O qapıların arxasında nələr baş verir? - REPORTAJ

O qapıların arxasında nələr baş verir? - <span style="color:red;">REPORTAJ
2 iyun 2017
# 09:00

“Azərbaycanfilm” təqdim edir.

Ekranda Cəfər Cabbarlının büstü görünür.

Qıraq-bucaqda qızılgüllər gözə dəyir.

İki bağban güllərə qulluq göstərir...

Birinin əlində su şlanqı var.

Növbəti kadrda gənc jurnalistlə fotoqraf görünür. Onlar mühafizəçi ilə bərabər kinostudiyaya daxil olurlar. İçəri alaqaranlıqdır. Uzun dəhlizlər çay kimi axıb gedir.

Filmin titrləri ekrana yansıyır: “Kinostudiya”. Gənc jurnalistlə fotoqraf bu zaman kinostudiyanın direktoru Müşfiq Hətəmovla görüşür.

Yaxın planda Müşfiq Hətəmovdur, gülümsəyərək danışır:

- Kinostudiyanın quruluşu spesifikdir. Yəni bu quruluşda bina heç yerdə yoxdur. Bu binada hər şey kino üçün yerbəyer edilib.

Bu vaxt Müşfiq Hətəmova zəng gəlir, o ayağa durur:

- Dostları kinostudiyada gəzdirin. Pavilyonlara, səs studiyalarına...

Gənc jurnalist fotoqraf və bələdçi otaqdan çıxırlar. Növbəti kadrda “Səs studiyası” görünür. Rus dilində yazılan bir lövhə ekranda titrəyir.

İçəridə eynəkli bir kişi qarşılayır onları. Kamera onu göstərir. Kişi gülümsəyir:

- Mən Mehman Nadirovam. Burda səs rejissoruyam. Burda biz sinxron səs-küyləri yerbəyer edirik. Aktyorların danışığı, dublyaj işləri, çayın süzülməsi və s.

Jurnalist sual verir:

- Tək sizsiniz?

- Yox, filmə görə dəyişir. Bir rejissor olur, bir onun assistenti... – sonra başını qaşıyır – Sovet vaxtı ikinci rejissor idi deyəsən.

O biri kişi indi gəlib çıxır. Mehman onu təqdim edir:

- İsmayıl Dadaşov. Nəğməkar şairimiz.

Ekranda İsmayıl bəy görünür, o əl-qolunu ölçə-ölçə danışır:

- Mən musiqi tərtibatçısıyam – jurnalistin dəftərə qeydlər elədiyini görüb davam edir.

– Hələ gözlə e... Özüm nəğməkar şairəm.

- Bayaq Mehman bəy dedi. – jurnalist sadəlövhcəsinə dillənir.

- Hə... 500-dən çox mahnının müəllifiyəm. Nöş məni tanımırsan? Amma sən mənə hardansa tanış gəlirsən.

Jurnalist:

- Hardan olar görəsən?

- Bilmirəm... Nəsə... Qulaq as e... Gör nə deyirəm... Bax o mahnı var e, “Mənim Azərbaycanım”. Bildin də hansını deyirəm? Bax onun musiqisi mənə aiddir. Sonra “Qurban olum, Azərbaycan”. Hələ o Aygün oxuyan var e... “Şəklimi çəkə-çəkə hərdən”... Mən 1978-ci ildən burdayam.

- Məndən 1 il sonra gəlmisən ki... – Mehman bəy deyir.

- Hələ mən filmdə də oynamışam e...

- Nə rolunda? – jurnalist soruşur.

- Baş rolda... – İsmayıl bəy bunu deyəndə Mehman bəy də, bələdçi də gülürlər.

Növbəti kadrda uzun, çay kimi axıb gedən dəhliz görünür...

Sonra jurnalistlə fotoqraf “Pirotexnika” yazılan lövhənin qabağında dayanırlar.

Bələdçi: “Dayan. Burda silahlar var” – deyir və qapını açır.

