Yaşayan əfsanələr

Paster, Seymur Baycan, Kəramət Böyükçöl

Paster, Seymur Baycan, Kəramət Böyükçöl

9 mart 2022
# 15:00

Kulis.az Ayxan Ayvazın “Yaşayan əfsanələr” adlı yazısını təqdim edir.

“Koroğlu” metrosunun çıxışındakı taksi sürücülərinə ithaf olunur...

Kefim pozulanda, əhvalım yaxşı olmayanda, həyatda maraqlı heç nə tapa bilməyəndə ya Yutubdan düşük videolara, ya Pasterlə Tibunun bəttlinə baxıram, yaxud da Seymur Baycanın romanlarını vərəqləyirəm. Dünən də kefimə soğan doğranmışdı, özümü çox mənasız hiss edirdim, elə bilirdim ki, indicə maşın məni vuracaq və çox axmaq bir cəsəd olacam. Başqa bir yerdə qalanda həmişə bu cür narahatlıq yaşayırdım. Öz evimizdə qalanda, adətən, bu cür sentimental səyliklər başıma gəlmir. Ayrı evdə bir gecə qalanda qanım it qanına dönür, bütün gecəni yata bilmir, eləcə yataqda qıvrıla-qıvrıla qalıram. Onda əlac qalır baş qatmağa.

Həmin gecə də – oxucuların istəklərini nəzərə alaraq, dəqiq tarixi deyim: saat 3, Binə qəsəbəsi – yata bilmədim, durub yerimdə oturdum. Tərslikdən internet də yox idi. Kitabların arasında eşələndim.

seymur baycan

Və Seymur Baycanın “Quqark” romanını tapanda sevindim. Oturub telefon işığında Seymurun romanından tanış səhnələri oxumağa girişdim. Seymurun yazıları, romanları mənə həmişə ilham verib. Harada, hansı rayonda, hansısa xarici şəhərdə it kimi darıxanda qəribədir ki, Seymurun kitabıyla rastlaşmışam və o kitab mənim əhvalımı yüz səksən dərəcədə dəyişib. Elə bil əsgərlikdə, yad bir mühitə düşmüsən və o zaman orda qonşu məhəllədə qalan bir oğlanı görüb onu bağrına basmaq istəyirsən. Seymur Baycanın kitabı gecənin o vaxtında mənim üçün həmin hisləri yaşatdı.

Книга Quqark | Seymur Baycan | | Alinino.az

Burda zəruri bir haşiyə çıxmasam olmaz. O günləri özüm haqqında düşünürdüm. Evdə bacımla yoldaşım nəsə bişirirdilər. Və birdən, qəflətən dedim:

“Mən yaşayan əfsanəyəm”.

Bacım dedi ki, belə eləmə, bu sözü gərək başqası desin, onda daha yaxşı alınır. Mən ona baş qoşmadım. Dedim, həqiqətən də, yaşayan əfsanəyəm. Ardınca yoldaşım da gülə-gülə dedi ki, özünütərif yaxşı hal deyil. Qadınlarla, adətən, çənə döymürəm, belə mübahisələri əhəmiyyətsiz hesab edirəm.

Və o an möcüzə baş verdi. Feysubkdan inboksuma bir xanım fanatım yazdı: “Siz yaşayan əfsanəsiniz”. Mən sevincdən yerimdə hoppanıb-düşdüm. Bu mənzərəyə səkkiz aylıq qızım qəribə-qəribə baxıb gülümsündü. Mesajı bacımla yoldaşıma göstərəndən sonra onlar da əminliklə dedilər:

“Sən yaşayan əfsanəsən”.

Bəli, bu gündən özümü yaşayan əfsanə adlandıracam. Məncə, Şərqdə özünü əfsanə adlandıran ikinci adam oldum (Birincisi reper Paster idi). Xahiş edirəm, yazının bu yerində mənim əfsanəvi bir şəklimi işçilərdən biri aşağıya yerləşdirsin (Rəvan Cavidə deməyə lüzum görmürəm, əsgərlikdən gələndən yaman dəyişib, Vüqar Babazadə də dahidir deyə ona bu işi gördürmək olmaz, Ulucay Akif baş redaktordu deyə ondan da yan keçirəm, Mehdi Dostəlizadə günorta gələcək... bircə qalır dövrümüzün Harper Lisi, mənim gizli fanatım Samirə Əşrəf. Samirə xanım redaktordur, amma lütfən bu yerdə, aşağıdan yaşayan əfsanəyə oxşayan bir şəklimi tapıb yerləşdirin. Öncədən təşəkkürlər.)

Hansımız daha dustağıq? – Ayxan Ayvaz yazır…

Hamı bu cür başı-ayağı bilinməyən, hardan gəldi yaza bilməz. Ancaq mən yaşayan əfsanə olduğumdan özüm özümə buna icazə verirəm. Ürəyim yazının başına ip salmaq və onu hara gəldi aparmaq istəyir. Ağıllı oxuculardan biri burda peyda olub mənə məsləhət verməyə çalışmasın. Çünki yaşayan əfsanələrə məsləhət filan işləmir.

Hə, harda qalmışdıq. Seymur Baycanın “Quqark”ını vərəqləyir və niyəsə keçmiş sevgilimi xatırlayırdım. Bəzən ən dəxlisiz yerlərdə ən dəxlisiz xatirələrim oyanır. Heç cür bu dəxlisizliyə mane ola bilmirəm. Kefim təzədən it qanına döndü, durub otaqda dörd dolandım. Bilmədim, yuxumun gəlməsi üçün nə edim. Seymur Baycanın “Quqark”ını pəncərənin altlığına qoyub siqaret alışdırdım. Siqaret çəkə-çəkə kitab rəfinə ötəri göz gəzdirdim. O an Kəramət Böyükçölün “Əlqəmə” romanının kitabların arasından sürüşüb az qala düşəcəkmiş kimi durduğunu görüb tez onu əlimə götürdüm.

Siqaret damağımda stula çökdüm və kitabı açıb oxumağa başladım. Kəramətin romanını bir oturuma oxudum. Tam səmimi deyirəm. Heç bir qram da yorulmadım. Heç tualetə getmək, uzanmaq da istəmədim. Romanın ilk cümləsini oxuyan kimi Kəramət mənim yaxamdan tutub axıra kimi apardı.

Yazıçı Kəramət Böyükçöl saxlanılıb

Kəramətin romanı çox oxunaqlıdır, dili əladır, mətnin axıcılığına söz ola bilməz. Müəllif ilham atının tərkinə minib elədən-belə, belədən-elə çapıb. Hər cümlədə o ilham atının kişnərtisini duymaq olur. Sadə, bəzəksiz, eyni zamanda insanı yormayan cümlələr romanı axıra kimi oxumağa vadar edir. Düzü, Kəramətin romanını çoxdan oxumalıydım. Hər dəfə “bu gün oxuyacam, sabah oxuyacam” adı ilə günü günə satırdım. İndi qəfil gecənin ortasında, uzaq Binə qəsəbəsində Kəramətin kitabı qabağıma çıxmışdı və mən də onu acgözlüklə oxuyurdum.

Romanda bir para şeylər xoşuma gəlmədi:

1) Adı. Əlqəmə, məncə, nəinki roman adı, heç obraz adı kimi də uğurlu deyil. Özü də Kəramətin bundan əvvəlki romanlarının adlarına baxanda onun niyə bu cür ad seçməsi mənə qəribə gəldi. “Çöl”, “Səkkizinci gün”, sonra da “Əlqəmə”.
Elə bil deyirsən ki, dünyada üç böyük yazıçı var: Tolstoy, Hüqo və bir də Əbülhəsən. Bu “Əlqəmə” də Əbülhəsən kimi bura nəsə uyğun gəlmir. Romanın adına “Gizli əlyazma” da demək olmazdı, çünki əlyazma adında, maşallah, ədəbiyyatımızda o qədər roman var ki. Bilmirəm, indi ağlıma heç nə gəlmir. Ancaq əminəm, bir az fikirləşsək, daha yaxşı bir ad tapa bilərdik.

2) Kəramətin romanında gizli bir əlyazmadan söhbət gedir. Əlqəmə o əlyazmanı tapıb roman kimi yazmağa başlayır və biz də o romandan hissələri oxuyuruq. Hiss elədim ki, Kəramət Əlqəmənin romanındakı hissələri yola verib. Yaxud da gücü çatmayıb onları yazmağa. Sonlara doğru isə, ümumiyyətlə, başını buraxıb. Ya Kəramət romanı tələsik yazmaq, ya da canını bu mətndən qurtarmaq üçün belə edib.

3) Bəzən üçüncü şəxsin təki ilə birinci şəxsin təki qarışıq düşüb. Görünür, Kəramətin gözündən yayınıb. Halbuki elə də ciddi qüsur deyil. 5-10 dəqiqəyə düzəltmək mümkündür.

Cavid Zeynallı Kəramət Böyükçölün yeni romanını tənqid etdi - sim-sim

Kəramətin romanında dövrümüzün xaotik mənzərəsini gördüm. Məncə, Kəramət Əlqəmə obrazından daha geniş mənada istifadə edə, onu müxtəlif situasiyalara salıb-çıxara bilərdi. Kəramət isə Əlqəməni tez-tələsik yazıçı eləyib başından eləyir. Halbuki Əlqəmə özü-özlüyündə çox qeyri-adi və maraqlı bir personajdı. Onun başını buraxanda görürsən ki, hansısa ucqar kənddə əlyazma tapıb və ondan özünə roman qaralayıb. Əlqəmə isə, əslində, Kəramətin özü idi. Və Kəramət özünü yazdıqca roman daha maraqlı hal almağa başlayırdı. Məsələn, əminliklə deyirəm, Əlqəmənin öz cəsədini götürməyə getdiyi və sonra cəsədinin üzərində xatirələrə baş vurmağı romanın ən canlı və ən gözəl yeri idi. Axır vaxtlar bu qədər ləzzətli bədii yemək yeməmişdim. Məhz o yerə görə Kəramətin romanındakı xırda-xuruş qüsurları görməzlikdən gəlmək olar. Növbəti tirajda asanlıqla bu qüsurları düzəltmək və yenidən çap edib fanatları sevindirmək mümkündür. Ən əsası odur ki, bu mətndə olduqca istedadlı bir yazıçı gördüm və bu məni möhkəm sevindirdi.

Yadımdadır bəzi dostlar demişdilər, Kəramət romanın baş-ayağını yığa bilməyib. Mən elə bir şey görmədim. Bəzi sentimental və qəbul etmədiyim səhnələr oldu. Bu heç. Ancaq yazının girişində dediyim kimi, yaşayan əfsanələrə hər şey məqbuldur. Əgər deyirlərsə, Kəramət romanının başını-ayağını bir yerə yığmayıb. Olsun. Yaşayan əfsanələrdə bu cür şeylər olur. Siz heç narahat olmayın. Çalışın, yaşayan əfsanələri sevin. Çünki bir gün yaşayan əfsanələri sevəcəksiniz.

Səhər işə gələndə Seymur Baycanın “Quqark” romanını özümlə götürmüşdüm. Yolda ordan-burdan oxudum və onda anladım ki, yaşayan əfsanə nə mənəm, nə də Kəramət. Yaşayan bircə əfsanə var, o da Seymur Baycandır. Burdan Seymura respect!

# 5927 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #