Qələbədən yazmaq çox çətindir

Qələbədən yazmaq çox çətindir
3 avqust 2021
# 11:01

Azərbaycan itirilmiş torpaqlarını geri qaytarandan sonra artıq bölgədə və dünyada öz qalib siması ilə inkişafa doğru daha ciddi addımlar atmalıdır.

Bu mənada həm də bizim mədəniyyət sahəsinin, kinonun, ədəbiyyatın, rəssamlığın, musiqinin mövzuları dəyişəcək. Nə qədər sənət məğlubiyyətdən doğur desələr də, sənət həm də qalibiyyəti ifadə etməyi bacarmalıdır.

Biz illərdir məğlub psixologiyada, travmalarla, qaçqınlıq, yoxsulluq sorunları ilə ömrümüzü qabağımıza qatıb yavaş-yavaş yaşamağa çalışmışıq. İndi isə insanımızın psixologiyası qum saatı kimi baş-ayaq qoyulacaq; bu dəfə şüşənin içinə tökülən qum mirvari kimi parıldayacaq.

Qarabağdan yazılan əsərlərin ab-havası da dəyişəcək. Əvvəl məğlub bir qəhrəman vardısa, indi o qəhrəman qalib kimi təsvir olunacaq. Göz yaşları, ağrı, kədər də olacaq yəqin ki. Ancaq bu kədərin yönü dəyişəcək. Bu kədər daha ecazkar görünəcək. Sentimentallıq ilim-ilim itəcək, yerinə təbəssüm gələcək.

Artıq sonu yaxşılıqla bitən kitablar yazılacaq.

Düzü, bu sadaladıqlarım məsələnin görünən tərəfidir. Əslində, bugünə qədər konyunktura ilə yazılan Qarabağ əsərlərini çıxmaqla əsl sənət qoxusu gələn o qədər gözəl və hələ də aktuallığını qoruyan əsərlər var ki.

Torpaqlar geri qayıdacaq, hər kəs öz uşaqlıq yerlərinə dönəcək. Ancaq o ağrılar həmişə içimizdə əbədi oturacaq. Sənət o ağrını silahın içindəki güllə kimi diri saxlayacaq. Ona görə də əvvəl yazılan və əsl sənət nümunəsi olan Qarabağ əsərləri öz gücünü itirməyəcək. O əsərlər bizim üçün həm də yaddaş olacaq. Hər dəfə o əsərlərə qayıdacaq və acılarımızı xatırlayacaq, qələbəmizin sevinci ilə o ağrıları dəf edəcəyik.

Sənətkarlar yaxşı bilir, kədərdən, ağrıdan yazmaq üçün material olur, qələbənin materialını isə bir yerə yığmaq, ondan sənətkarcasına bir əsər ortaya çıxartmaq çox çətindir.

Tutaq ki, "Səfillər"in qələbə səhifələrini xatırlayın.

Bəlkə də bizim ədəbiyyatımız yeni bir dövrə qədəm qoyacaq. Məncə, qalib və güclü ölkələrin ədəbiyyatı daha böyük miqyaslı və möhtəşəm olur.

Biz o qələbənin doğurduğu müdhiş hisləri həm ədəbiyyata, həm kinoya gətirəcək və çox maraqlı bir mərhələyə keçid edəcəyik.

İnanıram ki, o sevinc səsləri elə də uzaqda deyil.

Daha yazdıqlarımızda da, çəkdiklərimizdə də ağrının yox, sevincin ifadəsi olacaq.

Gerçək sənət də bu deyilmi?

Ağrılardan çıxmış xoşbəxtliyin bədii həllini verə bilmək.

# 2384 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #