Bu gün şair, rəssam, tərcüməçi Azad Yaşarın doğum günüdür. Kulis.Az bu münasibətlə Azad bəyi təbrik edir və onun şeirlərindən bir neçəsini təqdim edir.
NAZİM HİKMƏTƏ ANTİPARODİYA
Mən çıxmasam,
sən çıxmasan,
o çıxmasa aydınlığa,
necə girər
başqaları
qaranlığa?!
SİLİKONA SAVAŞ
“Analarının silikonlu məmələrini əmən
körpələrin beyinləri
böyüyəndə
eynilə o dolğu maddəsi kimi
vıcıq-vıcıq olacaq” deyir alimlər.
Çünki elm adamları
zamanla onun qana işlədiyini,
irsiyyətə ciddi təsir göstərdiyini
artıq sübuta yetiriblər.
Sevgililərinin silikonlu dodaqlarını sümürən
kişilərin beyinləri isə
artıq vıcıq-vıcıqdır.
Bunun səbəbi –
bol silikonlu dodaqların
daim aralı qalması sonucu
bədənə
və ən betəri isə, beyinə
gen-bol hava dolması imiş.
Bəli, bəli, məhz… hava dolması!
Buyurun, bu da sizin üçün
milli yeməyimiz olan dolmanın təzə çeşidi!
Ancaq, siz Allah, diqqət edin,
bunu da o mənfur qonşular oğurlayıb,
öz adlarına çıxmasınlar!
PLASTİK ƏMƏLİYYAT DUASI
Narkoz veriləndən sonra
plastik əməliyyat masasında
uyumağa başlayan qadın
dua kimi
bu sözləri pıçıldamağa
özündə ancaq güc tapdı:
“Cərrahım!
Sən özün məni
təzədən, başdan…
yarat!”
HORROR ŞEİR
Yastıqla üzünü qapayıb,
2-3 dəqiqəyə boğduğun adamı
öldürən… sənsən.
Yoxsa bunca pisniyyətlik, qansızlıq
o yumşaq yastıqda nə gəzər?!
Gülləni
başına sıxdığın o adamı öldürən də
əlindəki tapança deyil,
və yenə də sənsən!
Atəş səsi eşidilməsin deyə,
üzünə yastıq basıb,
üstündən də güllə sıxmağı isə
vallah,
nə o qara, soyuq tapança qıyardı insanoğluna,
nə də qu tüküylə dolu yastıq.
Niyyəti pozuq olan bir kəs üçün
bu dünyada haramdan bol
nə varmış görəsən?!
NUR İÇİNDƏ YATMAQ
Məzarı başında:
“Nur içində yatsın” deyənlərə
mərhum o biri tərəfdən:
“Yahu, mən heç sağlığımda da
işıq yanan yerdə yata bilmirdim”
deməyi umar bəlkə də…
Amma
necə desin?!
NEOTƏCNİS
İnsanların çoxusu yaramazdır…
Buna söz yox.
Şayəd onlardan kiməsə
sirr gəlsən ki,
bəs mənim yaram azdır,
əlüstü sənə o qədər yara vurar ki,
bir daha qələt edib deyərsən:
“Yaram azdır…”
TARİXİ ADA DÜZƏLİŞ
XXI yüzilin əvvəllərində
Qız qalasının başından
rus millətindən olan ağbirçək bir ana
və onun qırx yaşlı oğlu
özlərini aşağı atdılar.
Görünür, bu sayədə onlar
indən belə
bu qədim abidənin
“Ana, oğul və qız qalası”
adlanacağını umublar.
Həm də bu sadalamada
bütün hallarda “qız” kəlməsi
“qala”dan öncə gəlməliydi ki,
abidənin ilkin adı qeybə qarışmasın,
itib-batmasın, unudulmasın,
tanınsın.
Bir intihar aksiyası ilə
bu millətin memarlıq tarixini
bax, belə dəyişmək mümkünmüş!
ƏZRAYILA ALDANMAQ
Keçindiyi zaman
üzündə xoş bir təbəssüm donmuşdu.
Görünür,
ölüm mələyi ona
hədsiz suyuşirin gəlibmiş…
OVERDOSE – DOZANIN QAÇMASI HALLARI
1.
Qadının
üst dodağı göyü,
alt dodağı isə yeri süpürürsə,
deməli,
plastik cərrah silikonun dozasını
ta-a-ma-am qaçırıbmış…
2.
Arzudan
sürəkli arzu doğursa,
bu, o deməkdir ki,
onların sahibinin arzu əyləci…
ço-o-x-d-a-a-n sıradan çıxıb.
O cür arzularla yaşayana
məzə üçün
“Arzu tramvayı” da
deyə bilərsiniz.
3.
Əsas məğzini bilməkdən ötrü
biz
hər şeyi gün işığına çıxarmağa
bir növ adətkarıq.
Bu zaman onu da unuduruq ki,
bəzi şeylər
gün işığında vaxtından tez xarab olur.