Yaxın planda eynəkli kişidir:

- Məyim adım Əlibaladur. Obşim mən... Rus dilliyəm, çox danışa bilmiycem. Size göstərə bilərəm.

Ekranda silahlar görünür, köhnə silahlar.

- Bəs bombanı necə hazırlayırlar? – jurnalist soruşur.

- Mən səə diyim də... – eynəyini düzəldən Əlibala müəllim sözə başlayır. – Biz imitasiya edirük. Bi dayğa...

Ekranda Əlibala müəllimin telefonundakı video görünür. Əlibala müəllim əlində pult yolun qırağında çömbəlib. Yoldan maşın gəlir və onun qabağında partlayış baş verir.

- Gördün? Bax burda maşın partlamır. Görürsən də. Qabağı partlayır. İstəsək maşını da partladarıq. Bu “Köç” filmindəndir...

- Burda hazırlayırsız? – jurnalist soruşur.

- Yox... Mənim “masiskoyum” var, orda. Burda ancaq silahlardır. Bax bunlar köhnə rus silahlarıdır. Elələri var ki, yüngüldür, bu atmaq üçün deyil, eləcə göstəriş üçündür. Amma bax bu...

Jurnalist silahı əlinə alanda qolları bir azca aşağı düşür: “Ağırdı...” deyə pıçıldayır.

- Bu atışma vaxtı istifadə olunanlardandır.

Jurnalist gözünün qabağına atışma səhnələri gətirir: atlılar əllərində silah dağın döşündə düşmənlə atışır, bir-iki nəfər dəyən güllədən atdan yıxılır. Güllə səsləri vıyıldayan küləyə qarışır. Ekranda “Axırıncı aşırım”dan bir kadr göstərilir.

Növbəti kadrda “Azanfilm” studiyası yazılan bir lövhə görünür. Burda animatorlar oturur. Gənc jurnalist həvəslə içəri girir, arxasınca bələdçi və fotoqraf daxil olur.

- Mən Emil İbrahimovam. – yaxın plan işə düşür. – Buranın icraçısıyam. Biz indi “Balaca şahzadə” animasiya filminə hazırlayırıq.

Jurnalist maraqla içəriyə göz gəzdirir. Animatorlar iri ekranlı kompüterlərinin qarşısında əsgər kimi farağat dayanıblar. Aralarında bir qadın var.

- Sizin işiniz nədir? – jurnalist yaxınlaşdığı ilk animatordan soruşur.

- Mən tərpədirəm...

Gülüşmə düşür.

Növbəti animatora yaxınlaşanda jurnalist gülə-gülə:

- Siz də tərpədirsiniz? – deyə soruşur.

Ekranda animasiya qəhrəmanı donub qalıb, bir azdan o yavaş-yavaş hərəkətə keçir.

- Xanım, bəs siz nə edirsiniz? – jurnalist soruşur.

- Mən çəkilən rəsmləri rəngləməklə məşğulam – qadın ekranda işini göstərir. – Adım Leyladır. Rəsmlər çəkilir, sonra mən onları ekranda rəngləyirəm.

Nisbətən cavan animator daha həvəslə danışır:

- Sizə asan gəlməsin. Animasiya üçün əvvəlcə rəsmlər çəkilir. Ondan əvvəl aktyorlar səs yazırlar. Sonra animatorlar rəsmləri hərəkətə gətirirlər. Səsə uyğun dodaq tərpənişlərini qoyuruq, ya oturma səsini...

Bu sözdən sonra da içəridəkilərin üzündə təbəssüm yaranır.

Baş animator danışır:

- Mən də işin yekununa baxıram. Montaj edirəm və filmi hazırlayıram.

Bələdçi, fotoqraf, jurnalist dəhliz boyu gedirlər. Jurnalist ehtiyatla tərpənir, qorxur ki, yıxıla bilər, tez-tez ayağının altındakı parketlərə baxır.

Növbəti kadrda lift görünür. İşlək vəziyyətdə deyil. Lift həsrətlə oğlunu gözləyən anaya oxşayır.

- Tənha lift... – jurnalist pıçıldayır. – Kədərlidir...

Bu dəfə pavilyon gözə dəyir.

- Deyəsən, “Maşın şou” çəkilir. – bələdçi deyir.

Ancaq səs-küy yoxdur, içəri sükut hökm sürür.

- Bu Azərbaycanda ən böyük “xromokey”dir. – bələdçi upuzun, yaşıl lövhəni göstərir.

- “Xromokey” nədir? – jurnalist çəkinə-çəkinə soruşur.

- Yəni çəkilişlərdə ondan istifadə olunur. Montaja rahat olsun deyə...

- Bəs niyə yaşıl? – fotoqraf soruşur. – Bizdə adətən ağ yaxşıdır.

- Yaşılda daha asandır.

Jurnalist bu vaxt xadimələrlə danışır:

- Siz nə vaxtdır burdasız?

- Çoxdan e... – kök qadın cavab verir. O, qapının qırağında durub, otaqda bir qadın da döşəmə süpürür.

- Bu bufetə də siz baxırsınız? – jurnalist barmağını bufetə tuşlayır.

- Yox... Bizim öz ocağımız var. Molla Nəsrəddin kimi öz eşşəyimizlə məşğuluq. – bunu döşəmə silən qadın deyir.

- Bu kimdi belə? – xadimə bələdçidən soruşur.

- Əşşi bunlar bilməz... – bələdçi jurnalistə deyir. – Gedək...

- Pah! Biz niyə bilmirik ki? Döşəmə silirik deyə savadsız ha döyülük?

Jurnalist xadiməyə üzrxahlıq edib bələdçinin arxası ilə qaçır.

- Kinostudiyanın direktorunu tanımır, deyir savadsız ha deyilik. – bələdçi deyir.

Ekranda divarlara vurulmuş məşhur rejissor və aktyorların şəkilləri görünür. Yenə uzun, darıxdırıcı dəhliz. Jurnalistin ehtiyatla addımlaması, geriyə baxması... Hərdən gəlib-keçən fəhlələr, kinostudiyanın işçiləri... Pəncərələrin o özündə profildən görünən Cəfər Cabbarlı...

- Bura geyim otağıdır. – bələdçi qapını açır. Yaşlı, balacaboy kişi, bir də bir qadın gülümsəyir.

Ekranda tarixi paltarlar boy göstərir; qumaşlar, papaqlar, xalatlar, rus zabitlərinin geyimləri...

- Bu Babəkin geyimidir! – qadın jurnalistə göstərir.

- Nə ağırdı belə... Rasim Balayev necə geyinib? Hələ at da çapıb!

- Əziz kişi eləyib bunu...

Əziz kişi gülümsünür:

- Dəridən toxunmadı.

Jurnalist Babəkin geyimini əyninə keçirir, fotoqraf onu çəkir. Sonra başqa geyimləri də əyninə keçirir.

- Bu “Sehrli xalat”dandır. Rəşidin xalatı. O İo-Kio babanınkı da eynidir. Prosto o böyükdür. Bu Rəşidin əyninədir.

Jurnalist üzündə təbəssüm Rəşidin xalatını geyinib fotoaparatın obyektivinə baxır: “Çırrık”...

Montaj otağında tək bir oğlan oturub. O, kadrda yorğun görünür. İçəri girənləri görəndə ərincəkliklə yerindən durur.

- Ədalət... – özünü təqdim edir.

- Elə bir nəfər olursunuz? – jurnalist soruşur.

- Filmə görə dəyişir. Rejissor hansı montajyorla işləmək istəyir, onu da seçir. Biz bu ekrandan – kompüteri göstərir – provayderə ötürürük, o divardakı geniş ekrana yansıyır.

Yorğun gənc montajyor yorğun-yorğun gülümsünür...

Bələdçi pillələri enə-enə məlumat verir:

- Bu tərəfdə heç bir qapı səs keçirmir, hər şey bu cür dizayn olunub.

Bu vaxt fəhlələr görünür. Onların əllərində beşik var, apara bilmədiklərindən yerə qoyub gülüşürlər, bələdçi də onlara qoşulur.

- Film üçün lazımdı bu beşik? – jurnalist soruşur.

- Yəqin ki...

Növbəti pillədə bələdçi:

- Ənvər müəllim... Ənvər Həsənov bir dəfə zibil yeşiyindən çap maşını tapmışdı. Dəli olmuşdu ki, bunun burda nə işi var. Təmizləyib özünə götürmüşdü. Ona beş min vermişdilər, vermədi.

- Kimlər?

- Xaricilər... 5 min dollar...

Növbəti kadrda kinostudiyanın ən balaca pavilyonudur. Burda üç veriliş çəkilir. Bələdçi, fotoqraf, jurnalist yarıqaranlıq pavilyonda gəzişirlər...

Bələdçi o biri kadrda jurnalistin qolundan tutub bir otağa aparır:

- Ənvər Həsənov... Məşhur aktyorumuz... “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”...

Ağ kepkalı, toppuş Ənvər Həsənov damağında siqaret onlarla salamlaşır.

- Təkcə bunlar? 70-dən çox filmə çəkilmişəm e...

- Bax bu kimdi tanıyırsan? – jurnalistdən soruşur.

Jurnalist şəklə baxır: “Pyer Rişar” – deyə pıçıldayır. “Belə oğlandı bax” – Ənvər müəllim əla işarəsi göstərir. – “Dostumdu ye...”

Başqa şəkillər ekranda görünür bu vaxt: məşhur aktyorlarla çəkilmiş fotolar, filmlərdən kadrlar... Bir də...

- O qılınc nədir?

- Babəkin qılıncıdır. – bələdçi ilə Ənvər müəllim bir-birinə baxıb gülürlər.

Ənvər Həsənov bir siqaret götürüb damağına qoyur. Bələdçi soruşur:

- O çap maşını necoldu?

- Əşşi heç nə e... apardılar.

- Siz onu zibil yeşiyində tapmışdınız? – jurnalist qəfil soruşur.

- Hə. Bilmirlər axı nədir. Markası “Mersedes”dir. Əntiqə şeydür... Mənnən 600-ə istədilər, vermədim.

- Bəs beş min idi... – bunu jurnalist pıçıltıyla deyir.

- Buraları çək e... – Ənvər müəllim fotoqrafa göstərir. – Bunlar hamısı tarixdi...

Jurnalist:

- Ənvər müəllimlə şəklimiz çək. Biz də tarixə düşək...

Növbəti kadrda jurnalist təsadüfən rastlarına çıxan rejissor Elçin Musaoğlu ilə şəkil çəkdirmək istəyir. Gəlib keçən adamlar Elçin müəllimlə salamlaşır, şəkil alınmır ki, alınmır.

Jurnalist:

- Burdan keçirdik, dedik, bir rejissor çıxsın qabağımıza şəkil çəkdirək. - əlini rejissora uzadır.

- Hə, axır ki, rejissor tutdunuz deməli... – Elçin müəllim gülümsünərək əlini jurnalistin boş qalmış əlinə vurur.

- Bir də durun... – fotoqraf deyir.

Dəhlizin uzun qaranlığı göz deşir.

- Birdən yıxılarıq e... – jurnalist ayağının altındakı parketə baxıb öz-özünə donquldanır.

Şəkil çəkilir. Onlar gülümsünərək bir-birindən ayrılırlar. Bələdçi də işini bitirib sağollaşır. Qaranlıq dəhliz get-gedə işığa çıxır.

İşığa gedən yolda pəncərədən Cəfər Cabbarlının heykəli görünür.

Titrdə yazı gedir:

Filmin sonu

# 4484 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #