Kulis.az Azər Abdullanın “Gec batan ulduz” poemasını təqdim edir.
Todanda şəhid olmuş əsgərə
“Məğlub ölkənin igidləri”
silsiləsindən
Ana bətnində saxlayantəkin
qara bir yalçın qaya
uç gün, üç gecəydi
alıb qarnına
qoruyurdu əçgəri.
Çəkirdi canına
atılan güllələri, mərmiləri,
çəkirdi canına
ildırım şaqqıltısına bənzər
qorxunc, vahiməli səsləri.
Bətnində uşağı duyantək ana,
duyurdu yalçın qaya
gecələr tənha əsgərin
qorxudan tir-tir əsdiyini.
Qayadan qabaq dibindəki
boynubükük bənövşələr
tanımışdı əsgəri.
Elə sevirdi bənövşələr,
lal baxışlarıyla,
qərib duruşlarıyla
demək istəyirdilər
- Gedəndə dər apar bizləri
sevgilinə.
Bənövşələrdən öncə
Todan meşəsinin
çılpaq ağaçıarı, kolları
tanımışdı əsgəri.
Biri tanış olmuşdu,
birisi yoldaş,
biri dost olmuşdu,
birisi qardaş.
Bilirdilər istəklisini
nigaran-nigaran
qoyub gəldiyini.
Bilirdilər əsgər yaşı çatmamış,
bığ yeri yenicə tərləmiş
bu oğlanın
üç ildən bəri
dəlicəsinə sevdiyini.
Görmüşdülər əsgərin xəzəllərdən
çələng hördüyünü,
duymuşdular
torpaqda, daşda,
suda, səsdə, ağacda,
hər addım, hər qarışda
sevgilisini andığını...
Görmüşdülər su içəndə,
çörək yeyəndə,
yatanda, duranda.
Görmüşdülər əsgərin
üç gün qabaq
ilk dəfə əlinə aldığı
avtomatını bir an
əlindən yerə qoymadığını.
Görmüşdülər avtomatına,
əynindəki təptəzə
əsgər papağına, paltarına
sevinib doymadığını.
Bəlkə əsgərin dilindən
“baş üstə” sözündən başqa
bir kəlmə
eşidmədiklərinə görəydi,
bəlkə qorxduğunu
gizlədə bilmədiyinə görəydi,
bəlkə Vətəni, torpağı,
adamları sevdiyini,
bütün sevənlərdən çox,
çox-çox inanmasına görəydi...
Səs düşmüşdü aləmə. Üç gündən bəri meşə əsgərin susuzdan yandığını, qayanın qarnından çıxa bilmədiyini bilirdi. Əsgərin onlara sevgiylə, həsrətlə baxdığını duyan, hiss edən kollar, ağaclar sözü bir yerə qoymuş, üç gündən bəri gecəni gündüzə qatmış, bütün güclərini toplamış, həvəslə, yeyin-yeyin yarpaqlamağa başlamışdı.
Ağacların inadla, həvəslə yarpaqlamasından qopan xışıltı, uğultu azman bir orkestrdən ətrafa yayılan, yüksələn şən musiqitəkin gavurların atdığı güllə səslərini boğmağa çalışırdı ki, əsgər qorxmasın. Gözəl may səhərində ağaclar yamyaşıl yarpaqlar doğurdu, çiçəklər doğurdu. Günəş öz istisini həmişə olduğundan daha çox göndərirdi Todan meşəsinə. Üçüncü gün meşə yamyaşıl, ışım-ışım ışıldayırdı. Ancaq qayayla meşə arasındakı on-on beş addımlıq yer çırıl-çılpağıydı. Əsgər, gavur nişançılarından ehtiyat edir, meşəyə girəmmirdi. Dərədə uyuyan duman, əsgər qardaşının darda olduğunu yuxusunda gördü, titrəyib ayıldı. Sinə-sinə, sürünə-sürünə hardan gəldi, necə gəldi, görən, bilən olmadı. Axşam çağı meşəylə qayanın arasındakı o çılpaq yeri duman necə bürüdüsə, göz-gözü görmədi. Əsgər heysiz-heysiz qalxaraq qatı dumanın içiylə avtomatını sürüyə-sürüyə meşəyə sallandı. Taqətdən düşmüş ayaqları onu qocaman cögənin altında çiyin-çiyinə söykənmiş mamırlı qoşa qayanın arasından paqqıldayıb axan durnagözlü bulağa gətirdi. Dizlərini yerə qoyaraq quruyub qaysaq bağlamış atəşli dodaqlarını bumbuz qum qarışıq qaynayan bulağın dupduru gözünə söykəyib nəfəsi kəsilənəcən içdi, içdi...
Dağ-daş, yer-yurd raketə, topa, güllə yağışına tutulmuş, bombalanmışdı, yalqız qalan əsgər səngəri buraxıb getmirdi. Mərmilərdən, güllələrdən sinəsi catdaq-catdaq, oyuq-oyuq olmuş qara yalçın qayanı, boynu bükük bənövşələri, dar məqamda dadına yetən bəmbəyaz dumanı, cögənin altında qoşa qayanın arasından paqqıldayıb axan bulağı, kol-kosundan, budaqları qırılmış, gövdələri şaqqalanmış yaralı ağaclarınacan bütün yamyaşıl meşəni, yarpaqların arasından süzülüb axan Günəşin zərrin tellərini əsgər özünün tanışı, dos-doğma qardaşı bilir, həm də onları Vətəni sanırdı.
Dan yeri yenicə söküləndə avtomatına söykənib mürgüləyən əsgər gurultuya diksinib ayıldı. Yarpaqların arasından tər-təmiz, mas-mavi göy üzünə baxdı. Üzərinə üç rəngli bayrağımız həkk edilmiş vertalyotun keçdiyini gördü. Başı lovlu ayağa qalxdı, sevincək özünü iki addımlıqda olan talaya yetirdi. Əlini qaldıraraq bayraqtəkin sağdan sola, soldan sağa yellədə-yellədə talanın ortasınacan qaçdı, sevinc, fərəh içində gülə-gülə qışqırdı. Vertalyot əsgəri görcək bir az da aşağı endi, talanın üstündə çalağantək dövrə vurdu.
Bir loxma çörək,
bir həyan, bir kömək,
ürək-dirək yerinə
saatbasaat, anbaan
sevgilisindən
gözlədiyi məktub yerinə,
dan yeri söküləndə
gavur vertalyotundan
od-alov saçan,
yana-yana bir qatar
güllə yendi, daraşdı
arıq-sısqa əsgərin canına.
Vaxt qalmadı çaşmağa,
vaxt qalmadı qorxmağa, ağrımağa,
ufuldayıb zarımağa...
Gülə-gülə qarşıladı güllələri,
sərildi torpağa əsgər...
...Bicliyin acığına,
yalanın, hiylənin acığına
göydə tək qalan ulduz
çəkdi canına,
çəkdi öz ucalığına
gül kimi solmaqda olan
əsgərin şip-şirin gülüşünü.
Talanın ortasında
bir örtük əvəzinə
tər-təmiz, mas-mavi göy üzü
cəkildi əsgərin çiçək üzünə,
günlərlə sevgilisindən
məktub gözləyən
qapqara gözlərinə.
Dövrə vurub lal olmuşdu
ayaqüstə ağaclar,
əsgər qardaşına
matəm saxlayırdılar.
O gündən
Todan göylərində
gecələr səhərəcən
gülümsəyir bir ulduz.
Dan yeri sökülür,
sönür bütün ulduzlar,
yer üzü uyuyur, yatır,
əsgərin gülüşünü
özündə yaşadan ulduz
gözləyib, gözləyib
bütün uldyzlardan gec batır.