Ramiz Rövşənlə Şəhriyar Del Gerani atışması – MƏTN

<b>Ramiz Rövşənlə Şəhriyar Del Gerani atışması – <span style="color:red;">MƏTN </b>
13 iyun 2018
# 11:40

Kulis.az Ayxan Ayvazın “Şəhriyar haqqında yarımçıq yazı” essesini təqdim edir.

"İtimiz də öldü, yoxdu xəbərin".

Bu misra uzun müddət yaddaşımda qəfəsə salınmış quş kimi çırpınıb.

Şəhriyar Del Geraninin həssaslığı dəmiri də dəlib keçər. İnsan da bu qədər həssas olarmı, İlahi? Şeirlərini oxuyanda həmişə əl-qolunu sallaya-sallaya, həyəcanla danışan adamları xatırlamışam. Bir də küləyin uğultusu. Bütün şeirlərinin qırmızı xətti küləkdir. Nə bilsin külək?

"Yerin dibinə aparır bu şaquli darıxmaq"

"sənə sarı dartılmaqdan tikə-tikə olmuşam"

Bir dəfə özünə dedim. Ki, şair, sən öz şeirlərinin mahiyyətini bu misrada açmısan:

"bəzən üzməyi də buna görə öyrənirsən
- nə vaxtsa bir gün daha dərinlərdə boğulmağ üçün..."

Sonra davam etdim:

"Sənin şeirlərin də belədir. Hər misrada boğulmaq təhlükəsi var. Və məncə, sənin şeirlərini gərəkdir ki, az oxuyasan. Əl-qol atıb, sahilə çıxmaq çətindir o şeirlərin qabağında. Bəlkə də biz ona görə o şeirləri oxuyuruq ki, daha dərinlərdə boğulaq".

Sonuncu cümləni gülmək üçün dedim. Amma həm də həqiqətdi. Və bilirəm ki, Şəhriyar mənim nə demək istədiyimi anındaca duydu. O şeirləri yazan adam xoşbəxt olmur. Çox qəribədir ki, bəzən ola da bilir. Lyosa demiş, insan bədbəxt olmaq və bütövləşmək üçün ədəbiyyata sığınır".

Şəhriyar bu mənada “bədbəxt və bütöv”dür.

Mən Şəhriyarı tanıyanda Hacızadə imzasıyla yazırdı. Bir kitabı da çıxmışdı. Adı məndə qalsın. Onda Şəhriyar hələ təzəcə “bədbəxtliyə namizəd” olmuşdu. Bütöv olmağı üçün gərək idi ki, İranda tutulsun. Özünüz burda bir gülüş işarəsi qoyun.

Şəhriyar İrandakı həbsdən qurtulanda zarafatyana bir hekayə də yazmışdım: “Şairin sevgilisi”. Oxuyub xeyli gülmüş idik.

İrandakı həbsi və anasının xərçəngdən ölümü... Onun şeirlərində anbaan görünüb yoxa çıxan bu ağrılar bizim yaxamızdan tutub silkələyir.

“anamızdan gizlənərdik, ölməmişdi anamız”

“enməmişdi kişiliyə, qadınlığa ruhumuz”

Bir az Vaqif Bayatlı vardı bu şeirlərdə, bir az Vaqif Səmədoğlu, bir az Salam Sarvan, bir az da başqaları... Amma Şəhriyar da vardı. Şəhriyar o şeirlərin havasını bir-birinə calayıb tərtəmiz bir göyüzü hazırladı bizə.

Bu şeirlərin enerjisi Hacızadə imzasına sığa bilməzdi. Mütləqdir ki, Del Gerani lazım idi ona. Və bu Del Gerani özündən sonra bir mərhələ yarada bildi. Onun kimi yazmağa çalışan cocuqlar ortaya çıxdı.

Şəhriyar da bir xeyli məst oldu bu populyarlıqdan.

Bəlkə də onun bu qədər tez şöhrətə çıxması “bədbəxtliyini və bütövlüyünü” kölgədə qoydu. Şöhrət də elə bir şeydir ki, səndən hər şeyi alır və sən onun əsirinə çevrilirsən. Və daha çox, daha çox şöhrətin peşində qoşursan.

