O qədər yaraşıqlı idi, qızlar üstündə dava salırdı - Cəbrayıl Dövlətzadə haqqında roman

O qədər yaraşıqlı idi, qızlar üstündə dava salırdı - Cəbrayıl Dövlətzadə haqqında roman
9 aprel 2021
# 09:01

Kulis.az qəhrəman şəhidimiz Cəbrayıl Dövlətzadə haqqında yazıçı Azad Qaradərəlinin yazdığı “Cəbrayil əfsanəsi” romanını hər cümə günü yayımlayır. Romanın növbəti hissəsini təqdim edirik.

əvvəli burda

Altıncı səs

SARI DƏFTƏRÇƏDƏN

“Tumsatanın, o gözəl adamın danışdıqlarını itməsin deyə bu Sarı dəftərçəmə yazdım. Burda ən çox silahlardan söz açılsa da, o kişinin danışdıqları da yer aldı. Bu da o deməkdir ki, mən yolumu-irzimi yanılanda o Tumsatanın danışdıqları məni doğru yola qaytaracaq...”

...

Fısıltı eşidildi. Ağca səsə qulaqlarını şəkləyib kırıldadı. Fərzalı atının onu oyatdığını düşünüb əyildi, Ağcanın yalından öpdü. Bu vaxt bir kirpinin xışıltı-fısıltı salaraq koldan çıxdığını görüb gülümsündü və atını sürüb tək saqqızdan aralandı.

Yol boyu düşünürdü:”O kirpi kimi başımızı kola soxmuşuq, dünyadan xəbərimiz yoxdu. Bəhlul Əfəndi kimi kişilərdən aylarla dərs almaq gərəkdir. Yoxsa nə keçmişdən, nə gələcəkdən xəbərimiz olacaq. Mən əgər həmin gün Xocahan bazarına getməsəydim, nə Bəhlul Əfəndidən, nə Qara Yusifdən, nə də Baharlı igidlərindən xəbərim olacaqdı... Ay dad-bidad! Mən də deyirəm görəsən, məni tərpədən, tüfəngə tərəf çəkən, düşmən qabağından qaçmağa qoymayan nədir? Demiyəsən, mən damarımda elə kişilərin qanını gəzdirirəmmiş ki, onlar məni farağat oturmağa qoymurmuş...”

***

-Məəəəə... məəəə... əəəəə.......

-Nənə, o nədi, qorxuram?

-Quzu səsidi, nənən qurban, qoyun-quzu dinc heyvandı... Öl desən, ölər, qal desən, qalar. Mən dayın Hüseynalıya boylu olanda könlüm av əti istədi, dədən neçə gün bənd-bərədə yatdı, əlik vura bilmədi. Qaröyüzə, dədəmə, sifariş elədim, o da bir quzu kəsib gətirmişdi, kabab elədi, yedim, nəfsimə tüt dedim... Sonra baban iki əlik vurub gətirdi, amma o ətə gözümün ucuyla da baxa bilmədim... Day könlüm heç nə istəmirdi... İndi Hüseynalı quzu kimi dincdi, dindirməsən dinən dəyil... Qardaşı Fərzalı kimi qanocağı dəyil...

-Nənə, bə Fərzalı dayım?

-Fərzalıya? Ona boylu olanda aclıq idi bala... Toyuq azarı düşmüşdü, toyuqlarımız da qırılmışdı... Baban bir turac vurub gətirmişdi, külə bulayıb yedim, nəfsimi öldrdüm... İndi uçar-qaçar olub, tuta bilmirəm...

-Nənə bəs bizim tayfaya niyə Fərzalılar deyirlər? Dayıma görə?

-Yox ay bala, baban İmamqulunun dədəsinin adı Fərzalıymış, onun adını dayına qoymuşuq. Binə babamızın adınnandı Tayfamızın adı...

Yetər arvad böyük qızı Gülnisənin oğlu yeniyetmə Məmmədqulunun suallarına fəxrlə cavab verib, nəvəsinin başını tumarladı.

BİR HAŞİYƏ. Ağır Baharlı ellərində adamlar adı, atasının adı, bir də mənsub olduğu tayfanın adı ilə tanınardılar. Həsən Hüseyin, Dəymədağıllı tayfasından. Yaxud Toğrul Həmzə, Qarayaxalı tayfasından. Başqa birisi Məhərrəm Əhməd, Püsürlü tayfasından. Əslində bu tayfa adları indiki soyadı əvəz edirdi. Axı böyük Baharlı tayfası özü də sonradan kiçik tayfalara bölünmüş, ayrı-ayrı şəcərələr yaranmışdı. Götürək elə Fərzalının doğulduğu Taydolaq Baharlını. Burada bir neçə tayfa vardı: Fərzalıgilin tayfası Fərzalılar, o biri tayfa Babalılar, (bu tayfa mənim, kitabın müəllifinin ata tərəfdən mənsub olduğu tayfadır) bir başqası – Fərzalının bacısı Şahnisənin ərə getdiyi tayfa Abasalılar, bir başqa tayfa da Nəbililər adlanırdı. Qaradərəylə üzbəüz Qaragöz kəndində Qarasanlılar, Gülsümlülər, Muğadəm Baharlısında Çinililər, Bökövlülər kimi tayfa adları vardı. Yəqin elə Cümhuriyyətin ilk illərindəcə ağıllı kişilər bu kimi tayfa adlarından yapışıb soyadlarını -lı,-li,-lu,-lü şəkilçisi ilə yazmışdılar: Cabbarlı, Hacıbəyli, Çəmənzəminli...

Özü də ölkənin həm ideyaca, həm əməlcə qurucusu soyadını “zadə” ilə yazdırsa da, ziyalılar bu yolla getmədilər, Məhəmməd Əmin Rəsulzadənin səhvini təkrarlamadılar. Özləri bildikləri, inandıqları kimi elədilər. Üstündən yüz ilə yaxın zaman keçib, hələ də biz soyadlarımızı -ov,-yevlə,-zadə ilə yazdırırıq. Rəhbərinnən tutmuş çobanınacan. Özü də ortada nümunə ola-ola. Babalı, Abbaslı, Fərzalı, Çinili, Bökövlü, Cabbarlı, Hacıbəyli...

Bir dəfə bir ədəbiyyat müəllimi, saray şerləri yazıb raykomları tətifləyən Murtuz Quluzadə agzı köpüklənə-köpüklənə deyirmiş:

-Tutalım, familiyamızı -lı ilə yazdıq. Hüseyinli, Həsənli, Ənmədliyə nə var ki? Asanca yazılır və deyilir. Bəs bu sonu saitlə bitən adlara necə artıracaqsan bu şəkilçini? Mənim familiyam Quludu. İndi nə təhər olacaq? Qululu? Ağırlaşdırıcı hal yaranır axı?

Kəndin ən solaxay adamı (solaxay-zad deyildi, sözü lapdan dediyinə görə ləqəbi Solaxay idi) Solaxay Mərdan yeridi müəllimin üstünə:

-Ə, sən de görüm Əlilini tanıyırsan? Kimdi Əlili?

Şair-müəllim kipriklərini tez-tez çırpıb (buna görə ona Qırpav Murtuz deyirdilər) dedi:

-Niyə tanımıram axı! Qorxmaz Əlilini deyirsən də!

Mərdanı od götürdü:

-Səni oxudanın!.. Dana satıb instituta girənin savadı qumarbaz Qorxmazcan olar də. Ə kişi, Qorxmaz Əlili Cəfər Cabbarlının dostu rejissor Məmməd Əlilinin oğludu, daha doğrusu oğulluğudu, götürüb saxlayıb onu. Bir də lap olsun elə! Nə təhər oldu gündə efirdən qumar verilişi aparan bir adamın familiyasında ağırlaşdırıcı hal olmadı, sənin, saray şairinin familində oldu elə?! Bu ağırlaşma sonu nə bilim nə ilə bitən sözdə deyil, əvvəlini, sonunu bilməyən sənin kimi insanlardadır. Kökünüz kəsilsin sizin!

Qəzetlər yazırdı ki, bəzi məşhur soyad sahibləri hətta Milli Məclis qərar qəbul eləsə də, (heç belə baxıram ki, bu qərar hələ uzun zaman qəbul edilməyəcək, niyə, ona görə ki, ölkənin baştərpədənləri buna tabe olmayacaqsa, həmin qərar kimə lazımdır?) soyadlarını dəyişmək fikrində deyillər. Məsələn, Şıxlınskilər kimi... Elə bizim saray şairinin də dərdi-çoru bu idi ki, onu xalq “Quluzadə” kimi “tanıyır”, təzədən o adam necə eləsin, neçə-neçə kitabı o cür çıxıb. Amma kişilər var ki, bunun da nümunəsini göstərdilər. Sovet vaxtında Sabir Əhmədov olan böyük yazıçı, müstəqillik zamanında heç nəyə baxmayaraq yazılarının altından Əhmədli imzasını qoydu...

***

DAŞ ÜZƏRİNDƏ YAZI. “Osmanlı dövlətinin ixtiyarında olan Anadoluda, Konyada qarışıqlıq düşdü. Qaraman bəylərbəyindən olanlar Osmanlının qılıncının altınnan keçməyərək türkün ayrı-ayrı yerlərinə hicrət etdilər. Belə hicrət edənlərdən bir dəstəsinə də Ağa Balım, Hacı Qaraman, Qara Pirim, Sarıca Nəbi daxildilər. Nəbi yoldaşlarının sevimlisiydi, sarıbəniz olduğunnan belə adlanırdı. Yolçuların biri Qazax tərəfə, biri Yuxarı Qarabağa, biri Aşağı Qarabağa gedir, sonuncusu – Sarıca Nəbi, tarixin Sarı Aşıq kimi tanıdığı şair Həkəri çayının sol sahilindəki kiçik bir kəndə gəlir... Onlardan iki yüz əlli il qabaq Şeyx Məhəmməd də Anadoludan, Qaraman elindən çıxıb hicri 868-cı ildə Şirvana və Baküyə gələrək sufi Seyyid Yəhya Şirvani ilə görüşmüşdür... Bu “Nəfəxat”ı yadigar olraq yazan türkiyəli minbaşı İzzətdir ki, Qafqaza gələrək Şuşada, Cəbrayılda, Zəngəzurda bulunmuşdur.”

Həkərinin Məzməzək ağzında duran bu daşı çoxları görmüş, üstündəki ilan-qurbağanın nə olduğunu bilməmişlər. Hətta bir axmaq daşı kəl arabasına qoyub tikdirdiyi evin divarına hördürmək istəmişdi. Daş düşüb arabanı əzmiş, öküzünü də, özünü də şikəst eləmişdi. Sonralar buna görə həmin daşı avamlar pir hesab etmişdilər. Amma pir deyildisə də, o daşla və minlərlə belə yazılarla əlaqəmizin kəsilməsi, bir millət kimi bizə baha oturub. Keçmişimizdən, kimliyimizdən gen düşmüşük.

Bunları da Bəhlul Əfəndi demişdi. Sonra SARI AŞIQDAN bir bayatı da çağırmışdı:

Mən aşiq min cavana,
Gəl gedək Mincivana.
Yüz ilin köhnə dostun,
Vermərəm min cavana.

İndi düşünürdü ki, onu o bazara aparan qüvvə də əslində özünnən asılı olmadan aparmışdı. Aparmışdı ki, Bəhlulla görüşdürsün, daşdan inək dərisinə, ordan da kağıza köçən yazılar - alın yazıları bərpa olunsun...

***

“MƏXFİ MƏLUMAT: Tiflis. Canişin həzrətlərinə. Araz qırağında nisbi sakitlikdir. Taydolaq Baharlıda Fərzalı, hansı ki, çiynində tüfəng qaçaqmalçıları Arazdan o yan-bu yana keçirir, Dondarlı nahiyyəsində Bəhlul Əfəndi, hansı ki, İstanbulda təhsil alır, Muğadəm Baharlısında Mirzə Əsədullah, hansı ki, Təbrizdə təhsil alır, Zabıx dərəsində Sultan bəy və qardaşı Paşa bəy, hansı ki, Xarkovda təhsil alır... Bu adı çəkilənlər gözüaçıq və ayıq adamlardır. Əlahəzrət çarın siyasətindən narazılar onların başına yığışır. Gələcəkdə təhlükə mənbəyinə çevrilə bilərlər.

Pristav Qara bəy, Gorus, 1896-cı il”

***

Uzaqdan atılan güllə cəsi Yetərin yuxusuna haram qatmışdı. Onsuz da Fərzalı evə gələnə qədər isbatlı yuxu yata bilmirdi. İndi Araz qırağında alatoranda açılan bu güllə arvadın yerinə qor doldurmuşdu. Səhərdən Ağbilək də kəsib-kirimək bilmirdi. Əri İmamqulunun yalquzaq canavarnan qancıq itin kürsəyinnən* tutduğu bu azman it Fərzalıya mehir salmışdı. Onun kəndə gəlişini birinci bu it hiss eliyərdi. Arvad ürəyində oğlunu qısqanantəhər oldu: ”Allahın bu heyvanı da mənnən fərasatdıdı. Yoluna qurban olum, ay oğul! Gözümün kökü saraldı axı, di gəl çıx dayna...”

İmamqulu kişi arvadının ağac taxtdan sürüşüb düşdüyünü görsə də üstünü vurmadı. Gözünü yumub bir az da yatmaq istədi. Amma qəfil güllə səsi onun da yuxusunu qaçırmışdı. ”Ətə dəydi”, - özünnən asılı olmayaraq bərkdən deyib nigaran-nigaran qurcuxdu. ”Allah mənim nəslimnən uzaq eləsin. Nədisə xata girriyir bizi. Görmədin, durduğum yerdə işə düşmüşdüm. Bu ahıl vaxtımda doğur desəydim, o urus dığalarını baş-başa vurardım. Fərzalının dərdinnən eləmədim, dözdüm. Amma ürəyimə damıb ki, nəsə pis şey olacax... Bı Ağbiləyi görürsən, sən allah!”

Axırıncı cümləni özünnən asılı olmadan bərkdən dedi. Sonra durub çubuğuna tənbəki doldurub buxarıda axşamnan qalan közlə yandırdı.

...Yetər arvad isə damın qapısındakı iri tut ağacına söykənib fikrə getmişdi. Səhərin sazağı iliklərinə işləsə də iyirmi beş il qabağa yol almışdı duyğuları.

...Onda el təzəcə yaylağa köçmüşdü. Əri İmamqulu Kərbala ziyarətinnən hələ qayıtmadığına görə onların köçü kənddən çıxmamışdı. Yetərin qarnı burnunda idi. Ona görə də əri gələnə qədər Qaragözdə - atası Həsənxangildə qalırdı. Bir gün Qaragözə bir dəstə qaraçı köçü gəlib çıxdı. Kəndlə üzbəüzdə, çayın o tayında Qaraçı qışlağı səmtdə düşərgə salan qaraçıların qadınları gündüzlər kəndlərə vurub dilənər, baxıcılıq edərdilər. Yaşlı bir qaraçı qadın düz yerimişdi Həsənxanın qapısına. İki əli ilə başını tutub “burda bir ikicanlı var, deyin çıxsın çölə, mənim ona sözüm var” demişdi. Qız-gəlin Yetəri dilə tutmuş, pişim-pişimlə, yalvar-yaxarla damnan çıxarıb qoca qaraçının yanına gətirmişdilər.

-A gəlin, sənin doğacağın bu oğlan ellər yaraşığı olacax, gün kimi aləmə nur salacax... Altı köhlən atlı, çiyni tüfəyli, əli şallaxlı olacax... Amma ki... Hökümət gözündə...

Qaraçının səsi birdəncə qırılmış, başı fırlanmış, yıxılmamaq üçün damın divarlarınnan tuta-tuta həyətdən çıxmaq istəmişdi. Amma Yetər onu geri qaytarmış, sözünü tamamlamadan buraxmamışdı. Qaraçı kəsilə-kəsilə demişdi:

-A gəlin, gözlərin yol çəkir, qorxma, gedənin gələcək. O ki qaldı bu qarnındakına... bu elə bir iyid olacax ki, düşman bağrı çatdadan! Düşmanı çox olacax, lap çox... Amma üstündə azreyil tükü olacax, güllə batmayacaq ona...

Dalısını deməmişdi. Nəmərini-filanını gözləmədən çıxıb getmişdi. İndi bu qəfil güllə, hələ üstəlik ərinin də “güllə ətə dəydi” deməsi arvadı püskdən-təvərədən* çıxarırdı.

Qəfildən Ağbilək zəngildədi, bir ağız hürüb dəyirman tərəfə götürüldü. Yetərin ürəyi titrədi: ”Səsinə qurban olum, ağbilək! Get balamı gətir...”

...Başına xəncər taxılmış rus tüfəngini qoydu atasının qabağına. Kişi məsələni təxminən anlasa da, yenə soruşdu:

-Bu hardandı belə?

-Üç gün idi ki, güdürdüm onları. Biri qaçdı, o birini vurdum. Sənin yolunu kəsənlərdilər...

-Heylə? Tay bu tüfəngi niyə gətirirdin? Ataydın də Araza...

-Heyfim gəldi.

-Di durma, apar bir məhlimli yerdə gizlət. Özün də hər halı, buralarda dolanma, qalx Sobuya.

-Yox, mən Üşdibinə qayıdıram. Bayramlığa alacaqlarım var. İki həftəyə dönəsiyəm.

Anası əl atıb oğlunun ətəyindən bərk-bərk tutdu:

-Buraxan dəyiləm səni. Dədənlə danışdın, yaxşı elədin, indi maa qulaq as.

Fərzalı hündürboy, iri baldırlı, qadınnan çox kişi görkəmi olan anasına baxıb güldü:

-Hı? Nədi, a Qaröyüz qızı?

-Bala...

Arvad sözünün dalısını gətirə bilmədi. Neçə vaxt idi ki, oglunu əməlli-başlı görə bilmirdi. Maşallah olsun, damın orta dirəyi boyda idi. Nazik bığı, qara şəvə kimi saçı, qısa üz xətti onu şəkil kimi göstərirdi. Arvad oğlunun kişi görkəminə gözüdolusu baxıb sevindi, amma nədənsə bir qədər də üşənən kimi oldu – oğlunun od yağan gözlərinə axıracan baxa bilmədi. Oğul uzun qollarını anasının boynuna doladı. Sonra nə yadına düşdüsə, qayıdıb dama girdi. Anasının öz əlləri ilə toxuduğu xurcunnan bir top Çin ipəyi çıxardı, anasının qarşısında yerə qoyub dedi:

-Nənə, bu sənin qızlarının bayram payıdı. Arasına qoyduğum qara gülməxmər də sənindir. İndi burax gedim, işim var...

-Heş kimə verən dəyiləm... Hamısının payını vermisən... İndi öz gəlinimə nişan payı yığacam.

Fərzalını dəli gülmək tutdu. Elə güldü ki, damdan torpaq töküldü. Arvad qorxudan dalı-dalı çəkilib divara söykəndi. Bu Fərzalının gözünnən qaçmadı. Anasının saçına çəkdi əllərini:

-Nənə, dəəsən səndə təzə xəbər var axı...

Arvad ürəkləndi:

-Hə də, deyirəm ki, səni bu yaz evləndirək də, a bala... ay nənən ölsün, yaşın otuzu haxlıyıb axı... Sənin tayların oğul-uşaq yiyəsidi... Sən evlən, Hüseynalının da yolu açılsın, qızları da istiyən var...

Fərzalının rəngi qapqara oldu:

-Sən Hüseynalını evləndir, mən Üşdibində evlənmişəm...

Arvadın əli üzündə qaldı. Ha istədi oğluna acı söz deyə, deyə bilmədi. Udqunub dilləndi:

-Oğul, nənən qurban, bizim ocağımızı kor qoyma. Mən saa ərəli-bərəli evlənməkdən, el adətiynən, toy-büsatnan gəlin gətirməkdən danışıram... Sən də mənnən hənəy-masqara eliyirsən...

Fərzalı qayıdıb daşın üstündə oturmuşdu, tüfəngini keçi piyi ilə yağlayırdı. Birdən başını qaldırıb təəccüblə anasına baxdı:

-Dayan görüm e... Hesaba basıb qızlarını da deyəsən verirsən... Mənə də xalaxətirinqalmasın bir quşquntəklifi elədin, səhər demiyim ki, bacımı verirsiniz, bəs mənə niyə demirsiniz? Bir köpöy oğluna verəndə eləsinə verin ki, mən səhər utanmayım. Gülnisəninki əfəl də olsa, tərbiyəlidi, ağzının yiyəsidi. Vallah Şahnisəninki varlı olsa da, dəyməz bir qara qəpiyə. Tüpürüm o var-dövlətə ki, söz-bez var onun içində...

Arvadın dizləri əsdi.

-Ay oğul, odu ki, saa söz deyəmmirəm dayna... Pakizəni Mugadəm Baharlısınnan Səfər adında bir gədə istəyir. Dədənə deyəmməmişəm, təkcə Hüseynalıya çıtızmışam, o da deyir ki, qağamnan dədəm bilər.

Gəncin bayaq qaralan sifəti indi göyərməyə başlamışdı.

-Nə Səfər, o Molla Ağanın qardaşı Səfər?

-Hə...

-Ay arvad, mənim mollaynan, seyidnən, bəynən, xannan aram yoxdu... Dayan, dayan, deyirəm axı, qatırın belində belədən-belə səkir... Kəndin yolunu su yoluna döndərib... Dayan, mən ona göstərərəm qız istəmək nətəhər olar!

-Ədə, bala, Fərzalı...

Fərzalı tüfəngini qapıb yel kimi əsib getdi. Yetər arvad divara söykəli qaldı...

Yeddinci səs

GİZİR

İlk günlər bir-birimizi yaxşı tanımırdıq. Yeni gəlmiş könüllülərlə mən iş aparırdım. Onları başıma yığıb bir az döyüşdən bəhs etdim. Ən çox da ekstremal şəraitdən-filandan danışdım. İçlərində Cəbrayıl adlı bir gənc vardı. Gözləri alışıb-yanırdı. Ən çox sual verən o idi. Əl çəkmir və tez-tez deyirdi:”Bizi döyüşə nə vaxt aparacaqlar?”

Mən də dünən olmuş bir əhvalatı ona və dostlarına danışdım.

CƏBRAYIL

Gizirin danışdığı əhvalat məni tamam döyüşə köklədi. Gözümü yumurdum, o əsgər gəlib gözümün önündə dururdu. Əhvalat Tərtər cəbhəsində olmuşdu.

“Tərtər istiqamətində qızğın döyüşlər gedən vaxt idi. Talış, Suqovuşan yolunu əldə saxlamaq üçün Ağucuq yüksəkliyini götürməliydik. Bura Qaranlıq meşə də deyirdilər. Bizimkilər yüksəkliyi tutsa da ora qaldırdıqları tank sıradan çıxır və düşmənin qəfil hücumu bizimkiləri çaşdırır. Tərslikdən sursat ehtiyatı da tükənmişdi və gələn yardım hələ yoldaydı. Az sonra bir PDM atəş aça-aça irəliləyir. Çox ağır vəziyyət yaranmışdı. Döyüşçülərimiz şəhid olacaqlarını gözə aldığı vaxtda bir əsgər səngərdən çıxıb geriyə qaçır. Hamı onun qorxub döyüşdən qaçdığını zənn edir. Əsgər isə bir az aralıda dayanan BTR-i işə salıb tam sürətlə düşmən PDM-inin üstünə sürür. Düşmənin döyüş maşınındakılar nə baş verdiyini fikirləşənədək əsgər BTR-i düşmənin PDM-nə çırpır və maşın onun üstünə çıxır və hərəkətinin qarşısını alır. Bunu görən bizim döyüşçülər düşmən PDM-nə tərəf qaçaraq onun açıq “lük”una əl qumbarası atıb, içindəki altı düşməni məhv edirlər. Çoxlu sayda canlı qüvvəmizin həyatını xilas edən 23 yaşlı əsgər isə Nəriman Atakişiyev adlı bir qəhrəman döyüşçümüz idi. O, bu igidliyi edərkən yaralanır və hospitalda müalicə almağa göndərilir. Bax, qardaşım, burda, cəbhə xəttində belə möcüzılır hər gün baş verir. Biz bu möcüzələr sayəsində düşməni məğlub edə bilirik...”

DÜŞMƏN ZABİTİ

Ara, bunlar nə təhər millətdir, axper?!... Asma, gülləni vurursan, yıxılır, bir də durur. Üstümüzə gəlir. Yenə vurursan, yenə səntirləyir, amma yıxılmır. Üçüncü güllə də buna təsir eləmir, ara! Bir də görürsən ki, al qanın içindədir, amma başının üstünü alıb, səni boğazlayıb boğur. Day bunnan belə qaçamayasan, neyləyəsən ali?! Torklar demiş, asta qaçana allah qənim olsun!..

Biz bu döyüşdə na qadar soldat itirdik, axper. Bir o qadar də soldatımız yaralıdır. Asma... bu tork əsgəri nəymiş?! Səngərimizə dolub bıçaqla, süngüylə qırdılar bizi... Bizim ordumuzu məhv etdilər axbercan...

BACI

Qardaşım o qədər yaraşıqlı idi ki, qızlar üstündə dava salardılar. Amma o, bu qızlara gözünün ucu ulə də baxmazdı. Zarafata salar, hansı qızı sevdiyini soruşanda kədərlənər və deyərdi:

-Bacıcan, biz bəxtəvər nəsil deyilik... Xüsusən də mənim kimi birisi. Mən qarşıma məqsəd qoymuşam, ona çatmayana qədər, heç bir kişinin qızına yalannan ümid verə bilmərəm... Bir də nə olub axı, hələ heç 19 yaşım yoxdur... Mənim taylarım ali məktəbdə oxuyur... Hesab edin ki, mən də oxuyuram... Elə oxumaq istəyirəm e!.. Ali hərbi məktəbə sənədlərimi verəcəyəm, sağlıq olsun...

Dedim, bura bax, sənin çamadanında gizlətdiyin o sarı dəftərçədə mən bir şey görmeşəm axı... Orada “O” deyə bəhs etdiyin biri var?..

Qardaşım daha da qəmgin oldu və başını buladı:

-Sə o dəftərçəyə yaxşı baxsan, daha bir neçə şey də görərsən... Elə biri

ŞUŞA ADLI QIZCIĞAZ

adlanır. Sən Tumsatan kişinin mənə verdiyi rayon qəzetində çap olunmuş o kiçik hekayəni oxusan, bilərsən ki, mən nələr çəkirəm. Əgər əlimdə əlacım olsa, ermənilərin kökünü yer üzündən kəsərəm!..

Mən qaqaşımın dediyi o yazını həmin sarı dəftərçədən oxudum və...

Kaş heç oxumayaydım...

SARI DƏFTƏRÇƏDƏKİ YAZI

92-ci ilin buludlu günü idi. May gəlsə də, sazaq adamın iliyinə işləyirdi. Təhsil şöbəsindən hansısa sənədi almaq üçün rayon mərkəzinə gəlmişdim. Avtovağzalda köhnə dostumla rastlaşdım. Onun üzü hava kimi buludlu-sazaqlı idi. Məni görəndə buludlar daha da sıxlaşdı.

-Nə olub? Çoxdandı görüşmürdük... İstədim səni Dağüstü parka yeyib-içməyə dəvət edim... Sən isə...

O heç dediklərimi eşitmirdi. Üzündəki anlaşılmaz ifadə axır ki, oxundu:

-Şuşa bu gün işğal olunub... Qaçqın karvanı Ağalı-Məmmədbəyli səmtindən yollara düzülüb...

-Nə?! – Bunnan başqa söz tapa bilmədim. Elə bil Şuşa kiçicik “nə” kəlməsinin içinə sığmışdı.

Onun maşınına əyləşib Həkəri yoluna endik.

Elə ilk gördüyümnən içimdə nəsə qırılıb töküldü. Şuşa boyda şəhər bir yola sığışmışdı. Yük maşınlarına, avtobuslara, özüboşaldan maşınlara, lafet qoşulmuş tarktorlara və minik maşınlarına qalaqlanmış qaçqınlar kütləsi magistralı qapsamışdı. Və nədənsə yaranan tıxac maşınların hərəkətinə mane olurdu. Ölü düşüncə ilə bu köməksiz insanlara baxannan sonra bir maşında 6-7 yaşlarında qız uşağının bərkdən cikkildəyərək ağladığını nəhayət, hiss edə bildim. Maşına sarı boylandım. Orta yaşlı qadın (yəqin anası idi) qızcığazı çətinliklə maşının banınnan endirdi. Ora-bura boylanıb dalda yer gəzdi ki, qızcığazı çiş tutsun. Dalda nə gəzirdi? Yolu qaçqınlar, yolun sağ-solunu isə onlara tamaşa etməyə gələn yerli adamlar tutmuşdular. Əlacsız qalan qadın uşağı elə endikləri maşının təkərinin arxasına çəkdi, “ay allah keç günahımnan” deyib tumuşuna aşağı dartdı. Bu vaxt qızcığaz daha bərkdən qışqırıb tumuşunu yuxarı çəkdi.

Gördüyüm mənzərədən içim dağılmışdı. Nəsə etməli idim. Amma nə? Və dostumun maşını yadıma düşdü. Qadını çağırıb bir az aralıdakı maşınımızı göstərdim. O, körpəni maşının böyrünə çəkdi. Uşaq ora-bura boylanıb aşağı əyildi...

BACI

Dəftərçəni qapatmaq istədim, amma orada yenə yazılar vardı. Oxumağa davam etdim. Bir qədər oxuyannan sonra başa düşdüm ki, bu anamızın doğulduğu rayonda, Qarabağda yüz il əvvəl baş verən hadisələrdir. Oxuduqca anladım ki, qardaşımı bu yazılara bağlayan nədir...

Ardı var

*Kürsək – yerli ləhcədə işlənən əski sözlərdəndir. Cütləşmə anlamındadır.

*Püsk, təvərə - dəyirmançı alətlərinin adlarıdır. Su novdan püskün, təvərənin üstünə tökülər, onları fırladar, fırlanan püsk və təvərə də dəyirman daşlarını fırladardı.

# 4381 dəfə oxunub

Müəllifin son yazıları

# # #