Səsin həmin səsdir, baxışın ögey – ROBOT SEVGİLİ

Səsin həmin səsdir, baxışın ögey – <span style="color:red;">ROBOT SEVGİLİ
1 fevral 2017
# 13:54

Kamal Sunalın rol aldığı “Yapon işi” adlı bir film var. Yəqin ki, xatırladınız. Film restoranda işləyən ofisiantın kədərli sevgi hekayəsindən bəhs edir.

Ofisiant imkansız bir sevgiyə mübtəla olub. Restoranın gözü-işığı, müştərilərin baş tacı müğənniyə aşiqdir. Müğənni də onun sevgisini ələ salır, ofisianta yuxarıdan aşağı baxır. Bir gün ofisiant pulu oğurlanan çarəsiz bir yaponu küçədə tapır, onu evinə aparır, qulluq göstərir. Yapon ofisiantın aşiq olduğu müğənninin divardan asılmış şəkillərini görür, məsələdən halı olur. Yapon ölkəsinə qayıdır. Bir gün ofisianta bir hədiyyə göndərir. Ofisiant çaş-baş qalır: qutunun içində onun sevdiyi qadın. Yapon müğənninin robotunu düzəldib göndəribmiş. Məktubda da belə yazıb: “Sən sevdiyim yanımda olsun, mənə baxıb gülümsəsin, bəsdi demişdin. Mən də sənə sevdiyin qadının robotunu göndərdim.”

Bu filmi niyə xatırladım? Bu yaxınlarda ağıllı seks robotlarının hazırlanması barədə xəbərlər yayıldı: “Cinsi əlaqə üçün istifadə ediləcək ilk robotlarını satışa təqdim edən RealDoll şirkəti məhsul haqqında bəzi detalları açıqlayıb. Tənzimləyicilərdə “ağıllı”, “sadəlövh”, “seksual”, “xoşrəftar” və “təvazökar” kimi variantların və bu variantların müxtəlif dərəcələrinin olacağı bildirilib. Bununla oyuncağın “hiss”ləri tənzimlənəcək. Davranışları bu tənzimləyicilərlə tənzimlənən robotlar, sahiblərini sevə də biləcəklər”.

Reklamların təbirincə desək, xəyallar gerçək olacaq. Bir vaxtlar “Sehirli xalat” filminə nağıl kimi baxırdıq, sonra texnologiya nağılı reallığa qovuşdurdu. İndi də “Yapon işi” filmi...

Maraqlı olan bilirsiniz nədir? Bu robotların insanı sevməsi. Texnologiya sevgi düyməsi yaradıb. Sən yanındakı robotla məhəbbət dünyasına səyahət edəcəksən.

Təsəvvür eləyin, sizi tərk edib getmiş köhnə sevgilinizin robotunu yaradırsınız. Eyni adam durub qarşınızda. Səsi həmin səs, baxışı ögey...

Ya da hansısa bir məşhur qadının robotunu. Yəqin sağ olmayanlar olar. Məsələn, Merlin Monro. Qonşular sizi onunla qol-boyun görsə çat verib çatlayarlar.

Burda bir “əmma” da var. Bəs bu robot xəyanət edəcəkmi? Bir də gördün robotun başqa bir kişi ilə əl-ələ tutub gəzişir. Şirkət sənə pult verib. Onları uzaqdan görürsən, əsəbiləşirsən. Pultda “əlimdə əlinin istisi qalıb” cümləsini ifadə edən bir düymə olmalıdır. Mütləq! Bu yaponlar gərək müsəlman və patriarxal cəmiyyətləri də fikirləşsinlər. Axı robotun da namusu var. Robotun da anası, bacısı var. Robot öz başına deyil ki, gedib kimləsə gəzsin... Ayıbdır. Görən deməzmi, filankəsin aldığı robot ayağısürüşkən çıxdı?

Məsələnin mənəvi tərəfi var. Robot səni sevəcək, qayğına qalacaq, yataqda sənə həzz verəcək. Amma deyinməyəcək. Hansısa qıza baxdığın yerdə bir şillə ilişdirməyəcək üzünə. Qəzəblənib dədəsi evinə getməyəcək.

Əlavə düymələr hazırlamaq lazımdır və yəqin ki, bu da olacaq. İstəyəndə robotun qəzəbli olacaq, istəyəndə xoşrəftar. Arada dalaşmalıdır da, qısqanmalıdır da! Bunsuz həyatın nə ləzzəti? Bir gün gecə evə içkili gələndə tərs çevrilib yatmalıdır. Küsülü qalmalıdır. Hərdən yersiz incimələr olmalıdır. Bəs nə? Qadının robotunu düzəltməklə deyil e, gərək işi yaxşı görəsən.

İş ondadır ki, kişi robotlar da düzələcək. Burda da bir “əmma” çıxır ortaya. Sənin robotun başqa bir kişi robota qoşulub qaçsa necə olacaq? Şirkət buna görə məsuliyyət daşıyacaqmı? Bu robot başqa robotu görüb sevsə o boyda kəşf çökməzmi?

Təsəvvür eləyin, kişi robotlarla “razborka” eləyirsən. Maraqlı bir mənzərə çıxar ortaya. “Sən mənim robotuma niyə baxdın?”, “Sənin robotun mənə baxırdı”, “Yaxşı robot başqasının robotuna baxmaz”...

İlahi neyləyirsən, sən mənə eylə, ilahi bu robotla işin olmasın. Birdən pultu kiminsə əlinə keçər, tənzimləyicisini dəyişərlər, götürüb apararlar. Sonra kafelərin birində boşalmış içki şüşələrinin arxasında səni tərk edən robot üçün ağlayarsan.

Kişilər bir olmur, atam balası. Qorxağı var, igidi var... Amma hər kişinin öləndən sonra qəbrinin üstündə ağlayası bir qara paltarlı robota ehtiyacı var. Robotun göz yaşları... Yaxşı bir film detalı...

Hələ bunun gecələr robotla sevişməyi var...

Tənha adamlara robot gərək. Əslində hər evə ağlı başında bir robot lazımdır. Evi çəkib çevirsin, yemək bişirsin, paltarları yusun.

Bəlkə hamımız getdikcə uzaqlaşırıq bir-birimizdən? Bəlkə hamı tənha qalacaq? Bəlkə bu robotlar ona görə yaradılır ki, tənhalığımızı unudaq? Sevmək də texnoloji işə çevrildi. Səni bundan sonra ürəklə deyil, aparatla sevəcəklər. Tənhasansa, heç kim səni sevmirsə, çirkinsənsə... – lap reklam kimi oldu – bir robot al və xoşbəxt ol. Artıq xoşbəxtlik insan hissi deyil, texnoloji işdir.

Dünyamıza xoş gəldiniz, robot sevgililər!

Xoş gəldin, robot xoşbəxtlik!

# 3034 dəfə oxunub

Müəllifin son yazıları

# # #