Məşhur şairin qızı: “Atamın ölümünü məndən gizlədilər, amma...” - Müsahibə 

Aydan Xəndan, şair Rəfiq Zəka Xəndanın qızı

Aydan Xəndan, şair Rəfiq Zəka Xəndanın qızı

16 iyun 2022
# 21:00

Bu gün şair Rəfiq Zəka Xəndanın doğum günüdür. Kulis.az “Atamın xatirəsi” layihəsindən şairin qızı Aydan Xəndanla müsahibəni təqdim edir.

- Bura gələndə atanızla bağlı xatırladığınız ilk xatirə hansı oldu?

- Atamla bağlı xatirəm çoxdur. Hansısa bir hadisə olanda, hansısa bir şeir oxuyanda atam yadıma düşür. Eyni zamanda mən Bakı Dövlət Universitetində türk ədəbiyyatından dərs deyirəm. Atam da bildiyiniz kimi, türk ədəbiyyatının vurğunu idi. Mən universitetdə türk şairlər haqqında dərs deyəndə istər-istəməz atamı xatırlamalı oluram.

- Atanız Türkiyədə də tanınırdı...

- Türkiyədə kitabları dəfələrlə çap olunub. Müxtəlif jurnalların redaksiya heyətində olub. İstanbulun fəxri vətəndaşı seçilib. Tofiq Fikrətin ev muzeyində atamın ona həsr etdiyi şeir indiyə qədər orda asılı qalmaqdadır. Yəni atamın həm Azərbaycan mədəniyyətinə, həm türk mədəniyyətinə xidmətləri böyükdü. Əlifbanın latın qrafikasına keçirilməsində hər zaman öz fikirlərini bölüşürdü. Atamın evdə türk şairlərindən bəhs etməsi mənə təsirsiz ötüşməyib. Uşaqlıqdan türk ədəbiyyatının vurğunu olmuşam. Mən bu ruhda böyümüşəm. Soruşdunuz ki, atanızla bağlı yadınıza düşən xatirə... Bakı Dövlət Universitetində tədbir idi, mənə söz verdilər, atam haqda danışdım. Çünki o da buranın ən yaxşı tələbələrindən olub. Babam Cəfər Xəndan da rektor vəzifəsində çalışıb. Baxmayaraq ki, atamın ölümündən illər keçib, ancaq mən necə deyərlər, hər gün onunla söhbət edirəm, onu xatırlayıram.

Gallery

- İki övladı olub...

- Bəli, bir mən, bir də qardaşım. Mən bir yaş qardaşımdan böyüyəm.

- Daha çox sizlə ünsiyyətdə olurdu?

- Ümumiyyətlə, atam ailəyə, övladlarına çox bağlı biri idi. Mənim bir çox tanışım var ki, atasından danışanda ondan çəkindiyini, qorxduğunu dilə gətirirlər.

- Sizin atanız necəydi bəs? Xüsusən sizə qarşı. Adətən atalar qızlarına qarşı həssas olurlar, mühafizəkar yanaşırlar ona... Qadağaları var idimi?

- Atamın qadağa qoyduğunu xatırlamıram.

- Evə gec gəlmək, geyimlə bağlı nöqsan tutmaq və s. Bu da yox idi?

- Əvvəla, mənim atam estet idi, gözəlliyə vurğun idi. Hüseyn Cavidin təəbirincə desək, mənim Tanrım gözəllikdir, sevgidir. Atamın da kredosu bu idi. Hər şeydə gözəllik axtarırdı. Amma mən özüm onu elə həddə çatdırmazdım ki, nəsə qadağa qoysun. Atamın xasiyyətinə bələd idim, necə davranmaq lazım olduğunu bilirdim. Atam tez-tez səfərlərə gedirdi, ordan bizə hədiyyələr gətirirdi...

Gallery

- Maraqlıdır, nə hədiyyələr gətirirdi? Hansılarını xatırlayırsınız?

