Koronavirusa qarşı qələbə vaksini

Koronavirusa qarşı qələbə vaksini
4 dekabr 2020
# 13:01

Artıq koronaya ilə tanışlığımızın bir ili tamam oldu. Bu bir il ərzində nə qədər yoluxma, ölüm halları olsa da "Əşşi, koronav nədir", "Bu Əmriqanın oynudur", "Heç mənim tanıdığım adam korona olmayıb" deyən həmvətənlilərimiz də həmişəki kimi var və hələ də olmaqda davam edir.

Əvvəl-əvvəl yumorla qarşıladığımız, varlığına şübhə etdiyimiz virus artıq evimizin kandarında durub gözlərini qıyaraq bizə baxmaqda. İndi hamının tanışı, dostu, qohumu, ailəsinin bir fərdi bu virusa yoluxur. Mən ilk dəfədir ki, nə qədər tanışımın bu virusa yoluxduğunun şahidi oldum. Kiminləsə virtual hal-əhval tutanda bir də gördün deyir: "Qaqa, koronayam..." Əvvəl bu sözləri zarafata salmaq olurdu, hətta bu cümləni eşitmək də nadir idi. İndi isə koronaya yoluxan tanışının olması sənə adi gəlir. Hər dəfə bir tanışımın, dostumum virusa yoluxduğunu eşidəndə ürəyimdən qara qanlar axır, açığı, qorxuram.

Düzü, buna baxmayaraq, hələ də nikbinliyimi qoruyuram. Mənə elə gəlir, Vəba kimi dəhşətli xəstəlikdən canını qurtarmış dünya bir gün bunun da öhdəsindən gələcək. Amma yenə də narahatlığım var: koronavirus pusqudakı vəhşi heyvan kimi hər an üstümüzə atılmağa hazır durub. Qarışıq hislər içindəyik: tərəddüd, narahatlıq, qorxu, inam, müharibədən sonrakı nikbinlik. Bəlkə elə bizi hələ də ayaqda saxlayan qələbə ab-havasıdır. 30 ilə yaxın bir müddətdə Qarabağ həsrəti ilə yaşayırdıq, indi bu məsələ gözümüzün qabağında həll olmaqdadır. Bu sevincin ortasında Çindən gələn mənfur korona üzlü qonaq tək əsəblərimizlə oynasa da, içimizdə qəribə bir inam var. Biz ona da qalib gələcəyik.

Hələ də yumoru diri olanlar var. Xüsusən Operativ Qərargahın sonuncu brifinqindən sonra insanlarımızda bunu müşahidə etdim. O boyda brifinqdə "qorunmaq lazımdır"dan o yana keçməyən məsləhətlər təbii ki, insanın dodağına gülüş qondurur.

Hətta bu yaxınlarda bir qohumum məni evinə çağırdı. Vatsapda asqıra-asqıra danışmağından hiss elədim ki, koronaya tutulub, amma boynuna almır. Dedim, get bir özünü yoxlat, sonra gələrəm. Qayıdıb nə desə yaxşıdır? "Sən indi qohumundan qorxursan? Ayıb deyil? Bəlkə yanıma da maska taxıb gələsən?"

Təəssüf ki, belə adamlar da var. Yumor öz yerində - bu lazımdır, adamı diri tutur. Amma şitlik, yersiz zarafat virusu heç yana aparan deyil. Qohumumun nəzərində guya maska taxıb onun yanına getmək ayıbdır, el görüb nə deyər? Halbuki koronanın iti caynaqları çıxıb, hər an bizi cırmaqlamaq üçün sinov gedir. Artıq o əvvəlki sakit, üzüyola virus deyil. Hər an, hər yerdə sənin bədəninə sahib olmaq istəyir.

Mən hesab edirəm ki, korona artıq bizim nəinki həyatımızın, ailəmizin bir parçasına çevrilib. Korona hər yerdə var, küçədə avara-avara gəzən itlər, pişiklər kimi. O da artıq dünya sakinidir. Düzdü, əslən Çinlidir, amma sonra özünü kosmopolit elan elədi və hara getdisə, oranı özünə Vətən seçdi. Sırtıqlığına salıb tək Vətən torpaqlarına - küçələrə, parklara, mağazalara, qapalı məkanlara deyil, evlərə də girdi. Özü də necə girdi - ən yaxınımızın belə yaxasından tutdu.

Tolstoyun "İvan İliçin ölümü" əsərində deyir ki, bəla öz qapını döymədikcə, ona inanmırsan. Bir gün gələcək o bəla sənin qapını da döyəcək, onda iş-işdən keçəcək. Qabaqlar koronaya inanmayan adamların çoxusunun təşvişə düşdüyünü müşahidə edirəm. Hətta rayonda camaatın açıq havada maska taxması belə məndə təbəssüm yaratdı. Çox yox, bir ay əvvəl açıq hava nədir, heç qapalı məkanlarda belə maska taxan yox idi. İndi isə qapılar döyülməyə və virus öz üfunət saçan nəfəsi ilə hamının ürəyini bulandırmağa başlayıb. Düzü, bütün bunlarla bərabər, hələ də irişə-irişə gəzən və virusun gücünü xəfifə alanlar da var. Onların da Allah canlarını sağ eləsin.

Fikir vermişəm, adamlar təhlükəni hiss etsələr də, özlərini qorumaq istəmirlər. Ya da buna çox səhlənkar yanaşırlar. 30 qəpiklik adi maskanı hələ korona Çindən təzəcə təşrif buyuranda alıb taxan nə qədər adam tanıyıram. Təbii ki, belə olanda yoluxma sayı da artacaq. Çünki o maskaların qoruma ömrü cəmi 3 saatdır. Tez-tez maskanı dəyişmək, spirtlənmək, əlləri yumaq kimi adi gigiyenik qaydalara əhəmiyyət verməyəndə bir də gözünü açıb görürsən ki, vay dədə vay, korona boynunun arxasına minib, hələ üstəlik ayaqlarını da sallayıb.

Sərtləşdirilmiş karantin, başqa üsullar görünür nə bizə, nə də dünyaya fayda vermədi. Korona sırtıq kimi getmək istəmədi, hələ çox bədənlərdə dolaşacağını açıq-aşkar biruzə verdi. İnsanları qınamaq olmur, işə getməli, pul qazanmalıdırlar. İndi həyat koronayla qaçdı-tutdu oynamağa bənzəyir. Karantin nə qədər uzun çəksə, bu ən çox günəmuzd işləyən adamlar üçün çətin olacaq.

Bəlkə də biz artıq digər xəstəliklər kimi - tutaq ki Xərçəng - koronanın da varlığı ilə barışmalı və onunla yaşamalıyıq. Artıq onun həyatımızda olmasını qəbul etməliyik. Sanki istəmədən evləndiyimiz biri kimi. Zaman keçib, uşaqlar var, boşanmaq da olmur. Təxminən bu cür qəbul etməliyik ki, bu xəstəlik var, yoluxa bilərik... nə qədər çətin olsa da, ölə də bilərik. Reallığı qəbul etmək, qələbənin yarısıdır. O zaman xəstəliklə daha yaxşı mübarizə apara bilərik. Şəhərlərdə, rayonlarda hərarət mərkəzləri yarada, hər maşını, hər insanı ciddi-cəhdlə yoxlasaq, virusun haqqından gələ bilərik. Səhlənkarlıq olmaz! "Aya, onsuz da hamımız öləcəyik, yazan yazıb" kimi bəhanələrdən uzaq durmalı, özümüzdən əvvəl sevdiklərimizi düşünməliyik.

Nə qədər ağır olsa da, hamılıqla bu yad virusu dəf edib öz torpaqlarımızdan birdəfəlik qovmalıyıq.

Məncə, axır-əvvəl bunu bacaracağıq.

# 3281 dəfə oxunub

Müəllifin son yazıları

# # #