Kulis.az Ayxan Ayvazın "Ədəbiyyatımızın son vəziyyəti" adlı yazısını təqdim edir.
Ədəbi proses ölüb, yaxud da dondurulub. Bunun başqa adı yoxdur. Deyəsən, ədəbiyyat bizə yerli-dibli lazım deyil. Artıq yazmaq kənardan gülünc görünməyə başlayıb. Çünki ədəbiyyat adına heç nə yoxdur.
Müsabiqələr, yerli əsərlərin təbliği, qonorar, müstəqil, yaxud yarımüstəqil ədəbi jurnallar... Böyük bir boşluqdur. Hətta iş o yerə gəlib çatıb ki, Həmid Herisçi və Səfər Alışarlı kimi ölkənin ən ciddi iki imzası belə sponsor axtarışına çıxıb. Vəziyyət dözülməz həddədir.
Qonşularımıza baxıram, əsəb keçirirəm. Rusiyada keçirilən müsabiqələrin sayına baxanda başım gicəlləndi. Hər cür müsabiqə var: foto, rəsm, qısa hekayə, hekayə, şeir. Müxtəlif mövzular üzrə yazı müsabiqələri. Hətta məktub formasında yazılar belə.
Bir sözlə, bircə axtarışla yüzə yaxın müsabiqənin keçirildiyini görüb başını divara çırpmağın gəlir. Yaxud Türkiyə. Hər bank, hər bələdiyə azından iki müsabiqə keçirir, hər müsabiqənin də yaxşı mükafat fondu. Baxırsan, ağzın açıq qalır. Deyirsən ki, nə olardı, bu müsabiqələrin heç olmasa üçü bizdə olaydı.
Əsəblə, dişim bağırsağımı yeyə-yeyə saydım, Rusiyada 2021-ci ildə 30-dan çox müsabiqə keçirilir. Türkiyədə də təxminən eyni rəqəmdi. Hələ Gürcüstanı demirəm. Ola bilsin, yazının bu yerində demisiniz ki, biz həmişə özümüzü böyük ölkələrlə müqayisə edirik, əslində bu qüsurlu müqayisədir.
Razıyam.
Yaxşı, bəs Gürcüstana nə deməli?
Pandemiya şəraitində belə onlarla müsabiqəyə imza atdılar. Gürcü yazıçıları xarici dillərə çevrilir, dünyanın aparıcı, nüfuzlu mükafatlarına təqdim olunur. İki yazıçısı Buker mükafatının siyahısına düşdü. Sabah-birisigün Bukeri, yaxud Nobeli alsalar, heç də təəccüblənməyin.
Azərbaycana baxırsan, elə bil ədəbiyyat adlı heç nə yoxdur. Ədəbiyyat adına ancaq Azad Qaradərəlinin çıxan kitablarıdır. Vəssalam. Başqa heç nə baş vermir. Bir müsabiqə keçirirlər, iki ildən bir, onun da heç vaxt 1-ci yer qalibini müəyyənləşdirə bilmirlər. Mir Cəlal mükafatını deyirəm.
Sanki bu ölkədə 1-ci yerə layiq yazıçı yoxdur. Guya bunlar dəhşət obyektivdirlər. İkinci yerə üç nəfəri salırlar, qalan yerlərə də beş-altısını, vəssalam-şüttamam. Bu da oldu müsabiqə!
Nizami ili elan olunub. Bir-iki gözdən pərdə asmaq janrında müsabiqələri çıxmaq şərti ilə normal bir müsabiqə də keçirmirlər. İl artıq bitmək üzrədir, heç kimin yadına düşmür ki, bəlkə bir müsabiqə keçirək, yaxşı deyil, o boyda kişinin adına ayıb olar. Yox! Düşünən yoxdur! Elə bil, belə də olmalıdır.
Hələ müsabiqələr normal ədəbi prosesi olan ölkələr üçün xırda məsələdir. Nəşriyyat işini, kitab şəbəkəsini, yazıçıların qonorarlarını filan demirəm. Onlar, ümumiyyətlə, faciəvi vəziyyətdədir.
Oxucular haqlı olaraq deyə bilər ki, canınız çıxsın, başqa dilləri öyrənin, o dillərdə yazın, göndərin dünyanın aparıcı müsabiqələrinə. Ancaq yoxdu elə bir şey. Dünyada milyon yazıçı var, təkcə öz ölkəsinin aparıcı jurnallarına qəbul olunmaq necə çətin başa gəlir, bilsəniz, dəli olarsınız.
Yəni bu işin özü belə böyük əziyyətdir. Yaxşı, tərcümə eləyin deyəcəksiniz. Onun üçün də pul yoxdur. Tərcüməçilər havayı tərcümə eləmirlər axı. Azərbaycan yazıçısı da əsərlərini tərcümə elətdirmək üçün gərək maaşının yarısından çoxunu ortaya qoya. Bu cür də dolanmaq mümkün deyil.
Bilmirəm, nə vaxta qədər belə davam edəcək. Ölkənin ən ciddi iki yazıçısı sponsor axtarır. Başqa biri - Seymur Baycan kitablarının satılmadığından və ədəbi prosesin öldüyündən yazı yazır. O yazının hər sətirinə bol-bol göz yaşı düşür. Heç nə, ədəbiyyat ölüb, üstündə ağlamağımız qalıb. Başqa söz yazmağa gücü qalmır adamın.
Azərbaycan ədəbiyyatı! Allah rəhmət eləsin!