Ayxan Ayvaz
Pərt olmağı Allah heç kəsə göstərməsin. Ən zəhləm getdiyi hisdir bu. Və tez-tez pərt qaldığım anları xatırlayıram. Hərdən güldüyüm də olur. O qədər demokratik və rahat adamam ki (məni özümdən başqası tərif eləmir deyə bunu deməli oldum) pərt anlarımı götürüb yazdım və düşündüm: əslində oxucudan bunları gizlətmək yersizdir, çünki onun da başına bu cür hallar gələ bilər.
Beləliklə, kanalı dəyişməyin. Getdik...
***
Bir dəfə yazıçı Anara zəng etdim:
- Salam, Anar müəllim. – bildim ki, salamlaşmaq hissəsini tez-tələsik keçməliyəm – Umberto...
- Oğlum, gözlə bir...
- Yaxşı.. Umberto Eko vəfat edib. Bununla bağlı nə deyə bilərsiniz?
- Nə deyə bilərəm ki? Allah rəhmət eləsin!
- Umberto Ekoya? Yəni demək istəyirdim ki, onu sadə bir oxucuya necə təqdim edərdiniz...
- Eləyə bilmərəm...
- Niyə?
- Düttt...
***
Təqdimatların birində Vaqif Səmədoğluyla bir gözəl xanım ayaqüstü şirin-şirin söhbət edirdi. Vaqif müəllimi gördüyümə sevindim, yaxınlaşıb salamlaşdım. Təzəcə ağzımı açmışdım ki, şair sözümü yarıda kəsdi:
- Ayxan bala, ömrümə az qalıb. İcazə ver, son günlərimi gözəl xanımların əhatəsində keçirim.
***
Bir dəfə gənc yazar dostumuzun toyunda Vaqif Səmədoğluyla eyni masaya düşmüşdük. Qabaqcadan içmişdim, başım dumanlıydı. Əyri-üyrü yerişimlə Vaqif Səmədoğlunun hüzuruna çıxıb gülümsündüm. Və onun siqarına tərəf əyilib bir gilə götürmək istədim.
- Bunu çəkmək üçün nə yazmısan? – dedi və siqaretindən bir qullab vurdu.
***
Qızla şəhərdə gəzirdim. Qəfil üç-dörd oğlan qabağımızı kəsdi. Şeşələndim:
- Nədir? Nə istəyirsiniz?
Qardaşlardan biri fikrini konkret ifadə etdi:
- Qızı.
Heç bu qədər konkret cavab verən görməmişdim. Mən təpikləri yeyə-yeyə bu haqda xeyli düşünmüşdüm.
***
Təzə kitabım çıxmışdı. Kitab mağazalarına paylayırdım.
- Nədən yazmısan?
- I...
- Aydındı. Lazım deyil.
- Axı imkan vermə...
- Nə qışqırırsan, ə? Polis çağırım?
***
Mağazaya girmişdim. Yaman susamışdım. Qadın satıcı gülümsünürdü. Dedim, görən paltarımı tərsinə geyinməmişəm ki. Üstümə baxdım: yox, hər şey qaydasdındadır.
Bu yerdə qadının dili açıldı:
- Nəsə tanış gəlirsən.
Sevindim ki, yəqin yazılarımı oxuyub.
Qəfil soruşdu:
- Əhmədlidə qalırsan?
***
Hekayəmə görə yer tutmuşdum. Mükafatın diplomunu evə gətirəndə yolda sinif yoldaşımla qarşılaşdım. Hal-kefdən sonra soruşdu ki, əlindəki nədir. Diplomu ona uzatdım. "Filan hekayəsinə görə I yerə layiq..." sözlərini oxuyanda gülməyə başladı. Qaqqıltısı bitəndə ciddi-ciddi soruşdu: "Sən məktəbdə inşa yaza bilmirdin, necə oldu ki, yazıçı oldun?"
***
Ramiz Rövşənlə bir yerdə imza günüm idi. Hamı Ramiz müəllimlə görüşür, kitabını imzalatdırır, şəkil çəkdirirdi. Bir xanım o boyda tünlükdə mənə yaxınlaşanda elə sevindim ki... Bir addım da mən irəli getdim. Filmlərdə olur e? Qızla oğlan tam yaxınlaşan an nəsə baş verir axı. Qadın mənə yaxınlaşanda ərklə dedi:
- Saxla bu sumkanı, Ramiz müəllimlə şəkil çəkdirim.
***
Yazıçılarla oturmuşduq. Tanıdığınız məşhur yazıçılar deyirəm. Əkrəm Əylisliylə bir yerdə oturmuşdum. Ordan-burdan söhbət edirdik.
- Əkrəm müəllim, ədəbiyyat mənə görə...
Əkrəm kişi cibindən pul çıxardı:
- Al bunu, get bir siqaret al...
P.S. Ardı olmayacaq. Daha o anları xatırlamaq istəmirəm. Bu qədər bəsimizdi.