Damın üstündə dəvə axtarmaq

Damın üstündə dəvə axtarmaq
9 avqust 2013
# 07:15

Kulis.Az Azad Yaşarın tərcüməsində Bəhlul Danəndənin ibrətamiz hekayətlərini təqdim edir.

Bəzilərimizi bəzilərimizə

Həsən ibn Səhl bu əhvalatı danışıb:

Bir gün uşaqlar Bəhlul Danəndəni daşa basırlar. Atılan bir kəsək onun bədənini yaralayır, həmin yerdən qan axmağa başlayır.

Bəhlul onlara üz tutub, deyir:

- Uşaqlar! Mən Allah-təalaya təvəkkül elədim, çünki onun vəkilliyi mənim üçün yetərlidir və hər iki cahanda ondan daha gözəl vəkil tapılmaz. Bu dünyada yalnız və yalnız Allah-təalaya bağlı olmaq, ona qismən də olsa, yanaşmaq insana daxili rahatlıq və tarazlıq hissi aşılayır. Siz bilən, insanlara əzab və cəfa verənləri heç mərhəmətli saymaq olarmı?

Bunu eşidəndə özümü saxlaya bilməyib, məsələyə müdaxilə elədim:

- Ey Bəhlul! - dedim. - Bu əl boyda, bir dəstə uşaq səni daşa basır, sən isə durub, onlara mərhəmətdən söz edirsən. Bu, nə məntiqdir belə?!

O mənə təpindi:

- Sus və bilmədiyini danışma! Heç şübhəsiz ki, Allah-təala mənim indi çəkdiyim əzab və üzüntünü də yaxşı bilir, bu uşaqların mənə bu müamiləni edərkən duyduqları həzzi də. İndi mənim tək əlacım - Onun bəzilərimizi bəzilərimizə bağışlamasını ummaqdır.

İtmiş dəvə

Bir kişi namaz qılmaz və digər ibadətləri yerinə yetirməzmiş, amma buna rəğmən hər gecə yatmazdan öncə uca səslə: “Ya Rəbbi! Mənə cənnət bəxş eylə!” - deyərmiş.

Bir gecə yenə belə edib yatağına girəndən sonra gözünə yuxu getmədiyi üçün damdan gələn hənirtiyə qulaq kəsildi. Tez qapıdan çıxıb, yuxarıdakına səsləndi:

- Hey, kimsən orda? Gecənin bir aləmi evimin damında nə axtarırsan?

Damdakı Bəhlul Danəndə ona deyir:

- Burada dəvəmi itirmişəm, onu axtarıram.

Ev sahibi özündən çıxır:

- Dəvəni harada itirmisənsə, düş get, orada da axtar və soraqlaş. İtmiş dəvənin mənim evimin damında nə işi var?! Bu nə ağıl, bu nə məntiqdir?! Sən allah, belə də gicbəsərlik olar?! Əcəb işə düşmüşəm ha!

Bəhlul Danəndə onun suallarına sualla cavab verdi:

- Heç bir ibadətə əməl eləmədiyin halda, bəs sənin uca Allahdan cənnət istəməyin necə, bəlkə çox məntiqlidir? Əsl gicbəsərlik bu deyilsə, onda bəs nədir, hə?!

Ev sahibi bu yerdə anlayır ki, Bəhlul Danəndənin məqsədi ona öyüd-nəsihət vermək imiş, itən dəvənin axtarışı isə sadəcə bəhanədir.

Həmin adam o gündən etibarən tövbə edir və bütün ibadətlərin yerli-yerində icrasına başlayır.

Röyadakı padşahlıq

Bir gün Harun ər-Rəşid Bəhlulu qəribsəyir, onun dadlı-duzlu, hikmətli söhbətlərindən ötrü burnunun ucu göynəyir. Əyanlarına göstəriş verir ki, harada olursa-olsun, təcili Bəhlulu tapıb yanına gətirsinlər. Xəlifənin hər tərəfi ələk-vələk edən adamları Bəhlulu şəhər kənarındakı boş məzarın içində yuxulu halda tapırlar.

Silkələyib, oyadanda o, bu adamların üstünə çımxırıb deyir:

- Bir gör, neylədiniz?! Gül kimi padşah taxtı-tacımda oturmuşdum, sizin ucbatınızdan hər şey bircə anda əlimdən çıxdı. İndi mən başıma haranın külünü töküm?!

Əyanlar gedib bütün bu olub-bitənləri və Bəhlulun sözlərini xəlifəyə ərz eləyirlər. Harun ər-Rəşid bunda elə bir məna görmür və bir az sonra hüzuruna gətirilən Bəhluldan soruşur:

- Ay Bəhlul, bu nə oyundur çıxarırsan? Adamlarım səni hansı padşahlıqdan ediblər, axı?!

Dərindən içini çəkən Bəhlul izah eləyir:

- Ey xəlifə! Röyada gördüm ki, mənə hökmdarlıq nəsib olub, taxt-tac sahibiyəm. Əyanlarım, xidmətçilərim qarşımda əmrə amadə durub, sıraya düzülüb. Sarayımda hər tərəf göz qamaşdırır, bu dünyanın heç bir dərdi-qəmi vecimə deyil. Ancaq elə ki sənin adamların məni qəfil oyatdı, bütün bu ehtişam və səltənətim qeybə qarışdı, bir göz qırpımında həm taxtımdan, həm də tacımdan oldum.

Bu sözlərə gülən Harun dedi:

- Ay Bəhlul, sən dünyagörmüş adamsan. De: bəyəm heç yuxudakı padşahlığa da etibar etmək, ona bel bağlamaq olar?!

Əsl mətləbin üstünə gələn Bəhlul dedi:

- Ey əmirəl-möminin (ərəbcə “möminlərin əmiri” deməkdir – A.Y.), ona qalsa, mənim yuxudakı hökmdarlığım ilə səninki arasında çoxmu fərq var?! Mən gözlərimi açıb, yuxudan oyanan kimi əvvəlki həyatıma, güzəranıma döndüm. Sən isə günlərin bir günü gözlərini bu dünyaya qapayacaq olsan, öz əmirliyindən də, səltənətindən də olacaqsan. Bu barədə hətta indinin özündə də düşünəndə, yəqin sənin içini acı təəssüf və peşmanlıq hissi bürüyür. Elə isə de: hansımızın hökmdarlığına daha çox etibar eləmək olar?

Bu sözlər qarşısında Harun ər-Rəşid deyəcək heç nə tapmadığı üçün susdu.

https:/www.facebook.com/azadyasharofficial

# 2641 dəfə oxunub

Müəllifin son yazıları

# # #