Deputatların maaşının artırılmasından sizə nə?

Deputatların maaşının artırılmasından sizə nə?
21 iyun 2022
# 17:00

Kulis.az Ayxan Ayvazın “Deputat nağılı” yazısını təqdim edir.

Deputatlardan biri toyda oturub toqqanın altını bərkidirmiş. Yan-yörəsindəkilər onun əhvalını diri tutmaq üçün dəridən-qabıqdan çıxır, tez-tez məzəli əhvalatlar danışmaqdan ötrü növbəyə düzülürlərmiş. Deputatın kefi buludlarda ikən orta yaşlı kişi yavaş-yavaş onun masasına yaxınlaşıb, ədəb-ərkanla salam verib. Gələn adama deputat gözucu baxıb, qarşısındakı ləpələrdən bir ovuc xışmalayıb ağzına atıb. Orta yaşlı kişi sakitcə ayaqüstü gözləyir və deputatın hər hərəkətini izləyirmiş. Bu cansıxıcı mənzərədən təngə gələn deputat acıqlı-acıqlı ona çımxırıb:

– Nədir? Nə istəyirsən?

Kişi ehmalca deputata yaxınlaşıb. Deputat başa düşüb ki, gələn adam dərdini hamının içində açıb-ağartmaq istəmir. Ona görə də qulağının qırmızı işığını yandırıb kişinin deyəcəklərinə fokuslanıb.

– A kişi, görmürsən toydayıq? Ayrı vaxt gələrsən. – kişi dərdini danışandan sonra deputat onu qulağının ətrafından uzaqlaşdırıb.

Kişi mızıldana-mızıldana:

– Nə vaxt, müəllim? Axı sizi tapmaq çətin olur. Toyda gördüm, dedim, elə məsələni isti-isti həll edim.

– Açıl başımdan! – deputat əlini yelləyə-yelləyə onu milçək tək özündən qovmaq istəyib.

– Müəllim, xahiş edirəm...

– A kişi, sən nə qanmaz adamsan. Yeri get də...

Kişi bir addım irəli, iki addım geri gedib, nəsə götür-qoy edib, başını qaşıyıb və birdən bayaqkı səs tonundan tamamilə seçilən əsəbiliklə deyib:

– Sizi mən seçmişəm, müəllim!

Deputat tövrünü pozmadan qabağındakı ləpələrdən bir ovuc xışmalayıb ağzına ata-ata deyib:

– Yalançının zatına lənət...

Bu modern pritçada çox mətləblərdən agah olmaq mümkündür. Mən bu pritçanı eşidəndə bığ yeri təzəcə tərləyən yeniyetmə bir oğlan idim. İçimdə ümid və sevgi işıqları vardı. İnanırdım ki, hər şey gözəl olacaq, kitablarım əl-əl satılacaq, məşhurlaşacam və s. Üstündən xeyli zaman ötdü, reallıqla toqquşdum və hər şey mənə aydın oldu. Aydın oldu ki, mən heç vaxt özümə bir gün ağlaya bilməyəcəm, kitablarım satılmayacaq, məşhurlaşa bilməyəcəm. Bu pritça mənə çox həqiqətləri başa saldı. Mən bu pritçada deputata yaxınlaşan həmin o əfəl kişiyə oxşayırdım. Zaman keçdi və ayıldım. Anladım ki, heç nə göründüyü kimi deyilmiş.

O günləri deputatların maaşlarının qalxması xəbərini gördüm. Məndə heç bir təəccüb, əsəb, etiraz doğurmadı. Sadəcə baxıb gülümsündüm. Kommentləri oxuyanda da gördüm ki, əziz xalqımız da mənim kimi gülümsəməkdən savayı heç nə eləmir. Hamımız əfəl olmaqdan çıxıb müdrikləşmişik. Müdrik adamlar da artıq bu cür xırda söhbətləri veclərinə almırlar. Deputatların maaşı qalxıb, qalxıb da. Guya deputatların maaşı qalxmasa, hər şey yaxşı olacaq? Guya deputatlar işə metro ilə gedib-gəlsələr, biz yağa, bala batacağıq? Əlbəttə ki, bu sözlərimi oxuyan kəs ibrət dərsi götürməlidir. Çünki yazdıqlarım yalnız və yalnız seçilmişlər üçündür. Əfəl biri üçün isə yazdıqlarımın heç bir mənası yoxdur. O, eləcə boş-boş baxacaq.

Yadıma düşür, səhv etmirəmsə, ötən yay idi, ya ondan da əvvəlki yay. Deputatlar yenə maaşlarının artırılmasını tələb etmişdilər. Yay, qarşıdan gələn məzuniyyət. Ailə, coluq-cocuq var. Onları harasa aparmaq, gəzdirmək. Özü də ilin-günün bu vaxtı. Əməlli-başlı pul eləyir. Elə mən özüm bayaq fikirləşirdim ki, məzuniyyət gəlir, arvad-uşağı yığıb hara aparım, harda dincəlim. Hər yer bahalıqdan od tutub yanır. Yəni deputatlarımızın məhz yay ayında maaşlarını tələb etmələri çox dəqiq və yerində edilmiş bir tələbdir. Tutaq ki, qışda bu tələbi etsələr, onda etiraz etməyə bir əsasımız olar. Yayda maaşın qaldırılmasını tələb edərlər də. Burda qəribə nə var ki? Mən də bu yazını yaza-yaza indidən ayaq yeri qoyub maaşımın heç olmasa bu yay üçün artırılmasını tələb etsəm, indi durub mənə də etiraz edəcəksiniz?

Axır vaxtlar mənə hər şey o qədər aydındır ki, durub nəsə yazmağa da ərinirəm. Baxın, tutalım, deputatların maaşlarının artırılmasına sərt etirazımı bildirdim. Yazdım ki, siz necə adamlarsınız, o boyda maaş sizə bəs deyil. Utanıb-sıxılmırsınız? Adam var ki, aya 200 manatla ailə dolandırır. Siz 2000 manatdan da yuxarı maaşla dolana bilmirsiniz? Mütləq hər gün kabab süfrəsində oturub toqqanın altını bərkitməlisiniz? Qazilərin haqları ödənmir, AZAL qiymətləri azaltmır, iqtisadi vəziyyət ağlamalı vəziyyətdədir. Belə bir məqamda sizin maaşınızı niyə artırmalıdırlar? Əksinə, siz maaşlarınızın azalmasını tələb etməlisiniz. Çünki siz xalqın seçdiyi... Yox, alınmır. Belə yazmaq olmur. Yazanda gərək doğrunu yazasan. Bu biri tərəfi də yazanda, o biri tərəf səndən razı olmur. Yəni hər iki tərəf də, əslində, məsələnin mahiyyətini bilir. Guya mən bu yazını yazmasam, heç kim deputatların maaşlarının artırılmasını pisləməyəcəkdi? Pisləyəcəkdi. Ancaq kimdir o şəxsin pisləməyini vecinə alan? Elə bir yerdə yaşayırıq ki, alan razı, verən razı. Nəsə artıq bir şey deyəndə, sən pis olursan. Adını da demaqoq qoyurlar. İctimai qınaq deyilən zad ancaq və ancaq yetim-yesirə işləyir. İctimai qınaq deputatların maaşlarının artırılmasına heç cür təsir eləyə bilmir. Deputatlar da bu vəziyyətdən agahdırlar, ona görə də hər ilin yay fəslində keflərinə düşür ki, maaşların artırılmasını tələb eləsinlər. Deputat xalqın seçdiyi olsaydı, xalqın dərdinə yanardı, xalqın problemlərinin həlli üçün çalışardı. Deputatın özü də bilir ki, elə deyil, onu Əli, Vəli, Pirvəli seçməyib. Ona görə də Əlinin, Vəlinin, Pirvəlinin dərdi ona lazım deyil. Ona lazım olan özü və ətrafıdır. Ona görə də özü və ətrafı üçün bol-bol tələblərlə çıxış etməkdədir. Məsələn, kirayə pulu, maşınına yaxşı sürücü, dadlı yeməklər bişirən aşpaz, yaxşı fotolar çəkən fotoqraf istəyir. İstəyir və o istəyi də o andaca yerinə yetir.

Gəlin, köşənin bu yerində dincəlmək üçün gözəl bir şeir oxuyaq, sonra sizə qəşəng bir pritça deyim, dağılaşaq.

Ay mənim həyatım,

Ay mənim ürəyim,

Ay mənim sevgilim,

Ay həm də Yerin peykidir.

Hər gecə yuxumda səni görərdim

Mənim olmağınçün nələr verərədim

Çünki həyatımın sənsən mənası

Mən səni sevirəm KƏLƏM dolması.

Mən səni çox sevirəm.

Heç bilmirəm nədəndir.

Sən mənə eşşək dedin.

Eşşək sənin dədəndi.

Bir gün orta stastik bir azərbaycanlı yolda pulqabı tapır. Pulqabını açıb baxır, görür orda kalan pul var. Həm sevinir, həm də ürəyinə qorxu dolur. Pulqabını aparır evə. Arvadı ilə gənəşir, deyir, səncə, bunu aparım yiyəsinə verim, ya yox. Arvadı da deyir, külü qoyum təpənə, yeməyə bir şey tapmırıq, acından günorta dururuq, hələ aparıb verməyi də düşünürsən. Bu bizə Allahın göndərdiyi paydır.

Pulqabını tapanın uşaqları da dörd tərəfdən onu əhatəyə alıb ağlaşmağa başlayırlar ki, ay dədə, qurban olum, mənə Ayfon al, mənə planşet al. Kişi qalır girinc-giriftar, bilmir, nə etsin. Bu dəm pulqabını əlindən dartmağa çalışan arvadının gözündə get-gedə böyüyən bicliyi görüb qorxuya düşür. Arvad pulqabını dartanda qəfil kişinin əli boşalır və döşəməyə bir kart düşür. Kişi baxır ki, bu rayonun deputatıdır. Qorxudan dişi bağırsağını gəmirir. Arvada çəmkirir ki, aralı durun, aparıb kişinin pulqabısını qaytarım.

Rayonun ən gözəgəlimli imarətinin qarşısında duran kişi qapının zəngini basıb gözləyir. Zəngdən səs gəlir:

– Kimsən?

– Müəllimin pulqabısını tapmışam. İstəyirdim, onu verəm.

Qapı açılır. Onu bir iri cüssəli adamın müşayiəti ilə deputatın olduğu otağa aparırlar. Deputat ayağını ayağının üstünə aşırıb qəlyan çəkir. Tüstü içərini elə hala salıb ki, göz gözü görmür.

– Otur. – handan-hana deputatın səsi gəlir.

– Müəllim, pulqabınız...

Kişi pulqabını utana-sıxıla masanın üstünə qoyur. Deputat heç o səmtə də baxmır, qəlyanını söndürüb əlini yelləyə-yelləyə otaqdakı tüstünü qovur. Araya sükut çökəndə zəndlə, diqqətlə qarşısındakına baxır və gülə-gülə soruşur:

– Sən nə işlə məşğulsan?

– Müəllim, toyuq satıram.

Deputat gülümsünür:

– Sən elə ömür boyu toyuq satacaqsan.

Bu pritça böyük mətləbləri bizə agah edir. Ümid edirəm ki, söhbəti duyanlar bu pritçanı lazımi şəkildə əxz edib həyatlarında tətbiq edərlər. Gələn köşələrdə görüşənədək...

# 3030 dəfə oxunub

Müəllifin son yazıları

# # #