Tanrı olmaq istəyən avtobus sürücüsü

Tanrı olmaq istəyən avtobus sürücüsü
5 mart 2020
# 10:58

Dostum, qardaşım yəhudi Etqar Keretin “Yeddi bəhrəli il” kitabını oxuyub heyrət etdim. Bu qədər sadə və bu qədər möhtəşəm yazmaq mümkündürmü? Deməli, mümkündür.

Yəqin ki, bəziləriniz ilk cümlədəki “dostum, qardaşım” müraciətlərinə gülümsəyirsiniz. İzah edim. Yaşayan və mənimlə eyni düşüncələri paylaşan, kreativ, qeyri-adi hekayələr yazmağın daha vacib olduğunu bilən, modern qafa ilə məsələlərə münasibət bildirən biri mənim dostum və qardaşımdır. Eləcə də Keret. Ümumiyyətlə, hər zaman üçün tutarlı olan bu fikri paylaşmaq yerinə düşər: “Bütün yazıçılar qardaşdır”.

Keretdən oxuduğum ilk kitab deyildi bu. Bu yazıçının əvvəlcə bir hekayəsini oxumuş, beləcə onu sevməyə başlamışdım. Hekayənin adı “Dünyalar qədər” adlanır. Bəzən yadıma düşdükcə, təkrar-təkrar oxuyuram. Deməli, boşanmış bir ata ad günündə oğluna hədiyyə almaq istəyir. Mağazaya girirlər, oğlan atasına kassa aparatını göstərir və deyir ki, mənə bunu al. Ata da kassanı almaq üçün dəridən-qabıqdan çıxır.

O qədər gözəl, içdən və eyni zamanda kapitalist dünyanın bütün qarmaqarışıqlığını ifadə edən hekayədir ki... Hekayənin son cümləsi isə sanki bu çirklənmiş, dəyişmiş dünyaya bir şillədir:

“Bu iylənmiş dünyada uşaq gülüşünün səsindən gözəl heç nə yoxdur”.

Onun təkcə hekayələri deyil, özünü heç də yuxarıdan aparmayan, səmimi içdən dediyi fikirlər də diqqətimi çəkmişdi.

Onlardan biri:

“Yazmaq – o dövrdə də, elə indi də – məndən ötrü bir növ terapiyadır, əslində. Duyğularından tam baş aça bilən adam saymaq olmaz məni, amma yazdıqlarıma baxanda sanki güzgü qarşısında dayanmış kimi oluram. Əks olunan görüntüdə – əvvəllər fərqinə varmadığım – yeni cizgilər kəşf edirəm hər dəfə”.

Qəribədir ki, bir çox yazıçıların əcdadı hesab etdiyi Kafka Keretdən də yan ötməyib. “Sevdiyiniz yazıçı hansıdır?” sualına yəhudi dostum belə cavab verir:

“Sevdiyim yazıçılar çoxdur, ancaq ən çox Kafkadan təsirləndiyimi və onun əsərləri sayəsində özümdə yazmaq istəyi duyduğumu deyə bilərəm”.

“Hekayələr hədiyyə kimidir hardasa: gələndə özü gəlir, məcburiyyət sevmir. Səbrlə gözləmək lazımdır”. – deyir Keret.

Keret bu cür qəribə yazıçıdır.

“Dünyalar qədər” hekayə onu mənə tanıtdı və sizə deyim ki, onun dediyi sözlərin təsdiqini tapdım. Doğrudan da onun hekayələrini oxuyanda məcburiyyət hiss etmirsən. Hətta bəzən mənə elə gəlib ki, Keret hekayələrini iki daşın arasında yazır. Heç çətinlik çəkmədən və gücənmədən. Bəlkə də yazıçılığın ən vacib şərtlərindən biri budur.

“Həyatımdakı ən böyük dəyişiklik indi bir övlad atası olmağımdır. Ata olmazdan əvvəl, adətən, övlad prizmasından yazırdım hekayələrimi. İndi valideyn prizmasından yazıram”.

Onun hekayələrindəki ata-oğul münasibətləri həm çox əyləncəli, həm çox qeyri-adi, həm də çox kədərli və gözəldir.

Dünyada hazırda ən çox satılan və diqqət çəkən yazıçılardandı. Təbii ki, jurnalistlər də belə məqamlarda Keretin yaxasından dördəlli yapışır, vaxtaşırı ondan müsahibə alırlar. Bir müsahibəsində kitablarının satışından danışanda dediyi bu məqam mənə çox maraqlı gəlmişdi:

“Tanrı olmaq istəyən avtobus sürücüsü” adlı kitabım Fələstin Muxtariyyətində ərəbcə nəşr edilib. Oradakı naşirim demişdi ki, kitablarının satışı yaxşıdır, hər gün sifariş verirlər, amma bilmirəm, bu sifarişlər sənin heyranlarındanmı gəlir, yoxsa “Həmas” fəalları yandırmaq üçün alırlar”.

Hekayələrlə yanaşı, ssenarilər də yazan, üstəlik rejissorluq da edən Keret yazmaqla çəkməyi bu cür fərqləndirir:

“Film çəkmək, ilk növbədə, kollektiv işdir, bu işin özünəməxsus üstünlükləri də var, zəif cəhətləri də. Yazmağın əsasında isə yalqızlaşma dayanır. Kino üçün çalışanda başqalarıyla bərabər yaradıcı bir prosesə qoşuluram. Bununla da yazı prosesindəki gecəli-gündüzlü yalqızlığı üstümdən atmış oluram. Amma ikisindən birini seçməli olsaydım, yazmağı seçərdim”.

Keret niyə mənə maraqlı gəldi? Onda kapitalist dünyanın laqeyd adamının qəhqəhəsini eşidirdim. Bütün hekayələrində bu gülüş səslərini, bu laqeyd tonu hiss edirdim və başa düşürdüm ki, modern hekayə məhz belə yazılmalıdır. Keret kimi bəzəksiz-düzəksiz, laqeyd, soyuq...

Dünyanın hazırda ən çox oxunan və tanınan müəllifi haqda yazmağın çətin olduğunu yəqin ki, bilirsiniz. Mən də bu xatırlatmanı edib bir az özümü qabaqcadan sığortalıyım. Keret haqda yüzlərlə məqalə var, yüzlərlə fikir səsləndirilib. Ancaq Salman Rüşdinin Keret haqda dedikləri möhürdür. Təsəvvür elə ki, dünyanın ən azman yazıçısı sənin haqda bunları söyləyir: “Parlaq bir yazıçı... Tanıdığım yazarların heç birinə bənzəmir. Yeni nəslin səsi”.

Salman Rüşdi qısaca Kereti izah edib. Vəssalam. Yeni nəslin səsi. Heç kimə bənzəmir. Keret həqiqətən də bu ştrixləri ilə digərlərindən seçilir. Onun hadisəyə baxışı çox qəribə və gözlənilməzdir. Hekayələrini oxuyanda hər abzasda gözlənilməzliklə qarşılacağımı düşünürdüm. Bəzən elə adi bir detalı elə qəribə tərzdə təsvir edir ki, heyrətdən donub qalırsan.

“Yeddi bəhrəli il”i oxuyanda da eyni hisləri yaşadım. Keret bu kitabı memuar adlandırıb. Mənsə onu bir roman kimi oxudum. Görünür, yəhudi dostum yazdığı əsəri roman adlandırmaqdan çəkinib.

Oğlunun dünyaya gəlməsi ilə İsraildəki terror hücumlarını, partlayışları, müharibəni, Holokostu, yəhudi qırğınını, atasını, anasını, bacısını - öz həyatını balaca bir kitaba sığdırmaq... Keret bunu bacarmışdı. Kitabı anasına ithaf edib. Çox təsirli yerləri var, xüsusi ilə atası və bacısı, Polşadakı evləri haqda yazdığı hissələr məni ağlatdı.

Bu kitabdan danışmaq çətindi, elə Keretdən danışmaq kimi. Ancaq mənə elə gəlir, o, bu dəyişmiş, hisləri bərkimiş kapitalist dünyaya heç vaxt ölməyəcək bir uşaq gözü ilə baxır.

# 3397 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #