Azərbaycanda uşaqlar niyə intihar edirlər? – ARAŞDIRMA

Azərbaycanda uşaqlar niyə intihar edirlər? – <span style="color:red;">ARAŞDIRMA
30 avqust 2016
# 15:12

2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 110 qadın, 28 uşaq intihar edib.

Bu statistika insanın tüklərini biz-biz edir. Fikir verin, ən çox qadınlar və uşaqlardır intihar edən.

Hələ dünyanı dərk etməyən, günəşə oyuncaq kimi baxan uşaqlar özünü öldürür. Axı uşaqlıq insanın ən saf, ən təmiz dövrüdür. Uşaqlıq bizim vətənimizdir: gözəl günlər gördüyümüz, dondurma ilə, çərpələnglə xoşbəxt olduğumuz bir vətən.

İndi isə uşaqlar intihar edir. Onlar insanlığın vətənindən ayrılıb göylərə qalxırlar, yəni heçliyə. Balaca əlləri, balaca gözləri, balaca ümidləri olan uşaqlar.

Onlar niyə intihar edirlər? Niyə balaca bədənlərinə əzab verirlər? Yıxıla-dura, palçığa bata-bata oynadıqları oyun niyə yarımçıq qalır? Kimdir onların işıqlı dünyasına qaranlığı çiləyən? Bəlkə də şairin dediyi kimi, biz onlara bir günlük dünyanı verə bilmirik?

Biz bir uşağın gözlərində axtarırdıq xoşbəxtliyi. Bir anlıq qayğılardan, əzablardan xilas edirdi o gözlər bizi. Gərginliyimizi aradan götürən, bizi intihar fikrindən daşındıran da onların məsum gözləridir. O qədər gözəl, o qədər saf və müdhiş görünürlər ki, insan bir anlıq beynində dolaşan intiharı yerindəcə dondurur. Bax indi bizi həyata qaytaran o uşaqlar da intihar edir. Nədir onları bu yaşda qocaldan? Yoxsa onlar yerimədən əvvəl uçmağı öyrənirlər? O biri dünyaya uçmaqdır bəlkə istəkləri?

Ancaq, uşaqlar, bunu etməyin, siz həyatın ən gözəl tərəfinə düşmüsünüz. Sizin gözlərinizdə ən xaraba yerlər belə şahanə görsənir. Fikir verin, necə deyirlər? Uşaqları başsız qoymayın... Yəni sizi... Mənim anam intihar edəndə də eynən belə deyirdilər: “Uşaqları başsız qoydu”. Görürsünüz, hamı sizi necə də sevir. Siz olan yerdə siqaret çəkilmir, söyüş söyülmür, davalar olmur, ətrafınızdakı hər şey sizin üçün gözəlləşdirilir. Onsuz da o saf, məsum baxışlar bütün pislikləri gözəl bir mənzərəyə çevirəcək həmişə.

Axı bu uşaqlar üçün ölüm sözü sadəcə xəbər kimi işlənir. Uşaqlar birinin ölümünü hiss edirlər, ancaq hələ onlar üçün bu aydın deyil. Bir adamın hərəkətlərinin, danışığının bitməsi uşağa görə qaranlıq mövzudur. Ancaq bunu hara yazasan? İndi ölümün nə olduğunu dərk etməyən uşaqlar özləri ölümə doğru yüyürürlər...

Onların psixologiyasında nə baş verir? Uşaqlar niyə intihar edir? Səbəb nədir?

Psixiatr Orxan Fərəcli düşünür ki, uşaqlar insanın təzədən dünyaya qayıdacağına inanırlar: “Uşaqlarda intiharların səbəblərini yaş səviyyəsinə görə iki qrupa bölmək olar. İlk qrup ölüm anlayışını başa düşməyənlər. İkinci qrup isə başa düşənlər. Hər iki qrupun özünəməxsus səbəbləri var. Məsələn, ölümü başa düşməyən qrupdakı səbəblər içərisində ən genişi budur: elə bilirlər ki, insan ölmür, o geri qayıda bilər və ya cizgi filmlərində gördükləri səhnələr və sair detallar təsir edir. Bu yaş qrupu adətən 7-8 yaşından aşağıdır və çox da rast gəlinmir. Əsas çoxluq 2-ci qrupun üstünə düşür. Burda valideyn təzyiqi, ailə daxil söhbətlər, alkoqolizm, dərs keyfiyyətinin aşağı olması və sairdir”.

Bəs uşağı o ölümə aparan yoldan necə çıxarmalıyıq? Psiaxtrın rəyi belədir: “Burda əsas iş valideynlərin üstünə düşür. Uşaqla çox vaxt keçirmək və ən əsas həmin vaxtı əyləncəli keçirmək lazımdır. Müvəffəqiyyətsizliyi aqressiv çatdırmamalı, öz mübahisələrini uşağın yanında etməməli və şiddət ölüm aşılayan cizgi film və filmlərdən uzaq saxlamalıdırlar”.

Bir adam dünyaya uşaq gətirirsə, artıq onun yükünü də özü ilə daşımalıdır. Yoxsa hər gün içib gəlmək, uşağın gözünün qabağında anasını döymək... O məsum baxışlar üçün deyil bu mənzərə. O gözlər yalnızca işıq görməlidir, günəşi, dağları, ağacları, çiçəkləri görməlidir, daim gülümsəyən bir üz görməlidir. Yoxsa qəzəbli, əcaib üzlər yox. Qulaqları musiqi səsi eşitməlidir, güllə səsi, yumruq səsi deyil. Onların qulaqlarında çığırtı-bağırtı deyil, xoş sözlər muncuq tək düzülməlidir.

Filosof Müşfiq Şükürov uşaqların intiharına səbəbin valideynlərin ümidsizliyində görür: “İntiharlar ümumən fərdi səbəblərə görə olur. Amma kütləviləşirsə, bunun əsas səbəbi birdir - ictimai həyatın perspektivsizliyi, mənasızlığı. İstər bu İsveçrə kimi sosial cəmiyyətdə olsun, istərsə də Azərbaycan kimi problemlər içində üzən cəmiyyətdə. Bizdə bu ümidsizliklə bağlıdır. Uşaqlara da valideynlərdən sirayət edir. Arzular adamı yaşamağa sövq edir. Amma bizdə arzulamaq da çətinləşib. Məncə Salam Sarvanın “darıxma, düzəlməyəcək” ifadəsi Azərbaycan cəmiyyəti barədə çox şey deyir. Arzular üçün yer yaratmalıyıq cəmiyyətimizdə. Real, həyata keçə bilən arzular arzulaya bilməlidir insanlarımız”.

Bəlkə də uşaqların əlindən tutub parka aparmırıq. Bəlkə onlar artıq çərpələng uçurmurlar, oyunlar oynamırlar. Bəlkə də həyatımıza daxil olan internet onları real dünyadan qoparıb. Ata-ana ilə sərhəd hörülüb uşaqların arasına.

Müşfiq bəy uşaqlarla ünsiyyətin azalmasından narahatdır: “Təcili vəziyyəti düzəltmək alınmayacaq. Uşaqları ölümdən xilas etmək üçün valideynləri xoşbəxt etmək lazımdır. Təbii ki, mən ən ümumi tendensiyanı vurğulayıram. Amma burda ünsiyyətsizliyin də rolu var. Virtuallaşma qəribə də olsa tənhalaşma da yaratdı. Uşaqlar da bundan əziyyət çəkirlər. Uşaqlarla məşğul olmaq lazımdır. İntellektual, əyləncə, idman baxımından”.

Sözsüz, virtual dünya bizim təbii münasibətlərimizi aradan götürür. Psixoloq Elnur Rəhimovun dediyinə görə, informasiya uşaqların şüuraltına təsir edir: “İnformasiya əsrində yaşamağımızın burda öz təsiri var. Eyni zamanda ailə daxili konflikt də. Uşaqların dərki prosesi də intihara gətirib çıxara bilir. Axı informasiya resursları yaş məhdudiyyəti qoymur, hər kəs ondan istifadə edə bilir. Uşaqlar da bu informasiyanı alır. İnformasiya da şüuraltında itmir. Təbii ki, uşaqlar ölümü qavraya bilmir, sadəcə onlarda inikas olur. Ola bilsin, həmin təhlükə onları cəlb edir. Biz onlara deyə bilərik ki, bu pisdi, ancaq uşaq onu elə qavraya bilməz. İnformasiya düzgün çatdırılmalıdır. Bu gün insanlar o qədər informasiya aclığındadır ki... Bu da süni şəkildə yaradılıb. Bir insan 24 saat içində informasiyasız yaşa bilmir. Cəmiyyətdə mövqe tuta bilməmək faktı da informasiya aclığını yaradır. İfrat informasiya almaq bizim camaatın bəlasıdır. Hamı siyasətçidir, hamı ağıllıdır. Heç kim öz sahəsi ilə kifayətlənmir, istəyir hər şeydən danışsın. Ona görə də informasiya almağa acdır. Uşaqları bu informasiya bolluğundan qorumaq lazımdır. Uşaqların psixologiyasına informasiya pis təsir edə bilər. Təbii ki, burda evdəki problemlər də rol oynayır. Ancaq uşaq kasıblığı qəbul edər. Sadəcə düzgün tərbiyələndirmə olmalıdır. Uşaq görsə ki, evdə vəziyyət pisdir, ancaq ata restorandan gəlir, ana bahalı paltar alır. Bu onun psixologiyasına təsir edir”.

Elnur bəy intiharın qarşısını almağın tək yolunun canlı ünsiyyət olduğunu deyir: “Ailə daxili münasibət, məktəb psixologiyası, məktəblilərlə əlaqələr. Bunlara ciddi fikir verilməlidir. Eyni zamanda valideynlər uşaqları informasiyadan qorumalıdır. Daha çox canlı ünsiyyət olmalıdır uşaqla valideyn arasında. Yoxsa hamı başını telefonla qatsa alınmayacaq. Uşaqda rahatçılıq varsa əvvəlcədən təsbit olunub tədbirlər görülməlidir. Burda mühitin təsiri də var. Bəzi uşaqlar zəif olduqlarından onları mühit sıxır, informasiyalar mənfi təsir edir”.

Uşaqlarla söhbət edək, uşaq dilində danışaq onlarla. Tez-tez nağıllar oxuyaq, gözəl şeirlər deyək onlara. Ölüm göstəriləndə gözlərini qapayaq, oyuncaqlarla sevindirək onları. Gözləri robot deyil, insan görsün, robot səsi deyil, insan səsi eşitsinlər. Bir günlük deyil, bir ömürlük verək dünyanı onlara. Qoy dünyanı çərpələng kimi uçursunlar... Əsas odur, intihar eləməsinlər.

# 1586 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #