Saflıqdan gülünc vəziyyətə düşmək

Saflıqdan gülünc vəziyyətə düşmək
28 fevral 2020
# 10:57

Bəzən xırda bir əngəl həyatımızın tarazlığını poza bilir. O qədər çarəsiz bir vəziyyətdə olarıq ki, çıxış yolu tapmağa gücümüz çatmaz. Əslində isə, o kiçik maneənin bizim həyatımıza, altına girdiyimiz yükə dəxli yoxdu. Sadəcə ondan aslı olduğumuz üçün yaranan situasiya bizi çaş-baş qoyur.

“Nu poqodi” çizgi filmində belə bir epizod var: canavar özünə güvənərək ağırlığı qaldırmağa cəhd edir. Nəticədə, o, bunu bacarır. Lakin haradansa uçub gələn və ağırlığın üstünə qonan kəpənək ona mane olur, tarazlığı pozur. Bu zaman canavar gülünc vəziyyətə düşür. Artıq onun üçün ağırlıq yox, haradansa gəlib çıxan kəpənək önəmli yer tutur. Böyük işin altına girdiyinin fərqində olmadan canavar özünü çıxılmaz bir vəziyyətin pəncəsinə atır. Artıq onun üçün uğurun tək səbəbi kəpənəyi ordan uzaqlaşdırmaqdı. Lakin başının üstündəki ağırlıq taleyi kimi onun yaxasını buraxmır. Canavarın seçimi bizə gülünc gəlir. O, kəpənəyi uzaqlaşdıraraq ağırlığın öhdəsindən gələcəyini düşünür və nəticədə, güc-bəlayla qaldırdığı “ştanq” əlindən düşür. Kəpənək isə artıq işini bitirmiş biri kimi ordan uzaqlaşır...

“Nu poqodi” cizgi filmi bütün insanların düşəcəyi bir situasiyanı komik bir görünüşlə tamaşaçıya çatdırır. Gəlin, bir anlıq düşünək ki, canavar xoşbəxtliyə qovuşmaq istəyir. Bunun üçün o, dovşanı tutmalıdır. Həyatımız xoşbəxtliyimizin arxasınca düşməyə bənzəyir. Mənə bəzən elə gəlir ki, canavar dovşanı çox asanlıqla tuta bilər, lakin onun qarşısına çıxan xırda əngəllər bunu reallaşdırmır. Hər dəfə məğlub olan canavarın bir az əsəbi, bir az da özünə güvənərək: “Nu poqodi, zayeç!” deməyi onun təzədən xoşbəxtliyə can atmağından xəbər verir. Canavarın bu halını bircə cümləylə ifadə etmək olar: məğlub olduğunu bilə-bilə döyüşmək qazanmağın yarısıdır.

“Don Kixot”u xatırlayaq. Don Kixot və Sanço Pansa öz mübarizələrinin nə olduğunu anlamır, maraqlı bir macəra yaşayacaqlarına inanaraq hərəkət edirlər.

Don Kixot edə bilməyəcəyi işlərin altına özü girir və parodiyaya çevrilir. Sanço Pansa bu baxımından ağasından bir az fərqlənir. Məsələn, ona Don Kixotun sevdiyi qadının (cəngavərlik romanlarında deyilir ki, hər bir cəngavər mütləq öz könül yoldaşını tapmalıdır, bir sevdiyi olmalıdır) Toboslu Dulsineyanın guya tilsimə düşdüyünü və bu tilsimdən həmin xanımı qurtarmaq üçün yaraqçının özünə üç min üç yüz otuz üç dəfə şallaq vurması xahiş olunur, təbii ağası kimi Sanço Pansa da buna razı olur. Ancaq yaraqçı bir biclik işdədir, şallaqları özünə deyil, alça ağacına vurur və yenə də ağasına – Don Kixota bu gerçək kimi görsənir və o düşdüyü gülünc vəziyyətin fərqində olmur, bununla da onun fəlakətlərinin ardı-arası kəsilmir.

Uğurun, qalib gəlməyin tək yolu xırda əngəllərə ilişməməkdir. “Nupoqadi”dəki canavar və Don Kixotu ortaq nöqtədə birləşdirən onların saflığıdır. Məğlub olsalar belə, doğru bildikləri yoldan azmır, heç kimə mane olmurlar. Qazanmaq istədikləri üçün isə maneələr onların yaxasını buraxmır...

# 4398 dəfə oxunub

Müəllifin son yazıları

# # #