Teymur Kərimli: “Ramiz Rövşən Nizamini tərcümə edə bilməz” – Müsahibə

Teymur Kərimli

Teymur Kərimli

27 dekabr 2021
# 15:00

Kulis.az AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Baş direktoru, akademik Teymur Kərimlinin APA-ya müsahibəsini təqdim edir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan olunub. Bu il Nizami haqqında xeyli danışıldı, xeyli yazıldı, bir sıra tədbirlər keçirildi. İlin yekununda biz də bu mövzuya müraciət etmək istədik. Müsahibimiz isə nizamişünas Teymur Kərimlidir. Çalışdıq ki, oxucuya maraqlı olan, Nizami haqqında az bilinən mətləblərdən daha çox danışaq.

- Teymur müəllim, Nizamini araşdıran bir elm adamı kimi necə düşünürsünüz, onun başqa şairlərdən fərqi nə idi?

- Nizami ədəbiyyatda çevriliş yaradan şairdir. O, şeiri demokratikləşdirmək yolunda çox böyük bir səy göstərib. Nizami təkcə şair deyil, həm də ədəbiyyatşünas idi. O, özü də ədəbiyyata yeni nə gətirdiyini bilirdi. Nizami ədəbiyyatı saraylardan daxmalara gətirmişdi. Yəni ona demokratik çalar vermişdi. Onun yaradıcılığında sadə adamlar vardı. Məsələn, “Sirlər xəzinəsi”ndə qarı gəlib Sultan Səncərin üzəngisindən tuturdu. Əslində, bu ağlasığmaz bir şeydir ki, adi bir qarı gəlsin, o boyda padşahın üzəngisindən tutub, onu günahlandırıb desin ki, sən şah deyilsən, quldursan. Nizami bu ideya ilə həm dövrünün, həm də gələcəyin hökmdarlarına təsir etmək istəyirdi.

- Bununla belə, Nizami əsərlərini dövrünün güc sahiblərinə, hökmdarlarına ithaf edirdi. Belə olan halda demokratiyadan danışmaq nə dərəcədə doğrudur?

- Biz demirik ki, Nizami respublika istəyirdi, ya da Konstitusiya yazmağı düşünürdü. Əlbəttə, indiki demokratiya anlayışı ilə Nizaminin dediyi demokratiya arasında fərq olacaq. Ancaq Nizaminin müasirlərinin yazdıqlarına baxanda biz orda demokratiya görməyəcəyik. Onlar gah padşahı, gah gözəlləri, gah da təbiəti tərif edirdilər. Nizami isə padşah tərəfindən xalqın necə idarə edilməli olduğunu göstərirdi. Nizami xalqın vasitəsilə hökmdarları tərbiyə eləmək istəyirdi. Onu xalqın taleyi düşündürürdü.

Bəzən deyirlər ki, ədəbiyyat dünyada mühüm problemlərin heç birini həll eləmir. Belə deyil. Ədəbiyyat olmasa, bəlkə indikindən artıq qan tökülərdi. Yadınızdadırsa, “Vaqif” pyesində Vaqifdən soruşurlar ki, sən bu saraylarda nə görmüsən, niyə gedib azad şəkildə yaşamırsan? O da cavab verir:

Mən orda olmasam, qan çıxar dizə,

Quşlar da ağlayar ellərimizə.

O, bəzən hirslənib quduran zaman,

Mənəm zəncirini tutub saxlayan.

Bir sözlə, ədəbiyyat da dövlət idarəçiliyinə təsir edə bilər.

Bir də deyirlər ki, Nizaminin utopiyası “İsgəndərnamə”də, xoşbəxtlər şəhərindədir. Halbuki onun utopiyası elə “Sirlər xəzinəsi”ndən başlayır. Demokratizm məsələsi məhz buradakı detallardan aydın olur. Nizaminin dünya ədəbiyyatındakı yeri məhz ilk dəfə bu cür ideyalara müraciət eləməsi və bunların öz əsərlərində sistemli şəkildə poetik ifadəsini verməsi ilə fərqlənir.

- Onun müraciət etdiyi yeni ideyalar müasirləri tərəfindən birmənalı qəbul edilməyə, ona yeni düşmənlər qazandıra bilərdi. Nizaminin düşmənləri arasında mənə ən maraqlı gələn Ələmut şeyxləridir.

- Bilirsiniz, ismaililər Həsən Sabbahın başçılığı altında yaradılmış bir terror təşkilatı idi və onlar türklərə qarşı vuruşurdular. Ələmut şeyxləri həmin ismaililərdir. Onlara həm də assasinlər deyirdilər, yəni həşiş, tiryək çəkənlər. Assasinlər üzvlərinə tiryək verirdilər və deyirdilər ki, robot kimi xəncəri gedib filankəsin qarnına soxmalısan. Onlar da gedib bunu edirdi. Təbii ki, belə bir cəmiyyət Nizaminin xoşuna gələ bilməzdi. Ona görə də onun əsərlərində ismaililərə qarşı beytlərin olduğunu görürük.

- Məsələn?

- Ərzincan hökmdarı İbn Davuda yazdığı misralarda deyilir: “Sən dünyada o qədər güclü padşahsan ki, heç kim səninlə düşmənlik etmək istəmir. Sənin yeganə düşmənin ismaililərdir. Ona görə ki, onların ağılları başlarında deyil”.

- Şairin nəsil-şəcərəsi barədə dəqiq məlumatlar varmı?

- Bütün gəncəlilər bilir ki, Nizaminin nəsli Şeyxzamanovlar kimi tanınır. İndi də onların nümayəndələri var. Məsələn, məşhur artist vardı, Məmmədrza Şeyxzamanov, o, Nizaminin nəslindən idi. Bizim institutda Rauf Şeyxzamanov var, hazırda da bizimlə çalışır. O da həmin nəsildəndir.

Nizamiyə zəmanənin şeyxi deyirdilər. Zaman keçdikcə bu ad həmin nəslin üzərində qalıb. Onun basdırıldığı yerin adı da Şıx düzü adlanır.

- Şairə bağışlanan Həmdünyan kəndinin isə Goranboyda olduğu iddia edilir.

- Ola bilər. O kənd Gəncəyə yaxın ərazi olduğu üçün bu, mümkündür. Bildiyiniz kimi, Nizami bütün həyatı boyu Gəncədən kənara çıxmayıb. Yalnız bir dəfə Qızıl Arslanla görüşə gedəndə 35-40 km məsafəyə atla gedib, sonra qayıdıb gəlib.

- Görəsən, niyə?

- Görünür, ehtiyac olmayıb. Çox adam səyahəti sevir, Nizami yəqin ki, səyahəti sevməyib. Oturub öz yazı-pozusuyla məşğul olub. O, həm də mütaliəni çox sevib, əsərlərində də dediyi kimi, çoxlu kitab oxuyub.

- Bəs, o dövrdə hardan tapıb o qədər kitabı?

- Gəncə Atabəylərin paytaxtlarından biri olub. Təbii ki, paytaxtda çox zəngin saray kitabxanaları vardı. Düşünürəm ki, Nizaminin də saray kitabxanasına girmək üçün xüsusi icazəsi olub. Ehtimal var ki, onun dayısı Xacə Ömər də sarayda yüksək qulluqda çalışıb. Ona görə Nizaminin qarşısında o kitabxananın qapıları açıq olub.

- Üzünə saray qapıları açıq olub, ancaq saray şairi olmayıb. Bu necə olur?

- Bəli, o, saray şairi olmayıb. Bildiyiniz kimi, saray şairləri şahın sifarişi ilə yazıb. Məsələn, hökmdar bir balaca dovşan vuranda, saray şairi yazmalı imiş ki, hökmdar bir əjdaha vurub gətirib parçalayıb verdi xalqa. Nizami həm də filosof idi o, belə yaza bilməzdi axı.

- Bizim filosof şairimizi təəssüf ki, bu gün də fars şairi kimi təqdim edənlər var. Bu məsələ haqqında nə deyə bilərsiniz?

- Bu suala ən yaxşı cavab tarixin özüdür. Tutaq ki, Firdovsiyə qədər fars şairləri ərəb dilində yazırdılar. Genetik, etnik cəhətdən fars sayılan alimlər ərəbcə yazmışdılar. Bu, o demək deyildi ki, onlar ərəb alimləridir. Farslar da öz alimlərinə sahib çıxaraq deyir ki, bunlar bizimdir. Yaxşı, ərəbcə yazan sizindirsə, bəs, niyə Gəncədə farsca yazan türk olmasın? Hansı məntiqlə? Çünki “bizimdir” dediyiniz alimlər sizin ərazidə yaşayıb. Tarixdə belə misallar çox olub. İngiltərədə 300 il poeziya fransız dilində olub. 300 ildən sonra Şekspir gəlib deyib ki, ingilis dilində yazmaq lazımdır. İndi o 300 il boyu fransız dilində yazan ingilis şairləri fransız sayılır? Yaxud da Avropanın özündə 13-cü əsrə qədər hər şey latın dilində yazılıb, çünki o vaxtın ədəbi dili latın dili idi. Azərbaycanda da o vaxtın ədəbi dili, poeziya dili fars dili olub. Burada formal məntiqin tələblərindən çıxış etmək lazımdır. Dil faktorunu bir yana qoyub məzmun faktorundan çıxış etsək, Firdovsinin “Şahnamə”si başdan-ayağa türklərə nifrət ruhunda yazılıb. Nəinki türklərə, elə ərəblərə qarşı da...

- Bu nifrətin kökündə nə dayanırdı?

- Cəhalət.

- Firdovsiyə cahil deyə bilərik ki?

- Əlbəttə. Əgər o, yad mədəniyyəti qəbul edə bilmirsə, deməli, cahildir. Çünki bütün xalqları Allah yaradıb və bütün xalqların missiyası bərabərdir.

Firdovsinin “Şahnamə”sinin əsas motivi İran-Turan mübarizəsidir. Firdovsi aşılamağa çalışır ki, İran həmişə haqlı, Turan isə həmişə zalım, quldurdur. Nizamidə isə belə şey yoxdur, O, bütün xalqlara eyni gözlə baxır, onlar arasında fərq qoymur, ancaq əsərlərində türklərə böyük önəm verir.

- Öz xalqını ucaltmaq da hardasa bütün xalqlara eyni gözlə baxmaq prinsipinə zidd deyil?

- Əvvəl evin içi, sonra çölü. O, digər xalqlar haqqında kitablardan oxumuşdu, ancaq türk idarəçiliyini öz gözləri ilə görmüşdü. Görmüşdü ki, evin içində ədalət daha çoxdur. O, əsərlərində türklərə böyük önəm versə də başqa xalqları aşağılamırdı. Təkcə ruslara qarşı çox kəskin mövqedə olub. Çünki Nizamidən yüz il əvvəl ruslar hücum edərək Bərdəni yer üzündən siliblər, halbuki vaxtilə Bərdə çox gözəl inkişaf etmiş şəhər olub. Bu hadisələrə Nizaminin münasibəti necə olmalı idi?

- Bir az da şairin qəbrinin açılmasından danışaq.

- Nizaminin qəbri açılarkən götürülən tirmə hazırda Ədəbiyyat Muzeyində saxlanılır. Bir də qəbir açılarkən onun qafa tasını götürüb Leninqrada, indiki Sankt-Peterburqa aparıblar. Qafa hazırda oradadır. Ancaq skeleti yerindədir. Bu adam dahidir, o vaxt kəlləni də o məqsədlə aparıblar ki, görəsən, bu dahinin beyninin ölçüsü nə qədərdir? Nəsə fərqlilik varmı? O vaxt Gerasimov adlı bir həkim-heykəltəraş vardı. O, Əmir Teymurun da kəlləsini aparıb araşdırırdı. Halbuki Teymur vəsiyyət etmişdi ki, mənim qəbrimi açmayın, açsanız, müharibə olacaq. Həqiqətən də dediyi kimi oldu. 1940-cı ildə qəbir açıldı, 1941-ci ildə müharibə başladı.

- Belə şeylərə inanırsınız?

- Düzdür, bir az mistik səslənir, ancaq baş vermiş hadisədir.

- Bəs, qafanı niyə hələ də Azərbaycana qaytarmayıblar?

- Orda muzeydədir. Niyə gətirsinlər? Ona qalsa, Şeyx Səfi xalçası da Londondadır.

- Xalça ilə Nizaminin başı bir deyil, axı.

- O Nizami deyil ki, sadəcə sümükdür, kalsiumdur, maqneziumdur. Nizami başında yaşamır, əsərlərində yaşayır.

- Yaxşı, nəsə tapa biliblərmi?

- Nə tapa bilərlər ki, başın içində? Sadəcə, araşdırma aparırlar, ölçülərinə baxırlar, bir də kəllə quruluşuna əsasən üz cizgilərini müəyyən etməyə çalışırlar. Məsələn, Əmir Teymurun portreti həmin kəllə sümüyünün əsasında müəyyən olunub.

- Amma deyəsən, Nizaminin bu sarıdan bəxti gətirməyib. Çünki bu gün Nizami deyə tanıdığımız obrazın Nizami olmadığı deyilir.

- Bəli, bu, uydurma obrazdır. O vaxt müsabiqə elan edirlər, hərə bir yaraşıqlı kişi çəkib gətirir, rəsmlər arasında ən çox xoşlarına indi gördüyümüz təsvir gəldiyi üçün bu təsviri seçirlər.

- Niyə belə edirlər?

- Nizami necə olmasının nə fərqi var? Tutaq ki, onun gözü bir az çəp olsa, bu nəyi dəyişəcəkdi? Amma bəllidir ki, onun boyu hündür olub. Skeletinə baxanda da bunu görmək olur. Nizaminin 2 metrə yaxın boyu olub. Məsələn, bayaq adını çəkdiyim, Nizaminin nəslindən olan həmin Rauf Şeyxzamanovun da boyu hündürdür.

- Sizcə, Nizaminin tərcümələrinin səviyyəsi necədir?

- Qənaətbəxşdir. O vaxt əlbəttə, müəyyən tələblər olub. Tutaq ki, Mircəfər Bağırov desə ki, bunu belə yox, başqa cür tərcümə etmək lazımdır, Səməd Vurğun nə edə bilərdi?

- Tərcümə zamanı sovetin tələbinə uyğun olaraq nələrsə çıxarılmayıb? Bilirik ki, Nizami əsərlərində dini məqamlara yer verib.

- Yox, hamısı qalıb. Ümumiyyətlə, onun əsərlərində dini fanatizm, xurafat kimi şeylər yoxdur ki, verilməsin.

- Bəs ixtisarlar?

- Bilirsiniz, bu da çoxyönlü sualdır. Biz birinci növbədə aydınlaşdırmalıyıq ki, Nizaminin əsərləri olduğu kimi bizə gəlib çatıbmı? Çünki Nizaminin orijinal avtoqrafı bizə gəlib çatmayıb, ancaq üzü köçürülən kitablar gəlib çatıb. Əsərin üzü köçürüləndə də dəyişikliklər, təhriflər ola bilirdi. Bu gün maksimum əslinə yaxın mətni bərpa etməyə çalışırlar. Demək olmaz ki, Nizaminin əsərləri olduğu kimi gəlib bizə çatıb. Ona görə də bizim tərcüməçilər bu günümüzə çatan materialların hamısını ixtisarsız tərcümə ediblər. İxtisar tərcümədə istisna olunur, yalnız əlyazmada ola bilərdi.

Nizami “İsgəndərnamə”də deyir ki, Nizami, xəzinədən bağı aç, Gəncəyə nə qədər giriftar olacaqsan, nə qədər burada qalacaqsan? Bu, Nizaminin sözüdür. On yeddinci əsrdə bura bir beyt əlavə ediblər. Həmin beytdə Nizaminin dilindən deyilir ki, mən dürr kimi Gəncədə itsəm də, özüm dağlıq Qum şəhərindənəm. Bu bənd əlavədir, bunu qəsdən ediblər ki, Nizamini Gəncədən qoparsınlar, desinlər ki, Nizami Qum şəhərindəndir. Halbuki qədim əlyazmalarda belə bir şey yoxdur.

Nizamini daha dərindən öyrənmək üçün onu dilinin tezlik lüğəti yaradılmalıdır. Onu yaratmadan Nizaminin mətnini tam bərpa etmək mümkün deyil. Bunun üçün də həm fars dilini, həm Nizamini, həm də o dövrün ədəbiyyatını yaxşı bilmək lazımdır. Ən əsası Nizaminin ruhunu duya bilmək önəmlidir. Yoxsa ki, hər fars dili bilən Nizamini anlamaz...

- Yeni tərcümələrə ehtiyac varmı?

- Nizaminin yeni elmi-tənqidi mətni hazırlanırsa, deməli, yeni tərcüməyə də ehtiyac var. Ancaq bu o demək deyil ki, sən Nizamini başdan-ayağa tərcümə etməlisən. Hansı beytdəki şübhə var, hansı beyt ki, təzə tapılıb, onları işləmək lazımdır. Sadəcə, yeni tərcümələrdə də bu günə qədər olunanlar zəmin rolunu oynamalıdır. Bizim klassik tərcüməçilərin hamısı Nizamini eyni ölçüdə, heca vəzninin on birlik ölçüsündə tərcümə ediblər. Halbuki Nizaminin poemaları fərqli ölçülərdə yazılıb. Ona görə bu gün çalışırlar ki, Nizamini özü yazdığı qəlibdə çevirsinlər.

- Bu gün şairin tərcümələri ilə bağlı vəziyyət nə yerdədir? Yeni, fərqli tərcümələr varmı?

- Əlbəttə bu gün təşəbbüslər var. Məsələn, Gəncədə Xəlil Yusifli onu tərcümə edib. Son zamanlarda olunan tərcümələrdən birini də Bakıda Mircəlal Zəki adında bir şair etmişdi. Əlbəttə, Nizamini Ramiz Rövşən, Vaqif Bayatlı Odər tərcümə edə bilməz. Ancaq bu gün həm fars dilini, həm əruzu, həm də Nizamini bilən gənclər var. Məncə, gələcəkdə tərcümələri onlardan gözləmək olar.

- Ramiz Rövşən niyə tərcümə etməsin? Fars dilini bilmir deyə, yoxsa?

- Ramiz Rövşən həm fars dilini, həm əruzu, həm də klassik ədəbiyyatı bilmir. Ona görə də bu işin içinə girə bilməz.

- Nizaminin filoloji, yoxsa bədii tərcümələrində qüsur daha çoxdur?

- Hər ikisində qüsurlar var. Hər ikisinin üzərində işləyirik. Nizami ilinin bizə faydası onda oldu ki, bəzi məsələlərə yenidən qayıtdıq. Bildiyiniz kimi, Mədəniyyət Nazirliyində komissiya yaradılıb. Həmin komissiya Nizami tərcümələrinin adekvatlığını yoxlayır, müasir dövrdə həmin tərcümələrə yenidən qayıtmaq məsələsini araşdırır. Hazırda “Sirlər xəzinəsi” üzərində iş gedir. Təbii ki, bu, bir ilin işi deyil.

- Şairin yeni əlyazmaları tapılıbmı?

- Keçən il biz İstanbulda Süleymaniyyə kitabxanasından Nizaminin otuza yaxın yeni əlyazmasını tapmışıq. Hazırda əlyazmalar üzərində araşdırmalar aparılır. Şübhəsiz ki, yeni elmi-tənqidi mətnin hazırlanmasında o əlyazmalardan da istifadə olunacaq.

- “Nizami Gəncəvi İli” başa çatır. İli necə dəyərləndirirsiniz?

- İl çox yüksək səviyyədə keçdi. Bildiyiniz kimi Akademiyadakı (Azərbaycan Milli Elmlər Akademiyası - A.S.) Nizamı tədbirlərinin rəhbəri bizim çox görkəmli ədəbiyyatşünas alimimiz akademik İsa Həbibbəylidir. Onun da çıxışlarında dediyi kimi, gəlin, görək şairin bu günə qədər olan yubileylərində neçə kitab çıxıb? Əgər əvvəllər bu kitab sayı beş idisə, bu il Nizami haqqında əllidən çox kitab çap olunub. Özü də təkcə Azərbaycanda deyil, həm də digər ölkələrdə. Məsələn, bu yaxınlarda biz Nizami festivalı çərçivəsində Özbəkistanda tərcümə olunmuş Nizami “Xəmsə”sinin təqdimatını keçirdik. Camal Kamal adlı istedadlı özbək şairi bütün “Xəmsə”ni öz ölçüsündə, öz vəznində özbək dilinə tərcümə edib. Bu, əlbəttə, böyük nailiyyətdir. Təbii ki, bütün bunlara görə biz müstəqil Azərbaycan dövlətçiliyinə borcluyuq. Ona görə sovet dövründə belə işlər görə bilmirdik ki, ixtiyarımız öz əlimizdə deyildi, bizə vəsait ayrılmırdı. Bu gün əgər respublika Prezidenti Nizaminin 880 illik yubileyini “Nizami ili” çərçivəsində qeyd etməyi tapşırırsa, deməli, kifayət qədər vəsait ayrılıb və onun əsasında belə tədbirlər keçirilir, möhtəşəm kitablar nəşr olunur.

- Sizcə, Nizamini niyə oxumalıyıq?

- Mən həmişə deyirəm ki, ədəbiyyatın tək estetik məqsədi yoxdur, həm də sosial-etik məqsədi var. Adam Nizamini oxuduqca kamilləşmək istəyir, onun təsvir etdiyi qəhrəmanlar kimi olmaq istəyir. Ədəbiyyatın missiyası da məhz budur. İnsana öz missiyasını göstərmək, bu dünyaya niyə gəldiyini xatırlatmaq. Nizami deyir ki, insan heyvandan fərqlənmək üçün daim öz üzərində işləməlidir. Əgər biz Nizaminin dediklərini qəbul etməyə hazırıqsa, demək, biz Nizamiyə layiqik. Yox, əgər hazır deyiliksə, deməli, Nizamini hələ də təkrar-təkrar oxumalıyıq.

Foto: Sabir Məmmədov

# 6992 dəfə oxunub

Müəllifin son yazıları

# # #