Patrisiya Haysmit - amerikalı yazar, psixloji detektivlər müəllifi.1921-ci ildə ABŞ-da doğulub, 1995-ci ildə İsveçrədə vəfat edib.
1950-ci ildə yazdığı “Qatardakı yad adamlar” adlı ilk romanı əsasında məşhur rejissor Alfred Hiçkok film çəkib.
Baş qəhrəmanı Tomas Ripsli olan bir sıra psixoloji kriminal romanların müəllifidir.
Fahişəlikdən nikaha və geriyə aparan yol
Əvvəllər Sara həvəskar kimi bədənini hər yetənə satırdı. İyirmi yaşında ikən ərə getdi və sonra bu işdə peşəkar sayılmağa başladı. Həm də onun nikah mərasimi kilsədə, ailə üzvlərinin, dost-tanışın, qonşuların gözləri qarşısında gerçəkləşdi. Bəlkə hələ İisus baba özü də ayinə şahidlik elədi, çünki onun mərasimə çağırıldığına hər hansı şübhə ola bilməzdi.
Bakirə qız olmasa da, Sara başdan-ayağa bəyaz geyinmişdi. O gün hamiləliyinin ikinci ayında idi və uşağının atası nikah vaxtı qoluna girdiyi Silvester adlı hərif deyildi. İndən belə Sara peşəkar fahişə sayılacaqdı, çünki qanunların və cəmiyyətin bu nikahı qoruması, kilsənin xeyir-duası və ərindən sağacağı pullar buna münbit şərait yaratmaqdaydı.
Sara boşuna vaxt itirmədi. Qaz ustasıyla başladığı mazaqlaşmaları pəncərəsilən cavanla davam etdirdi. Saranın ərinə verdiyi bilgiyə və pəncərələrin kirlənmə tezliyinə bağlı olaraq, pəncərəsilənin iş qrafiki hər gün dəyişə bilirdi. Gördüyü iş qarşılığı Silvester bu cavana gah səkkiz saat üçün, gah əlavə saatlar üçün ödənişlər etməyə məcbur qalırdı.
Bəzi günlər pəncərəsilən sabah tezdən, Silvester işə getməmiş qapını kəsdirirdi. İş günü bitəndə geri dönən ev sahibi bu cavanın hələ də getmədiyinə şahid olurdu. Ancaq bunlar xırda-mırda balıqlar idilər və günlərin bir günü bu ailənin özəl vəkili Saranın qarmağına keçdi və qadın əsl yüksəliş yolunu tutdu. Belə ki, üç nəfərdən ibarət Dillon ailəsi bundan belə hər cür hüquqi xidmətdən pulsuz yararlanacaqdı.
Oğlu Edmundla fəxr edən Silvesterə dost-tanış uşağın ona bənzədiyini deyəndə sevincindən pörtürdü. Bu adamlar ona yalan demirdilər, çünki kimliyindən asılı olmayaraq, dostları istənilən atanın könlünü qürurla dolduracaq, sırf alışılmış sözləri dillərinə gətirirdilər.
Edmund dünyaya gələndən sonra arvadı: «Bir uşaq bəsimizdir, elə deyil?» - deyib, Silvesterlə eyni yatağı paylaşmağına ara verdi. Bunu eşidən də düşünərdi ki, guya o vaxta qədər çox iç-içə, baş-başa yaşayırdılar. Ara-sıra cinsəl təmasdan boyun qaçırmaq üçün: «Yorulmuşam», «Hava yaman bürküdür» tipli bəhanələr gətirdiyi də olurdu.
Açığını desək, bu Silvester sırf puluna görə arvadına gərək idi. Kifayət qədər ağıllı və yaraşıqlı, sözündə-əməlində dürüst birisi olmaqla yanaşı, zəhlətökəcək qədər ehtiraslı kişi sayılmazdı Silvester. Bütün bu özəlliklərinə görə Saranın istəklərinə tam uyan biriydi. Bu cavan qadının beynində əzəldən bəri bir himayədara, bir kavalerə sığınmaq istəyi kök salmışdı. Yazdığı məktubların ətəyinə «Mrs» («missis» deməkdir, ingiliscə «ərli qadın» mənasına gəlir – A.Y.) sözüylə imza atması bu qadına bir az da sanbal qazandırırdı hər halda.
Sonrakı üç-dörd il boyu Sara ailə vəkili, ailə həkimi, bir araya gəldikləri bir neçə evli, ancaq arvadbaz kişiylə gen-bol könül əyləndirdi. Hətta Edmundun gerçək atasıyla da bir neçə kərə, hər dəfə də on beş gün baş-başa keyf-səfa sürmüşdü. Oynaşları evə adətən bazar ertələriylə cümə günləri arası, günortadan sonra gəlirdilər. Son dərəcə ehtiyatlı davranırdı qadın: evinin fasadı qonşu evlərə baxdığından oynaşlarına əlbəəl tapşırırdı ki, evə yaxın bir yerdən ona zəng eləsinlər, o da oğrun-oğrun içəri girmələrinin mümkün olub-olmadığını onlara xəbər verə bilsin.
Ən əlverişli vaxt saat ikinin yarısıydı: həmin radələrdə çox adam günorta yeməyi üçün süfrə qurur. Sara isə həm ev, həm də açıq süfrə sahibəsiydi. Hələlik hər hansı şübhəyə qapılmasa da, əri Silvesterin içində ilk şübhə toxumları baş qaldırmağa başlayırdı artıq.
Evliliklərinin dördüncü ilində kişidə nisbətən canlanma, tərpəniş sezildi. Öz katibəsinə və dəftərxana ləvazimatları mağazasında satıcı işləyən qıza nəzakətli şəkildə girişmək istəsə də, onlardan sərt şəkildə rədd cavabı aldığı üçün mənliyi əzilmiş hala düşdü.
Oturub-durub arvadına: «Bəlkə təkrar birlikdə olaq?» - deyirdi. Sara isə hər dəfə illərdən bəri topları atəş açmağa hazır duran on-on beş topçu dəstəsi kimi əks-hücuma keçirdi. Kənardan baxan da elə düşünərdi ki, bu durumda qadındır haqqı-hüququ tapdanan:
- Sənin üçün bu gözəl yuvanı bəyəm mən qurmamışam yoxsa? Bəlkə işli-güclü ev sahibəsi deyiləm? Bütün dost-tanış məni yaxşıların yaxşısı sayarkən, yanılır yoxsa?! Bəlkə Edmunda gözüm kimi baxmıram, hə?! İndiyəcən qapıdan girən kimi süfrədə büğlanan xörəyini görmədiyin gün olubmu heç?
Silvester: «Kaş arabir buğlanan xörəkdənsə, başqa şeylərlə də çıxaydın qabağıma» - deməkdən özünü güclə saxlayırdı. Kifayət qədər kübar tərbiyə gördüyündən intim istəklərini dilə gətirməkdən çəkinirdi.
Sara son yaylım atəşi kimi: «Bir də ki, mən üstün zövq sahibiyəm, - fikrini səsləndirirdi. – Mebellərimiz həm yüksək keyfiyyətlidir, həm də baxımlı. Bütün bunlardan artıq məndən daha nələr umduğunu heç cür anlaya bilmirəm mən!»
Həqiqətən də, bütün əşyalar göz qamaşdırdığından evləri əsl muzeyi xatırladırdı. Çox vaxt siqaretinin külünü külqabıya tökmək istəyəndə Silvesterin qarşısındakı qabı kirlətməyə də əli gəlmirdi. Evləri, yuvaları bir az səliqəsiz, ancaq daha sıcaq olsaydı, nə olardı görəsən?! Ancaq bu istəyini arvadına necə açıb söyləyəcəkdi?
Səsindən şuxluq yağan Sara əlini ərinə uzadaraq:
- Gəl, bir şey içək, - dedi.
Son illər arvadıyla yaxınlığa tamarzı qalan Silvester bu sözləri məhrəmliyə bir dəvət kimi dəyərləndirdi. Halbuki Saranın ağlına qəfildən yeni ideya gəlmişdi.
Sevincək arvadının əlindən tutan Silvester gülümsədi. Qarşısına qoyulan bütün xörəklərin hərəsindən iki boşqab yedi. Sara misilsiz və diqqətli aşpaz sayıldığından yeməklərin ləzzətinə söz ola bilməzdi. Ləziz şam yeməyinin yataqdakı şux ləzzətlərlə davam edəcəyini zənn edən Silvesterin bütün ümidləri az sonra puça çıxdı.
Bəli, Saranın yeni ideyası – Silvesteri ləziz yeməklərlə gəbərtmək idi. Ərini yaxşı bəsləyərək, evdarlıq vəzifələrini yerinə yetirməklə gələcəkdi bu işin öhdəsindən. Bişirdiyi yeməklərin çeşidini, günbəgün artırmaqla yanaşı, həzmi çətin xörəklərə üstünlük verəcəkdi. Elə indinin özündə Silvesterin qarnı azacıq hiss olunurdu və şəxsi həkimi çox yeyib, az hərəkət etdiyi barədə iradını bu yaxınlarda ona bildirmişdi.
Saranın isə artıq çəki barədə qənaəti bundan fərqliydi: vacib olan hərəkət yox, necə qidalanmaqdır. Silvester isə qarınqulunun biriydi. Sara üçün bu şərtlər tamamilə ideal idi və bu fürsəti heç cür əldən verə bilməzdi.
Odur ki, yeməklərdə qaz yağı və zeytun yağı kimi doymuş yağlardan gen-bol yararlanmağa başladı. Silvesterə pendirli makaronlar, bol kərəyağı yaxılmış sendviçlər yedirtdi, saçının seyrəldiyini bəhanə gətirərək, onu misilsiz kalsium mənbəyi saydığı süd içməyə alışdırdı. Üç ay ərzində əri düz on kilo kökəldi. Əvvəlcə Silvesterin bütün geyimlərini genəltməyə başlayan dərzisi sonradan yeni paltarlar tikməyə məcbur qaldı. Ərinin qeydinə qalan Sara indi də:
- Tennis oynasana, sevgilim, - deməyə başlamışdı. – Sənin hərəkət eləməyə ehtiyacın var, axı.
Bu sayədə Silvesterin tezliklə ürəktutması keçirəcəyinə bel bağlayırdı. Hündürboylu sayılmayan bu kişinin çəkisi haradasa 112 kiloya çatmışdı. Bədənini bir azca gücə salan kimi nəfəsi təngiyirdi.
Tennis də ümidləri doğrultmadı: Silvester ya çox bic, ya da çox şişman olduğundan yerindən tərpənmək istəmir, sadəcə üstünə gələn topları geri qaytarırdı. Kənara uçan toplardan ötrü isə nəinki ora-bura qaçmır, heç tükünü də tərpətmirdi.
Hər yerdən əli üzülən Sara bir gün günorta yeməyindən sonra həmişəki kimi tennis kortuna yollandı və bürküdən guya huşunu itirdi. Bu vaxt o, maşına mindirilərək öz evinə aparılması barədə güclə anlaşılan sözlər sayıqlayırdı.
Çox da arıq biri sayılmayan Saranı qucağında saxlamağa çalışan Silvesterin nəfəsi gözgörəsi daraldı. Heyf ki, Saranın hiyləsi bu dəfə də baş tutmadı, çünki tennis klubunun barından çıxan bir cüt cavan oğlan ərinin köməyinə çatdılar və Saranı asanlıqla yerdən qaldırıb, «Yaquar»a qədər daşıdılar.
Evə girib, arxalarınca giriş qapısını bağlayan kimi Sara guya təkrar özündən getdi. Bu dəfə o, təlaş dolu səslə üst mərtəbədəki yatağına aparılmasını ərindən rica elədi. Onların ər-arvad yatağı sayılan geniş, iki nəfərlik o çarpayı isə düz iki mərtəbə yuxarıdaydı. Silvester bütün təpərini toplayıb, arvadını qucağına aldı. Sevdiyi bu qadını təngnəfəs halda, səndələyə-səndələyə, hər pilləkəndə dayanıb, nəfəsini dərə-dərə çarpayısına daşımaqda o, düzü, hər hansı romantiklik-filan görmürdü.
