Gənc şair: "Bizim qadınlar şairləri qul eləmək istəyirlər”

Gənc şair: "Bizim qadınlar şairləri qul eləmək istəyirlər”
5 may 2016
# 09:00

Kulis.az gənc şair İsmayıl Tanırla müsahibəni təqdim edir.

- Sənin şeirini ilk dəfə Facebookda gördüm. Hiss olunurdu ki, yeni nəfəs var şeirdə. Sonra səndən şeirlərini istədim çap üçün, mənə Kafkavari cavab verdin. Doğurdan, çap olunmaq istəmirdin?

- Mənim məqsədim odur ki, insanlara şeir çatsın, özüm yox. Çünki insanlara şeir lazımdır, mənim şəxsiyyətim deyil.

- Onsuz da şeirlərin çap olunur və oxuculara çatır...

- Bizdə çox vaxt yazarın varlığı onun yaradıcılığını üstələyir. Yazarı tanıyır, ancaq hansı əsəri olduğundan xəbəri yoxdur. Mən də istədim, bunun əksini edim: az görünüm, amma yaradıcılığım görünsün.

- Şeirlərini uzun müddət çap eləməmisən...

- Bunun bircə səbəbi var: təkamül.

- Bəs sən nə vaxtdan yazırsan?

- 2013-cü ildən bu yana yazıram.

- Çox vaxt deyilmiş...

- 1 il əsgərlik müddətini çıxsaq, 25 aydır şeir yazıram.

- Əsgərlik dedin, yadıma düşdü. Bir dəfə əsgərlik yoldaşın yazmışdı ki, biz naryadda olanda İsmayılın bloqunda şeirlərini oxuyurduq.

- Mən Sumqayıtda qulluq eləmişəm. Bir nəfər oxucu var idi, həmin ərəfələrdə bloq açmışdı. Orda şeirlərimi çap edirdi, sonra davam eləmədi.

- Çap olunmadın, olunmadın, birdən kitabın çıxdı: “Neandertalın yuxusu”.

- Şeirlərim çox yığılıb qalmışdı. Fikirləşdim ki, bu şeirlər nə vaxtsa çap olunmalıdır. Kitab çıxartmaqda məqsəd o şeirlərin itməməsinə görə idi. Həm də bu kitab yaradıcılığımın özü deyil, girişidir. Bütün şeirlər yaradıcılığımın önsözü kimidir bu kitabda. Artıq az bir vaxt olar ki, sırf öz, mənə məxsus şeirlərimi yazıram.

- Maraqlı adı var kitabının. Niyə “Neandertalın yuxusu”?

- Məni həmişə kitabın ağ və qara tərəfi maraqlanır. Ağ tərəfi insanların vəhşiliyə qayıtmasıdır. İbtidai, mağara dövrünə gəlib çatması. Burda duyğuların, hislərin təkamülüdür. İnsanlar indi bir paltara beş saat vaxt ayırırlar, ancaq duyğuya vaxt sərf eləmirlər. Bu da nəticədə insan irqinin sonuna gətirib çıxarır. Düşüncəmiz duyğularımızı üstələyir. Süni intellekt insanı özündən uzaqlaşdırır. Vaxt gələcək bizim düşüncəmizdən başqa heç nəyimiz qalmayacaq. Süni intellekt şeir yazır, roman yazır, yaradıcılıqla məşğuldur.

- Süni intellekt deyirsən, amma həqiqi intellekt də var.

- İntellekt deyəndə, biz çox oxuyan, mütaliəli adamı gözümüzün qabağına gətiririk. Mən Umberto Ekonun fikri ilə razıyam: intellektual adamın yaradıcılığı olmalıdır.

- Kitabındakı şeirlər haqqında deyirsən ki, onlar yaradıcılığımın girişidir, önsözüdür. İndi isə özümə məxsus şeirlər yazıram. Yəni əvvəlki şeirlərinlə indikinin fərqi nədir?

