Biz bədbəxtik, Mövlud - Ayxan Ayvaz yazır

Biz bədbəxtik, Mövlud - Ayxan Ayvaz yazır
15 avqust 2017
# 17:30

“Səfillər” romanına ithaf olunur

Mövludla ilk görüşdüyümüz günü xatırlayıram. Havadan od yağırdı. Ayağı burxulduğundan axsaya-axsaya yeriyir, əl-qolunu ölçə-ölçə danışırdı. Yadımdadır, mənə Yaşar Kamalın “İncə Mehmet” romanını gətirmişdi. İsti başımıza döyə-döyə “o küçə sənin, bu küçə mənim” gəzir, müxtəlif mövzulardan danışırdıq. Sözümüzün qurtardığını hiss eləyəndə üzündən axan təri qoluyla silə-silə:

- Sən get, dərdiş, - dedi - mən özümü birtəhər metroya çatdıracağam.

Hansısa binanın qarşısında onu tək başına qoyub evə getdim.
Bir gün atam əlindəki qəzeti qarşıma atıb: “Bu cavan oğlanın hekayəsini oxu – dedi, - o, çox istedadlıdır.” Nə yalan danışım, ürəyim ağrıya-ağrıya, paxıllıq içimi yeyə-yeyə oxudum. Ancaq hekayə barədə atama nəsə deməyə qıymadım. “Məktəbdə oxuyur, - atam elə bil mənim acığıma hər gün onu tərifləyirdi. – amma hər şeydən başı çıxır, yekə kişilərlə oturub-durur, maraqlı hekayələr yazır. Malades, belə oğula!”

O vaxtlar qəzetdə çıxan yazılarının qırağında saf, təmiz bir yeniyetmənin şəkli olurdu. Nədənsə, onun bu xırda şəkli mənə çox doğma gəlirdi. Hər dəfə yazılarını oxuduğum bu cavan oğlanın doğulduğum kənddən olduğunu düşünürdüm. Getdikcə əvvəlki qısqanclığım geniyib gedirdi. Soyuq ayların birində ilk dəfə Mövludla telefonda danışdıq: “Qazaxdayam, dərdiş, mütləq görüşək” – sağollaşanda belə dedi.

İndi o görüş yadıma düşəndə dostumun yazılarını xatırlayır və bir şeyi anlayıram: həmin gün Mövlud ayağı ağrıdığına görə yox, dünyanın yükünü çiyinlərində gəzdirdiyi üçün axsayırdı.

***

Tez-tez görüşdüyümüz günlərin birində çoxdandır içindən çıxa bilmədiyim sualı Mövluddan soruşdum:

- Biz bu qədər bir-birimizi yaxşı anlayırdıq, bəs niyə bundan əvvəl ayrı-ayrı yerlərdəydik?

“Nərimanov” metrosunun yaxınlığındakı parkda gəzişirdik. Həmişə belə məqamlarda Mövlud susurdu. Məsələn, telefonda kiminləsə danışır, sonra uzun müddət kirimiş dururdu. Maraqlanırdın, cavab yox idi. Ancaq bu dəfə xasiyyətini bildiyimdən inadıma salıb dinmədim. Ayrılıb evə gedəndə qəfil metronun yaxınlığında məni saxladı: “Ayxan, biz əslində heç vaxt ayrı yerlərdə deyildik. Bizi bağlayan tellər vardı.” İki əli havada, dalı-dalı gedə-gedə qaranlıqda görünməz oldu.

***

Həmişəki kimi sınıq-salxaq, müştərisi az olan kafedə sus-pus oturmuşduq. Qarşımızdakı çay bardaqları da boşalmış, tək-tənha qalmışdı. Onun gözlərindəki soyuqluq məni daladı. Anladım ki, bizi yalnız saz, xəngəl, dağlar deyil, həm də bədbəxtlik birləşdirir. Ən yaxşısı, Mövludun özü danışsın:

- Heç kimə başa sala bilmirik ki, biz bədbəxtik. Faciəvi olan bilirsən, nədir? Biz bunu dibinə kimi anlayırıq.

Mövlud bu sözlərdən sonra uzun-uzun mənə baxdı. Düşündüm ki, o, ağzından çıxacaq sözləri adamın gözlərindən oxuyur. Ancaq hərdən kədərli ovqatımızın əksinə uzun-uzun bir-birimizə baxıb qəfil açılan güllə kimi uğunub getməyimiz də olurdu. Sonradan bunu da başıma vurdum: sən demə, biz içindən çıxa bilmədiyimiz dərdi bəzən gülüşümüzlə uzaqlaşdırmağa çalışırıq.

***

Hər gün görüşür, cibimizdəki beş-üç manatı ortaya atıb bir araq alır, “28 May” tərəfdəki kafelərin birində üzbəüz oturub şüşəni boşaldır, bir-birimizi tərifləyə-tərifləyə gəzişir, sonda isə “həyat kədərlidir” deyib ayrılır, öz evimizə -darıxdığımız yerə gedirdik. Belə görüşlərin birində Mövlud araq şüşəsini əlinə götürüb ciddi-ciddi:

- Unutma, - dedi. - səni hamı atıb gedəcək, sevgilin, dostun, atan, anan, bacın, qardaşın, ancaq bu heç vaxt atmayacaq. Yeganə xilasın bu olacaq.

Gecənin bir yarısı sərxoş, yıxıla-dura qapısını açdığım evdən diksinir, bacımın, qardaşımın şaşırmış görkəminə baxıb məğlub olduğumu təpədən-dırnağa anlayır, boğazımdan yuxarıya dırmaşan ağrıya əngəl ola bilmir, divarın dibinə çömbəlib ağlayırdım. İçki gözlərimi açdığından qarşımdakı adamları projektor işığındaymış kimi görür, dostumun sözlərini yadıma salırdım.

İndi suvaqları tökülmüş divarların yerinə Mövlud olsaydı, bu sözlərimi eşidəcəkdi: “Axı onlar xoşbəxt olmaq istəyirlər. Bu yazıqların nə günahları var?” Gözümün yaşını axıdır, bacımın, qardaşımın tənəli sözlərinə fikir vermədən telefonumu əlimə götürür, Mövluda zəng eləmək üçün rəhbərdən nömrəsini axtarırdım. Elə bu vaxt ekranda qarışıq, bulanlıq bir nömrə görünür. Telefonu qulağıma yaxınlaşdırıram, Mövlud xışıltının arxasında hıçqıra-hıçqıra: “Əgər yatmış olsaydın, - deyir - mənə cavab verməsəydin, özümü öldürəcəkdim”. Uzun-uzun bir-birimizə təsəlliverici sözlər deyir, sanki telefonun içindən əlimizi uzadıb yanağımızdakı göz yaşını silirdik. Sonra əlimi-üzümü yuyub güzgüdəki qaranlıq, yad adama baxıb: “Həyat kədərlidir, Mövlud” – deyirəm.

Ayıldığımızda gözümüzün qabağında sevdiyimiz qızlar, dostlarımız, gəzdiyimiz parklar, getdiyimiz kafelər canlanır. İçinə atıldığımız üzüyün içindən çıxmaq üçün uydurduğumuz gülməli əhvalatlara uğunub gedir, yalnız bizə məlum olan işarələrlə danışırıq. Tez-tez görüşdüyümüz dostlar bunun nə mənaya gəldiyini anlamayanda sevinir, bir anlıq xoşbəxt oluruq.

Elə bil bir almanın iki yarısıydıq: eyni vaxtda saqqal saxlayır, eyni vaxtda yazır, kitab oxuyurduq. Bu oxşarlığı zarafata çevirmişdik. Mövlud kafelərin birində dostlara bunu izah edirdi:

- Aramızda qeyri-ənənəvi cinsi münasibət var.

Yaxşı yazılarımız çap olunanda paylaşır, çox oxunduqca, adamlar təriflədikcə bir-birimizə iynəli sözlər deyir, ikimizdən birinin ədəbiyyatda artıq olduğunu tez-tez dostların arasında vurğulayır, onların üzündə yaranan şaşırmış ifadəyə baxıb için-için gülürük.

***

Bəzən dostların xüsusiyyətlərini lağa qoymağımız da olur: neyləyək, tanıdığımız adamları cırnatmaqdan ləzzət alırıq. Onların danışdıqları həqiqətə uyğun olmayanda yenə o məşhur işarələr işə düşür, gülüşlər havada uçuşurdu. Həqiqəti bildiyimiz üçün əzab çəksək də, bununla zarafat belə edə bilirik

İndi Mövludun hərəkətləri istər-istəməz mənə də yoluxub. Bir dəfə dostlardan biri ikimizə də diqqətlə baxıb dedi:

- Ə, nə yaman bir-birinizə oxşayırsız.

***

Unutmayın, əgər Mövlud kafelərin birində ayağa durub əlindəki araq dolu stəkanı tuta-tuta dünyanı unudub bərkdən şeir oxuyursa və bu an kimsə onun yaratdığı dünyadan qopursa, vəssalam, həmin adamın işi bitdi.

Dəqiq bilirəm, səhərisi şeiri yarıda kəsən dostumuzun nadanlığı haqqında onun uzun-uzadı məruzəsini dinləməli olacağam. Mövludun sözünə qüvvət verəcəm, dostum daha da qızışacaq. Sonra iki əsəbi adam ayrı əlac qalmadığını anlayıb gedib araq içəcəyik.

Son badələrdən sonra Mövludun telefonda kimlərəsə zəng eləməyi olacaq. Kəkələyə-kəkələyə telefondakı adama kədərli bir əhvalat danışacaq. Ardınca dözülməz sükut özünə yer eləyib aramıza dürtüləcək. Kafedə ikimizin qaldığını hiss edib bir-birimizə baxa-baxa ağlayacağıq. Nəhayət, gözümüzün yaşını silə-silə ayağa durub metroya sarı gedəndə Mövludun ağlına hansısa lətifə düşəcək, əlimizi-əlimizə vura-vura bərkdən güləcəyik.

***

Mövlud hamı ilə oturub-durmağı bacarır. Bəzən onun bu qədər istiqanlı olmağı mənə çatmır. Bir də görürsən, iki gün əvvəl tanış olduğu adamla qol-boyun olub. Əgər mənə inanmırsınızsa, gəlin sizə onun kimlərlə oturub-durduğunu göstərim. Görəcəksiniz ki, bu adamlar bir-biri ilə tamam əks qütbdədirlər. Mövludun isə bu heç vecinə deyil. Telefonda daim axtarışdadır. Şirin dilini işə salaraq, ona mütləq bir qonaqlıq boyun eləyəcək, sonra o adamlar haqqında yığdığı bir sürü məzəli əhvalatları mənə danışacaq. Bilmirəm, mənim barəmdə də kiməsə gülə-gülə özündən quraşdırdığı əhvalat danışıb, ya yox. Ancaq Mövludun anlaşılmaz xasiyyətinin, hər kəslə canıyanan olmasının səbəbini bilirəm: o, darıxan adamdır.

***

Hələ sizə onun yaddaşından danışmamışam. Bu ayrıca bir mövzudur. O, tanış olduğu adamların ən xırda detalını belə unutmur. Bəzən mənə iyirmi il bundan əvvəl olanı danışmağı var. Füzulini, Aşıq Ələsgəri yaxşı anlayır, onlardan saatlarca şeir oxuya bilir. Uşaq olduğu vaxtlarda baş vermiş hər hansı ciddi bir olayı gözləri ilə görmüş şahid kimi danışır. Yazıq canım, bunun da səbəbini bilirəm: ağrı-acıyla danışdığı o siyasi, ədəbi hadisələr dostumdan bərk-bərk yapışır, onu didib-dağıdır və sənə elə gəlir ki, Mövludun özü də həmin vaxtlarda yaşayıb. Ona görə də gənc yazarımız o illərin bütün detallarını, ən incə məqamlarını da yadında saxlayıb.

Bir dəfə dostlardan biri onun yaddaşına maraqlı açıqlama verdi: “Mövlud elə bil “Google”dur”. Fərqli, müxtəlif mövqeli şəxslərlə oturub-durduğu üçün insanları yaşından tez tanıyıb. Həqiqi sözümdür, indi Mövludun yaddaşını silkələsən minlərlə, yüz minlərlə insan ovcuna tökülər. Elə biri də mən: Mövluddan gedin soruşun, sizə başıma gələn hər şeyi xırdalığına qədər danışsın.

***

Bizim nəslin ən istedadlısı Mövluddur. Mənə kafelərdə beş-altı roman mövzusu danışıb. Ancaq tənbəldir, yazmır. Onu həmişə yazmağa sövq edirəm. Bəzən buna görə yalvardığım olur. İnanın, Mövludun danışığını kimsə diktofona yazsa, sonra onu kağıza köçürsə, gözəl bir yazının yarandığı görəcək.

***

Üzüm ayaqlarınızın altına, vaxtınız olanda adamların az olduğu bir parka gəlin, gözdən-könüldən uzaq bir skamyada oturmuş, bir-birinə şeir oxuyan iki adamı izləyin. Amma, qadanızı alım, amanın bir günüdür, onlara yaxınlaşmayın, bədbəxtliklərinə ortaq olmayın. Bu tanımadığınız iki gəncin dünyası boz-bulanlıqdır. Bu qəribə adamlar darıxdıqlarında yalnız bir-birilərinə zəng edir, kimlərlə oturub-durmalarından asılı olmayaraq həmişə öz yaratdıqları işıqlı dünyada olurlar.

Bax elə bu yazını yazdığım vaxt da Mövlud məni tək qoymur.

Telefonumu açanda şux səsini eşidirəm:

- Ayə, bu gün mənim ad günümdür.

15 avqust. Yazının sonuna çatanda düşünürəm: indi onun ad günündə bir-birimizə baxıb güləcəyik, yoxsa ağlayacaq? Bunu bilmirəm. Bəlkə Mövlud cavabı bilə.

Doğum günün qutlu olsun, dərdiş!

# 2696 dəfə oxunub

Müəllifin son yazıları

# # #