Kulis.az Azad Yaşarın tərcüməsində amerikalı yazar, psixloji detektivlər müəllifi Patrisiya Haysmitin “Bala tısbağa” hekayəsini təqdim edir.
Liftin qapısı açıldı və blokdan anasının enerji dolu addım səsləri eşidildi. Kitabı örtən Viktor kənardan görünməyəcək şəkildə onu yastığının altına dürtdü. Ancaq kitabın çarpayı ilə divar arasından sürüşüb, küt bir tappıltıyla döşəməyə düşdüyünü eşidəndə oğlan üz-gözünü qırışdırdı. Anası kilidə taxdığı açarı artıq burmaq üzrəydi.
Əlini havada yelləyən anası uca səslə dedi:
- Salam, Viktor!
Digər əlində xeyli sayda, kiçik süd paketləri tutan qadının qoltuğunun altda qəhvəyi rəngdə kağıza bükülmüş bağlama gözə dəyməkdə idi.
- Əvvəlcə naşirə, sonra isə bazara və balıq bazarına baş çəkdim. Nə əcəb küçəyə çıxmamısan? Bu gün elə gözəl, elə misilsiz hava var ki! - dedi anası.
Viktordan cavab gəldi:
- Artıq gəzdiyimi gəzmişəm. Hələ bir az üşütmüşəm də.
- Eh-h-h! - deyən qadın baqqal dükanından aldığı qidaları darısqal mətbəxində yerbəyer eləməyə başladı. - Vallah, mənə elə gəlir ki, sən anormalsan. Hələ oktyabr ayıdır, indidən üşüdürsən? Həyətdə bir dəstə uşaq oynayır. Hələ deyəsən, o sənin xoşun gələn oğlan da onların arasındaydı. Yeri gəlmişkən, onun adı nə idi?
Viktor: - Bilmirəm, - dedi.
Onsuz da anası ona heç qulaq asmırdı. Oğlan əllərini qısa və hədsiz dar şortunun cibinə dürtüb, otaqda ora-bura getməyə, özünün ağır və nimdaş ayaqqabısını gözdən keçirməyə başladı. Nəhayət ki anası ona ayağının ölçüsünə uyğun botinlər almışdı və bunlar Viktorun tam ürəyincə idi, çünki onların altlığı indiyə qədər geyindiyi ayaqqabılarınkından daha qalın idi. Botinlərin kobud burunları bir az dik dururdu. Bundan dolayı onlar alpinist çəkmələrini xatırladırdılar. Pəncərənin önünə keçən Viktor Üçüncü avenyunun qarşı cinahındakı binanı süzməkdəydi indi. Anasıyla o, on səkkizinci mərtəbədə yaşayırdı, onlardan üstdəki sonuncu mərtəbə nisbətən önə çıxarılmışdı. Qarşıdakı bina isə xeyli yüksək idi.
Riversayd keçidindəki əvvəlki mənzilləri Viktorun daha çox könlünə yatırdı. Oradakı məktəbə də oğlan yamanca isinişmişdi. İndi oxuduğu məktəbdə uşaqlar geyiminə görə ona daim ilişirdilər, halbuki əvvəlki məktəbdə hamı onu dolamaqdan bezdiyi üçün daha rahat buraxmışdı.
Otağa girərkən əlini salfetlə qurulayan anası bir də soruşdu:
- Deməli, həyətə çıxmaq istəmirsən? - Əllərini iyləyəndən sonra anası şikayətləndi: - Vay-y! Dəhşət iy gəlir!
- Yox, ana, istəmirəm, - dedi Viktor.
- Axı, bu gün şənbədir.
- Bilirəm.
- Sən həftənin günlərini sadalaya bilərsən?
- Əlbəttə ki.
- Sadala görüm.
- Onların adlarını yetərincə yaxşı bilirəm, ona görə də təkrar sadalamaq istəmirəm, - deyən oğlanın gözləri yaşardı. - Bunu bildiyimi həmişə təsdiq eləmişəm. Bütün bu illər boyu. Hətta beşyaşlı uşaq da çətinlik çəkmədən onları sadalayar.
Ancaq anası ona qulaq asmırdı daha. Otağın bir küncündə qoyulmuş molbertinə tərəf əyilmişdi.
Ötən gecə anası nə isə çəkirdi orada. Otağın qarşı küncünə qoyulan divanda uzanan Viktor buna görə gecə saat ikiyə kimi yuxulaya bilməmişdi. Anası ta studiyadakı çarpayısında yatmağa gedənə qədər sürmüşdü bu yuxusuzluq.
- Viktor, bir buraya gəl. Sən bunu görmüşdün?
Ayaqlarını yerlə zorla sürüyən Viktor əllərini ciblərindən çıxartmadan anasına yanaşdı. Hə-ə, bu səhər o, molbertə heç gözünün ucuyla da baxmamışdı, çünki buna zərrəcə həvəsi yox idi.
- Bu balaca qoduğun adı Pedrodur. Onu ötən gecə özümdən uydurub, çəkmişəm. Xoşuna gəlir? Onun belində oturan isə meksikalı balaca oğlan Migeldir. Onlar birlikdə bütün Meksikanı dolaşırlar. Migel bir ara yolu azdıqlarını düşünsə də, məlum olur ki, Pedro evlərinə aparan yolu unutmayıbmış və…
Viktor anasını dinləmirdi. İllərdən bəri o, bütün eşitdiklərini bilərəkdən bir qulağından alıb, digərindən buraxırdı. Duyduğu qüssə və ruhi sarsıntılar (hə, hə, bu ifadənin nə mənaya gəldiyini o, yaxşı bilirdi, bu barədə oxumuşdu) onun çiyinlərində ağır yükə çevrilmişdi, sal qaya kimi onu əzirdi, nəticədə içini vulkan kimi püskürən nifrət hissi bürüyür, gözləri isə yaşarırdı. Ümid edirdi ki, anası onun eyhamını anlayıb: belə sarsaq və qısa şort geyinib, küçədə veyillənən uşaq, əlbəttə ki, üşüməliydi. Onlardan aşağı mərtəbədə yaşayan və öz yaşıdı olan oğlanla tanışlıq barədə danışdıqlarını da anasının xatırladığını düşünürdü Viktor. Bazar ertəsi, günortadan sonra həmin oğlan Viktorun əyninə qısa gələn şortunu lağa qoymuşdu: «Deyəsən, sən kiçik qardaşının şortunu əyninə taxıbsan ha!» Özünü aşağılanmış sayan Viktor qaçıb, ondan uzaqlaşmışdı. Viktorun ömrü boyu uzun şalvarı, bir cüt göy rəngdə cins şalvarı və ya brici olmadığını bilsəydi, bəlkə də o oğlan özünü bir az fərqli aparardı. Anası niyə görəsə çalışırdı ki, Viktor fransız uşaqlarına bənzəsin, buna görə də ona şort, dizinə qədər çıxan uzun corab, bir də iri yaxalıqlı, sarsaq köynəklər geyindirirdi. Bütün bu illər ərzində anası onun həmişə altı yaşındakı kimi görünməsini arzulayırdı. Öz rəsmlərinin təsir gücünü də adətən onun üzərində sınayırdı. Dostlarına deyirdi:
- Viktor - mənim danışan molbertimdir. Öz illüstrasiyalarımı hamıdan əvvəl ona göstərir və uşaqların onları bəyənib-bəyənməyəcəyini bu yolla təyin edirəm.
Xoşlanmadığı hekayələri və ya biganəliklə süzdüyü rəsmləri könülsüz tərifləmək sanki Viktorun boynunun borcuydu, çünki o, anası qarşısında özünü adətən günahkar biri kimi hiss edirdi. Ona görə də bütün bunlar barədə ağızucu xoş rəylər söyləməklə sırf anasının könlünü açmaq idi niyyəti. Qadının uşaq kitablarına çəkdiyi illüstrasiyalardan oğlan əməlli-başlı bezmişdi və onlardan nə vaxtsa xoşlandığı ümumiyyətlə yadına gəlmirdi. Hazırda Viktorun bəyəndiyi cəmi iki rəssam vardı: R.L.Stivensonun əsərlərinə illüstrasiya çəkən Qovard Payl və Dikkensin yaradıcılığına müraciət edən Krumkşenk. Uşaq kitablarına çəkilən rəsmlərə dərin nifrət bəsləyirdi Viktor, buna görə də anasının onun rəylərinə inamla yanaşmasını yersiz sayırdı. Anasının bunu sezməməsi heç ağlabatan deyildi, çünki üz qabığı sürtülməkdən köhnələn və zamanla saralan «Uimpl-Dimpl» kitabından sonra anasının heç bir illüstrasiyası pula getməmişdi. Halbuki həmin kitab rəflərin tən ortasına qoyulmuşdu ki, hamı onu maneəsiz görə bilsin. O kitab işıq üzü görəndə Viktorun yeddi yaşı var idi. Anası sonralar həm oğluna, həm də bütün dost-tanışa danışırdı ki, həmin kitab üzərində iş əsnasında çəkəcəyi hər bir məqamla bağlı körpəsinin fikrini öyrənirmiş, övladının çəkilən rəsmi bəyənib-bəyənmədiyini onun təbəssümündən və ya sükutundan təyin edirmiş, hər detalla bağlı övladının zövqüylə hesablaşırmış. Viktor isə bütün bu danışılanlara çox da inanmırdı, çünki, əvvəla, kitabdakı mətni başqa birisi, həm də anasının rəsmləri çəkdiyi vaxtdan xeyli əvvəl yazmışdı. İkincisi, illüstrasiyaları yaradarkən anası surətlərin mətndəki təsvirlərini əsas götürürdü, buna görə də oğlunun zövqü burada bir işə yaraya bilməzdi. O vaxtdan bəri anasının Hellouin bayramında kağızdan balqabaq və qara pişiklər düzəltməklə bağlı tövsiyə xarakterli illüstrasiyalarını və təxminən elə bu ruhda yaratdığı daha iki rəsmini uşaq jurnalları satın almışdı. Rəsmlərlə dolu qovluğuyla nəşriyyatları ayaqdan salırdı bu qadın. Buna görə də ailə Viktorun ətir ixracatı ilə məşğul olan və Fransada biznesmen kimi tanınan atasının göndərdiyi pullar hesabına dolanırdı. Anasının dediyinə görə, keçmiş əri çox zəngin və qoparaqlı bir kişi imiş. Sonradan atası təkrar evlənmişdi və onlarla məktublaşmırdı, Viktorla tamamilə maraqlanmırdı. Oğlan indiyədək atasının üzünü görməmişdi və heç buna can da atmırdı. Atası polyak əsilli bir fransız imiş, anası isə fransız əsilli macar. Bu «macar» kəlməsi adətən oğlanın beynində nədənsə qaraçılarla səsləşirdi. Ancaq bir kərə bu barədə söz düşəndə qadın demişdi ki, onun damarlarında qaraçı qanı axmır və Viktorun məsələni bu şəkildə ortaya atmasından hədsiz narazı qalmışdı.
Viktorun fikrini təkrar öyrənmək istəyən anası onun böyrünü dümsüklədi:
- Qulaq as, Viktor! Səncə, «Bütün Meksikada Pedrodan ağıllı qoduq yox idi» yaxşı səslənir, yoxsa: «Pedro Meksikanın ən ağıllı qoduğu idi»?
- Şəxsən mən birinci variantı seçərdim.
Molbertdəki rəsmin önündə əl çalan qadın hökmlə dedi:
- Elə isə o variantı təkrarla, görüm!
Viktor həmin cümləni xatırlamağa çalışdı və o ara fərqinə vardı ki, karandaşın molbert üzərində buraxdığı izə baxsa da, fikri-xəyalı tamamilə başqa yerdədir. Kağızın tən ortasında çəkilən rəngli kompozisiya onu zərrəcə maraqlandırmırdı. Düşünməyi özünə yasaqlamışdı oğlan, nəyinsə dərdini, qayğısını çəkməmək onun aləmində misilsiz və vazkeçilməz bir duyğu idi: Viktor indi də bu hissə qapılmışdı. Günlərin bir günü - ya kütləvi kitabxanada, ya vaxtaşırı, həm də anası evdə olmayanda vərəqlədiyi psixoloji romanlarda - bu özəlliyin dəqiq elmi adını öyrənəcəyinə daxilən inanırdı. Həm də bunu gec-tez və mütləq öyrənəcəkdi.
- Viktor! Fikrin yenə haralarda dolaşır?
- Heç harada, ana.
- Həqiqətən də! Heç harada! Bəlkə sən ümumiyyətlə düşünməyin nə olduğunu unutmusan?
Oğlanı xəcalət hissi bürüdü. Deyəsən, anası onun heç nə düşünməməyə duyduğu rəğbəti sezmişdi.
- Mən heç nə barədə düşünməməyi üstün tuturam.
Oğlanın səsindən qətiyyət yağırdı: axı, anası niyə onun hər işinə baş qoşurdu?
- Necə yəni?
Qadın qara, buruq-buruq saçları olan başını yana əydi, sürməli gözlərini azacıq qıyaraq oğlunu süzdü.
- Hə, heç nə barədə düşünmürəm.
Qadın üzüklərlə dolu əllərini belinə vurdu, hər sözü ayrıca vurğulayaraq, dedi:
- Bura bax, Viktor! Deyəsən sənin başın lap xarab olub ha. Sən xəstəsən. Psixi cəhətdən anormalsan. İnkişafdan qalmısan. Özünü beşyaşlı uşaq kimi aparırsan. Elə buna görə şənbə günləri də evə qapanıb, oturursan. Nə bilmək olar, bəlkə də günün birində özünü hansısa maşının altına da atacaqsan. Ancaq bütün bunlara rəğmən, mən səni sevirəm, mənim balaca Viktorum.
Qadın çiyinlərindən yapışıb, onu bağrına basdı. Həmin an Viktorun burnu anasının iri və yumşaq sinəsiylə təmasa girdi. Açıq rəngli, şəffaf əlbisənin altından qadının sinəsi qismən sezilirdi. Viktor xəcalət hissi keçirdiyi üçün tez başını geri çəkdi. Heç özü də dəqiq anlamırdı ki, o an nə istəyir - ağlamaq, yoxsa gülmək.
Başını geri atan qadın şux tərzdə qəhqəhə çəkdi:
- Başdanxarab! Bir özünə baxsana! Ay mənim qısa və dar şalvarlı balam! Ha-ha-ha-ha!
Viktorun hər iki gözünün bulaqlarında bir damla yaş gilələndi və anasının baxışlarından o, qadının bundan dərin məmnunluq duyduğunu oxudu. Göz yaşlarını gizlətmək üçün üzünü əvvəlcə yana, sonra yavaş-yavaş anasına tərəf çevirdi.
- Bəlkə sən elə bilirsən ki, bu şort mənim ürəyimcədir?! Yoxsa məni öz zövqünə uyğun şort geyinməyə ona görə məcbur edirsən ki, sonradan istehza üçün bir səbəb tapasan?
Anası gülməyinə davam elədi:
- Ay mənim ağlağan balam!
Əvvəlcə Viktor vanna otağına sarı cumdu, sonra qəfildən durdu və üzüquylu divanın üstündəki yastığın üstünə yıxıldı. Kirpiklərini kip sıxmaqdaydı, həm ağlayırdı, həm də yox, bu bacarığı o, uzun illər boyu qazanmışdı. Boğazını acı qəhər bürüdüyündən ağzını geniş açmışdı, haradasa bir dəqiqəliyinə nəfəsini qısandan sonra sinəsindən qopan nalə və hönkürtülərlə o, az qala özünə həzz bəxş edirdi, hərçənd çevrədəki heç kəs bunun fərqinə varmırdı. O, burnunu və aralı qalan dodaqlarını qırmızı rəngli yastığa gömmüşdü, bu sayədə anasının səsi qulaqlarına gülünc şəkildə gəlib çatırdı. Az sonra isə qadının qəhqəhəsi tamamilə kəsildi. Viktora elə gəldi ki, çevrəsindəkilər seyrəkləşir və ondan uzaqlaşır. Hər bir əzələsi gərildiyi an ağlına gəldi ki, hər halda bir insan məhz bu qədər əzaba qatlaşa bilər. Özünün öldüyünü xəyalında canlandırdı. Lakin onun nəzərində ölüm qeybə çəkilməkdən daha çox, bir nöqtəyə düyülmüş sonsuz ağrı idi. Ağlayışını yenməsinin ən üst həddinə çatmışdı. Nəfəs almağa başladığı andan anasının da səsi qulaqlarında gurladı:
- Eşidirsən məni? Nə dediyimi eşitdin, ya yox? Missis Badzikyanı çay süfrəsinə dəvət eləmişəm. Dur, get, əl-üzünə su vur, əyninə də təmiz köynək geyin. Onun qarşısında bildiklərindən nə isə ifa etmən də pis olmazdı. Bədii qiraət üçün nəyin var?
Viktor dilləndi:
- «Qışda yatmağa gedəndə».
Anası onu «Uşaq bağçası üçün şeirlər» kitabındakı bütün şeirləri əzbərləməyə məcbur eləmişdi. İndi oğlanın ağlına həmin şeirlərdən birincisinin adı gəlmişdi və bu, səbəbsiz deyildi: həmin şeiri o, ötən dəfəki qonaq üçün də oxumuşdu və mətn yaddaşında hələlik dipdiriydi.
Viktor açıqladı:
- Başqa bir şeir ağlıma gəlmədiyindən mən bu şeiri seçdim.
Otaq boyu oğlana tərəf şığıyan qadın onun üstünə çımxırdı:
- Mənimlə danışanda səsini əsla yüksəltmə!
Oğlan nə baş verdiyini fəhm etməyə macal tapmamış, anası ona bir şillə ilişdirdi.
Zərbənin gücündən oğlan arxası üstə, divanın dirsəkliyinin üstünə sərildi. Onun uzun və qabarıq dizləri gərili vəziyyət almışdı. Durmadan özünə təskinlik verirdi: «Hər şey qaydadadır, hə, olan oldu, keçən keçdi». Nifrətlə anasını süzürdü indi. Yanağı od tutub yansa da, o, bunu əsla büruzə verən deyildi. Bu gün az göz yaşı tökməmişdi və özünə söz vermişdi ki, bu qədəri də yetərlidir. Heç nə öz axarından çıxmamalıydı, bugünkü çay ziyafətini də o, məğrur əsgər kimi, canını dişinə tutaraq yola verəcəkdi. Otaqda var-gəl edən anası barmağındakı üzüyü əlləşdirir, vaxtaşırı oğluna göz qoyur və tez də üzünü yana tuturdu. Oğlan isə bayaqdan bəri gözlərini anasına zilləyib durmuşdu. Ondan qorxmurdu artıq. Hətta bir şillə yesəydi belə, tükü də tərpənən deyildi.
Ən nəhayət, anası dedi ki, başını yumaq niyyətindədir və vanna otağına üz tutdu. Yerindən qalxan Viktor otaqda var-gələ başladı. Təəssüflənirdi ki, öz otağı yoxdur, yoxsa indi orada yalqızlığa çəkilə bilərdi. Riversayddakı mənzilləri üçotaqlıydı: qonaq otağının dışındakı iki otağı ana ilə oğul paylaşmışdı. Anası qonaq otağında olanda oğlan öz otağına gedə bilirdi və ya əksinə. Burada isə… Riversayd keçidindəki o köhnə binanın sökülməsi barədə qərar çıxarılmışdı. Bunu yadına salanda indi də Viktorun qanı qaralırdı. Elə bu an o, bayaq yerə düşən kitabı xatırladı. Çarpayını geri çəkib, əlini irəli uzatdı. İnsan həyatlarına dair ən sarsıdıcı məqamlarla zəngin bu «İnsan şüuru» kitabını Menninger yazmışdı. Viktor onu götürüb, əvvəlki yerinə, rəfdəki astrologiyaya aid kitabla «Rəsm çəkməyi öyrənək» kitabının arasına qoydu. Onun psixologiya mövzusunda kitablara həvəsi anasını həmişə qıcıqlandırırdı, halbuki Viktor onlara, xüsusilə də həyat hekayətlərindən bəhs edənlərə hədsiz bağlanmışdı. Həmin əhvalatlardakı insanlar adətən ürəkləri istəyən kimi davranırdılar. Son dərəcə təbii idilər.
Heç kəs onları yönləndirmirdi. Boş vaxtlarının böyük qismini kitabxananın yerli filialında keçirən Viktor psixologiyaya aid xeyli kitab oxumuşdu. Həmin kitabların əksəriyyəti «Böyüklər üçün kitablar» bölümündə idi, ancaq Viktor səs-küy salmadığı üçün kitabxanaçı onun orada bulunmasına əsla etiraz eləmirdi.
Viktor su içmək üçün mətbəxə üz tutdu. Bu ara o, mətbəxdəki paketlərdən birinin içindən qıcırtıya bənzər səs gəldiyini eşitdi. Düşündü ki, siçandır, ancaq paketi yana çəksə də, ardında siçan görmədi. Qıcırtı səsi kəsilmək bilmirdi. Ehtiyatla paketi açarkən hər an oradan üstünə nəyinsə sıçrayacağını gözləyirdi. Paketlərdən birinin içində bəyaz rəngdə karton qutu vardı. Dibi də islanmışdı. Qutu eynilə şirniyyat qutuları kimi açılırdı. Onu açanda Viktor heyrətdən diksindi. Qutuda arxası üstə çevrilmiş tısbağa, hə, hə, həqiqi tısbağa vardı. Pəncələriylə havanı təpikləyən zavallı heyvan ayaqları üstə durmağa çalışırdı. Dodaqlarını yalamaqla bütün diqqətini toplayan Viktor tısbağanı əlinə alıb, çevirdi və çox ehtiyatla qutuya qoydu. Pəncələrini irəli uzadan tısbağa çanağının altdan başını çıxarmaqla oğlanı süzürdü indi. Viktor gülümsədi. Hədiyyə aldığını bəs anası niyə ona söyləməmişdi görəsən? Həm də diri tısbağa. Bu bala tısbağanı, bəlkə də boynuna bir kəmər bağlamaqla, aşağı mərtəbədə yaşayan və Viktorun qısa şalvarına lağ edən o qonşu oğlana göstərmək üçün aparacağını xəyalına gətirəndə oğlanın gözlərindəki həyat eşqi artdı. Onun canlı tısbağa sahibi olduğunu öyrənsəydi, o oğlan bəlkə də Viktorla dostluq qurmağa can atacaqdı.
Üzünü vanna otağına tutan Viktor səsləndi:
- Ana! Ay ana! Bu tısbağanı mənə almısan?
Qadın suyu bağlayıb, soruşdu:
- Nəyi?
- Tısbağanı! Mətbəxdəkini! - deyərkən Viktor bir yerdə qərar tuta bilmirdi. Nəhayət, oğlan kirimişcə durdu.
Anası bir ara tamam karıxıb qaldı. Sonra təkrar kranı açdı və çımxıraraq bunları dedi:
- Cest une terrapene. Pour un ragout.
Anasının sözləri Viktorun qulağına gəlib çatanda oğlanın bədənində soyuq bir gizilti dolaşdı. Anası onunla fransızca danışırdı. Adətən qadın oğluna qeyd-şərtsiz və təcili icra olunacaq göstərişlər verəndə və bir də oğlunun ona aşkar dirənişini hiss edəndə fransız dilinə keçirdi. Belə çıxırdı ki, o, tısbağanı raqu bişirmək üçün alıb. Bu hökmlə belə asanlıqla, üzüyola şəkildə razılaşmasına Viktor özü də heyrət elədi və təkrar mətbəxə qayıtdı. Raqu bişirmək üçün. Göründüyü kimi, bu zavallının ölümünə sayılı günlər qalmışdı. Görəsən bu tısbağalar nə ilə qidalanırlar belə? Salatla? Bekonla? Soyutma kartofla? Viktor bu ara soyuducudakı qidaları gözdən keçirməkdəydi. Salatın bir tikəsini o, tısbağanın buynuzu xatırladan ağzına yaxınlaşdırdı. Ağzını açmayan tısbağa eləcə Viktoru süzməyində idi. Oğlan salat tikəsini bu səfər onun incə burun pərələrinə tutdu. Tısbağa salatın qoxusunu heç şübhəsiz almışdı, ancaq yenə də ona hər hansı iştaha duymurdu. Viktor əyilib, əlüzyuyanın altına baxdı və oradan iri bir ləyən çıxartdı. Qabı iki düym (beş santimetr - A.Y.) su ilə doldurandan sonra tısbağanı ehmallıca suya buraxdı. Tısbağa o dəqiqə üzməyə girişdi, ancaq tezliklə suyun dibinə çökdüyünü anladığından üzməyinə ara verib, pəncələrini uzatdı. Dizləri üstə çökən Viktor bu məxluqun sir-sifətini gözdən keçirdi: tısbağanın üst dodağı alt dodağının üstünə düşmüşdü, bu da onun üzünə tərs və naxoş bir ifadə verirdi, halbuki heyvanın gözlərindən dərin səmimiyyət yağırdı. Üzünə təbəssüm qonan Viktor tısbağanı xüsusi maraqla süzməyə başladı və dedi:
- Salam, monsieur terrapene (cənab tısbağa - A.Y.)! Nə yeyəcəyinizi iltifat edib, söyləsəydiniz, onu bir göz qırpımında hüzurunuza gətirərdik! Bəlkə meyliniz tuna balığı çəkir?
Dünən axşam yeməyinə oğlanla anası balıq salatı yemişdilər və ondan bir az qalmışdı. Salatdan bir tikə götürən Viktor onu tısbağaya uzatdı. Ancaq tısbağa buna da meyl göstərmədi. Oğlan fikirli halda mətbəxə göz gəzdirdi. Sonra isə fərqinə vardı ki, qonaq otağının döşəməsinə günəş şüası düşür. Ləyəni götürüb, qonaq otağına gətirdi və elə yerləşdirdi ki, günəş işığı tısbağanın düz çanağına düşsün. Özlüyündə qət eləmişdi ki, bütün tısbağalar işığı sevirlər. Üzü üstə uzanan oğlanın bədəninin yükü dirsəklərinə düşmüşdü. Ötəri oğlana göz qoyan tısbağa daha sonra ağır və ehtiyatlı şəkildə pəncələrini önə uzatdı və irəliləməyə başladı. Ləyənin ölçülərini təyin etdiyi üçün sağa tərəf yönəldi. Görünür, bayıra çıxmaq istəyirdi. Tək əliylə heyvanın çanağının kənarlarından tutan Viktor dedi:
- Bayıra çıxıb, bir az gəzişə bilərsən.
Tısbağa divanın altına sığınmaq istəyəndə oğlanı gülmək tutdu. Heyvan xeyli ləng tərpəndiyindən asanlıqla onu yaxalayıb, bu dəfə xalının üstünə qoydu. Zavallı yerində donub qalmışdı və yəqin daha nə edəcəyi, haraya gedəcəyi üzərində baş sındırırdı. Rəngi yaşılı-qəhvəyiyə çalırdı. Ona göz qoyduqca Viktor okeanın dibini gətirdi gözlərinin önünə. Tısbağalar görəsən haradan peyda olmuşdular? Yerindən qalxan oğlan kitab rəfindəki ensiklopedik sözlüyə baxmaq qərarına gəldi. Orada tapdığı ağ-qara tısbağa rəsmi heç göz-könül oxşamırdı. Diri tısbağa ona daha cazibədar gəlirdi. Sözlükdən sən deyən çox bilgi əldə eləmədi, öyrəndiyi elə o idi ki, bu tip suda yaşayan tısbağalara Şimali Amerikada rastlanır və onlar Aqonikan cinsi sayılırlar. Sözlükdə yazılmışıdı ki, bu tısbağalar həm şirin, həm də duzlu su hövzələrində yaşayırlar və ətləri yeməlidir. Hə, hə, yeməlidir. Viktor düşündü ki, elə bəxtləri də bunda gətirməyib də. Bu axşam tısbağa əti yemək fikrindən o, tamamilə uzaq idi. Qoy anası o raqunu təkbaşına yesin. Hətta Viktoru döysə də, əlavə iki-üç şeir əzbərləməyə məcbur etsə belə, oğlan tısbağa ətini dadan deyildi.
Anası vanna otağından çıxdı.
- Viktor, orada nə ilə məşğulsan?
Oğlan cəld sözlüyü rəfdəki yerinə qoydu. Anasının gözləri ləyənə sataşdı.
Viktor:
- Tısbağanı araşdırıram, - desə də, bir də baxdı ki, heyvan qeybə qarışıb. Dizləri üstə iməkləyərək, divanın altına göz gəzdirdi.
Dəhlizdə durub, saçlarını çevik hərəkətlərlə və dəsmalla qurulayan anasından növbəti göstəriş gəldi:
- Onu mebelin üstünə qoyma ha, sonra izi qalacaq.
Viktor tısbağanı kağız üçün səbət ilə divarın arasında tapdı. Çanağından tutmaqla, onu təkrar ləyənə qoydu.
Anası xəbər aldı:
- Köynəyini dəyişdin?
Əyninə təzə köynək geyən Viktor anasının buyruğu ilə «Uşaq bağçası üçün şeirlər» kitabını götürüb, divanda əyləşdi və şəxsən missis Badzikyanın gəlişi şərəfinə yeni şeiri əzbərləməyə başladı. Hər dəfə qoşa misranı əzbərləyəndən sonra o, öz həlim səsiylə onu ucadan təkrarlayırdı. Daha sonra iki, dörd və altı misranı bir arada deməyi məşq edirdi. Ən nəhayət, verilən şeiri bütövlükdə öyrəndi və onu tısbağanın qarşısında oxudu. Tısbağa ilə vanna otağında bir az oynamaq üçün izn istəyəndə anası oğlana təpindi:
- Xeyr! Köynəyini isladacaqsan!
- Başqasını geyinərəm.
- Xeyr dedim! Saat dördə qalır. O ləyəni də qonaq otağından təcili götür.
Viktor ləyəni mətbəxə apardı. Tısbağanı soyuqqanlı tərzdə ləyəndən götürən qadın onu bəyaz karton qutuya qoyub, qapağını örtdü və qutunu soyuducuya yerləşdirdi. Soyuducunun qapısı çırpılanda Viktor yaşadığı heyrətdən səksəndi: axı, soyuducuda zavallı heyvan dona bilərdi!
Ancaq sonra düşündü ki, bu mövsümdə şirin və ya duzlu su hövzələrindəki suyun hərarəti də sən deyən yüksək olmur.
Anası təklif elədi:
- Viktor, limonu dilimlə.
Anası iri və yuvarlaq məcməyiyə fincan və nəlbəkilər düzürdü. Çaydandakı su da qaynamaq üzrəydi. Missis Badzikyan həmişəki kimi öz plaşını və çantasını girişdəki stula qoydu. Keçib, masa arxasında əyləşdi. Ev sahibəsi o ara fincanlara çay süzürdü. Missis Badzikyandan ədviyyat qoxusu gəlirdi. Qonağın xırda və dümdüz üst dodağı boyu uzanan narın bığı vardı və Viktor gözünü bu bığdan heç cür çəkə bilmirdi. İndiyədək o, bığlı, həm də bu cür narın bığlı qadınlara heç rast gəlməmişdi. Anası ilə ikilikdə missis Badzikyanın bığından heç söz salmamışdı, çünki belə şeylər adətən mərifətsizlik sayılır. Hər nə qədər qəribə görünsə də, bu qadında ona xoş gələn yeganə şey elə bığı idi. Qalan xüsuslarda bu qadın darıxdırıcı, mənasız və ətiacı birisiydi, həmişə özünü elə aparırdı ki, guya Viktorun bədii qiraətini maraqla dinləyir, halbuki oğlana gün kimi aydın idi ki, qadın zorla səbrini basır, uşağı dinləmək yerinə başqa qayğılarına köklənir və qiraətin bitəcəyi anı böyük səbirsizliklə gözləyir.
Bu gün Viktor şeiri çox gözəl, su kimi oxudu. Qonaq otağının ortasında və üzü tamaşaçılara tərəf durub, qiraətlə uğraşdığı zaman xanımlar artıq ikinci çay fincanına keçmişdilər.
Anası razı halda:
- Tres bien, - dedi. - Hə, indi pirojna payını haqq elədin.
Viktor üzərində portağal dilimi olan xırda və yuvarlaq pirojnalardan birini sinidən götürdü. Masa arxasına keçəndən sonra dizlərini bir-birinə sıxdı, çünki missis Badzikyanın onun dizlərinə necə diqqətlə baxdığına oğlan dəfələrlə şahid olmuşdu. Viktorun ürəyindən keçirdi ki, kaş bu qonaq onun böyük oğlan olduğunu və artıq uzunbalağ şalvar geymək vaxtının çatdığını anasına başa salaydı. Ancaq xanım qonaq heç vaxt, ən azından oğlanın yanında, bundan söz salmırdı. Anasının missis Badzikyanla söhbətindən Viktor öyrəndi ki, sabahkı şam yeməyinə Lorentso ailəsi dəvət olunub. Hər halda tısbağalı raqu da onlar üçün hazırlanacaqdı. Tısbağa ilə daha bir gün oynaya biləcəyini öyrənən Viktor sevincindən yerə-göyə sığmırdı. Oğlan qət elədi ki, günü sabah, səhər çağı tısbağanı - əgər belə bir tələb qoyularsa, ya boynuna xalta taxmaqla, ya da elə o karton qutuda - gəzintiyə çıxarmaq barədə anasından izn istəsin.
Oğlanı süzən anası:
- Hələ də uşaqdır o! - deyib, güldü. Missis Badzikyan da o ara öz damdar ağzını əyərək, Viktora baxıb, acı-acı gülümsündü.
Viktora süfrədən qalxmağa izn verildi və o, əlindəki kitabla gedib, otağın o biri küncündəki çarpayıda uzandı. Anası onun tısbağa ilə necə oynadığından missis Badzikyana bəhs edirdi. Viktor isə özünü elə aparırdı ki, guya heç nə eşitmir, bütün fikri-zikri kitabdadır. Viktorun anasının və ya qonaqlarının söhbətinə qarışmasını heç sevməzdi bu qadın. Ancaq indi qonağın yanında oğlunu niyə görəsə «Mənim balaca Viktorum» adlandırırdı.
Barmağını oxuduğu səhifəyə qoyan Viktor uzandığı çarpayıdan qalxdı və gözlərində qəzəb şimşəkləri çaxdıraraq, dedi:
- Tısbağaya duyulan marağın körpəliklə heç bir əlaqəsi yoxdur. Onlar çox maraqlı heyvanlardır və …
Qəhqəhə çəkən və onu qəfilcə kəsən anası oğlana çımxırdı:
- Viktor, yoxsa mən sənə süfrədən qalxmağa izn verəndə səhvə yol vermişdim, hə?
Oğlan karıxıb qaldı. Missis Badzikyan gedəndən sonra başına gətiriləcək oyunu ağlına gətirdiyindən məcburən dilləndi:
- Yox, ana, bağışla, bilmədim.
Təkrar çarpayıda oturub, gözlərini kitaba zillədi. İyirmi dəqiqə sonra missis Badzikyan çıxıb getdi. Anası oğlunu tərbiyəsizliyinə görə danladı. Adətən bu cür danlaqlar ən azı beş və ya on dəqiqə sürərdi. Budəfəki öyüd-nəsihət isə cəmi ikicə dəqiqə çəkdi. Qadın piy almağı unutmuşdu. Viktordan xahiş elədi ki, gedib, mağazadan bir az piy alsın.
Oğlan küçədə hamının diqqətini özünə çəkdiyini yaxşı bilirdi, buna görə də əyninə öz uzun jaketini geyinməkdən çəkinirdi: qısa şalvarını örtən bu jaketi görənlərə elə gəlirdi ki, oğlan onun altından heç nə geyinməyib.
Sağa-sola baxınaraq gözləriylə Frankı axtarsa da, Viktor onu tapmadı. Üçüncü avenyunu keçib, öz qonaq otaqlarından aşkar görünən iri binadakı ləziz təamlar mağazasına girdi. Geri dönərkən topla oynayan Frank səkidə qarşısına çıxdı. Viktor ona səsləndi:
- Ehey, evdə bir su tısbağam var mənim.
Dayanıb, topunu qucan Frank soruşdu:
- Nəyin var dedin?
- Tısbağam. Sabah həyətə çıxsan, gətirib onu sənə də göstərərəm.
Yaman şeydir.
- Ola bilməz! Bəs indi niyə gətirmirsən ki?
Viktor dedi:
- Çünki indi nahar edəcəyik. Hələlik.
Binaya girdiyi zaman böyük bir uğur qazanan adama bənzəyirdi oğlan. Ən azından belə görünürdü və deyəsən, Frank həqiqətən tısbağaya maraq duymuşdu. Heyvanı indi həyətə çıxara bilməməsi isə keyfinə yamanca soğan doğrayırdı, çünki hava qaralandan sonra həyətə çıxmağa anası izn vermirdi. İndi isə artıq hava qaralmışdı.
Mənzillərinə girəndə anası hələ də mətbəxdə eşələnirdi. Ocağın üstündə yumurtalar qaynayırdı. Su ilə dolu iri qazanı isə qadın sobanın arxa gözünə qoymuşdu. Tısbağanın qutusunu masanın üstündə görən Viktor soruşdu:
- Onu təkrar çıxartdın?
Anası dedi:
- Hə, ondan raqu bişirəcəyəm. Buna görə də piy lazımım idi.
Viktor çaşqınlıqla anasına baxdı:
- Sən ondan… Sən onun canına bu axşam qıyacaqdın ki?
- Hə, mənim balam, bu axşam, - deyən qadın yumurta qaynatdığı qazançanı çalxaladı.
Viktor tez dedi:
- Anacan, olar onu aparıb həyətdə Franka göstərim? Cəmi beşcə dəqiqəliyinə, ana? Frank indi həyətdədir.
- Bu Frank kimdir belə?
- Bu səhər sən onun barəsində məni sorğu-suala tutmuşdun ha, o. Sarışın saçları var. Adətən biz onunla həyətdə rastlaşırıq. Xahiş edirəm, ana.
Qadın qara qaşlarını çatdı:
- Tısbağanı həyətə aparasan? Əlbəttə ki, olmaz. Balası, sən, gəl, axmaq fikirlərə düşmə. Tısbağa sənin üçün oyun-oyuncaq deyil!
Ancaq Viktor əynindəki jaketi hələlik soyunmaq istəmirdi. Anasını razı salmaq üçün daha ağılabatan bir səbəb tapmağa çalışırdı.
- Bəyəm sən Frankla dostlaşmamı istəmirsən ki?
- İstəyirəm. Ancaq tısbağanın buna nə dəxli var görəsən?
Sobanın arxa gözündəki qazanın suyu qaynadı bu ara.
- Bilirsən, mən ona bu barədə söz vermişəm. Mən… - deyəndə Viktor gördü ki, anası tısbağanı qutusundan çıxartdı. Heyvanı həmin o qaynar suya atanda Viktor bağırdı:
- Ana!
- Nə oldu, axı? Niyə bağırırsan?
Pəncələrini çalışdırmaqla qazanın kənarlarına yanaşmağa çalışan tısbağanı süzən Viktorun heyrətdən ağzı açıla qalmışdı. Tısbağa ağzını açdı və bir anlığa heyvanın baxışları oğlana dikildi. Zavallının ağrıdan ağzı açıldı və qıvrılan başı qaynar suya gömüldü. Bu - onun sonu demək idi. Viktorun üzü əyildi. Tısbağası ölmüşdü artıq.
O, bir az da yaxın gedib, qazana baxdı: zavallının pəncələri, quyruğu və başı çanağın altından kənara çıxmışdı. Oğlan anasını süzdü.
Əlini dəsmalla qurulayan qadın oğluna baxıb:
- Ux-x-x! - dedi və əllərini iyləyəndən sonra dəsmalı asqıdan asdı.
- İndi sən onu belə asanlıqla öldürdün, eləmi?
- Bəs nədir? Xərçəngləri də eynilə beləcə öldürürlər. Yoxsa bilmirdin? Axı, onlar ağrı-acı nədir, bilmirlər.
Oğlan gözlərini anasına zilləmişdi. Qadın onu oxşamaq istəyəndə oğlu geri çəkildi. Yazıq tısbağanın ağrıdan geniş açılan ağzını xatırladı və həmin an gözləri yaşardı. Bəlkə də o anda tısbağa acı fəryad çəkirmiş, ancaq şaqqaşaq qaynayan suyun səsindən heç nə eşidilməmişdi. Oğlana baxan heyvan bəlkə də ondan bir yardım istəmişdi, o isə tısbağanın xilası üçün heç tükünü də tərpətməmişdi. Anası onun başını qatmış və hər şeyi elə tez həll eləmişdi ki, oğlan zavallı heyvanı ölümün cəngindən qurtara bilməsin. Oğlan geriyə bir addım da atdı:
- Yox! Mənə toxunma!
Bu vaxt çevik davranan qadın oğlanın üzünə güclü bir şillə çəkdi.
Viktor yanağını tutub, yerində dondu və divar şkafına tərəf getdi. Əvvəlcə o, jaketini rəfə atdı, sonra onu asılqana keçirdi. Qonaq otağına gedib, üzü üstə çarpayıya uzandı. Daha ağlamırdı, ağzını açıq tutmaqla, üzünü yastığa gömmüşdü. Bu ara tısbağanın aralı qalan ağzı yadına düşdüyü üçün dodaqlarını bir-birinə sıxdı. Tısbağa görünməmiş əziyyətə qatlaşmışdı ki, qaynar sudan çıxmaq üçün pəncələrini elə cəld işlədirmiş. İndi, zavallı heyvanın halına acıyaraq səssiz ağladığı üçün oğlanın ağzı təkrar aralandı. Yastığı islatmasın deyə, üzünü ovuclarının arasına aldı. Bir xeyli vaxtdan sonra yerindən qalxdı. Bu vaxt anası mətbəxdə nə isə zümzümə etməkdəydi. Mətbəxdən onun xəfif addım səsləri eşidilirdi. Yemək hazırlayarkən qadın həmişə barmaqlarının ucunda hərəkət edirdi. Viktor əlini təkrar yanağına apardı və iti addımlarla mətbəxə sarı yönəldi.
Qazandan çıxarılan tısbağa indi ət doğranan taxtanın üzərində idi. Zümzüməsinə ara verməyən anası oğlana ötəri nəzər saldı və bıçağı çıxarıb, taqqa-tukla tısbağanın xırda pəncələrini doğramağa başladı. Bu olub-bitənlərə göz qoyarkən Viktor kirpiklərini yarıya qədər endirmişdi. Pəncələrin uclarındakı dırnaqları dəri qarışıq kəsib, ovcuna yığan qadın bunları zibil vedrəsinə tulladı. Sonra tısbağanı kürəyiüstə çevirdi, həmin iti bıçaqla heyvanın bədənini çanağından ayırmağa girişdi. Viktor üzünü yana tutmağa çalışsa da, bunu bacarmadı. Sonra heyvanın qırmızı-bəyaz və yaşılımtıl rənglərə çalan içalatını çıxartdı qadın. İndi anasının hələ oğlu dünyaya gəlməmişdən əvvəl Avropada tısbağa ətindən hazırlanan yeməklərin dəbə minməsi və bişirilmə üsulları barədə danışdıqlarını Viktor, demək olar ki, qulaqardına vurmaqdaydı. Gördüyü bu qəddar işə rəğmən, qadının səsi adama yetərincə yumşaq və sakitləşdirici təsir bağışlayırdı.
Qəfildən ayağıyla oğlana toxunan qadın ona çımxırdı:
- Yetər mənə elə mal-mal baxdın! Nə olub sənə belə? Yoxsa ağlın azıb? Hə, hə, mənə elə gəlir ki, elə də var, həqiqətən ağlın azıb sənin. Sən özünün başdanxarab biri olduğunu görəsən nə vaxtsa anlayacaqsan?
Viktor axşam yeməyində dilinə heç nə vurmadı. Anası da çiynindən tutub, silkələməklə və ya şillələməklə nə onu hədələdi, nə də oğlanı yeməyə məcbur elədi. Süfrədə yağlı döymə ətdən hazırlanmış buterbrodlar və tostlar var idi.
Viktor ağzına su alıb, oturmuşdu. Anasına qarşı özünü bu qədər yadlaşmış hiss eləməmişdi indiyədək. Elə davranırdı ki, guya qarnı ağrıyır, halbuki qarnı ağrıyıb-eləmirdi.
Yatmağa yollananda otağa çökən zülmət onu lap haldan çıxartdı. Tısbağanın xırda üzü, onun açıq ağzı, duyduğu ağrıdan bərəlmiş gözləri öz adi ölçülərindən dəfələrcə böyük halda xəyalında canlanmaqdaydı. Viktor pəncərədən özünü bayıra atmaq və hava axınıyla çox-çox uzaqlara üz tutmağı arzulayırdı indi. Həm qeybə qarışmaq, həm də eyni vaxtda hər yerdə bulunmaq keçirdi könlündən. Pəncərədən çıxıb, uçmaq, qaçmaq istədiyi vaxt dizlərindən yapışan anasının onu, geriyə, otağa çəkdiyi də canlandı gözləri önündə.
Yatağından qalxıb, səssizcə mətbəxə yollandı. Orada göz-gözü görmürdü, çünki mətbəx pəncərəsiz idi. Əl havasına cürbəcür bıçaqların düzüldüyü lövhəni tapdı və yenə də ehtiyatla onlardan özünə lazım olan birisini seçdi. Qiymə-qiymə doğranan, xeres bəyaz şərabıyla işlənəndən sonra çığırtması bişirilən tısbağanın indi soyuducudakı qazanda necə göründüyü canlandı yenə xəyalında.
Anasının fəryadını boğuq adlandırmaq olmazdı. Oğlana elə gəldi ki, bu bağırtıdan qulaq pərdələri yırtılacaq. İkinci zərbə qadının gövdəsinə tuş gəldi. Sonra oğlan bıçağı təkrar qadının boğazına sapladı. Əldən düşməsəydi, bəlkə də əlini heç saxlamayacaqdı. O ara haraya yetişən adamlar mənzilin qapısını sındırmağa çalışırdılar. Ən nəhayət, qapıya yanaşan Viktor zənciri çıxartmaqla, qapını onların üzünə açdı.
Aparıldığı iri, qədim binada həkim və tibb bacılarının əlindən tərpənmək olmurdu. Viktor özünü sakit aparır, ondan tələb olunan hər şeyi edir, ancaq və ancaq ona ünvanlanan suallara cavab verirdi. Tısbağa barədə kimsə ondan bir söz soruşmadı, özü isə bu məqamı açıb-ağartmağa hər hansı gərək duymadı.