- “Neandertalın yuxusu” hələ uşaqdır, danışa bilmir, yeriyə bilmir, sözünü açıq deyə bilmir, iməkləyir hələ. Düzdü, uşaq insana daha çox xoş gəlir, ona görə o şeirlər oxuculara şirin gələ bilər. Ancaq hələ uşaqdı, böyüməyib. İndi isə hazır üç kitabım var çap olunmayan. Üçü də konsept olaraq ardıcıl gedir. Bunlar artıq böyümüş şeirlərdir, axırıncı şeirlərdə isə qocalma müşahidə olunur.

- Bu da sənin yaradıcılıq təkamülün...

- Hə, elədir. Şeirlərimi bir neçə ay əvvəl müqayisə edib bu nəticəyə gəldim. Mən əvvəl belə fikirləşmirdim. Yaşlı və cavan adama baxanda necə onları fərqləndirmək olursa, mənim şeirlərimi də o cür fərqləndirmək olur.

- Bəs bu səviyyəyə gəlməyini nəyə borclusan?

- Mən şeiri uşaqlığa enə bilmə qabiliyyətinə görə sevirəm. Bəzi hislər var ki, o uşaqlıqdan gəlir. Uşaqlıq yaddaşı, uşaqlıq xatirələri... Onların bir yerdə beyinə hopub sonradan kağıza köçürülməsi.

- Sənin şeirlərin böyümüş adamın şeirləridir. Yaş mənasında yox, daxilən. Çünki təzə yazanlar çox vaxt təsir altında qalır, özünə oxşamır, yeni deyil. Ancaq sənin şeirlərini hansısa şairin şeirlərinə bənzədə bilmədim.

- 22 yaşıma qədər şeir yazmaq ehtiyacı duymamışam. Bədiiliyə maraq ola bilər içimdə yaranıb, ancaq şeir yazmağı heç vaxt ağlımın ucundan da keçirtməmişəm. Həyatımda dəyişikliklər oldu sonralar. Dəyişikliyin üstündən də xeyli vaxt keçmişdi. Gecə vaxtı idi, oturmuşdum evdə. Stolun üstündə zoğal dənələri vardı. O zoğal dənələrinə baxanda bir xatirə canlandı gözümün qabağında. Mən onda ilk şeirimi yazdım. Xoşuma gəldi, gördüm ki, rahatlandım. Həmin ərəfədə 300-400 şeir yazdım, bir günə 4 ya 5 şeir. İndi isə o şeirlərin heç biri qalmayıb, kitabda bir neçəsi gedib.

- Deyirlər ki, yaradıcılıq travmalardan yaranır. Səndə də belə bir şey oldu?

- Travma deməyək. Sən artıq görürsən ki, yeni bir mərhələyə keçmisən. Düşüncə, inanc olaraq yeni mərhələdəsən. Bu mərhələyə keçmək də qəribsəmək duyğusu yaşadacaq. Başqa ölkəyə getmək kimidir bu. Sənin ətrafın artıq sənə yaddır. Sən onlardansan, amma onlar sənə yaddır.

- Eksiztensialist baxış var elə bil səndə... Kamyu və Sartırı sevirsən yəqin.

- Varlığı dərk eləmək istəyirəm sadəcə. Açığı deyim, ədəbiyyat adamı kimi Kamyu və Sartrı sevmirəm. Sartr mənim üçün yaxşı filosofdur, düşüncəsini bəyənirəm. Ancaq hesab edirəm ki, Sartrın yüz il sonrası yoxdur. Bilirsiniz, hər bir insan özünün varlığını qoruyub saxlamalıdır. Bizim öz varlığımızdan, bünövrəmizdən başqa heç nəyimiz yoxdur. Onu da qoruya bilməsək, heç nəyimiz qalmaz ortada.

- Sanki həyatın boşluqdadır. Razılaşmadığın çox şey var...

- Onsuz da insan özünü boşluqda istəyəndə razılaşmamaq hissi başlayır. Özünə niyə həyatdayam, niyə yaşayıram sualını verməlisən. Bu sualı verəndən sonra insan yaratmağa başlayır. Ədəbiyyat bizim həyatımıza hördüyümüz divardır. Özümüz hörürük, giririk içinə və orda yaşayırıq.

- İsmayıl, sənin dünyan çətindir bir az. Çap olunmaq da istəməmisən, boşluqdasan və s. Bəs sənin əlindən kim tutdu? Kim şeirlərini çap elətdirmək üçün sənə istiqamət göstərdi? Yəni qısacası kəşf olunmağın...

- Mənim bir neçə oxucum var ki, onlar ilk yazdığım şeirdən düz bu günə qədər yazdıqlarımı oxuyurlar. Yəni artıq onlar mənim şeirlərimin mütəxəsisləridir. Onlar çap olunmağımı deyirdilər, mən razı olmurdum. Açığı, bir az tənbəllik var idi. İnamsızlıq vardı ki, bu şeirlərin axırı nə olacaq. Məndə həmişə şübhəci yanaşma olur. Amma indi kitabıma baxıram, deyirəm, yox yaxşı ki, çap eləmişəm, orda yaxşı şeirlər var.

- Şairlərin qadınlarla da münasibəti yaxşı olur... Qadınlar şairlərə inanırlar.

- Bizim qadınlar şairlərə inanmırlar, onları qul eləmək istəyirlər. Bəlkə də bu düşüncəm qadın düşmənçiliyi kimi çıxa bilər. Ancaq qadın elə məxluqdur ki, o həmişə kişini qul eləmək istəyir. Qadın özündən başqa yaradıcılıq istəmir. Çünki qadın yaradıcılığın ən mükəmməl nümunəsi hesab olunur. Görəndə ki, kimsə nəsə yaradır, özlərinə rəqib görürlər. Qadınların məqsədi o olur ki, həmin şairi, yazıçını məhv eləsinlər.

- Sən də elə düşünürsən ki, qadın istedadın düşmənidir?

- Həm istedadın səbəbidir, həm də düşməni. Bəzi şairlər şeirdən hiyləgər kimi istifadə edib qadını aldadır. Qadın da elə-elə durmur, onu qul eləmək istəyir.

- Bəs səni qul eləmək istəyən qadın olub?

- Əlbəttə, olub. Ancaq mən şeir yazmayana qədər.

- Şeir yazandan sonra həyatında qadın olmayıb?

- Açığı, qadına ciddi yanaşa bilməmişəm. Mənim üçün şeir varsa, qadın ikinci mərhələyə keçir. Bir qadın mənim şeirimi oxuyub fikir bildirirsə, o artıq qadın olmur, oxucu olur. O qadınla münasibəti şeirimə xəyanət hesab edirəm.

- Şeirlə qadının arasında qalırsan və şeiri seçirsən...

- Ola bilər ki, şeiri nə vaxtsa tərk elədim, ancaq indi şeir mənim üçün ən öndədir.

- Qadını çox da ilahiləşdirməyək. Hər halda həyatımızda olmalıdır. Elə deyil?

- Məişət zəminində qadınlarla aram yaxşıdır.

- Sevgilin var?

- (gülür.) Hə deyəcəm problem yaranacaq, yox deyəcəm başqa bir problem.

- Niyə?

- Ünsiyyətdə olduğum müxtəlif qadınlar var. Ancaq sırf o ilahi eşq anlamında...

- Yox, ilahi eşq demirəm. Realdan söhbət gedir.

- Hə, anladım. Sırf bağlı olduğum qadın yoxdur.

- Şeir ayırır səni qadınlardan?

- Şeir məni təkcə qadınlardan yox, çox şeydən ayırır. Gündəlik qayğılardan, həyatdan və sair ayırır, həm də birləşdirir. Mən qadın mövzusunda şeir çox az yazmışam. İndi isə heç yoxdur. Qadın bizim üçün yaradan funksiyası daşıyır. Ancaq cinsəllik baxımından qadın o qədər də əhəmiyyətli deyil.

- Fəlsəfəni sevirsən deyəsən...

- Fəlsəfə elm kimi qətiyyən mənə maraqlı deyil. Bu filosofun fikirləri, tezisləri, anti-tezislər filan. Mən bir şeyi dərinliyinə qədər biləndə sevirəm. Yəni onun ağını, qarasını seçə bilim. Məsələn, Marksın bir əsərini oxumuşamsa, heç vaxt Marks kimi danışmaram. Bəlkə də idealist bir yanaşmadır.

- Hansısa ideologiyanın tərəfindəsən?

-. Mənim istədiyim odur ki, insanlar ürəkləri istəyən kimi yaşasınlar. Əlbəttə, bir-birilərinə mane olmamaq şərti ilə.

- Solçulara yaxınsan...

- Açığı, sağı sevmirəm. Tam solçu da sayılmaram. Ancaq solçulara yaxın hiss edirəm özümü. Cavanlıqdı da. Sağda romantika yoxdur, amma solda romantika var. Amma sırf özümə solçu demirəm.

- İsmayıl, Manera.az-ın keçirdiyi müsabiqədə qalib gəldin. Sənin kimi belə çap olunmağa biganə birinin müsabiqəyə qatılması da qəribədir. Ümumiyyətlə, necə baxırsan bu müsabiqələrə?

- Müsabiqəni keçirənin niyyətindən çox şey asılıdır. Özü də mən müsabiqə üçün nəsə yazmağı qəbul etmirəm. Ancaq hansısa müsabiqə şeirinə görə səni qalib edirsə, bundan gözəl nə var? Səni tanıdırlar, təbliğ edirlər az da olsa. Mən özü də qalib olmağıma inanmırdım. Çünki mənim şeirlərim təklikdə yox, bütövlükdə daha aydın və gözəldir. Adam bir şeiri oxuyursa, bunun davamını da oxumalıdır. Tək şeiri anlaya bilməzlər.

- Onda sənin şeirlərin roman kimidir...

- Roman deməyək. Şeirlər mənim özümdür, yaradıcılıqdır. Ayrı-ayrılıqda olanda şeirlər o yaradıcılıq olmur. Özü də mənim orda yer tutmağım hansındansa üstün olmağı anlamına gəlməz. Hər şeir öz tutumuna görə gözəldir və digərləri ilə müqayisəyə gəlməz.

- Şeirdə iddialısan bəs?

- Mən elə hesab edirəm ki, şeirlərim Azərbaycan ədəbiyyatında ağır yerə sahib şeirlərdir. Bu fikirdə olmasaydım, o kitabı da çap etdirməzdim. Ola bilər ki, oxucum birə beş artsın. Amma sırf ədəbiyyat naminə desək, artıq mən elədiyimi eləmişəm. Mənim iddiam yoxdu, çünki mən ədəbiyyatda lazım olan yerdəyəm.

- İndi dünyada şeirin sanki çöküşü baş verib. Hər kəs nəsr əsərləri oxumaq istəyir. Sən də yeni yazan bir şairsən. Şeir ölübmü, səncə?

- Şeir ölməyib, insanlar ölüb. Ya da belə deyək, ölməkdədirlər. Dediyim kimi, süni intellekt başlayıb. İnsanlar səni düşündürməyi bir az bacaran, ancaq duyğularını oyatmayan işlərlə məşğuldur. Buna görə də roman oxunur. Roman halbuki insanın vaxtını çox alır. Şeir isə insanın gününü alır. Bir toxum kimi yəni. Bu nifrət də, sevgi də ola bilər. Ona görə də insanlar öz öldükləri ilə barışa bilməyib şeiri ölü çıxarırlar.

- Azərbaycan şeirini necə görürsən bəs?

- Azərbaycan şeiri bir süvenirdir. Düzdü, onu süvenirdən çıxartmağa çalışdılar, amma yenə də mahiyyəti dəyişmədi. Azərbaycanda nə qədər yazan var, amma şeir, şair yoxdur.

- Heç bəyəndiyin şair yoxdu Azərbaycanda?

- Hazırda bəyəndiyim Azərbaycan şairi yoxdur. Ən məşhur şairlərimizi oxuyanda sıxılıram. Görürəm ki, oyundur. Kobud çıxır demək, amma kötüyü, özəyi azdır şeirlərimizin.

- Dünyada necə?

- Mən əsasən türk şeirlərini oxuyuram. İngilis şeirlərini hiss edə bilmirəm, dili bilmədiyim üçün. İtalyan, yunan şeirlərini bəyənirəm. Mənə görə, şeirin vətəni Türkiyə və Yunanıstandır. Türklər və yunanlar şeirin ustalarıdır. Yunanlardan Kavafsisi çox bəyənirəm, türklərdən Turqut Uyar, Edip Cansevər. Bir də mən qadın şairləri çox sevirəm.

- Qadın şairləri bəyənməyin qəribə gəldi mənə...

- Qadın şairlər daha çox həssas olur. Darıxanda qadın şairləri oxuyuram həmişə. Silvia Plat çox xoşuma gəlir, məsələn.

- Bizim qadın şairlərdən sevdiyin var?

- Bizim qadın şairlər... (fikirləşir.) Yaxşı şeirləri olan var. Şeir elə bir şeydir ki, istənilən adam yaxşı şeir yaza bilər. Ancaq şair kimi olanlar azdır. Bəlkə də mən tanımıram. Bizim cəmiyyətdə qadın ikinci dərəcəli deyə, ədəbiyyatda da ikinci dərəcəlidir. Kişilər üstünlüyü ələ alıb. Ona görə qıraqda qalıblar.

- Təxəllüsün maraqlıdır: Tanır. Nə mənaya gəlir?

- Rasim Qaraca bir dəfə təklif elədi ki, özünə təxəllüs seç. Aramızda söhbət oldu. Mənim şeirlərim İsmael imzası ilə gedirdi. Rasim bəy bir neçə təxəllüs dedi, mən də Tanırı seçdim. Bu tanımaq felindəndir. Yəni türkcə tanır kimi səslənir.

- Rasim Qaraca ilə tanışsansa, AYO-nun üzvüsən...

- Yox, heç bir təşkilatın üzvü deyiləm. Açığı, təşkilatlar barədə də o qədər məlumatım yoxdur. Rasim bəy təklif etmişdi ki, gəl AYO-nun üzvü ol. Mən də ona dedim ki, hələ AYO-nu tanımıram. Əvvəlki üzvlərini tanıyırdım və mənə elə gəlirdi ki, AYO dağılıb. Öz fikrim var idi ki, Azərbaycan ədəbiyyatını dirçəltmək üçün yeni gənclər bir yerə yığılmalıdır. Sonra gördüm ki, sırf ədəbiyyatla bağlı adam yoxdur ətrafda.

- Bəs AYB-dən təklif gəlsə, necə?

- Yox, AYB mənlik deyil. Ədəbiyyat məncə, dövlətin qarşısında olmalıdır. Ədəbiyyat insanların tərəfində durmalıdır. Kimsə vəzifəyə haqqı varsa, orda olsun, istedadı da varsa, yazsın. Amma sən bu vəzifədən istifadə edib kimlərisə sıxışdıracaqsansa, gənclərə qarşı çıxacaqsansa, bu artıq diktaturadır. Ədəbiyyat da diktatorun düşmənidir.

- İsmayıl, maraqlıdır mənə, şöhrətpərəstsən?

- İnsan tək deyil, çoxdur. Onun müxtəlif tərəfləri var: şair, hiyləgər, şöhrətpərəst, xəsis. Məndə də şöhrətpərəst tərəf var. Yaradıcı adamlar, ümumiyyətlə şöhrətpərəst olurlar. Maddi olmasa da, alqışa, sevgiyə meyllidir. Öz əzabını insanlara satmaq istəyidir bu. Ancaq bu xəyanət deyil, insanlara xidmətdir.

- İndi nə işlə məşğulsan?

- Şeir yazmaqla. (gülür.) Müəyyən layihələr filan gerçəkləşdirirəm. Çox olmasa da qazanc, yaşayırıq.

# 3429 dəfə oxunub

Müəllifin son yazıları

# # #