- Yadıma gəlir, ad günüm idi. Atam Türkiyədən gəlmişdi və müxtəlif cür şokoladlar gətirmişdi. Mən o şokoladları süfrəyə düzmüşdüm, qonaqlar dadıb bəyənmişdi. Başqa hədiyyələr də gətirirdi. Oyuncaqlar. Tapılmayan oyuncaqlar. Biz eyvana çıxıb atamı gözləyirdik həmişə. Deyirdik, indicə gələcək. Maşından düşən kimi gətirdiklərini çıxarırdı, biz də maraqla gözləyirdik ki, görən nə hədiyyələr olacaq. Bir dəfə yekə bir yeşiklə gəldi. Qardaşımla bir-birimizə baxdıq ki, görən bunun içində nələr var. Həvəslə açmağa başladıq. Gördük, ancaq kitablar, kitablar... Düzdü, indi olsa buna hədsiz sevinərdim, amma onda uşaq idik, məyus olmuşduq. İndi isə fikirləşirəm: nə yaxşı atam Türkiyədən o kitabları gətirib. O kitablar mənə çox kömək oldu.

- Hədiyyələr alan və qadağalar qoymayan bir ata. Başqa nə əlavələriniz var onun ata obrazına? Evdə xasiyyəti necəydi?

- Atam mənə “quzum” deyə müraciət edirdi. Evdə Türkiyə türkcəsində danışırdı. Anadolu ləhcəsində. Cavid əfəndi necə danışırsa, elə. Məsələn, “buzdolabı” sözünü işlədirdi. Danışanda “nasılsın” filan kimi sözləri deməyi sevirdi. Həddindən artıq yumşaq xasiyyəti vardı. Biz bir dəfə qardaşımla üsyan qaldırmışdıq ki, bağçaya getməyəcəyik və qatara minmək istəyirik. O bizi apardı bulvara, gəzdirdi, sonra metroya düşdük. Halbuki maşınla bağçaya getməliydik. Qatarda bir neçə stansiya gedəndən sonra bizi yola gətirdi, bağçaya apardı.

Gallery

- Uşaqlarla vaxt keçirməyi sevirdi. Başqa haralara aparırdı sizi?

- Tanınmış biri idi deyə küçəyə çıxanda hamı ona yaxınlaşırdı. Bir gəmi kapitanı dostu var idi, onun yanına aparmışdı bizi, gəmidə xeyli əylənmişdik. Sonra bulvarda velosiped sürməyə aparırdı. Atam da bizə qoşulurdu. Anam ev heyvanı saxlamağa qarşı idi, qoymurdu evə it-pişik salaq. Atam isə xoşlayırdı və bizə hər cür heyvandan almışdı (gülür). Bizim nazımızla çox oynayırdı.

- Qardaşınıza münasibəti necə idi? Ona da qadağa qoymurdu, ya əksinə?

- Əvvəla qardaşımla dost kimi idilər. Nəsə bir problem çıxanda da atam heç vaxt əsəbiləşmirdi. Özünü təmkinli aparırdı. Qardaşımla da yaxşı yola gedirdilər. Atam həyata nikbin baxırdı. İnsan psixologiyasını çox yaxşı bilirdi. O, çox yaxşı bilirdi ki, nəyəsə qadağa qoysan, o zaman insan ona daha çox meylli olacaq.

- Aydan xanım, gəlin keçək ananızla atanızın münasibətinə. Tanışlıq tarixçəsi necə olub?

- Anamla atamın arasındakı yaş fərqi çox böyük olub.

Gallery

- Nə qədər?

- 14 yaş. Mənim babam, anamın atası Azad Quliyev də şair olub. Babamgildə məclis olub, atam da ordaymış, elə o qonaqlıqda anamı görüb və bəyənib . Bir-birilərini sevib evlənmişdilər.

- Yaş fərqi problem yaratmamışdı ki?

- Atam gec evlənmişdi. Onda atamın 34 yaşı, anamın isə 20 yaşı vardı. O dönəm üçün bu normal idi və heç bir problem də çıxmamışdı. Anam da ədəbiyyat adamıdır. Rus ədəbiyyatı mütəxəssisidir.

- Biri türk ədəbiyyatı mütəxəssisi, o biri rus...

- Eynən. Onların dünya görüşü bir-birinə çox yaxın idi, bir-birinə dəstək dururdular. Bizim çox mehriban ailəmiz olub. Uşaqlıq illəri mənim ən gözəl illərim idi.

Gallery

- Qısqanclığı var idi xanımına?

- Deməzdim. Onlar bir-biri ilə çox yaxşı anlaşırdı. Heç vaxt “harasa getmə, onu geyinmə” söhbəti olmayıb. Çünki bir-birilərinə qarşı hörmətləri vardı. Atamda qısqanclıq hissi görməmişəm.

- Babanızı yəqin ki, görə bilməmisiniz. Cəfər Xəndanı...

- Atam da erkən dünyadan köçüb, babam da. Babam öləndə 50 yaşı vardı. 50 yaş indi baxanda çox az görünür, amma babam Azərbaycan elmi üçün böyük xidmətlər göstərmişdi. Universitet rektoru olub, dərsliklər yazıb... Atam uşaq vaxtı bizə onun şəkillərini göstərirdi, haqqında danışırdı. Biz elə o vaxtdan babamızın kim olduğunu bilmişdik. Nizami Gəncəvidən, Puşkindən tərcümələri olduğunu elə uşaq vaxtından bilirdim. Bilirdik ki, yetimçiliklə böyüyüb, uşaqlıqdan atasını, anasını itirib və özü təkbaşına bu yerlərə qədər gəlib çıxıb.

- Evə gedib-gələnlərdən kimləri xatırlayırsınız?

- Bizim evimiz həmişə qonaq-qaralı olub. Qonaqlarımız da mədəniyyət xadimləri idi. Evimiz yazıçıların binasında idi. Həyətdə gəzəndə ən məşhur yazıçılarla qarşılaşırdıq. Evimizin daimi qonağı Xəlil Rza idi. Tez-tez bizə gələrdi. Ulutürk təxəllüsünü də atam ona vermişdi.

Gallery

- Maraqlıdır...

- Bəli. Deyib, sən Ulutürk təxəllüsünü götür, ulu böyük deməkdir. Xəlil əmiylə bağlı çox xatirələrim var. Səhər tezdən gəlirdi bizə, hamımızı oyadırdı. Özü də belə oyadırdı: “İgid! Oyan! Gün çıxıb!” Danışanda da pafosla danışırdı (gülür). Bir dəfə gəldim dedim, Xəlil əmi, məktəbdə sizin şeirinizi veriblər əzbərləməyə. Soruşdu, hansı şeirdi. Dedim, “26-lar şeiri”, “Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir”. Şeiri əzbərə dedim. O da məktəb kitabını götürüb şeirinin altına yazdı ki, Xəlil əmisindən Aydan balasına. Nömrəsini də yazdı.

- Nömrəsini?

- Hə. Ümumiyyətlə, qəribə adam idi Xəlil əmi. Onun bir xasiyyəti də var idi. Elə hey gündəlik yazırdı. Məsələn, gedib çay gətirirdim, yazırdı ki, Aydan balam, Günəş balam gəldi, mənə çay gətirdi. Mütləq onu ora yazmalıydı.

- Atanız yumor dolu biri olub, zarafatları ilə də məşhurdur. Yəqin dostları ilə də, sizinlə də unudulmaz zarafatlar edib.

- Elədir, atam çox zarafatcıl adam idi. Dostları ilə də, elə bizimlə də zarafatlar edirdi. Hətta kitab da çıxmışdı, Hüseyn Arif və atamla bağlı. Hüseyn Arif də evimizin daimi qonağı idi, dəhşət də zarafatcıl adamıydı. Atam da həmişə özündən yaşca böyüklərlə oturub-dururdu. Məsələn, atamın tez-tez elədiyi bir zarafatı xatırlayıram. İki nəfər söhbət edəndə birinə deyirdi ki, o səni eşitmir, bərkdən danış, o birisinə də eyni şeyi deyirdi, nəticədə hər iki tərəf bərkdən danışırdı (gülüşmə). Qardaşım axırıncı sinifdə oxuyurdu, qiymətləri bir fəndən bir az zəif idi. Atamı məktəbə çağırmışdılar. Demişdilər, bəs oğlunuz Xəndan bu fənni yaxşı oxumur. Atam da təmkinlə deyib ki, narahat olmayın, söz verib, gələn il oxuyacaq. Gələn il də məktəb qurtarır axı (gülür). Bax belə zarafatları vardı. Hazırcavab idi. Və bizim ömrümüz onun zarafatları ilə daha da gözəlləşmişdi.

- Yazıçılardan başqa sənət aləmindən kimlərlə dostluq edirdi?

- Bəstəkar Cahangir Cahangirov. Evimizə tez-tez gəlirdi. Qonşuyduq. Xatırlayıram, atam İstanbuldan gələndə Cahangir əmi bizə gəlmişdi. Atam ona dedi ki, Türkiyədən Azərbaycanın himnini tapmışam. Sən pianinoda gərək bunu ifa edəsən, sonra biz bunu çıxaraq televiziyaya. Cahangir əmi bir az elə bil qorxdu. Çünki o vaxt himnimiz hələ təsdiq olunmamışdı. Yadımdadır, Azadlıq meydanında Koroğlu uvertürası səslənirdi, bir müddət himn əvəzinə o uvertüranı götürmüşdülər. Daha sonra Cahangir əmi razılaşdı, televiziyada o, pianino ilə ifa etdi, atam da mətni oxudu. Onların bir yerdə mahnıları da var...

- Məşhur mahnıların çoxu atanızın adı ilə bağlıdır. Hətta filmlərdəki mahnılar da...

- Bəli. “Dəli kür”də “Ana kür” mahnısı. Sonra... “Keçən günlərimi qaytaraydılar...” Özü də bu mahnının başı çox ağrılar çəkmişdi.

Gallery

- Necə?

- Onun səslənməsinə icazə vermirdilər. Əvvəla ruh etibarı ilə Qərb üslubunda yazılıb, tanqo stilində. Sözlərinə də ilişirdilər. Deyirdilər, necə yəni, sovet dönəmində bir sovet vətəndaşı keçən günlərin qayıtmasını arzulayır. Deməli, Müsavat dönəminin qayıtmasını istəyir.

- Atanıza buna görə təzyiq oldu?

- Ümumiyyətlə, mən həmişə bir şeyə təəccüb etmişəm. Bu yaxınlarda onu anamdan da soruşdum. Dedim, baxıram atamın şeirlərinə, türkçülüklə bağlı nə qədər şeiri var. Maraqlıdır, bunu o dövr necə icazə veriblər çap etməyə? Anam onun belə bir fəndini danışdı. Dedi, senzuradan keçirib sonra son variantını dəyişdirib elə çapa verirmiş.

- Bəs senzuranın bundan xəbəri olmurmuş?

- Yəqin onları da yola gətirməyi bacarıbmış.

- Sizin atanız da Xəlil Rza ilə bir yerdə olub, dost idilər. Ancaq nədənsə atanız Xəlil Rza qədər tanına bilmədi, sanki bir az kölgədə qaldı. Bu sizi sıxmır ki?

- Xeyr. Mən populyarlıq arxasınca qaçan bir ailədən olmamışam. Zənnimcə, hər şairin öz yeri, dəsti-xətti, məşhurluq səviyyəsi var. Onu da unutmamaq lazımdır ki, Xəlil əmi Lefortovoda, məşhur zindanda olmuşdu, çox əziyyətlər çəkmişdi. Lefortovodan çıxanda bizə gəlişini xatırlayıram. Mən onda tələbə idim. Atam qapını açdı, həyəcanla dedi ki, Xəlil Rza gəlib. Balkondan Xəlil əmiyə baxdım və onu tanımadım. Tutuldum. Xəlil əminin saqqalı çoxalmışdı, dəhşət yorğun görünürdü. Ona orda çox əziyyətlər vermişdilər. Mənim tutulduğumu görəndə qucaqladı məni, dedi, qızım, bilirsən mən niyə bu haldayam, məni filmə çəkəcəklər, Füzuli roluna. Zarafatla məni sakitləşdirmişdi. Atamın da bir başqa yaşantısı vardı bunla bərabər. Xəlil Rza ilə eyni acını paylaşırdı.

Gallery

- O dönəmləri necə xatırlayırsınız, ümumiyyətlə? Milli Azadlıq hərəkatı vaxtı. Atanızın təşvişləri...

- Çox yaxşı xatırlayıram. Xüsusən də 20 Yanvar gününün əvvəli. Atam çox həyəcanlı idi. Deyirdi, girəcəklər. Onun təşvişini görürdük. Deyirlər, kişilər ağlamaz. Mən atamı heç vaxt ağlayan görməmişdim. Ancaq bir dəfə Mikayıl Müşfiqi televiziyada göstərəndə onun ağladığını gördüm. Müşfiqi hədsiz çox sevirdi. Bizə də nağıl əvəzi onun şeirlərini oxuyurdu. İndi mən şeirlər yazıram, oxuyanlar deyir ki, Mikayıl Müşfiqə bənzəyir.

- Sizə şeirlərini oxuyurdu?

- Bəli, oxuyurdu. Daha çox anama oxuyurdu, onun fikrini bilmək istəyirdi. Arada da bizə oxuyurdu. Soruşurdu ki, bəyəndin? Biz də fikrimizi deyirdik.

- İçkiylə, siqaretlə arası necəydi? Şairlərin vazkeçilməzi deyirlər...

- Siqareti çox çəkirdi. Evdə atamın içki içdiyini görməmişəm. Elə yazıçı-şair var ki, içib yazır, atamda elə deyildi. Dostları ilə içirdi. Özü də içəndə başqaları kimi aqressivləşmir, əksinə daha pozitiv olurdu. Ən zəhləsi gedən şey deyinmək idi. Deyirdi, deyinməyin. Yeməyi bəyənməyəndə deyirdi, elə deməyin, onu tapmayanlar da var, daşdan yumşaq nə varsa yeyin getsin. Bir də yaxşı bir xasiyyəti vardı. Küsülüləri barışdırırdı. Məclisdə küsülü olan dostları barışığa dəvət edirdi.

- Atanızın geyimi də sanki həmin dönəmin türk şairlərinin geyiminə bənzəyir...

- Ümumiyyətlə, atam da, onun atası Cəfər Xəndan da geyimə çox önəm verən adamlar olub. Babamın səliqəli geyindiyini, şux görkəmi olduğu haqda danışırdılar. Mən atamda da bunu görmüşəm. Həmişə zövqlü geyimlər alırdı özünə.

- Bəlkə də qəribə görünəcək bu sual... Geyimlərini saxlayırsınız? O geyimlərdə həm atanızın qoxusu, həm də dönəmin qoxusu var. Onun üçün soruşdum.

- Geyimlərini saxlamamışıq. Çünki bizdə adət belədir. Kasıblara paylamışıq. Mən türk mədəniyyətindən dərs deyirəm. O gün dərsdə də dedim ki, qədim türklərdə ruhlara inam var. Bu inama görə, insan öləndən sonra onun əşyaları ilə əlaqəsi qalır. Əşyalar onun ruhunu daşıyır.

- O zaman heç bir əşyası qalmayıb?

- Az-maz bir şey. Məsələn, eynəyi... Sonra siqareti tərgitmək üçün trupkası vardı, hərdən onu götürüb damağına qoyurdu. Amma tərgidə bilmədi. O trupka qalır. Sonra bloknotları, əlyazmaları, Boz Qurd heykəli, Atatürkün heykəli... Bunlar qalıb. Qalanlarını payladıq.

- Rəhmətə gedəndə sizin neçə yaşındaydınız?

- Mən 24 yaşındaydım. Övladım təzəcə dünyaya gəlmişdi. O, doğulandan iki ay sonra atam dünyasını dəyişdi. Özü də mən atamın ölümünü yuxumda görmüşdüm.

- Necə yuxu idi?

- Balıqlar bürcüyəm özüm. Bu bürcdə olanlar həssas olurlar, yuxuları çin çıxır. Yuxuda gördüm ki, girirəm həyətimizə, həyətimizdə böyük bir çadır qurulub. Deyirəm, burda kimin yasıdır belə. Bir rəfiqəm çıxır qabağıma, hüznlü-hüznlü mənə deyir ki, gir içəri, gir içəri. Həqiqətən də elə oldu. Atamın ölümünü məndən gizlətmişdilər. Çünki uşağım balacaydı, demək istəmirdilər. Dedilər, xəstəxanadadır.

- Nə qədər vaxt bilmədiniz?

- Ani ölüm oldu. Gözlənilməz. Anam onda mənim yanımdaydı. Oğlum bir neçə günlük idi. Mənə kömək etmək üçün yanımda idi anam. Onu qardaşım evə çağıranda qaçdı getdi. Atam bizi incitmədən, kabinetində, kreslosunda sakitcə dünyaya gözlərini yummuşdu. Qardaşım işdən evə gələndə onu elə halda görmüş, yuxuladığını zənn etmişdi. Anamı o evə çağırmışdı. Sonra qayınanam dedi ki, atan xəstəxanadadır. Səhər mənə dedilər, xəstəxanaya gedirik. Ancaq mən yuxuda gördüyüm üçün bilirdim ki, xəstəxanaya yox, evə gedirik. Elə də oldu. Mən başa düşdüm ki, artıq atam yoxdur. Evə getdik. Və mən yuxumun təkrarını orda gördüm. Mən bu yuxunu atama da demişdim. Onun hal-əhvalını soruşmuşdum. Heç bir şikayəti yox idi. Həmişəki kimi üzündə təbəssümlə demişdi ki, yaxşıdır və narahat olmayım. Gedəndə qucaqlaşıb sağollaşmışdıq. Hardan biləydim ki, bu atamla son görüşümdür.

2019

# 38960 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #