Atla toqquşan motosiklet, pərən-pərən düşən adamlar, qəribə uşaq – Reportaj

Atla toqquşan motosiklet, pərən-pərən düşən adamlar, qəribə uşaq – Reportaj
24 avqust 2022
# 09:00

Kulis.az Ayxan Ayvazın Qubanın Qəçrəş kəndindən yazdığı reportajı təqdim edir.

Yağış səhərəcən yağsın şəhərə,

Hamının dərdini yusun aparsın.

Quşlar qonaq gəlsin mavi Xəzərə,

Balıqlar evinə yosun aparsın...

Ölüm qapımıza elə gəlsin ki,

Birini alanda, biri qayıtsın...

Uşaqların üzü elə gülsün ki,

Mərmilər utanıb geri qayıtsın.

Qismət

Qubadan çıxanda maşının şüşəsindən göyüzünə baxdım: qara buludlar topalaşmış, hava tutqunlaşmışdı.

– Yağış yağacaq. – taksi şoferi baxdığımı görüb dedi.

Qızım bu yerdə əl çaldı.

Nənəm həmişə deyərdi ki, yağsın bala, yerinə yurduna yağır. İndi yağış dəyməyən Qubanın axırıncı küçələrini geridə qoyub ağacların, quşların bol olduğu, istilərin yoxa çıxdığı yolla gedirdik. Gördüyümüz hər yer bizə bir nağılın parçası kimi gəlirdi: sıx-sıx ağaclar, qəfil ortaya çıxan at, yol qırağına düzülmüş çətirlər, qarpız, yemiş tığınları...

Qəçrəşə çatanda göy üzü bir dəfə asqırdı – taksi sürücüsü dediyini təkrarladı:

– Yağacaq!

“Yağsın bala, yerinə, yurduna yağır”.

Qəçrəşdə ilk gördüyüm bu oldu: uzun ağaclarının birindən o birinə tullanan dələlər. Dələlər – deyəsən, iki dənə idi – hər dəfə təzə ağacın köksünə tullananda qorxuyla ətrafa döyükürdülər.

Yolun hər iki tərəfi ağaclıqla, göy üzü isə buludlarla örtülü idi. Təbiət bizim olduğumuz yeri günəşin yandırıcı şüalarından qorumaq üçün hər tərəfi bağlayıb kondisioneri yandırmışdı. Hamımız üşüyürdük – bircə qızımın vecinə deyildi, elə hey gülə-gülə yeriyirdi. Hər addımı yıxılmağa bir cəhd idi. O, bir azdan yeriməyin başını buraxıb qaçmağa başladı. Biz də arxasınca. Və ağacların arasında, təbiətin özünün uşaqlar üçün yaratdığı sahəyə çıxdıq. Burda uşaqlar futbol oynayırdı. Hava o qədər təmiz, uşaqlar o qədər gözəl görünürdü ki, bu xoşbəxt tabloya baxa-baxa ağlamaq istəyirdim.

– Bəsdi, sən də, sulugöz... – yoldaşım gülümsünüb qızımızın əlindən tutdu.

Baxdım ki, uşaqların futbol oynadığı yerin sağ tərəfində bir uşaq tək başına top çiləyir. Və birdən niyəsə mənə elə gəldi ki, Qəçrəş kəndinin yolları, ağacları, evləri – hamısı təpəsi üstə çevrilib, elə bil kimsə buranı qum saatı kimi tərsinə tutub. Uşağa yaxınlaşdım. Deyəsən, bir az hürkdü. Quş kimi bir-iki addım o biri tərəfə sıçradı. Sən demə, onun arxası sıldırım qaya imiş. Uşaqlar sıldırımın üstündəki futbol meydançasında futbol oynayırdılar. Bir uşaq tək-tənha top çiləyirdi. Qızım əlindəki yarpağı fırlada-fırlada anasının əlindən qaçmağa çalışırdı. Göy üzü tamam-kamal tündləşmişdi.

“Yağsın, bala, yerinə, yurduna yağır”.

– Qaqaş, – uşağa səsləndim.


Yenə qorxdu. Geri çəkildi. Topu qoltuğuna vurub üzü sıldırıma tərəf getdi. Tez ona yetişib saxladım.

– Qorxma.

– ... – sakitcə üzümə baxdı.

– Sən niyə tək oynayırsan?

Və birdən yenə göy üzü asqırmağa başladı. Özü də bu dəfə iki-üç dəfə. Bu dəfə yoldaşım dedi:

“Yağacaq, deyəsən”.

“Yağsın, bala, yerinə, yurduna yağır”.

Təkrar uşağa soruşdum:

– Niyə tək oynayırsan?

– Mən topla oynayıram. – dedi uşaq, özü də qışqıraraq.

Yol qırağında durmuş, üstlərinə günün dəlmə-deşik işıqları düşən qollu-budaqlı ağaclar elə bil səsdən səksəndi. Bu yolun arxasında restoran var idi, restoranın girişində atlar durmuşdu. Atlar yorğun görünürdü. Özü də yaman pis qoxuyurdular. Təzək iyi ilə ağacların rahiyəsi bir-birinə qarışmışdı.

– At çapmaq neçəyədir? – atların böyründə durmuş cavan oğlana soruşdum.

– Burdan bir “kruq” 15 manat.

– Bir “kruq” deyəndə nəyi deyirsən ki?

– Elə bil, bu meşənin başına kimi. Yola qədər. Ordan da qayıtmaq.

Atların belinə atlandıq, atlarla at dilində danışdıq. Atların üstündə Qəçrəşin əsrarəngiz mənzərəsi atılıb-düşdü: aşağıda quruyan çay, əyilən ağaclar, iri-iri daşlar təbiətin yarımçıq şeiri kimi bir qıraqda boynunu bükmüşdü.

Meşənin irəlisində adamlar dəstə-dəstə ətrafa səpələnib kabab çəkir, piknik edirdilər. Hər yerdən xoş tüstü iyi gəlir, su şırıltısı axıb-axıb kəndin çıxışına doğru gedirdi.

– Att! Attt!

Qızım yolun qırağından dalbadal keçən atlıları göstərirdi. Onlardan biri qabaqdan gələn motesikletlə az qala toqquşacaqdı. O toqquşma baş vermədi, ancaq at büdrəyib yerə yıxıldı. Bəlkə də, toqquşmuşdular. Nə biləsən? Uzaqdan elə də yaxşı görmürdüm. Toqquşmasalar, at niyə öz-özünə yerə yıxılsın ki?

Hamı hadisə yerinə axışdı ­– hətta kababçılar da, özü də əllərindəki şişi yerə qoymadan.

Atın gözlərində göy üzünü gördüm: qara buludlar çoxalmışdı. Elə bu vaxt ildırım çaxdı, yəni göy üzü bir dəfə də asqırdı. Kimsə dedi:

“Yağacaq! Qaçın!”

Mən qaçmadım.

Yoldaşım bir-iki dəfə cəhd edib məni dartmaq istədi. Alınmadı.

– Yağacaq indi. Gəl! Qaçaq!

“Yağsın, bala, yerinə, yurduna yağır”.

Səs-səmir kəsildi, insan hənirtisi gəlmədi. Ətrafdan yalnız quşların cikkiltisi, yarpaqların titrəyişi eşidilirdi. Hər şey yağışın yağmasına hazırlıq görürdü. Adamlar pərən-pərən düşüb gözdən itdilər. Elə bil kəndi bir gecədə boşaltmışdılar. Bircə uzaqdan-uzağa gələn it hürüşləri qalmışdı. Bir də qəfil başlayan yağış.

Mən tək qaldım. Tək. İslanırdım. Hər yerim yağış suyuna bulaşmışdı. Amma vecimə deyildi. Yağış əvvəl-əvvəl mərmi kimi yerə düşürdü, sonra yavaşladı, pıçıltıya çevrildi, burdan hərdənbir keçən atların ayaq tappıltısına qarışdı.

– Niyə gəlmədin? Səni gözlədik beş saatdı. – yoldaşım məni görən kimi üstümə cumdu.

– Yağışdan qaçmaq istəmədim.

Əlini yellədi. İndi yağış ahəstə-ahəstə yağırdı – pianinonun dillərinə toxunan balaca barmaqlar kimi.

Qəçrəşdəki xırda evlərin arxasında villalar boy göstərirdi. Kasıblar varlıların ətəyindən yapışmışdı sanki. Yağış yumuş torpağın bihuşedici ətri dolmuşdu hər yerə.

– Gedək çay içək!

– Yağacaq axı yenə. – yoldaşım əsəbiliklə dedi.

– Yağsın da. Neyləyək?

Bayaq pərən-pərən düşən adamlar indi təzədən birləşmişdilər və bol-bol şəkil çəkdirirdilər. Ofisiant bizi görəndə ərincək-ərincək yaxınlaşdı:

– Buyurun.

– Çay gətir.

– Müəllim, istəyirsiz, içəridə yerimiz var. Orda oturun. İndi yağış yağacaq.

“Yağsın, bala, yerinə, yurduna yağır”.

# 4004 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #