“Elə edək ki, səsimizdən Kərbəla lərzəyə gəlsin!” – Aşuradan reportaj - Fotolar

“Elə edək ki, səsimizdən Kərbəla lərzəyə gəlsin!” – Aşuradan reportaj - Fotolar
10 sentyabr 2019
# 13:10

Kulis.az Ayxan Ayvazın Aşura günü haqda yazdığı reportajı təqdim edir.

Məscidə gedən yollarda dükanlar, evlər ehsan paylayırdı. Metrodan çıxan kimi axın səni götürüb Məşədi Dadaş məscidinə aparırdı. Yolboyu sinə vura-vura gedirdik. Bizim səsimizə uzaqdakı məsciddən gələn səslər qoşulurdu. Elə bil bütün ürək döyüntüləri birləşmişdi o gün.

Həyətdə sol tərəfinə “xidmətçi” sözü yazılmış mavi köynəklilər bizi yoxlayırdı. Uzaqdan mərsiyəxanın səsi eşidilirdi:

Aç gözün yatma, Əbəlfəz,

Ay kimi batma, Əbəlfəz.

Və yanımdakı adamlar hıçqıraraq göz yaşı axıdırdılar. Sinələrinə vura-vura keçib gedirdilər.

Getdikcə izdiham daha da canlanırdı, adamlar artırdı. Məhəllənin evləri də bir-biri ilə çiyin-çiyinə idi. Elə bil evlər də axına qoşulmuşdu. Bütün qapılarda gözü yaşlı qadınlar görünürdü. Yaylıqları ağızlarını örtüb uzaqdan gələn mərsiyə səsinə ritm tuturdular. Ağlaya-ağlaya sinələri qabarır, əllərini yanlarına vurub eyni anda təkrarlayırdılar:

Vay Hüseyn! Vay Hüseyn!

Məscidin həyətini ikiyə bölmüşdülər: qadınlara və kişilərə. Ortada Əraf kimi neytral bir yer vardı, gəlib keçənlərin işini asanlaşdırırdı. Kişilər bərkdən sinələrinə vururdular. Hamısı eyni anda. Əzadarlıq eləyir, gözlərini sıxırdılar.

Hüseynə yerlər ağladı.

Hüseynə göylər ağladı

Mərsiyəxan onları cuşa gətirirdi:

Bir də! Hüseynə yerlər ağladı...

İzdiham içini çəkə-çəkə, hıçqıra-hıçqıra təkrarlayırdı:

Hüseynə yerlər ağladı...

...göylər ağladı...

Eyni vaxtda sinəyə dəyən əllərin səsi “ağladı” sözünün ətəyinə yapışırdı.

Başın kəsəndə qatilin

əlində xəncər ağladı

Bu yerdə izdiham fəryad edirdi, naləsi göylərə bülənd olurdu.

Qadınlar olan tərəfə baxdım. Başlarına qırmızı lent taxmışdılar. Lentin üstündə “Ya Zeynəb” yazılmışdı. Balaca qız uşaqları kişilər olan izdihama tərəf çevrilmişdilər. Çaşqın nəzərlərlə baxırdılar adamlara. Bəziləri balaca əllərini səs çıxmayan sinələrinə vururdular.

Aç gözün yatma, Əbəlfəz,

Ay kimi batma, Əbəlfəz.

Ayaqqabılarımızı çıxarıb məscidə girdik. Hamı üzü qibləyə çömbəlmişdi. Qıraqda, məscidin küncündə ayaqqabıları qoyduq. Hamı bir-biri ilə salamlaşdı. Qucaqlaşıb başlar çiyinlərdə ağlayanlar da oldu. Hamı kədərini bir-birinə ötürürdü. Bu kədər əldən-ələ gələnlərə paylanırdı.

Paylanan başqa şeylər də vardı. Qara köynək. Növbəyə keçib öz sıramı gözlədim. İçəridən səslər gəlirdi:

- Mənə su ver, qardaş.

- Qardaş, bunu sən götür, mən gözləyərəm.

- Keç, qardaşım, sən keç.

Hamı mehribanca bir-birinə yol verir, heç kim qabağa düşmək üçün dəridən-qabıqdan çıxmırdı. Köynək paylayan da sinə vura-vura kim necə köynək istəyir canla-başla qulluq göstərirdi.

Sıranın mənə çatmağına elə də çox qalmamışdı.

- Qardaş, istəyirsən keç, sən balacamızsan.

Və mənə yer açdılar. Köynək paylayanın üzündəki nur üstümə düşdü. Qara köynəyi əlimə alanda gördüm ki, bu, mənə böyük gələcək.

Yanımda köynəyini dəyişən, deyəsən, bunu gördü.

- Ala, qardaş, sən geyin, bu əyninə olar. Mən başqasını alaram.

- Yox, yox. – etiraz etmək istədim, köynəyi əlimə tutuşdurdu.

Qara köynəyi geyinib çölə çıxdıq. Hamımız “qaraları bağlamışdıq”. Bu gün hamımızın rəngi qaraydı.

Su və şirniyyat paylayan balaca uşaqlar gördüm. Güclə daşıyırdılar, az qala su butulkalarını düşürəcəkdilər. Kişilər onlara kömək etdi, əllərindən alıb izdihama yaxınlaşdı. Ağlamaqdan, mərsiyə deməkdən qurumuş dodaqlar suya həsrət qalmışdı...

O biri başda ehsan açılmışdı. Çay evinin qabağında xeyli adam yığılmışdı. Çay, lavaş, halva, konfet, su... Çadralı qadınlar gəlib keçirdi, bir uşaq papağını qabağına atıb dilənirdi.

- Allah köməyin olsun!

- Payın artıq olsun!

- Ya Hüseyn!

Səslər bir-birinin əlindən tutub məscid boyu uzanıb gedirdi.

Məşqi parə, gözü yarə, qardaş,

Dur, məni qoyma avarə, qardaş.

Çay eviylə üzbəüzdə market vardı: balaca qız uşağı gülümsəyərək qapını açıb gələnləri qarşılayırdı. Bu mənzərədən içi sevgiylə dolan adamlar əyilib qızın yanağından öpürdülər...

- Elə edək ki, səsimizdən Kərbəla lərzəyə gəlsin!

Mərsiyaxanın cuşa gətirməyi ilə sinəyə dəyən əllərin sayı artmağa, səsi ucalmağa başladı. Bir azdan səsdən qulaq tutuldu. Göz yaşları hər səsin arxasında özünə yol tapır, mərsiyənin sözlərinə ayaq tuturdu.

- Zeynəb! Zeynəb! Zeynəb!

Qadınlar sakit səslə təkrarlayırdılar. Gözlər yaşlıydı, makyajlar üzlərinə axmışdı. Kədər onları daha nurlu və daha gözəl etmişdi…

- Zeynəb kimi bəlalı görməz birin zəmanə

Bir gündə yeddi qardaş birdən boyandı qanə

Əlləri başında gəldi Zeynəb o gün fəğanə

Balaca qız uşaqlarının pıçıltılarını qulağım çaldı:

- Zeynəb, Zeynəb, Zeynəb...

Başlarındakı qırmızı lentdəki “Ya Zeynəb”ə toxuna-toxuna təkrarlayırdılar. İzdihama, analarına baxa-baxa balaca əllərini ehmalca sinələrinə vururdular.

- Zeynəb, Zeynəb, Zeynəb...

Mərsiyəxan bir də camaatı cuşa gətirdi:

- Səsimizi Kərbəlaya çatdıraq!

Məşədi Dadaş məscidindən gələn səslər, əmin idim ki, Kərbəlaya çatır.

İzdiham da buna inanırdı. Və sinələrinə bu inancın gətirdiyi əminliklə daha bərkdən vururdular, mərsiyənin sözlərini daha ucadan səsləndirirdilər.

Eyni anda sinələrini vuranlar kənardan silkələnən ağaca bənzəyirdi. Sinənin altındakı ürək də dilə gəlirdi sanki, o da bu günün qətl günü olduğunu duymuşdu və onun da səsi izdihamın səsinə qarışıb böyük bir ürək döyüntüsü yaratmışdı.

Mərsiyəxan gözlərindən yaş axıda-axıda oxuyurdu. Yanında dayanmış Hacı Şahin əlini sinəsində tutub gözlərini qapatmışdı. Elə bil izdihamın səsini içinə çəkirdi.

- Yenə əsdi qara ələmlər…

Adamlar hələ də gəlməkdəydi. Gələ-gələ bu səslərə, bu ritmə, bu ağrıya qoşulurdular. Təkcə onlar deyildi. Bütün məhəllə, bütün evlər, ağaclar, dükanlar, balaca uşaqlar, hamı bu səslərə doğru gedirdi. İzdiham getdikcə daha da böyüyür, böyüyürdü. O səsləri, o izdihamı bir ipin üstünə düzsən, burdan Kərbəlaya yol eyləyərdi…

- Gül gözündən atma, qardaş,

Qumlar üstə yatma, qardaş,

Ey düşən yorğun, yaralı,

Zeynəbi ağlatma, qardaş

Əmzikli uşaqlar analarının qucağında sinəyə dəyən əllərə çaşqın-çaşqın baxır, sonra qəribə tərzdə o hərəkəti təkrarlamaq istəyirdilər. Anaları da pıçıltıyla izdihamın mərsiyəsinə qoşulurdu:

- Zeynəbi ağlatma, qardaş.

Ehsan verilən tərəfdə bir uşaq özündən yekə baltayla odun qırmağa çalışırdı. Samovar pıqhapıq qaynayırdı. Çay içənlər də ümumi ritmdən ayrılmırdılar: hələ də əllərini sinələrinə vurur, göz yaşları üzlərindən axırdı.

Uşaqlar qollarında qara sıyrıq, başlarında “Ya Zeynəb” yazılmış lent qaçışırdı arada, izdihamın uğultusuna yeni bir rəng qatırdı.

Səslər isə ucalırdı.

Daha da artırdı.

Bütün səslər üst-üstə çıxıb əlini Tanrının ətəyinə uzadırdı...

# 5606 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #