Yazıçıların özlərindən məşhur sevgililəri

Yazıçıların özlərindən məşhur sevgililəri
28 aprel 2017
# 13:37

Dünyada elə yazıçı qadınları var ki, onlar ən az yazıçıların özləri qədər məşhurdurlar. Ədəbiyyat dünyası onları da yazıçılar qədər tanıyır. Kulis.az məşhur olan yazıçı qadınları haqqında yazını təqdim edir.

Kafka – Milena

Bu sevgi haqqında eşitməyən yoxdur. Kafkanın “Milenaya məktublar” əsərində onların necə böyük bir sevgi yaşadıqları öz əksini tapıb. Yazdığı əsərlərdəki kimi bu sevgidə də çıxılmazlıq var: Milena evlidir, Kafka nişanlı, aralarında da yaş fərqi. Ancaq yenə də məktublaşmağa davam edirlər. Böyük ümid və sevgi ilə...

Fitscerald – Zelda

İki dəli-dolu sevgili. Onların heç nə vecinə deyildi: yazıçı teatrda soyunub lüt otura, sevgilisi Zelda isə ondan geri qalmadan tuman-köynəklə fontanda çimə bilərdi. İkisinin də dəli-dolu olması dava üçün münbit şərait yaratdı. Zelda özündən çıxırdı, bir yerdə dura bilmirdi, qısqanclığı baş aparırdı. Fitscerald öz xanımı haqqında daha sonra yazırdı: “Mən ümidlə dolu olan xəstəxana divarları arxasında Zeldamı itirdim. Bizim sevgimiz əsrin ən böyük sevgisiydi. Münasibətimizdə azacıq qırılma olan vaxt həyatın mənası itdi”.

Tolstoy – Sofiya

Tolstoyun yeganə sevgisi. Onun həmdərdi və eyni zamanda yardımçısı. Əsərlərinin üzünün köçürülməsində Sofiya ona kömək edirdi. Bir gün aralarında mübahisə düşür. Evdən çıxan Tolstoy Astapovo stansiyanda soyuqdan xəstələnmiş elə orda da gözlərini əbədi yummuşdu.

Dostoyevski – Anna Snitkina

O zaman Dostoyevski dəhşətli pul korluğu çəkirdi. Əsərlərini tez bir zamanda yazmaq üçün stenoqrafçıya ehtiyacı vardı. Birdən Anna çıxdı ortaya. “Qumarbaz”ı diktə edəndə yazıçı qadının göz yaşı tökdüyünü gördü. Həmin il evləndilər. Sonralar Dostoyevskinin ölümündən sonra Anna yazıçı haqqında xatirələrini kitab elədi.

Ceyms Coys – Nora

“Uillis” romanını Nora ilə tanış olandan sonra yazıb. Nora qulluqçu işləyirdi, Coys isə yazırdı. Onların qəribə münasibətləri vardı. Coys dəhşət qısqanc adam idi, ancaq xanımına sərbəstlik vermişdi. Bu ixtiyarı vermək qısqanclıq üçün münbit şərait yaradırdı. Xanımı hər dəfə ona belə deyirdi: "Sən mənə qadın kimi yanaşmırsan, qulluqçu kimi baxırsan". Məşhur yazıçı da cavab verirdi: "Sən mənə yalnız yazmaq üçün lazımsan". Yazıçı “Uliss” romanında Nora ilə ilk dəfə görüşdüyü günü əbədiləşdirib. Belə ki, romanda hadisələr 1904-cü ilin 16 iyun günündə baş verir.

Ernest Heminquey - Marta Gellhorn

Onu ilk dəfə barda görmüşdü Heminquey. Marta müharibə müxbiri idi və maraqlı reportajları ilə səs salmışdı. Tanışlıqlarından sonra İspaniyada vətəndaş müharibəsi başlayır. Heminqueylə Marta ora gedirlər və İspaniya vətəndaş müharibəsi haqqında yazılar yazırlar. 1940-cı ildə evlənirlər. İkisi də müharibə müxbiri kimi dünyada tanınır. Heminqeuy “Əcəl zəngi” romanını Martaya ithaf edir. Ancaq getdikcə şöhrət tapan Martanı yazıçı qısqanmağa başlayır. Yazıçı istəyir ki, Marta işindən ayrılsın. Marta isə daha da parlamağa başlayır və günlərin birində “Kassndra Federasiyası” dərnəyi açır. Bununla da münasibətləri korlanır və 5 illik evlilik sona çatır.

Sartr – Simona de Bovuar

Məşhur sevgililər. Onların münasibətləri də öz qəribəlikləri ilə dünyada tanınır. Sartr Simonanı başqa qadınlarla aldadırdı, ancaq Simonanın bu vecinə deyildi. İkisi də filosof idi, fikirləri üst-üstə düşürdü. Simona feminizmin yaradıcısı kimi tanınsa da, Sartla evliliyi bu məşhurluğa başqa bir don geyindirdi. Heç vaxt rəsmi nikaha girmədilər.

Serqey Yesenin – İsadura Dunkan

Əfsanəvi sevgi. Yesenin bu rəqqasəyə aşiq olmuşdu. Elə ilk görüşdən... Yesenin onu görəndə bircə söz pıçıldamışdı: “Mələk...” Qadın isə Yeseninə belə demişdi: “Zolotoya qolova”. Sonra onlar birlikdə yaşamağa qərar verdilər. İsadura rəqs edir, Serqey Yesenin şeir yazırdı. Xoşbəxt idilər. Qadının qızğın, alovlu, ürəkdən gələn səmimi rəqsi şairin ağlını başından çıxardırdı. Ancaq xoşbəxtlik uzun çəkmədi, onların arasında mübahisələr düşdü, qadın Moskvadan getməyi planladı. Şair depressiyaya düşdü, içdi, içdi... Sonra qadın Parisə getdi...

Mayakovski – Lilya Brik

1915-ci ildə dost olmaq üçün çağırdığı Mayakovski Lilyaya aşiq oldu. I Dünya Müharibəsi ərəfəsində onların böyük və macəra dolu sevgisi baş tutdu. Hər kəsə bu sevgi qəribə gəlirdi, çünki Lilya Mayakovski ilə sevgili olanda evli idi. Mayakovski ona gözəl şeirlər ithaf edir. Ancaq hər şey şairin intiharı ilə sona çatır. Lilya Brik onu bir neçə dəfə intihardan xilas etdiyini söyləyir.

Nazim Hikmet – Vera Tulyakova

Nazimin çoxdan axtardığı saman sarısı bir qadın. Ölkəsindən uzaqda, həsrətin qol-budaq atdığı vaxtda Vera ortaya çıxır. Nazim infarkt keçirmişdi. Həkim deyirdi ki, sevməsəniz 10 il yaşaya bilərsiniz, sevsəniz 3 il. Nazim Veranı sevdi və 3 il yaşadı.

Markes – Mersedes

Bu ad sizi çaşdırmasın. Qabriel Qarsiya Markesin xanımıdır. Onu ədəbiyyat dünyası fədakarlığı ilə tanıyır. Markes “Yüz ilin tənhalığı”nı yazdığı müddətdə ailənin bütün ağırlığı Mersedesin çiyinlərində imiş. Qabo – Markesi belə çağırırdılar- bütün günü evdən bayıra çıxmadan əsər üzərində işləyir, Mersedes isə yoldaşını dolanışığa görə narahat etməmək üçün evdəki əşyaları lombarda qoyurmuş. Sonuncu dəfə lombarda qoyulan əşya fen olur. Onun pulunu isə əsərin əlyazmasını Argentinaya göndərən zaman poçta ödəyirlər. Sonra? Sonrasını bilirik. Hüdudsuz məşhurluq. Markes ölənə qədərə Mersedes onu tərk etmədi.

Bulqakov – Yelena Nürenberq

“Master və Marqarita” romanını Yelenaya ithaf edib. Yelena 35 yaşında, 1929-cu il fevralın 28-də Mixail Bulqakovla tanış olur. Onda Yelena ərdə idi və iki uşağı vardı. Görüşləri haqqında belə demişdi: “Bu taledir və bundan qaçış yoxdur”. Bərabər yaşamağa başladılar. Lakin günlərin birində Yelena ayrılmağa qərar verir. 20 aylıq ayrılıqdan sonra küçədə rastlaşırlar. Bulqakov pıçıldayır: “Sənsiz yaşaya bilmirəm”. Yelena: “Mən də...” deyir. Qadının əri arvadı ilə Bulqakovun münasibətlərini öyrənmişdi. Ancaq Yelena ərinə məktub yazıb boşanmalarını istəyir, kişi razılıq verir. Bundan sonra Yelena ilə Bulqakov evlənirlər.

Nizami Gəncəvi – Afaq

Nizami Gəncəvi təqribən 1169-1170-ci illərdə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq ilə evlənmişdi. 1174-cü ildə onların Məhəmməd adında oğulları anadan olmuşdur.

Qeyd: Nizami Gəncəvi və Afaqa aid olan şəkil “Nizami” filmindən götürülüb.

# 2269 dəfə oxunub

Müəllifin son yazıları

# # #