17 yaşlı nişanlı qızın suçu nə?

17 yaşlı nişanlı qızın suçu nə?
22 avqust 2016
# 13:39

Ayxan Ayvaz

Qadınlar bu dünyanın əzablı tərəfinə düşüblər. Bəzən onları anlamamaqda və geri qalmışlıqda suçlayırıq. Ancaq bir məqamı unuduruq: axı qadın daha həssas və daha duyğusal varlıqdır.

Kişiyə hər şey olar. Kişi xəyanət də edə bilər, kişi başqasını aldada bilər, kiminsə həyatını məhv edə bilər. Qadın isə... Burda stop! Qadın gərək ömrü boyu kölə kimi boynubükük yaşasın. Onun incə boynuna qadağalar boyunbağısı asıb atmalısan həyatın içinə. Və bütün bu ağırlıqla bərabər həmişə günahkar tərəf qadın olsun. Deyirəm, nə gözəl həyatdı e... Kef-damaq kişinin, əzab da qadının.

Tez-tez bu cür xəbərlərlə rastlaşırıq: qız zorlandı, təcavüzə uğradı, döyüldü, aldadıldı, xəyanət edildi və s.

Ötən gün də Cəlilabad rayonun Boyxanlı kəndində evli kişi tərəfindən qaçırılan 17 yaşlı nişanlı qızın xəbəri gəlib çatdı.

17 yaş e... Bu söhbət mənə xalam qızının qaçırılmasını xatırlatdı. Yalan olmasın, kəndin ən gözəl qızı idi və hər gün qapılarını elçi kəsdirirdi. Ancaq qızın lap uşaqlıqdan sevdiyi bir oğlan var idi və onunla evlənəcəyinə bərk-bərk inanırdı. Elə inanırdı ki, heç nə onun inamını sarsıda bilməzdi. Bir gün nə bilərdi, gecənin bir yarısı qonşu kənddən onu gözaltılayan oğlan iki dostu ilə bir yerdə evlərinə girəcək, qızın anasını zopayla vurub yerə yıxacaq, itləri zəncirdə çarəsizcə zingildəyəcək, qız tanımadığı, bilmədiyi bir oğlanın maşınında huşunu itirmiş halda pəncərədən tez-tez dəyişən mənzərələrə baxacaq... Onda xalam qızı da elə bu qız yaşda olardı.

İndi qızın atası narahat olduqlarını, balasının geri gətirilməyini istəyir. Bunlar aydındı, ata-ana, əlbəttə, qızından ötrü narahatlıq keçirəcək.

Ancaq məni bir məsələ düşündürür. O qızın sonrakı taleyi. 17 yaş nə deməkdi? Hələ heç nə görməmiş, heç nə yaşamamış. Bu qız üstəlik bu yaşda nişanlıdır.

İl olub 2016, XXI əsrdə yaşayırıq. Hələ də qadınlar ailə basqısı, cəmiyyət basqısı görürlər. Sanki hər kəs onlara yaşamamağı tələb edir. Sən robot ol və biz idarə edək. Görəsən, o qız bu yaşda, ömrünün bahar çağında nişanlamaq istəyərdimi? Hələ bu yaşda taleyinə qaçırılmaq da yazılıbmış...

Biz həmişə ətrafa görə yaşamağı öyrədirik. Qonum-qonşu nə deyər? Birdən görən olar? Həmişə qorxu altında. Bir qızı dörd divarın arxasına atırsan və ona heç bir yaşamaq şansı vermirsən. Sonra isə həyat amansız şilləsi ilə bədbəxt qızı vurub yıxır. Bunun günahı kimdədir? Qızda, yoxsa onu qaçıran oğlanda? Məncə, baxış bucağımızı dəyişməliyik. Kitabdan, təhsildən kənar düşmüş bir cəmiyyət deyirik, tənqid edirik, qızları balaca vaxtında ər evinə deyil, təhsil olacağına göndərək deyirik, ancaq bu sadəcə söz olaraq qalır. İndi bunun günahını kim çəkəcək? Bu nə deməkdir? Orta yaşa çatmış bir adam gedib nişanlı bir qız qaçırdır, özü də 17 yaşında. Əlini-qolunu sallaya-sallaya bunu edir. Niyə? Çünki o kişidir, ona olar, o hər şeyə qadirdir. Onun boynunda qadağalar yoxdu.

Nazim Hikmet demiş, əsas məsələ budur: “Bilərək, ya da biməyərək, həbsxananı öz içində daşımaq”.

Biz bütün qadınları böyük bir həbsxanada yaşatmaqdan onların içində dəmir barmaqlıqlar yaratmışıq. Və öz cinayətimizə haqq da qazandırırıq: “Qadına azadlıq vermək olmaz. Çünki başını itirə bilər”.

Budur, həbsxanada saxlatdığınız qadınların aqibəti...

# 3498 dəfə oxunub

Müəllifin son yazıları

# # #