Öldürülən qadının uşağına son hədiyyəsi

Öldürülən qadının uşağına son hədiyyəsi
2 dekabr 2016
# 13:33

Yəqin xəbəriniz oldu, olmadısa mən deyim: Xaçmazda bir qadını öz qayınatası yaba ilə vurub öldürüb.

Bu cür qanlı-qadalı xəbərlərə artıq gözümüz alışıb. Yaşadığımız həyat qorxulu filmlərə çevrilib. Bəzən faciəvi həyatları oxuyuruq və düşünürük ki, görəsən bir yazıçı qələmi ilə bu həyatlardan hekayə, roman yaza bilərikmi? Ancaq o zırıltılı cümlə gəlib çıxır qarşımıza: “Qələm aciz, söz aciz”.

Xaçmazda öldürülən qadını əxlaqsızlıqda suçlayıblar. Bir gün oğlu onu başqa bir kişi ilə tövlədə tutub. Anasının xəyanətini gözləri ilə kopyalayıb kənd camaatına, polisə göndərib. Hay-haray, dava-şava, qadının özünü təmizə çıxarması üçün dəridən-qabıqdan çıxması... Bu yerdə ikinci bir xəyanət baş tutub. Bu kadrı yəqin ki, heç bir filmdə görə bilməyəcəksiniz. Səhnəni növbəti abzasda oxuya biləcəksiniz.

Təzəcə xəyanətə uğramış kişi bu dəfə öz xanımını çağırdıqları polisin qucağında görüb. Burda dərin bir sükut. Sonrakı kadrda türk filmlərində şahidi olduğumuz kimi kişi qadını güllələmir.

Maraqlı olan bilirsiniz, nədir? Xəyanət olub, arvadı başqa bir kişi ilə tutulub. Bəs polisi niyə çağırırsan? Niyə camaata səs salırsan? Həm bu boyda insanın gözü qabağında ailənin siması gözdən düşsün, həm də ikinci bir zərbə alasan.

Növbəti kadrda boşanmaqdı. Zavallı uşaqlar!

Bu yerdə qayınata söhbətə qoşulur. Deyir ki, gəlini hər gün yad kişi salırmış evə. Dəhşətli deyilmi? Qadının əri sonradan xəbər tutur, özü də bu dəfə oğlu görür xəyanəti. Deməli, xəyanətlərin sayı-hesabı yox imiş. Ağıl sığdırmaq olmur buna. Qayınatanın sözləri doğrudursa o zaman məşhur deyimimizi yada salaq: “Ölünü qoy, dirinə ağla”.

Qadının isə özünü müdafiə edəcək qalxanı var: kişi hər gün sərxoş gəlir, onu döyür, həyatdan bezdirir. Onun ata-anası da bunu təsdiqləyir. Hər gün qızının evində davanın səbəbkarı kişi imiş. Onların sözlərinin də doğru olduğunu düşünsək, iş çönüb olur ərəb saçı.

Boşanmadan sonra qadın aliment almaq üçün hər gün qapıya dayanır. Qışqır-bağırdan təzəcə xilas olmuş evin halını özünüz düşünün. Bu gərginlikdə yediyin burnundan gəlməzmi?

Hamının da özünə görə bir həqiqəti var. Qayınata qadının sırtıq olduğunu deyir, kişi hər gün boğaza yığıldıqlarını, böyük oğlu onu görmək istəmədiyini, qadın isə tam əksini. Haqlı tərəf kimdir, bilmirik.

Və son kadra gələk. Qadın maşında ər evinə gəlir. Sözü veririk ananın 9 yaşlı oğluna: “Bir saatdan sonra biz taksiyə minib evə getdik. Yolda anam mənə maşın, bacılarıma isə sac sancağı aldı. Anam maşında qabaqda oturmuşdu. Taksi şoferi nə qədər desə də, o, arxada oturmadı. Evə çatanda babam qapını açdı, anam onu söyməyə başladı, “cındır” dedi. Mən qorxdum evə qaçdım”.

Bir məqamı unutduq: qadın taksidə olanda maqnitofonun səsini axıra qədər açıb. Taksi şoferi etiraz eləsə də, xeyri olmayıb, qadın deyib ki, istədiyimi eləyərəm. Qonşular da qadının nə oyunlardan çıxdığını deyiblər. Bütün ifadələr qadının əleyhinə işləyir. Və indi qadın ölüb.

Məni 9 yaşlı o uşaq düşündürür. Anasının son dəfə ona oyuncaq maşın aldığı uşaq. Əlində təzə oyuncağı günəşli günlərə ümidli uşağın gördüyü dəhşətli bir mənzərə.

Mənə elə gəlir, uşaq anasının yaba ilə vurulduğunu görüb qaçanda o oyuncaq maşın da əlindən düşüb.

Filmin son kadrına baxaq: qadın darvazanın girişində yerə uzanıb, onun qanı oyuncaq maşına doğru yol alır...

# 1031 dəfə oxunub

Müəllifin son yazıları

# # #