“Kişi dondurmanı hirslə sifətimə çırpdı” – Reportaj

“Kişi dondurmanı hirslə sifətimə çırpdı” – Reportaj
29 avqust 2019
# 12:38

Kulis.az “Həyatın içindən” layihəsindən Ayxan Ayvazın “Maraş dondurmacısı” adlı reportajını təqdim edir.

Reportaj ovuna çıxmışdıq – Oğuzla şəhəri ələk-vələk edir, maraqlı adam axtarırdıq. Vağzalda pul dəyişdirən kişilər gördük. Yaxınlaşdıq. Dedik, hal-qəziyyə belədir. Daş atıb başlarını tutdular.

“Bacı oğlu, bizim həyatımız sizin nəyinizə lazımdır?”

Şübhəli-şübhəli baxdılar. Gözləri ilə rentgen çəkdilər üstümüzdə.

“Qaqulya, nə işləyirsiniz?”

“Jurnalist”

“Lazım döyül, qaqulya. Sən Allah bizdən uzaq olun”.

Vağzalda gəzişdik. Bom-boş idi hər yer. Bircə sağa-sola gəzişən polislərdi, bir də kimisə ümidsizcə gözləyən bir qadın. Oğuz:

- Bəlkə bu qadına yanaşaq?

Kim olduğunu bilmirdik. Yaxınlaşıb salamlaşdıq. Qadın gülümsündü:

- Hello!

Yüksək səviyyəli ingilis dilimizlə qadına xoş gəldin eləyib ordan uzaqlaşdıq.

Küçələr hekayəlik adamlarla dolu idi. Yanımızdan keçən hər adama reportaj gözü ilə baxırdıq. Di gəl, yaxınlaşdıqlarımız əllərinin tərsi ilə təklifimizi geri çevirirdilər.

“28 Moll”da bizə reportaj söz verən qoca kişi də gözə dəymirdi. Gül satan kişini deyirəm. Yəqin onu görmüsünüz. Çömbəlib bir qıraqda oturur. Yüzlərlə, minlərlə adamın sel kimi axdığı “28 Moll”un pilləkənlərində hüznlə oturan qocanın zəif səsini eşitmiş kimi oldum: “Gül alın, gül. Təzə güllər”.

Taksi sürücülərindən soruşduq, gördüm deyən olmadı. Ora baxdıq, yox idi, bura baxdıq, yox idi. Gül satanı elə bil bizim filmimizin kadrından birdəfəlik çıxarmışdılar. Halbuki özü razılaşmışdı reportaja. Qulaqları ağır eşitsə də nə dediyimizi anlamışdı. Xırda gözləri parıldamışdı...

Şabalıd qovuran, kokteyl hazırlayan, süpürgəçilər, sürücülər... Kimdən reportaj eləyək? Gəzinə-gəzinə bunu düşünürdük. Qəfil Türkiyə türkcəsində bir çığırtı eşitdik:

“Dondurmaya gel!!!”

Sarı bir oğlan, qarşısında “Kahramanmaraş dondurması” yazılıb.

- Abi, türkmüsün?

- Yox, azərbaycanlı.

Dedik, belə-belə, reportaj eləməliyik. Oğlan həmən razılaşdı. Elə bil çoxdandır, kiminsə ondan müsahibə almasını gözləyirdi. Tanınmış adamlar kimi əlləri sinəsində durub poza verməyə başladı. Eynəyi, duruşu onu hansısa xarici bir rejissora oxşadırdı. Vudi Allenə, məsələn.

- Adın nədir, qaqaş?

- Yusif Əli. Əli ayrıdır.

Deməli, “28 May” metrosunun girişi ilə üzbəüzdə dayanır bu sarı oğlan. Səhər 9-dan axşam 10-a, 11-ə kimi ayaqüstü durur. Hə, eşitdiyiniz kimi... Ayaqüstü... Sən demə, bu işdə oturmaq olmazmış. Üzgün olmaq, solğun bənizdə müştərini yola salmaq... Qəti olmaz. Həmişə gülməlisən, pozitiv modda qalmalısan, təbəssümünü bütün şəhərə yaymalısan.

Yusif Əli gülərüzlə bizə bu işə başlamağını danışır. Dediyinə görə, dondurma satmağa marağı varmış və tale onu gətirib “Maraş dondurması” şirkətinə çıxarıb. Sınaq müddətində onu bəyəniblər, türkcəsi də yaxşıymış. Və onu buraxıblar şəhərin canına...

Çətin günlər də yaşayıb əl-əlbət. Bizə təzə-təzə gəlib bu maraş dondurmaları. Satana da qaşıqçı deyirmişlər. Bilirsiniz, bu qaşıqçı dondurmanı vermədən əvvəl oyun qurur, müştəri ilə zarafatlaşır, dondurmanı gah qarşısındakına uzadır, gah geri çəkir. Bizim camaat da əsəbi, aqressiv...

- Hə, bizimkilərlə ehtiyatlı davranıram. Görürəm, adam əsəbidir, çox üstünə getmirəm. Hər kəsə uyğun zarafat edirəm.

Belə zarafatlı günlərin birində uşağa dondurmanı uzadırmış, uşaq da nə illah edirmiş sarı oğlandan o gözəlim dondurmanı ala bilmirmiş. Axırda nə olsa yaxşıdır? Bir kişi gəlib dondurmanı qapır və bizim bu sarı oğlanın üzünə çırpır.

- Birbaş sifətinə?

- Hə, sifətimə!

- Dava oldu?

- Yox, dava olmadı. Atasıydı. Çaşdım e. Bilmədim hardan çıxdı.

Yaxşı ki, ətrafdan adamlar gəlib, kişini sakitləşdiriblər, sarı oğlan da çox uzatmayıb söhbəti. Məsələ yat-yüt olub.

Yusif Əlinin özü ilə də zarafatlaşan olur. O, dondurmanı uzadıb geri çəkdiyi kimi müştərilər də pulu uzadanda eyni şeyi təkrarlayırlar. Ancaq Yusif bu oyundan ləzzət alır. Həm də deyir ki, məni aldada bilmirlər, pulu tez qapıram.

- Günə nə qədər dondurma satarsan?

- Yalan olmasın, günə 100 dondurma sataram.

- Maraş dondurmasının bizimki ilə fərqi nədir ki?

- Keçi südündən hazırlanır. Bir də Türkiyənin orkide bitkisi var, onun toxumundan qatırlar. Bu toxum 5 ildən bir çıxır. Dadı fərqlidir.

Yusif deyir, xaricilərlə zarafatlaşmaq, oyun qurmaq asandı, rahat qarşılayırlar. Əslində bu işin özəlliyi bu imiş, eləcə müştəri dondurma istəyir, sən də ona verirsən, belə şey yoxdur. Gərək müştəri ilə bir oyun qurasan, müştəri də bunun oyun olduğunu qəbul edə və hər şey türklər demiş “tatlıya” bağlana. Nə yazıq ki, bizim aqressiv camaatımız Yusif Əlinin oyunlarına tab gətirə bilmir, hətta bəzən onu döymək həddinə belə çatırlar. Ona görə Yusif ehtiyatlı davranır, hər adamla zarafatlaşmır. Tələbə adamdır, beş-on manat pul qazanıb xərcliyini çıxarmaq istəyir. Beş-on manat demişkən...

- Maaşın necədi? Yoxsa gündəlik alırsan?

Böyük bir sirr açacaqmış kimi qulağıma tərəf əyilir:

- Sirr qalsa olar?

- Niyə demək istəmirsən ki?

- Ehtiyac yoxdu. Bircə onu deyim ki, gündəlik pul alıram.

- Əsas odur yaxşıdır qazancın?

- Hə, əladır.

Bu işi ona türk usta öyrədib, iki həftəyə söhbəti tutub.

- Bu işdə dayanmaq yoxdur. Gərək işləyəsən, oyun qurasan, deyəsən-güləsən, qışqırasan...

Onunla zarafatlaşıram:

- Bunu bayaqdan 10 dəfə demisən...

Gülüşürük.

Müştəri yaxınlaşır. Müştəri deyəndə, ailə - ata, ana, uşaq. Yusif Əli polad çubuğu götürüb, dondurmanın buz tutmuş yerlərini əzməyə başlayır. Uşaq baxır, baxır və mızıldanıb geri çevrilir.

- Gərək, dondurmanı “kıvamında” saxlayasan. Ona görə tez-tez qarışdırıram.

Yusif Əlini çoxu türk hesab edir, az adam onun azərbaycanlı olduğunu bilir.

- Gəlib deyirlər, abi, necəsən? Mən də onlarla türkcə danışıram. Daha demirəm ki, azərbaycanlıyam. Bu şirkətdə yeganə azərbaycanlı mənəm. Hamı türkdür.

- Yadlıq hiss etmirsən?

- Yox, elə yadlıq hissi olmur. Ünsiyyət qurmağı sevən biriyəm, tez isinişirəm adamlara. Türk müştərilər də gəlib gedir. Mənə deyirlər, sən türkcə bizdən yaxşı danışırsan.

Hava yavaş-yavaş qaralır. Yusif Əli günün yorğunluğunu ifadə edən alnındakı təri qolunun tərsi ilə silib gülümsünür. Onun hələ bir neçə saatı var. Hələ bu qədər vaxt ayaqda durmalıdır. Hələ bu qədər vaxt üzündən təbəssümü əksik etməməlidir. Hələ uşaqları sevindirməlidir...

# 6977 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #