalət adamı görəndə qəsdən əcnəbi dildə danışıb üstünlüyünü nümayiş etdirən, hamıya məsləhət verən, əks qütblü fikirlərlə guya fərqli obrazını yaradan kişi sahib çıxsa, körpə parladacaq həyatını”.

- Uşaq götürülməlidir! Getdikcə onun həyatımızdakı artıqlığını duyacaqsan. Ağacın yarpaqları ilə az oyna...burda söz danışıram...Sivilizasiyanın belə inkişaf tempində uşaq artıq yükdür, bizə də, cəmiyyətə də. Axardan dala qala bilmərik. Uşaq köhnəliyin qalığıdır. Belə qalıqla yerimizdə sayacağıq. Axı, səninlə inkişaf tempini gerilədən səbəblərdən çox danışıb müzakirə etmişik.

- Əgər qız doğulsa, çox güman ki, onun da ailəsi dağılacaq. Bax, özün düşün,sən məni atıb gedəcəksən.

- Bəlkə atıb-tutmağımı gözləyirdin? Gözlə, buralarda ol.

- Ay sağ ol. Deməli, gedəcəksən, mənsə uşağı doğacam, böyüdəcəm, toyunu görəcəm. Bal ayına xaricə gedəcəklər.Otellər, şəhərlər. O günlərdə qızım əri ilə ancaq şənlənəcək. Sonra evə qayıdacaqlar. Göylərdən yerə enəcəklər, real həyata. Ər qayğı istəyəcək. Qızım çaşıb qalacaq. Ər istəyini bir də təkrarlayacaq. Qızım yenə gözünü döyəcək. O, ərinə göydən düşən naməlum məxluq kimi baxacaq. Telefonla məndən soruşacaq ki, “bu nə istəyir?” Deyəcəm ki, “əri sevmək lazımdır”. O da təəccüblə pıçıldayacaq ki, “axı, sən elə etməmisən?” Bu yerdə yanağım qıpqırmızı qızaracaq. Çünki o, evdə ataya, kişiyə qulluq, hörmət-izzət, məhəbbət görməyib. Bilməyəcək ki, əri qapının kandarında gülərüzlə qarşılayarlar, xəstələnəndə çarpayısının yanından çəkilməzlər, ağır günündə dəstək olarlar, çətinliklərini birgə çözərlər, küsüşəndə tez də barışarlar - yaz yağışı kimi, cod əli ilə saçlarına tumar çəkəndə məhəbbətlə cavab verərlər, siyasi etibarsız kimi harasa sürgün ediləndə dekabristlərin arvadları kimi arxalarınca gedərlər. Amma qızım bütün bunları həyatında yaşamayacaq. Çünki yaşaması üçün görməsi lazım olan vaxtlarda sən bizimlə deyildin. Əri də onun naşılığına tez-tez qəzəblənəcək. Daha sözləri tutmayacaq, baxışları toqquşmayacaq, soyuyacaqlar, birgə yaşasalar da bir-birlərinə yad olacaqlar, ailə əslində çoxdan dağılmış sayılacaq. O, ayrılacaq. Əsəbi olacaq. Atasızlığın həyatına vurduğu zərbəni onda anlayacaq.

- Anlasın da. Gedib su içər, hirsi keçər.

- Su içməyinə içəcək, hirsi də keçəcək. Ancaq ürəyində sağalmayacaq yara qalacaq. Bu vaxt sən xəstələnəcəksən. Mənim kimi doğmaların da səndən əlini üzəcək. Xəfənəkli öskürəklə kirayə qaldığın evin sahibəsini bezdirəndə yadına düşəcək ki, nə vaxtsa qız yaratmışdın. Sərxoşluqla, vəhşicəsinə yaratdığın qızı deyirəm. Onu axtaracaqsan.

- Narahat olma, başqa qadından uşaqlarım mənə baxar.

- Yox, inanmıram, sən bu həyat məntiqinlə heç vaxt evlənməyəcəksən və heç vaxt da uşaq istəməyəcəksən. Harda qaldım? Hə...övladını tapacaqsan. Əgər onda ölmüş olsam, deyəcəksən ki, “bütün günahlar ananda idi. O, yalnız uşaq doğmaq üçün mənə yaxınlaşmışdı. Qızım, səni çox axtardım, yuxularımda gördüm, təxmini təsvirini rəssama çəkdirib şəklini cibimdə gəzdirdim, hər uşaq görəndə kövrəldim, hər qızcığaz paltarına vitrin arxasından həsrətlə baxdım”. Sonuncu cümləni deyəndə küləyin tozu burnuna dolacaq, elə asqıracaqsan ki,protez dişinlə əsan yerə düşəcək. Mən isə ölmüş olsam deyə bilməyəcəyəm ki, dediklərin hamısı ağ yalandır.

- Əsamı yerdən qaldırmayacaq?

- Qaldırıb verəcək. Çünki ona öyrədəcəyim etik kodeksdə həmin jest də yer alacaq.

- Bəs, atasına sudan-çörəkdən verməyəcək?

- Yaşlı insana kömək edəcək. Su içirəcək, ağzına bir tikə çörək də qoyacaq.

- Gördün? Deməli, qayğı göstərəcək.

- Bunları edəcək. Ancaq bir məsələ var ki, o, bunu yaşlı, köməksiz adama edəcək.

- Hə də. Yaşlı adam atasıdır da. Nə fərqi var ki?

- Fərqi burasındadır ki, o, bunu çöldə dilənən...

- Mən heç vaxt dilənməyəcəyəm.

- Sahibsiz itlərin ağzındakı sümüyü dartıb gəmirən...

-İfritə, mən heç vaxt elə olmayacağam.

- Ayaqyoluna pul tapmayıb ağac dibinə sidikləyən...

- Ləçər, danışığını bil ha...

- Gecələr körpü altında selofana büküləndə bitlərini təmizləyən...

-Səni it gününə qoyacam.

- Qotur basan bədəninin iyindən baş çatlayan, siqaret tüstüsündən bığları, barmaqlarının ucu saralan qocaya edəcək. Bir insanın edə biləcəyi insan kimi.

- Nə fərqi varrr? Qayğı ki göstərəcəkkk...

- Ataya göstərilməli olan ruhla, ülvi sevgiylə yox.

- Mühazirəni qurtardınsa gedək evə, yumruğumun gücünü göstərim. Burda ayıb olar.

- Yumruq, sillə, təpik...fikir verirsənsə, nə qədər müasir insan olsan da, texnologiyalara yiyələnsən də, hərdən gen daşıyıcıların baş qaldırır. Səni ilkin vəhşi dövrə qaytarır. Mamont ovuna, mağara tapmaq ümidinə, yırtıcı həyatına.

Qadının saçından yapışıb özünə çəkdi. Heç kimi düşünmədən hayqırdı:

- Səni ovcumda sıxıb toz edəcəm. O uşağı doğan gün doğuş şöbəsinin pəncərəsindən aşağı tullayacağam.

- Yox, bundan narahat deyiləm. Şöbənin təhlükəsizliyini qorumaq üçün əvvəldən lazımi yerlərə məlumat verəcəyəm. Məni narahat edən başqa məsələdir. Sən küçədə öləndən sonra şəxsiyyətini bilmək üçün qızımı meyidxanaya aparmaları....

Kişinin qışqırığı qadına təsir etmədi. O, tövrünü pozmadan, təmkinlə davam edirdi.

- Səni öldürəcəmmm....öldürəcəmmm....

- Onda küçədə yox, həbsxanada öləcəksən. Bu heç olmasa, küçədə ölüb yiyəsizlər qəbiristanlığında basdırılmaqdan yaxşıdır.

Kişi ütülü saçlarını hirslə qarışdırıb sakitləşməyə çalışdı.

- Yaxşı...onda bir sualıma cavab ver. Birdən oğlan doğulsa?! Hə, birdən oğlan oldu? Onda necə?

- O daha pis. Oğlan ata üzü görmədiyinə görə yarımçıq kişi kimi böyüyəcək. Düzdür, mən ona kişilik dərsi keçəcəm. Ancaq bir var ananın mühazirəsi, bir var atanın isti nəfəsi, gerçək görüntüsü. Oğlan bunu görməyəcək, kişilik arzusu yalnız ürəyində olacaq. Sinifdə satqınlıq edəcək, əsgərlikdə onu növbəyə qoyacaqlar, ailə həyatında ər olmağa çətinlik çəkəcək. Məndən gizlin xarici şirkətlərə üzə tük çıxarmayan kremlər sifariş edəcək, zifaf gecəsində məni köməyə çağıracaq. Onun da ailəsi dağılacaq. Çünki ərlik etməyi bacarmayacaq, arvadı qulağından tutub bayıra atacaq. Sən küçədə dilənçilik edəndə o da yanında oturub qabağında cib dəsmalını açacaq. Ancaq səndən fərqli olaraq adamların ağzına girib dilənməyəcək, xəcalətindən gözlərini yerə dikəcək.

Ancaq bir xahişim var. Axşam onun qazandığını əlindən almayasan. Ümumiyyətlə, gecələr boğuşmayın.

Kişi yumruğunu düyünləyir, qadına cumur, əlvan güllü donunun yaxalığından tutub dartır, lakin vurmağa cəsarəti çatmırdı. Qadın onun dodağını gəmirməsinə, saçını qarışdırmasına məhəl qoymur, sarılı-qırmızılı yarpaqlardan düzəltdiyi buketi saç sancağı ilə bərkidirdi. Kişi parkın məhəccərindən tutub başını aşağı saldı, sakitləşmək üçün dərindən nəfəs aldı. Yenidən qadının yanında əyləşdi.

- Nə olar, o uşağı doğma...çox xahiş edirəm...sən ki, məni sevirsən...

- Yalvarma. Bu, 39 yaşlı qadın üçün sonuncu şansdır.

Kişi qadının saçından tutub özünə fırlatdı.

- Gələcəyim barədə dediklərin zarafat idi?

- Bir damcı da.

Kişi skamyanın söykənəcəyindəki çantasının qaytanını çiyninə keçirdi. Əlini belinə vurub buketi iyləyən qadına xeyli baxdı.

- Yaxşı... fikirləşərəm.

- Fikirləş.

Getdikcə duman yarıldı. Uniformalı dalandarların iri süpürgələrinin xışıltısı eşidildi. Parkı suvaran ağ saçlı bağban yarpaqlardan hazırladığı buketi fırladan qadına baxıb gülümsədi. Pəncərələr açıldı, evlərə günəşin şəfəqi düşdü. İşıqforun yaşıl işığı parladı.

# 1823 dəfə oxunub

Müəllifin son yazıları

# # #