Ən nəhayət, durumdan yeganə çıxış yolu kimi Saranı çiyninə atmaqla, yuxarı çıxmağa çalışdı, lakin yenə də üçüncü mərtəbədəki meydançaya çatanda üzü üstə yerə sərildi. Nəfəsi fitlə müşayiət olunurdu. Arvadının halsız bədəninin altından sürüşüb çıxan kişinin gücü indi hollda sərilən xalının üstündəki qadını yataq otağına sürütməyə ancaq yetirdi. Bir az nəfəsini dərməkdən ötrü qadını əllərindən buraxdı. O ara Sara zərrəcə qımıldanmırdı. Ancaq əri yaxşı bilirdi ki, Sara təsadüfən gözlərini açıb, özünü burada, həm də yerə sərilmiş görərsə, ona dişinin dibindən çıxanı deyəcək.
Odur ki, tez özünü ələ aldı, olan-qalan iradəsini topladı. O bir olan Allah da şahid idi ki, qollarındakı gücü tamamilə tükənmişdi. Dizləri sızıldayırdı, beli isə az qalırdı üzülə. Təxminən 77 kiloluq bu yükü qaldırıb, çarpayıya necə uzatdığına özü də mat-məəttəl qaldı. «Fışş» edərək fit çalmaqla, gövdəsini geri-geri verdi. Hər halda niyyəti özünü kreslonun üstünə yıxmaq idi. Ancaq, neyləyəsən ki, kreslo da təkərli idi. Kreslonun on-on beş santimetr geri getməsi Silvesterin bütün evi lərzəyə salan guppultuyla döşəməyə çökməsinə səbəb oldu. Kişinin sinəsini dəhşətli bir ağrı bürüdü. Yumruğunu ürəyinin başına sıxırdı o. Çəkdiyi ağrı-acıdan ağzı aralanmış, dişləri isə qıcanmışdı.
Yataqda uzanan Sara isə ona göz qoymağındaydı. Qadın yerindən qımıldanmadan gözlədi, gözlədi, gözlədi. Halbuki Silvester inildəyir, hər hansı yardım umurdu.
«Əcəb xoş təsadüfdür! Evdə qalmalı ikən, Edmund da bu gün dayəsiylə gəzintiyə çıxıb!» - deyə düşündü Sara. On beş dəqiqədən sonra Silvester tamam qacıdı. Bunun ardınca Sara da yuxuya getdi. Oyanıb, baxanda Silvesterin öldüyünə və hətta cəsədin soyuduğuna şahid oldu. Yalnız onda Sara öz ailə həkimlərinə zəng elədi.
Saranın hər işi yolunda gedirdi. Tanıyan hər kəs bu son həftələr boyu Silvesterin necə gümrah göründüyünü, yanaqlarının allandığını dilə gətirirdi. İndi Sara həm sığorta şirkətinin ödədiyi yağlı məbləğə, həm ailə başçısını itirməyə görə pensiyaya, həm də tanış-bilişin gen-bol təsəllisinə qovuşmuşdu. Bacardığı hər şeyin ən yaxşısını Silvesterə bəxş edən bu qadına hamı təriflər yağdırırdı: gözəl bir yuva quran bu xanım ona oğul doğmuşdu, bir sözlə, özünü ərinin yolunda fəda edərək, birgə yaşadıqları qısa dövrü başqalarında sonsuz həsəd doğuracaq bir nemətə çevirmişdi. Halbuki Sara qarşısına çıxacaq birisinin: «Əcəb qüsursuz cinayətdir!» - deməsini gözləyir və daxilən buna inanırdı.
Bu baş vermədiyindən çevrəsində olub-bitənlərə daxilən və istehza ilə gülə bilirdi artıq. Bundan belə tək işi - «şən dul qadın» roluna girmək idi.
Oynaşlarından dolayı yollarla qoparacağı xırda-para xərcliklər hesabına Silvesterin sağlığındakından daha şadyana həyat sürməsi sən deyən çətin olmayacaqdı.
Həm də məktublarını imzalayarkən yenə də «Mrs» (missis) titulundan yararlana biləcəkdi.