Yazdığı qalmaqallı statuslar, dediyi fikirlər Şəhriyarın şöhrətini yemləmək amacı. Yemlədi, yemlədi və bir gün özünə dur dedi. O şöhrətin arxasında gizlənib məsumca boynunu bükən şeirlər təbəssümlə şairinə baxdı. Şəhriyar burda girinc duruma düşdü. Gördü ki, tək şöhrət həll eləmir hər şeyi, o mətnləri diriltmək lazımdı. Və tamam ayrı bir xəttə ayaq basdı. Oxuduqlarını da hislərinin üstünə duz tək səpdi. Bilmirəm, o əvvəlki şeirlərindəki nəğməni qoruyub saxlaya bildimi, bilmədi. Məncə, bildi, həm də bilmədi. Hər ikisi. Ona görə Şəhriyar yenə axtarışdadı. Və günün birində yenə nə “hoqqa” çıxaracaq, bunu heç Tanrı da bilməz.

Onu sevənlərdən çox sevməyənlər var. Daha dəqiqi bu: sevə-sevə nifrət edənlər. Dəfələrlə şahidi olmuşam bu acımasız gerçəyə: “Şəhriyarın şeirlərini sevirəm, amma özündən zəhləm gedir”. Bəlkə də yeganə şairdir ki, onu sevənlər eyni zamanda sevdiklərindən nifrət edirlər...

İş ondadır ki, sevginin də səbəbi məlum, nifrətin də. İkisi də haqlı. Sevənlər istedadını sevir. Nifrət edənlərin səbəbi bir az ayrı cürdür. Həm ona qısqanclıqdandı, həm də “ay şair, niyə belə elədin” qəzəbidir. Dostum olub ki, Şəhriyarı bəyəndiyimə görə məni atıb gedib. Ciddi deyirəm. Hə, bu da yəqin ki, səbəbsiz nifrətlərdən biridir.

Şəhriyarın özünə xas yumoru da var. Bir dəfə mənə zəng eləyib dedi ki, şair, bir adamla telefonda bir saatdan çox danışmaq məzmunsuzluq əlamətidir. Razılaşdım. Amma Şəhriyar o gün telefonda mənimlə bir saatdan da çox danışdı.

Yumoru demişkən... Yazılarında da hərdən-hərdən boy qaldıran bu “yerli” yumor onu bəzən pis vəziyyətdə də qoya bilir. Məsələn, aşağıda bir örnək:

Ramiz Rövşənlə dialoqu. Şəhriyar guya şairə ilişmək üçün soruşur:

- Ramiz müəllim, şeirinizdəki göy üzünə daş atan oğlanın axırı nə oldu?

Ramiz Rövşən onun top-tüfənglə silahlanmış yumoruna bir gülləylə son qoyur:

- Sənin şeirlərindəki itlərə daş atmağa gedib.

Şəhriyarın bığaltı gülümsəməsi ilə məsələ yat-küt olur.

Bu şıltaqlığı bir neçə dəfə publikada da eləyib, camaat isə onun yumor quyusuna düşüb. Və hər dəfə Şəhriyar o quyudakı adamlara baxıb təəssüflə başını bulayıb. Hərdən isə bu şıltaqlıq daşa çırpılıb, Şəhriyar yanlış qayaya rast gəlib. Özü də bunun peşmançılığını çəkməmiş deyildir.

Mən Şəhriyardan yazmağı heç düşünmürdüm. Ona görə yox ki, onu bəyənmirəm. Səbəb əslində çox sadədir: Şəhriyardan yazmaq çətindir. Onun şeirlərinin, ağrılarının yanında susmağı seçmişəm həmişə. Bəzən yazdığı bir yazıya görə zəng eləyib bircə kəlmə deyə bilmişəm: “Əclafsan”.

Şəhriyar bizi həmişə heyrətləndirməyi bacarıb. “Bu niyə belə elədi?”dən tutmuş, “Nə əla yazıb, ə”yə qədər.

Özü telefonda bir saat danışanları ciddi adam hesab etmədiyini deyib mənimlə iki saat söhbət edəndə anlamışdım ki, Şəhriyarı çözmək asan məsələ deyil. Hərdən zarafatla mənə deyirdi:

- O nə yazı idi, ə!

Bilənlər bilir ki, söhbət öz yazısından gedir. Nədənsə, onun bu eqoistliyi mənə xoş gəlib. Hərdən qıcıqlandırsa da... Şəhriyara özündən razılıq yaraşır. Bircə dozasını yerində istifadə eləsə...

Yazını bitirmək üçün yollar axtarıram. Hər dəfə bir söhbət çıxır ortaya. Şəhriyar yəqin ki, məni gözəl anlayar.

Bu yazı bitməyib. Bitməsi də çətindir. Sadəcə yazını burda dondururam. Gözləyirəm ki, Şəhriyar yazdığımı oxuyub məzəli tonda desin:

“O nə yazı idi, ə!”

# 1786 dəfə oxunub

Müəllifin son yazıları

# # #