Maradonanın ən böyük peşmanlığı

Maradonanın ən böyük peşmanlığı
26 noyabr 2020
# 10:00

Kulis.az Ayxan Ayvazın "Maradonya ağlamaq" essesini təqdim edir.

Ben hala Maradonayla beraber ağlarım sevgilim
Ağlayan Maradonanın ne demek olduğunu
Bütün kenar mahalle çocukları iyi bilir

Ali Lidar

Maradona öldü.

Bizim uşaqlığımızın nadinc futbolçusu...

Maradona haqqında Əmir Kusturitsanın çəkdiyi sənədli filmə bir də baxdım, yenə təsirindən çıxa bilmədim.

Və bir daha Maradona gözümdə Tanrı dərgahına qalxdı.

Maradona öldü.

Bədənində Fidel Kastro və Çe Gevaranın döyməsini daşıyan Maradona.

Təkcə bədəninə deyil, ürəyinə də bu iki adı yazdırmışdı...

Futbolçu olmasaydı, onlar kimi inqilabçı olardı, yəqin.

Amma məncə, Maradona da inqilabçıydı.

Futbolun inqilabçısı...

Mənə görə, futbol sənətdir, idman deyil. Maradonanın timsalında bu sənətin böyüklüyünü görmək mümkündür. Bəzən, onun atdığı qollara baxanda elə bilirəm, Markesin əsərlərini oxuyuram.

O, oynadığı futbolun rejissoru, yazıçısıydı.

Meydana aslan kimi çıxırdı, ildırım sürətilə qaçırdı.

Top elə bil Maradonanın bədəninin bir hissəsi idi.

“Tanrının əli”ni futboldan narkotik ayırdı.

Tək futboldanmı?

Yox.

Həm də həyatından.

Yadınızdadır, o möhtəşəm oyun? İngiltərəyə atdığı qolu deyirəm. Demişdi, o əl mənim deyil, Tanrının əlidir.

Uzun müddət bu qol müzakirələrə səbəb oldu. Maradona isə deyirdi ki, o qoldan cəmi dörd dəqiqə sonra 6-7 oyunçunu keçib təkrar qol vurdum. Həmin qol yüz ilin ən yaxşı qolu seçilib.

“Napoli” kimi kasıb, zəif klubu tək başına zirvələrə apardı.

Argentina millisinə qələbələr bəxş etdi.

O torpaqlara zəfər gətirdi.

Onun ölkəsinin adamları qələbəyə ac idi.

Amerika çirkli əllərini bulaşdırmışdı o torpaqlara.

Maradona əzilən adamların yanında oldu.

Kubanı sevdi. Fidel Kastroyla görüşəndən sonra dedi ki, o kişiyə aşiq oldum: “Siyasətçilər seçkidə pulun, Kastro isə silahın hesabına qalib gəlib. Çünki onun xayaları var! Kubanı sevirəm!”

Fidel Kastronun, Çe Gevaranın ideyasını futbol meydançasında gerçəkləşdirdi.

Meydanda inqilab elədi.

FİFA da onunla baş-başa gəldi, FİFA prezidenti Yozef Blatter də...

Amma bunlar Maradonanın vecinə deyildi.

Futbola bulaşmış çirki təmizləməklə məşğul idi.

Və bir gün ədalətsizliyə dözə bilmədi.

Çıxdığı ən böyük zirvədən ən aşağı yerə düşdü.

İçki, qadın, narkotik...

İkiyə bölünmüş kimi oldu.

Qızlarının böyüdüyünü görə bilmədi.

Həyatının ən gözəl duyğularını yaşamaq ona qismət olmadı.

Kusturitsanın filmində Maradona öz həyatı haqqında mahnı oxuyur. Gözləri dolur, qızlarını qucaqlayır. Kadrda onun cavan vaxtları görünür. Xoşbəxtdir. Qızları olub. Ən böyük futbolçudur.

“Narkotik maddələr qəbul etdiyim üçün qızlarımın necə böyüdüyünü görə bilmədim. Bunu özümə heç vaxt bağışlamayacam”. – necə dəhşətli etirafdır.

Hər şeyi bilirdim deyir Maradona. Böyük futbolçu olacağımı, dünya çempionatını qazanacağımı...

Amma narkotikin həyatıma girdiyini anlamırdım.

Qızımı qucaqlayanda onları hiss etmirdim deyir.

“Qızım məndən soruşdu ki, ata, niyə əvvəlki kimi oynamırsan. Həmin an ayaqlarımı bədənimdən ayrılmış kimi hiss etdim”

Çirkabları görməmək üçün sığındığı “bəyaz qadın” onu ən möhtəşəm duyğulardan kənar tutdu.

Tanrı əlini üstündən çəkdi.

Mən Maradonanın bu halını görəndə öz-özümə dedim ki, kaş onda onun yanında olaydım, narkotikləri əlindən alıb özüm qəbul edəydim, qoymayaydım futbolu tərk etsin, qızlarını qucaqlamaq hissinin nə demək olduğunu anlasın.

Göz yaşlarını tuta bilmir Maradona.

Özü haqqında mahnıya qulaq asarkən.

Əgər Maradona olsaydım, həmişə onun kimi yaşayardım deyir mahnıda.

FİFA-ya oğru olduqlarını demək, Blatterə əl uzatmamaq, Amerikaya meydan oxumaq, Buşa nifrət etmək...

Maradona bu həyatı aktyor kimi oynamadım deyir. Yaşadım deyir bu həyatı. Və o, bu həyata meydanlar üçün yaradılmışdı. Onu meydanlardan aldılar.

İndi düşünürəm ki, bütün böyük adamlar ədalətsizliklə mübarizə aparıblar.

Haqsızlığın qarşısında dimdik durublar.

Onlar üçün şöhrət də, pul da önəmli olmayıb.

Böyük olmaq buna görə çətindir.

Maradona, Tanrının əli göylərə uzandı...

# 3787 dəfə oxunub

Müəllifin son yazıları

# # #