Kulis.az hind şairi, nasiri Harivanş Ray Baççanın şeirlərini təqdim edir.
XX yüzildə hindi dilində yaranan ədəbiyyatın ən görkəmli nümayəndələrindən biridir. Şair, nasir və tərcüməçi kimi fəaliyyət göstərib. 70 şeir kitabının müəllifi, filologiya elmləri doktoru, bir çox milli və beynəlxalq ədəbi mükafatın laureatıdır.
Ötən əsrin 30-cu illərində çap etdirdiyi üç şeir toplusu ("Madhuşala", "Madhubala" və "Madhukalaş") ilə tanış olan hər kəs onun fars şairi Ömər Xəyyamın güclü təsirinə qapıldığını etiraf edir.
H.Baççan U.Şekspirin "Maqbet" və "Otello" pyeslərini, U.B.Yeytsin, Ö.Xəyyamın, rus şairlərindən - A.Puşkinin, M.Lermontovun, F.Tütçevin, N.Nekrasovun, S.Yeseninin, A.Blokun və V.Mayakovskinin şeirlərini, habelə qədim hind poeması "Bhaqavadgita"nı hindi dilinə uğurla çevirib.
Görkəmli siyasi xadim Mahatma Qandinin öndəri olduğu Hindistanın müstəqillik mübarizəsinin də fəallarından biri olub və dərs dediyi universitetdə tələbələr arasında milli azadlıq ideyalarını təbliğ edib.
O, hind kinolarından yaxşı tanıdığımız məşhur aktyor, prodüser və siyasi xadim Amitabh Baççanın (1942) atasıdır.
Sümüklərimin aqibəti
Öldüyüm zaman sür-sümüyümü
istədiyiniz yerə atın, getsin:
istər Qanq çayı olsun,
istərsə, zibilliyin bir küncü -
külli-ixtiyar sahibisiniz!
Çünki o zaman verəcəyiniz qərar
artıq sümüklərimin heç vecinə də olmayacaq.
Təşnəlik və
şərbət dadan su
Təşnəlik lap əldən salanda
axtarıb bir quyu tapmışdım:
içdiyim o su, bəlkə Zəmzəm suyu qədər,
bir şərbət qədər şirin gəlmişdi mənə.
Sonralar yolum bir daha o quyu tərəfdən düşdü,
təkrar o sudan içəsi oldum:
Adicə içməli su idi o -
dupduru və tamsız.
Görən, nə olmuşdu belə?
Ötən bir neçə gün ərzində
Suyun dadımı dəyişmişdi, yəni?
Yox, canım!
Bunun səbəbini anlamaq çətin deyildi:
görünür, suyun şərbət dadmasının sirri
mənim o günkü təşnəliyimlə bağlı imiş.
Məşq
Yuxu - ölümün məşqidir.
Hər gecə beynimiz "sönəndə"
yuxu bizi qarşıdakı ölümə hazırlayır.
Ta qədim əyyamlardan bəri
yuxunun bizə bunca şirin,
ölümün onca qorxunc gəldiyindən
bəs görəsən, niyə agah deyilmişik?!
İman
Nəciblik və eşq tanrıçasının
təsviri sayılan o bütün
başı, hətta baltayla dağıdılsa belə,
imanlı insanlar hələ də
onun qarşısında təzimə dayanırlar.
Sonra o nəciblik və eşq tanrıçası sayılan o bütü
yerə aşırıb, tikə-para eləsələr də,
insanların qəlbində ona bəslənən sevgi
nə zərrəcə azalar, nə də itər.
Nəcibliyə bəslənən iman güclüdürsə,
ona qarşı bütün qarayaxmalar mənasızdır,
çünki dağılmış qəlpələri yapışdırmaqda
iman məhlulu...
misilsiz vasitədir.
Sonu görünməyən aclıq
Sonu görünməyən bir aclığa məhkumam:
cəngindən qurtulmağa çalışsam da,
qarabaqara izləyər məni,
heç gecələr də buraxmaz yaxamı,
çünki ruhun aclığı gecələr də
rahatlıq, dinclik nədir, bilməz.
Elədə bu yuxuya həsrət gözlərimdəki
şövq də əbəsdir -
hər nə etsəm, dünyanın dərkində aciz qalaram!
Doyumsuz bir aclığa məhkumam...
ta Yaranış sirrini dərk edənə qədər
bu ac ruhum nə doyar, nə də bir təskinlik tapar.
Mədəd diləyərmiş kimi, əllərim açılıb göyə -
sanki biz ayrılandan bəri min il ötüb.
Hüdudsuz bir aclığa məhkumdur ağlım,
ancaq necə dardırsa, sığışmaz ona
nə ulduzları almaz təki sayrışan bu kəhkəşan,
nə də aclığın hökm sürdüyü bu qara torpaq.
Ancaq bu ac ruhumun yeganə bir təsəllisi var,
əminəm ki, çəkdiyim bu iztirablar da hədər deyil:
Mənə əzab verən - biliyə duyduğum aclıqdır deyə,
ruhumu didib-parçalayan da
sonu görünməyən bir aclıqdır!
Çörək və şeir
Şeir yazmaq sayəsində mən çörək tapmadım,
amma məni
ac-susuz da qoymadı bu sevda -
ən azı, bundan ötrü ona minnətdaram.
Şeir sevdası heç sənin də qarnını doyurmaz,
amma yediyin o quru çörək
hansısa şairin sözləri sayəsində,
ya qismən təzə olar,
ya da yarıboyat.
Varlının darvazası önündə
Bu darvazanın önündən keçərkən,
adətən babam qorxub-hürkər, təzimə tələsərdi.
Eyni darvazanın qarşısından keçən atam
köks ötürüb, qaşqabağını tökərdi:
"Əcəb bəxtəvərlər var ey dünyada!"
Həmin darvazanın önündən özüm keçəndə isə
onun sahibindən nə çəkinər,
nə də ona həsəd bəslərdim.
Oğlum isə oradan keçərkən indi bu şüarı hayqırır:
"Rədd olsun müftəxor varlılar!"
Baharın aşıladığı birlik
Payız gəlincə, saralan yarpaqlar
bir-bir qopub, torpağa düşür.
Hər təzə tumurcuqdan boylanan yarpaqlar isə
birlikdə cücərir, birlikdə açır -
sanki bu yolla bahar bizə birlik hissi aşılayır.
Onda qoy, nəsillər dəyişdikcə,
insanlar da dağılmalara
daha dərin nifrət bəsləsin,
yeniliyə, yaranışa isə
daha çox könül versin!
İki rastlaşma
İlk dəfə dəli-dolu vaxtlarımda
o xanıma rast gələndə
belə bir etirafda bulunmuşdum:
"Deyəsən, ağlım həmişəlik başımdan çıxdı".
İndi, bu ahıl çağımda,
eyni xanım təkrar rastıma çıxınca,
düşündüm:
"Nə yaxşı, o vaxt ağlım
sonradan başıma gəlibmiş!"
Filosof və şair
Sən indi guya filosofsan da, eləmi?
Açılan lotos çiçəyini görüncə,
özündən ixtiyarsız sən
nəciblik, təmənnasızlıq, o müqəddəs Yol barədə
fikir yürütməyə başlayırsan.
Sən indi guya şairsən də, eləmi?
Açılan lotos çiçəyinə gözlərin sataşınca,
ətrini içinə çəkir,
onun hüsnünə heyranlıq duyursan.
Barı, bircə kərə o nəmli torpağa toxunsan,
nə olar, görəsən?!
Axı qara torpaqsız bu gözəllik
əsla yarana bilməzdi!
Saatın kəfkiri
Görünür, Zaman bizi
dadımıza baxmaqla sayır, sanayır,
birimizi şirin,
digərimizi isə turşməzə sayır...
Odur, divara söykənən o heyvərə cəllad kimi,
Zaman da hansı birimizisə pusur
və... bu ara yamanca darıxır.
Onun usanmaz cəhəng kimi işləyən kəfkiri
durmadan bizi dişinə çəkib, çeynəyir:
şaqqır-şuqqur,
şaqqır-şuqqur...
Tərcümə: Azad Yaşar
Ədəbiyyat qəzeti