Yanğın vaxtı bulka yeyən vətəndaş - Ayxan Ayvazın yeni hekayəsi

Yanğın vaxtı bulka yeyən vətəndaş - Ayxan Ayvazın yeni hekayəsi
19 dekabr 2019
# 15:33

Kulis.az Ayxan Ayvazın "Tüstü, terrorist və bulku" hekayəsini təqdim edir.

Yolun o biri tərəfinə bir topa adam yığışmışdı, əməllli-başlı səs-küy idi. Mən indicə futbol oynayıb gəlmişdim, yorğundum, üstəlik bərk acmışdım. Evə getmək, yuyunmaq, yemək istəyirdim. Ancaq maraq ayaqlarımı camaat toplaşan yerə dartırdı.

Yaxınlıqdakı mağazadan üç bulka aldım, birini yeyə-yeyə qarışqa yuvasının ağzına bənzəyən həmin izdihamın yanına tələsdim. Qarşıda nəsə yanırdı. Elə bildim tonqal qalanıb.

- Nə binasıdır o? – bulkadan bir dişləm alıb soruşdum.

Camaat təzə gələnə tərəf çevrilib diqqətlə məni rentgendən keçirdi, sonra bir başı bağlı arvad cavab verdi:

- Görmürsənmi, a bala?! Ayın-oyun mağazasıdır.

- Ayın-oyun nədi, ay xala? – cavan bir oğlan soruşdu.

- Ticarət mərkəzi demək istəyir. – eynəkli yaşlı kişi dedi bunu.

Bulka yeyə-yeyə yanğına tamaşa etməyə davam etdim. Yanğınsöndürənlər gəlib çatmış, su şırnaqları işə salınmış, alovun üstünə fışqırtma əməliyyatı başlamışdı. Hamımız onların canfəşanlıqla yanğını söndürməsinə baxırdıq. Mənə bir anlıq elə gəldi ki, yanğınsöndürənlər qırmızının üstünə dəniz mavisi boya tökürlər.

- Qaqa, bir dənə məni çək də. Selfie yaxşı alınmır. – uzunboylu oğlan qabağıma keçib telefonu mənə uzatdı.

- Yaxşı telefondu.

- Hə... Təzə almışam. Elə bu yanan yerdən... – gülümsündü.

Şəklini çəkdim.

- Yox e, qaqa. Elə elə arxada yanğın da düşsün. Paylaşacam.

- Okey.

Telefonla video çəkənlər vardı, qolumuz bir-birinə dəyirdi.

- Obba... Bax bu qəşəngdi. – oğlan telefonu alıb razılıqla əlimi sıxdı.

Getdikcə gözümdə mağaraya bənzəyən ticarət mərkəzinin dörd bir tərəfində yanğınsöndürənlər şırhaşır suyu axıtmağa davam edirdilər.

- Vertolyota bax!

Kimsə dedi. Hamı bir anlıq başını yuxarı qaldırıb gələn vertolyota diqqət yetirdi. Başlardan əvvəl telefonlar göyə tuşlandı. Vertolyot dövrə vurub qabağa getdi.

- Camaatı düşürüb gələcək. – kimsə zarafat edib qımışdı. Gülən olmadı.

İkinci bulkanı əlimə aldım. Jurnalistlər hadisə yerinə tökülüşmüşdülər. Mikrofonlar, kameralar adamlardan çox görünürdü.

- Siz nə deyə bilərsiniz yanğın haqda? – biri qabağıma çıxdı.

Bulkadan bir dişləm alıb:

- Vallah, - dedim, - indicə gəldim.

- Siz burda yaşamırsınız?

- Yox, futbol oynamaqdan gəlirdim.

Mikrofonlu oğlan yanındakı kameralıya çöndü:

- Bunun dünya vecinə deyil. Gedək başqasından soruşaq.

Elə bildi, eşitmədim. Ayrı vaxt olsa dava salardım, amma indi çox yorğun və bərk ac idim. Nəfəs dərmədən bulkanı yeməyə girişdim. Bir də gördüm ki, hamı yanğından gözünü ayırıb mənə dikib. Nə pis yerdə axşamladıq. İndi jurnalistlərdən biri şəklimi çəkəcək, paylaşacaq, üstündən də yazacaqlar: “Yanğın vaxtı bulku yeyən vətəndaş. Ayıb olsun!”

Bulkanı gizlətməyə çalışsam da, ağzımı hara gizlədəcəyimi bilmədim: şar kimi dolan ağzımı yanğının əksinə çevirib bir-iki addım irəli getdim.

Uşaqlar yığışdı dörd tərəfimə. Bir bu çatmırdı. Nədi? Nolub? Gedin oyununuzu oynayın da. Çarəsiz bulkadan qırıb onlara da verdim. Hamısı sevincək götürdülər və biz yeyə-yeyə son çırpınışlarını edən yanğına baxdıq.

Bir azdan səs-küy düşdü. Kütlə çay kimi ikiyə bölünüb aralandı, polislər iki nəfəri qulaqlayıb aparırdılar.

- Oğraşlar!

- Nə olub?

- İçəridəki malları oğurlayırlarmış.

- Vay-vay.

Camaat aparılan iki nəfəri vurmaq üçün bir-iki dəfə qıcandı, polis “narahat olmayın, biz həll edərik” işarəsi ilə onları susdura bildi.

Təzədən yanğına baxdıq. Bulka da çox dadlıydı ha, öz aramızdı. Salafanda bircəciyi qalmışdı. Gərək çox alardım. Yanımda bir ayağı olmayan adam peyda oldu. Əsasına söykənib siqaret tüstülədirdi.

- Nə təhər yanır e...

Siqaretinin tüstüsü yanğın tüstüsünə qoşuldu.

- Dayı, yandıranın var? – oğlanın biri ona yaxınlaşdı.

- Neçə yaşın var sənin?

- İyirimi. Necə bəyəm?

- Bu pis şeydi. Tərgit getsin. Bu yaşda nöş siqaret çəkirsən? – bunu deyə-deyə yanan siqaretini oğlana uzatdı, oğlan da öz siqaretini odladı.

- İndikiləri başa düşmək olmur. – öz-özünə dedi, qadının biri yanından keçəndə xəfifcə qoluna toxundu. – Yavaaş da... Görmürsən? Əsaya dəysə, nolacaqdı?

Qadın heç onu eşitmədi.

- Nolub burda? – dedi izdihama baxa-baxa.

Deyəsən, təzə gəlmişdi.

– Kim yandırıb buranı?

Müstəntiq kimi dayanmadan suallar verirdi.

- Görmürsənmi, a bacı?! Ayın-oyun mağazasıdır.

- Ayın-oyun nədi, ay xala? – cavan bir oğlan soruşdu.

- Ticarət mərkəzi demək istəyir. – eynəkli yaşlı kişi dedi bunu.

- Hə... – qadın qaşlarını qaldırdı – Kim eləyib bəs?

- Terroristlər... – kimsə dedi.

- Yox bir... – camaatdan gülüşmə qopdu.

- Yəqin naqillərdən olub. – yaşlı kişi siqaretindən qullab alıb əminliklə dedi.

- Bəlkə kimsə peçi söndürməyib.

- İçəridə siqaret çəkiblər, söndürməyiblər. – bunu deyənin yəqin zarafat elədiyini düşünüb təzədən gülüşməyə başladılar.

- Elə dedilər axı. – həmin adam özü də gülə-gülə sözünün həqiqət olduğunu isbatlamağa çalışdı.

Təzə gəlmiş və artıq məsələdən halı olan arvad ora-bura baxanda qəfil gözünə mən sataşdım:

- Bıyyy! A bala, tüstü udursan e burda. Get uzaqda ye! Belə yerdə yemə... – qırıq val kimi ötməyə başladı, elə bil motor qoşmuşdular.

Onun arxasınca da bir neçə qadın məsləhət verməyə, baş aparmağa başladı.

Qırağa çəkildim. Bayaqkı əsalı kişi taytıya-taytıya qabağıma keçdi bu vaxt, qırışmış əllərini uzatdı, tikəmi ağzıma yox, onun ovcuna qoydum.

- Arvada bax ha... Mazqi xarab eləyir. Bayaq az qala yıxmışdı məni. Bilirsən, harda itirmişəm ayağımı?

- Harda? Qarabağda?

- Yox, ala. Maşın vurub. Bir az da ver də.

Bulkadan qırıb verdim.

- Kim partladıb görən? – yeyə-yeyə bilmirəm, məndənmi soruşdu, ya özündənmi. – Yüz faiz terroristlərin işidir.

- Terroristin nə işi var burda? – kimsə onun sözünə güldü.

- Sənə elə gəlir... – və əsalı kişi siyasətdən bir xeyli qırıldatdı...

- Suyun var? – nitqini bitirəndən sonra soruşdu.

- Yox!

- Bəs bizim yanğınımızı kim söndürəcək?

Güldü, güləndə mırıq dişlərini əli ilə gizlətmək istədi, heç cür bacara bilmədi.

# 4791 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #