Bərbər atanın döyüşdən qayıdan oğluna sürprizi

Bərbər atanın döyüşdən qayıdan oğluna sürprizi
25 dekabr 2020
# 11:40

Kulis.az Ayxan Ayvazın döyüşdən qayıdan əsgərlərə həsr etdiyi “Ana, biz qayıtdıq!” yazısını təqdim edir.

Yaxın bir adam danışır ki, Hərbi Komissarlığa getmişdim, nə görsəm yaxşıdır, döyüşdə çiyin-çiyinə vuruşduğum əsgərlər mənə gülümsünərək baxır. Görüşdük, bir-birimizin əlini sıxdıq, döyüş anlarını xatırladıq. Bir də fikir verdim ki, hamımız bu günlərdə bir-birimizə bənzəmişik, üzümüzdə həyəcanın, müharibənin arxada qalan narahatlığının silinməz izi var.

Bizim köhnə məhəlləmizdəki bərbərin oğlu da sağ-salamat qayıdıb dedilər. Bərbər Tahir əmi başqa işə giribmiş, əhd eləyibmiş ki, oğlum cəbhədən qayıtsın, ona sürpriz edəcəm. Qonum-qonşu sürprizin nə olduğu haqda bir xeyli dartışsa da, təəssüf ki, Tahir əminin əhd elədiyi şeyi tapa bilmirlər.

Günlərin bir günü məhlə uşaqlarından biri mənə video atdı:

“Gör, tanıyacaqsan?”

Videoda bir ata sağ-salamat qayıdan əsgər oğlunu kürəyində daşıya-daşıya evin qapısından içəri keçirir və ağlaya-ağlaya “Çox şükür, Allah” deyir, arxa fonda isə sevinc və kədərin qarışığına bənzər qadın səsi gəlir. Yəqin etdim ki, o sevinc və kədər qarışığına bənzəyən səsin sahibi əsgərin anasıdır. Videonu da çox güman əsgərin bacısı çəkmişdi, atasının qardaşını kürəyinə alması anına göz yaşlarını saxlaya-saxlaya gülür, çox güman həyatının ən unudulmaz səhnələrindən biri olan bu görüntünü telefonun əbədi yaddaşına köçürməkdən qürur duyurdu.

“Yox, tanımadım. Kimdi ki?”

“Diqqətlə bax!”

Yenə baxdım, videoda qaçırtdığım hər hansı bir detal varmı, onu araşdırdım və tapdım: atanın kürəyində qapıdan keçirdiyi əsgər ilk dəfə bu evə girir (Yəni bu ev onun alışdığı, tanıdığı ev deyil, yeni evdir). Və çox güman ki, bu ev atasının ona hədiyyəsidir.

“Bildin?”

“Hə... Tahir əmidir bu... Ay daaa...”

Qonşumuz Tahir əminin bu videosu sosial şəbəkələrdə bir göz qırpımında yayıldı və hamını göz yaşlarına təslim etdi. Tahir əmiyə o gün zəng etdim, təəssüf ki, götürmədi. Sonrakı günlər də, deyəsən, başı qarışıq idi, heç telefona baxmaq imkanı da olmayıb çox güman. Hiss etdim ki, Tahir əmi oğlunun sağ-salamat qayıdışının evdə yaratdığı xoşbəxtliyinin ömrünü uzatmaq istəyir.

“Tahir əmi əhd eləyirmiş ki, oğlu sağ-salamat qayıtsın, onu təzə evinə kürəyində gətirəcək” – sonra bacım dedi bunu Vatsapda. Gülüş işarələri ilə bir yerdə.

Sən demə, Tahir əmi bərbərlikdən əlavə başqa işlərdə də işləyir, oğlunun qayıdacağına içində hüdudsuz bir inamla çalışır, qəpiyinin üstündə qəpik yığır və axırda əhd elədiyi evi alır.

“Samirdi də o? Hə?”

“Hə... Samir... Hərbidə idi o. Lap əvvəldən. Zabitlik oxuyub” – bacım məhəllənin mətbuat xidməti kimi qonum-qonşudan, xüsusən bu işdə canfəşanlıq edən qadınlardan hər şeyi yerli-yataqlı öyrənmişdi.

Samir yadıma ala-bula gəlirdi, sakit, dindirməsən dinməyən bir oğlan idi. Özü də mənim bığ yerim tərlədiyi vaxt o hələ balaca uşaq olardı. Yadımdadır, futbol oynamağa da bizimlə gələr, çox vaxt qapıda durardı. Nədənsə, Samirin hərbi kimi çətin bir yola baş qoşacağına, hələ üstəlik döyüşlərə cəlb olunmasına inana bilmədim. Sonra öz-özümə düşündüm ki, bəlkə də elə sakit, heç kimlə işi olmayan, özünü göstərməyən oğlanlar əsl cəngavər olurlar. Yaralı əsgərlərin, şəhidlərin şəklinə baxanda bunu daha çox hiss etdim və anladım ki, əslində güclü adamlar ürəklərindən güclü olurlar, qollarından yox.

Yaxın adam danışır ki, Hərbi Komissarlıqda cəbhədən sağ-salamat qayıdan əsgər yoldaşlarıma baxır, yaşadığımıza, bir-birimizə toxunduğumuza inana bilmir, torpağa tapşırılan dostlarımızı xatırlayanda isə acı-acı təəssüflənirdik.

Deyirəm, qaqa, bu da sizin taleyinizdir, kimi qayıdır, kimi qayıtmır, kaş hamı öz evinə qayıda bilə, ölüm olmaya.

Kədərlə gülümsünür və Komissarlıqdan çıxandan sonra əsgər yoldaşları ilə bir yerdə çəkdirdikləri şəkli mənə göstərir və o an içimdə bir cümlə qımıldayır:

“Ana, biz qayıtdıq!”

# 3879 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #