Onlar da bizim kimi boşanırlar – Gürcü şairin imza günündən REPORTAJ

<b>Onlar da bizim kimi boşanırlar – Gürcü şairin imza günündən <span style="color:red;">REPORTAJ </b>
10 mart 2017
# 09:00

Baharın ilk günləri yurdumuza gürcü şairi Giorgi Kekelidze təşrif buyurmuşdu. Gürcü havası əsirdi bayırdan. Axundov kitabxanasının arxasında, Açıq kitabxanada gənc qızlar toplaşmışdı.

Gözlərim “badono” (cənab – red.) Giorgini axtarırdı. 2013-cü ildə Gürcüstan kitab festivalında tanış olmuş, ayaqüstü söhbət etmişdik.

- Şair budur, qaqaş? – bir nəfər yaxınlaşıb soruşdu.

Uzun, arıq bir oğlanı göstərirdi, əllərini qabağında çarpazlamışdı. Bir anlıq festivaldakı Giorgi ilə bu oğlanı xəyalımda müqayisə edib gülümsündüm: “Odur, gedək, şairlə görüşək”.

- Qamorcoba! - əlimi uzatdım. – Biz tanışıq, Giorgi. Festivaldan.

Sonra yanımdakı adamı təqdim elədim. Doğrusu, kim olduğunu bilmirdim, sadəcə əlimlə çiyninə vurub dedim ki, dostumdur.

Arıq oğlan heç nə başa düşməyən ifadələrlə bizi süzdü, üzbəüzdəki kameranın arxasına keçib kiməsə səsləndi: “İşıqlarını yoxlayın”.

- Operator imiş e... – bayaqkı oğlan gülə-gülə məndən aralandı. – Bəs deyirdin tanışıq?

Mən xəcalətdən yerin dibinə girməyə hazır idim ki, bənövşəyi kepkada bir adam gördüm və özümdən asılı olmadan qışqırdım: “Kekelidze”.

Təkcə Kekelidze deyil, orda olan hamı bizə baxdı. Qəfil Rəşad Məcidlə üz-üzə gəldik.

- Bu Kekelidze hansıdır? – məndən soruşdu.

- Bir suyu bizim Şəhriyara oxşayır. – dedim. – Festivaldan tanışıq.

Artıq hamı yerini tutmuşdu. Kekelidze bənövşəyi kepkasını düzəldə-düzəldə keçib kənarda dayandı. Rəşad Məcid, Məqsəd Nur, Səlim Babulloğlu da onun yanında. Mikrofon əjdaha dili kimi onlara tərəf uzanmışdı.

- Bu gün mənim həmkarım. – Milli Kitabxananın direktoru Kərim Tahirov giriş sözü ilə tədbiri başlatdı. – Giorgi Kekelidzenin imza günüdür. Giorgi də Milli Kitabxananın direktorudur. Onun Azərbaycan ədəbiyyatı ilə də bağlılığı var. Giorginin bu kitabında bəhs etdiyi Quriya bölgəsi bizim Şəki bölgəsindəki adamlara çox bənzəyir... Gördüyünüz bu “Quriya gündəlikləri” kitabını...

Bu arada səs-küy düşdü. Məlum oldu ki, tərcüməçi ortalarda yoxdur. Hamı ucadan xanımın adını çəkdi, meydana kimsə çıxmadı. Sonra bir nəfər elan elədi: “28 maydadır, gəlir indi”...

- Giorgi bizim “Beynəlxalq Müşfiq mükafatını” da qazanıb”...

Gördüm ki, Giorgi əməlli-başlı darıxır. Ona yaxın idim, qəfil qışqırdım: “Kalbadono!” Giorgi təbəssümlə mənə baxdı, dirçəldi.

Bu arada Rəşad Məcid danışırdı:

- Giorginin özü deyib ki, tədbir azərbaycanca və gürcücə keçsin. Şair Azərbaycanda dəfələrlə olub...

Giorgi kepkasını düzəldib Rəşad Məcidə baxdı, sonra guya başa düşürmüş kimi başını aşağı-yuxarı salladı.

Növbəti söz Səlim Babullaoğlunun idi:

- Burda dedilər tədbir azərbaycanca olacaq. Amma mən istəyirəm... Ya pozdravlyayu...

Səlim müəllim qonağı rusca salamladı, xoş gəldin elədi. Bu an Giorgi qəfil rusca danışığı dayandırdı: “Lazım deyil”.

Və Səlim Babullaoğlu bizim dilə keçdi:

- Kekelidze həm şeir yazır, həm nəsr. Onun əsərləri gürcü folkloru üzərində dayanır. Nə qədər müasir şair olsa da, gürcü folklorundan qidalanır. Əsəri İmir Məmədli çevirib...

Yeri gəlmişkən, əsəri tərcümə edən də ortalarda yox idi.

- İmir müəllim tərcümədə həmin koloriti saxlayıb. Əsəri bir nəfəsə oxumaq olur. Düzdü, “Quriya gündəlikləri” gürcü xalqına xasdı. Ancaq mən kitabı oxuyanda öz Azərbaycan kəndlərimizi gördüm. “Quriya gündəlikləri” zərif yumor təhkiyəsində qələmə alınıb. Məsələn, kitabda bir yer var: “Quriyada xaçı elə çevirirdilər ki, Allahın belə onu görməyə vaxtı çatmırdı”. Xatırladım ki, bu kitab Gürcüstanda 2 ildir ki, bestsellerdir.

Tədbirdə iştirak edənlərdən bir “Nə” sədası ucaldı.

- Yəni... – Səlim müəllim düzəliş eləməyə məcbur oldu. – Ən çox oxunan kitabdır.

İştirakçılar dərin bir ah çəkib əlləri qoynuna söhbətə qulaq asmağa davam etdilər.

Daha sonra Bakı Dövlət Universitetinin kitabşünaslıq fakültəsinin dosenti Rasim Süleyman çıxış elədi. Onun detektivlər kimi qara eynəyi vardı. Müəllim söz demək üçün mikrofonla xeyli əlləşdi. Heç cür mikrofon sözə baxmırdı, gah belə qaçırdı, gah elə qaçırdı. Axırda Rəşad Məcid mikrofonun boğazından yapışıb dosentin ağzına yaxınlaşdırdı:

- Bu oğlanın elə də çox yaşı yoxdu. 84-cü ildi. Özü də bizim yerlərə oxşayır yazdığı yerlər. Daha çox Şəki bölgəsinə. Ordakı yumorlar filan. Evlənmək, qızları köçürmək.

Dosent mikrofonu təzədən əlindən buraxdı. Mikrofon qəzəblə zingildədi.

Söz verildi yazıçı Pərvinə. Pərvin xanım gürcü və Azərbaycan ədəbiyyatını müqayisə etdi, qonağın kitabı haqqında xoş sözlər dedi:

- Bizim böyük şəxsiyyətimizin ürəyi Tiflisdə yatır... – Axundov kitabxanasının həyətində eşitdiyim tarixi cümlə. Nə vaxtsa qızıl hərflərlə yazılacaq cümlə.

- Mən bu kitabı vərəqləyəndə bir anlıq düşündüm ki, bu kitabı bir gürcü deyil, azərbaycanlı yazıb.

Pərvin xanımın son cümlələrindən sonra gözlərim dosentə sataşdı. O, qara eynəyini düzəldir, saçına sığal çəkir, poza verirdi. Çönüb baxanda bir qızın planşetlə onu şaqqa-şaraq çəkdiyinə şahid oldum. Qız gülümsünür və tez-tez “müəllim belə durun” deyir, sonra da planşetə zərif barmaqlarını toxundururdu. Bir neçə çıxışçı danışdı bu minvalla, dosent isə poza verməkdən usanmadı ki, usanmadı. Sonra planşeti əlinə alıb öz şəkillərinə qara eynəyinin altından baxdı...

Bir azdan mikrofonun arxasındakı bir oğlanın sözlərinə qulaqlarımı şəklədim:

- Quriyanın da adamları bizim yerlərin adamları kimi boşanırlar.

Giorginin tərcüməçisi gəlmişdi, kənarda durub pıçıldaşırdılar. Bir gənc xanım durna boğazı kimi nazik boğazını mikrofona uzadıb danışırdı:

- Burda bir oğlan bir qızla tanış olur. Sonra onlar evlənirlər. Toy olur. Ondan sonra...

Qulaq asan yox idi. Amma diqqətimi çəkən bir məqam oldu: qız bu tanışlıq bölümünü çox acıqlı danışırdı. Az qala ərə gedən o qızın arxasınca deyinirdi. Yazıq mikrofon bu qəzəbə dözməyib təzədən aşağı əyildi. Onu düzəltmək üçün iki-üç nəfər irəli şığıdı.

Bu vaxt bir oğlan çıxdı qabağa:

- Bu gün çox gözəl gündü... Giorgi qardaş... – çönüb ona əlini uzatdı və gülüşmə düşdü... – Mən özüm şəkiliyəm...

Quriya Gürcüstanın ən məzəli bölgələrindəndir. Oranın camaatı çox hazırcavab, zarafatcıl olurlar. Hər gün yumorun biri bir qəpiyə. Çıxışçılar və kitabı oxuyanlar da Quriyanı Şəkiyə bənzədirdilər. Bu qədər Şəki sözünün hallanmasından sonra oğlanın çıxıb bu elanı verməsi iştirakçıların üzündə təbəssüm yaratdı. Hətta oğlan bunu deyəndən sonra Giorgiyə tərəf çevrilib baxdı. Guya Giorgi onu başa düşdü. Gürcü şair çox güman oğlanı pərt etməmək üçün başını salladı.

Oğlan söhbətini qurtarandan sonra söz bir qıza verildi. Elə bildim ki, bu Giorginin sevgilisidir. Adı da olsun: Nino. Nino mikrofona yaxınlaşdı, birdən azərbaycanca danışmağa başladı. Əlim üzümdə qaldı. Bu bizim hansısa universitetimizdə təhsil alan və bu kitabı oxuyan qızlarımızdan idi.

Sonda Gerogi Kekelidze mikrofonun arxasına keçdi. Bu dəfə mikrofon özünü düz apardı, qonağı görüb şax dayandı onun qabağında.

Giorgi gələnlərə, onun haqqında xoş söz deyənlərə, kitabı tərcümə edənə, naşirə təşəkkür etdi.

- Çox mədəni oğlanmış... – yanımdakı qulağıma pıçıldadı.

- Şair dediyin bu qədər mədəni olmaz... – çox ağıllının biri deyib öz-özünə güldü.

Onlara fikir vermirdim, kitabı götürmək üçün fürsət gəzirdim. Giorgi hələ də dostluq və qardaşlıq haqqında söhbət edirdi.

Sonra gürcü şairinə suallar gəldi. Gördüm ki, dosent əlini havada yellədib qızlara nəsə deyir: “Çıxın biriniz sual verin... Tez eləyin...”

Qızlardan biri çıxıb sual verdi. Çox fərqli bir sual oldu: “Azərbaycan ədəbiyyatından kimləri oxuyursunuz?”

Sonra Giorgi kitabları imzalamağa başladı. Əlimdəki “Quriya gündəlikləri”ni vərəqləyə-vərəqlə düşünürdüm ki, bu kitabın janrı nədir? Romandır, povestdir, yoxsa esse?

Bir qız elə bil düşüncələrimi oxudu:

- Essedir. – dedi yanındakı qıza.

Giorgiyə yaxınlaşıb gürcücə salamlaşdım, ayağa durdu, çiynimə vurdu. Görünür, Bakıda tərcüməçidən savayı bir nəfərdən gürcü sözləri eşitmək xoşuna gəldi. Kitabımı imzaladı, həm gürcücə, həm də latın qrafiki ilə: “Aikhan”

Bir qız mənə yazılan imzanı görüb əlini-əlinə vurdu:

- Ay da mən də elə istəyirəm.

Dediyini tərcümə etdim. Giorgi təbəssümlə soruşdu:

- Adınız nədir?

- Səyyarə...

- Nə?

Giorgi bir neçə dəfə soruşdu, qız da cavabladı. Axırda dözə bilməyib dedim:

- Cənab Giorgi, siz o adı öyrənənə qədər axşam düşəcək...

Gülümsündü və dostcasına əlini uzatdı. Qızlardan biri şəklimizi çəkdi. İki qafqazlı obyektivə baxdıq...

# 2210 dəfə oxunub

Müəllifin son yazıları

# # #