Məni əsgərlikdə xoşbəxt edən o qadın

Məni əsgərlikdə xoşbəxt edən o qadın
2 fevral 2017
# 15:00

Əsgərlikdə ilk günlərimiz idi. Səhər “Qalx” komandası olanda hələ bu vərdişə öyrənə bilməyən bizlər nazla yerimizdən durduq. Çavuşlar bunun acığını çıxdılar. İki-üç dəfə geyinib-soyundurdular bizi. İndi geyinib soyundurmasınlar, amma qışın oğlan çağında bədənimiz yaxşıca qızışmışdı.

Sıraya keçəndə pəncərədən hər yerin ağappaq olduğunu gördüm. Elə bil hərbi hissənin üstünə ağ bir ayı uzanmışdı. Sevindim doğrusu. Yaşıldan başqa rəng görməyən bir əsgər üçün bu böyük bir xoşbəxtlik idi.

Tez-tələsik çölə çıxartdılar bizi. Sıra addımları ilə irəlilədik. Qar ayağımızın altında xırçıldayırdı. Hər yer qarla örtülmüşdü. Keçib gedən əsgərlərin ağzından buğ çıxırdı. Bir anlıq müharibədən bəhs edən filmlərdə hiss etdim özümü. Təzə əsgər olanda belə olur. Hər şey sənə maraqlı gəlir.

Yeməkxanaya girəndə fikir verdim ki, içəridə nəsə dəyişiklik var. Masaların üstündə toyuq, peçenye, tort filan gördüm. Hələ mikrofon da vardı lap başda, səsgücləndiricilər də.

Çaşdım. Nə bayramıdır ki? Hamımız içəri girəndə bir-birimizə bu sualları verirdik. Ancaq heç kim nə olduğunu bilmirdi.

Bir azdan elan verdilər: “Gənclər gününüz mübarək”.

Gənclər günü? Belə bir gün var? Əsgərlərin içində ən yaşlısı, komandirimiz demiş, ağıllısı mən idim. Ancaq belə bir bayramdan xəbərsizdim. Hamı da tərs kimi məndən soruşurdu. Əlimi yelləyirdim ki, bilmirəm.

Gənclər günü tədbirində bir xanım müğənni çıxardılar qabağımıza. Qadın o boyda kişinin içində neçə vaxtdır mülki həyatdan uzaq düşmüş əsgərlərin gözünü kəlləsinə çıxardı. Yerimdə oturub əllərim qoynumda onların iştahla qadının əndamına göz gəzdirməsinə baxıb dodaqaltı gülümsünürdüm.

Bir azdan qadın özü də bilmədən bəlkə də həyatının ən böyük səhvini elədi:

- Kim oynamaq istəyir buyursun...

Deməz olaydı. Elə bil ordu düşmən üstünə hücuma keçdi. Dörd tərəfdən müğənnini qamarladılar. Dünyanın ən güclü ordusu belə bizim əsgərlərin yaratdığı bu üzüyü yara bilməzdi.

Yazıq qadının halını görərdiniz. Təsvir etmək imkansız. Amma əllərim qoynumda onlara baxanda qəzəbli zabitlərin baxışından hiss etdim ki, axşam bizim də halımız yaxşı olmayacaq.

Axşam sıraya düzülüb danlamaq saatımız gələnə qədər xoşbəxtlikdən beynimiz dumanlanmışdı. Həm yaxşı yemişdik, doyunca söhbət edə bilmişdik, həm də gözəl bir xanımın ətrafında yaxşıca rəqs etmişdik.

Ancaq gənclər günü münasibəti ilə bizə hazırlanan bu gözəl tədbir axşam burnumuzdan gətirildi. Saatlarla sırada farağat durmaq, “jim” eləmək, çöküb qalxmaq və daha nələr. Axırda zabitlər də yoruldu. Bizə də oturmağı işarə verdilər. Gülümsünüb əsgər dostuma dedim:

- Qoymadılar gəncliyimizi eləyək!

Zabitlərdən birinin səsi gəldi bu an:

- Amma bomba şey idi e...

# 1709 dəfə oxunub

Müəllifin son yazıları

# # #