Koreyalıların da “Koroğlu” dastanı var - MÜSAHİBƏ

Koreyalıların da “Koroğlu” dastanı var - <span style="color:red;">MÜSAHİBƏ
5 aprel 2016
# 09:17

Azərbaycana türkologiyanın önəmli mərkəzi kimi səfər edən koreyalı xanım türkoloq İn Kyünq O (Eun-Kyung О) öz vətənindəki tanınmış Hankuk Universitetində xarici dillər üzrə təhsil alıb. Cənubi Koreya Respublikasında Türkiyə ədəbiyyatı, eləcə də Ankaradakı Hacıtəpə Milli Universitetində komparativistika (müqayisəli ədəbiyyatşünaslıq: müxtəlif milli ədəbiyyatlar arasındakı əlaqələri təhlil edən, həmçinin ədəbi oxşarlıq, üslub, süjet bənzərliyini öyrənən elm) ixtisaslarında, magistr və fəlsəfə üzrə filologiya doktoru alimlik dərəcəsi alıb. Daha sonra Ankara universitetindəki Koreya ədəbiyyatı departamentinin professoru seçilib, eyni zamanda “Munhvva” radio-kanalının Türkiyə üzrə müxbiri, Koreyaşünaslıq Akademiyasında, Koreya və Sonqyünqvan universitetlərində müxtəlif vəzifələrdə çalışıb.

Özbəkistanda, Əlişir Nəvai adına Akademiyada elmlər doktoru və professor dərəcəsinə layiq görülüb. Nizami adına Daşkənd Dövlət Pedaqoji Univеrsitetinin Koreya kafedrasında professor kimi çalışıb. Hazırda Donqduk Qadın Universitetinin Humanitar kollecinin professoru işləyir. Eyni zamanda YUNESKO-nun Asiya Sakit Okean Mərkəzinin qeyri-maddi mədəniyyət irsi üzrə mütəxəssisi kimi çalışır, eləcə də Koreya Araşdırmalar Fondunun əməkdaşıdır.

İn Kyünq Onun elmi əsərləri əsasən “feminist tənqidə” aiddir: “XX əsr romanlarında Türkiyə və Koreya qadınları” (2005, türkcə), “Türkiyədə Koreya müharibələrinə aid ədəbiyyatlar” (2005, türkcə), “Pərdə arxasındakı qadınlar və İslam” (2006, Koreya dilində), “Koreya və Özbəkistan arasında müqayisəli epik tədqiqatlar” (2014, özbəkcə), “ İslam ölkələrində qadın həyatı” (2015, Koreya dilində) və başqa kitabların müəllifidir. Türk yazıçılarından Yaşar Kamal, Hakan Günday, Murad Tüncel və başqalarının romanlarını, hekayələrini Koreya dilinə tərcümə edib.

Koreya şairi Ko İnin şеir kitabını və şeirlər antologiyasını, eyni zamanda başqa ədiblərin əsərlərini türkcəyə çevirib. Türk, özbək, ingilis dillərində sərbəst danışır. Son illər türkologiya sahəsi üzrə araşdırmalarını davam etdirir, türksoylu ölkələrə elmi səfərlərə gedir...

Kulis.az İn Kyünq O ilə müsahibəni təqdim edir.

- Xanım İn Kyünq Azərbaycana xoş gəlmisiz. “Ədəbiyyat qəzeti”nin redaksiyası adından sizi salamlayırıq. Sizi Bakıda görməyə çox şadıq.

- Çox təşəkkür edirəm. Gözəl məmləkətinizə səfərdən çox məmnunam və mənim də salamlarımı əməkdaşlarınıza, oxucularınıza çatdırmağınızı xahiş edirəm.

- Mən istərdim ki, söhbətimizi qədim ölkəniz barədə, onun tarixi, ədəbiyyatı, eləcə də ölkələrimizin arasındakı tarixi-mədəni, elmi-ədəbi münasibətlər haqqında tanışlıq xarakterli məlumatlarla başlayaq.

- Ölkəmizin tarixən yerləşdiyi coğrafi şəraitə görə müxtəlif xalqların mədəniyyətlərinin təsiri altında olub. Tədqiqatçıların qeyd edir ki, yeddi-səkkiz min il bundan əvvəl Altaydan köç edib gələn koreyalılar tarixi qədim və zəngindir. Çin, Hindistan və Yaponiya mədəniyyətinin təsirləri hiss olunsa da, Altay, qədim türk, şamanizm və göy tanrıçılığının izləri mədəniyyətimizdə, düşüncəmizdə hələ də qalmaqdadır...

- Altaydan dünyanın bir sıra yerlərinə səpələnən etnosun iki qolu olaraq Koreya və Azərbaycan xalqları arasındakı oxşar və fərqli cəhətlər dövrümüzdə çoxmu nəzərə çarpır?

- Sizin dediyiniz kimi, mən də kökü Altaya gedib çıxan koreyalılarla türklərin eyni etnosdan olduğu qənaətlərini bölüşdüyümə görə türkologiyanın bu istiqamətində tədqiqatlara başladım. İki il bundan əvvəl bu məqsədlə Altaya getdim, Rusiyanı, Monqolustanı, Çini, daha sonralar Türkiyəni, Orta Asiya respublikalarını gəzdim, müəyyən tədqiqatlar apardım. Altay dil qrupuna aid xalqların türkcələrini araşdırdım və bir sıra maraqlı qənaətlərə gəldim. Dünya dilçilərinin gəldiyi ümumi fikirlərə görə, Koreya dili Altay dil qrupundan ayrılaraq müstəqil inkişaf etməsini tarixi səkkiz min il bundan əvvələ gedib çıxır. Məhz buna görə də dillərimiz arasında çox böyük fərqlər yaranmış, coğrafi uzaqlıqlara görə isə müxtəlif istiqamətlərdə inkişaf etmiş, hətta fərqli əlifba və lüğət qatlarına yiyələnmişdir. Vurğulamaq istəyirəm ki, hələ də Koreya dilində ən qədim türk sözləri qalır. Müqayisəli tədqiqatlar aparsaq, istər dillərimizin söz qatlarında, istərsə də folklor, ədəbiyyat, mədəniyyət, hətta inanc məsələlərində ortaq cəhətlərimizi görə bilirik. Son illər yaranan və möhkəmlənən iqtisadi-siyasi, ictimai-mədəni münasibətlər isə bu yaxınlığı daha da sürətləndirir. Мənim də türkologiya ilə ciddi məşğul olmağımın əsas səbəblərindən biri də məhz bu doğmalıqlardır.

İki millət arasındakı oxşar cəhətləri tədqiqata cəlb etməklə xalqlarımızın qarşılıqlı münasibətlərini daha da dərinləşdirmək mümkündür.

- Türksoylu xаlqlar arasında Koreya ilə bir çox mənalarda oxşar taleyə malik millət, fikrimcə, azərbaycanlılardır. Həm Koreya, həm də Azərbaycan müəyyən qlobal tarixi proseslərə görə iki yerə bölünüb. Güney və qüzeyə parçalanma istər-istəməz hər iki xalqın tarixində, ədəbiyyatında, humanitar-mədəni, ictimai-ədəbi düşüncəsində özünü göstərir...

- Siz çox həssas məsələlərə toxunursunuz. Doğrudan da hər iki xalqın parçalanmadan əziyyət çəkdiyini son iki əsr tarixlərində görmək mümkündür. Qədimdən bizim kökümüz eynidir, sonralar oxşar tarixi taleyə sahib olduğumuzu bir daha xatırladaraq, ayrı-ayrı coğrafi məkanlarda yaşasaq da, ədəbi-mədəni düşüncəmizdə ayrılıq, parçalanma, yadellilərin işğalı kimi problemlər xalqlarımızın oxşar tərəflərindən xəbər verir. Bu bölünmə ədəbiyyatlarımızda da, düşüncəmizdə də öz izlərini buraxıb. İki millətin münasibətləri dərinləşdikcə, güman edirəm belə taleyüklü məsələlərin də araşdırılmasına xüsusi önəm veriləcək. Aramızda ortaq məxrəcləri tapıb Türk dünyası, Altay dünyasına aid xalqların və ölkələrin daha da yaxınlaşmasına töhfələrimizi verməliyik.

- Vaxtilə Koreya ədəbiyyatına marağım olub və hətta sizin qədim poeziya nümunələrinizi ruscadan tərcümə edərək “Ədəbiyyat qəzeti”ndə çap etmişəm. Bir-iki nümunəni çıxmaq şərtilə ölkəmizdə Koreya ədəbiyyatı, folkloru demək olar ki, çox az tanınır...

- Düz buyurursunuz, əslində Koreyada Azərbaycan ədəbiyyatı çox təbliğ olunmayıb. Bizim çox qədim və zəngin ədəbiyyatımız, pоeziyamız və folklorumuz var. Elə Azərbaycan ədəbiyyatının da zəngin ənənələrə malik olduğunu bilirəm. Koreya xalq ədəbiyyatı, ağız nümunələrimiz daha tez yazıya alınıb. Ta qədimlərdə Çin, daha sonra milli əlifbamızla folklor nümunələrimiz, eləcə də şair və yazıçılarımızın əsərləri yazıya köçürülüb. Daha sonrakı mərhələlərə diqqət yetirəndə, bizdə də sizdəki kimi ədəbiyyatın inkişafı müxtəlif mərhələlər keçib. XIX və XX əsrlərdə isə Qərb modern estetikasına cavab verən çağdaş Koreya söz sənəti nümunələri, çoxsaylı hekayələr, romanlar, dramlar yazılıb. Bir sıra tanınmış mütəfəkkirlər, yazıçı və şairlərimiz Koreya ədəbiyyatının fundamental nümunələrini yaradıblar.

- Hətta deyilənlərə görə, bizim “Koroğlu” eposuna bənzər qəhrəmanlıq dastanlarınız da var...

- Bir o deyil, dərinə varsaq, ağız ədəbiyyatlarımızda bir-birinə ruhən yaxın çoxsaylı əsərlərlə rastlaşa bilərik...

- Necə oldu ki, məhz türkologiya sahəsinə həvəs göstərməyə başladınız?

- Bu, uzun bir həyat hekayəsidir. Mən lisey tələbəsi olarkən Koreyada türk dünyası, Türkiyə, türk məmləkətləri, Azərbaycan haqqında bilgilər çox az idi. Altay dil qrupuna aid edilən xalqların tarixi, mədəniyyəti haqqında isə məlumatlar, demək olar, yox idi. Biz o zaman Qərb, Avropa və Rusiya kimi ölkələrin ədəbiyyatını tanıyırdıq, onların yazıçılarının kitabları dilimizə çevrilib böyük tirajla Koreyada nəşr olunurdu. Amma heç bir türk xalqının ədəbiyyat nümunələri Koreya dilinə tərcümə olunmurdu, türkdilli yazarları tanımırdıq, onların kitabları yayımlanmırdı. Мən ali təhsil almaq istəyəndə Türkiyə universitetlərinə üz tutdum. Daha sonralar Özbəkistanda təhsilimi davam etdirdim. Koreyada o zaman bir universitetdə türk ədəbiyyatı və dilini öyrənən bölüm vardı. Fəqət mən daha geniş bilgilər istəyirdim, odur ki, Türkiyəyə üz tutdum. Burada türk dünyasını, onun mədəniyyətini və ədəbiyyatını öyrəndim, Koreya mədəniyyətini, söz sənətini dost ölkədə təbliğ etdim. Dili öyrənəndən sonra qarşılıqlı ədəbi tərcümələr etdim, türkologiyaya aid elmi kitablarım, məqalələrim işıq üzü gördü, çox saylı televiziya və radio verilişləri hazırladım. Beləcə türkologiyaya olan marağım daha sonra dərin bir məhəbbətə çevrildi və onda anladım ki, biz bir ananın fərqli inkişaf edən iki övladıyıq...

- Yeri gəlmişkən, bizdə Azərbaycan-Koreya Mədəniyyət təşkilatı fəaliyyət göstərir, eləcə də Bakı Dövlət Universitetində Koreya ədəbiyyatı və dili bölümü var. Sizdə də oxşar qurumlar mövcuddurmu?

- Düzünü desəm, bu istiqamətdə fəaliyyətlərimiz indi başlayıb. Мən çalışdığım universitetdə Asiya türkoloji mərkəzini yaratmaq istiqamətində işlər aparıram. Ölkəmizdə görüşdüyüm dövlət adamlarına bu məsələnin aktuallığını çatdırmağa çalışıram. İnanıram ki, yaxın vaxtlarda bu yöndəki fəaliyyətimizin səmərəsini görəcək və Koreyada güclü bir türkoloji mərkəzi yarada bilərik.

- Azərbaycan ədəbiyyatı sizin ölkədə tanınırmı? Hansı yazıçı və ya şairimiz Koreya dilinə tərcümə olunub?

- Təəssüflər olsun ki, Azərbaycan ədəbiyyatı ölkəmizdə az tanınır və indiyəcən geniş təbliğ olunmayıb. Şəxsən mən Nizami Gəncəvi haqqında bir araşdırma yazısı hazırlamaq fikrindəyəm. Çağdaş yazarlardan Vaqif Sultanlının bir hekayəsini koreyaca çevirib “Asiya” dərgisində çap etdirdim. Bir neçə il bundan əvvəl Koreyada Azərbaycan filmləri festivalı keçirildi, tanıtım məsələsi elə də güclü təşkil olunmamışdı. Bundan sonra çalışacağıq ki, bu istiqamətdə müxtəlif layihələr həyata keçirək.

- Söhbətimizi yekununda sizə təşəkkürlərimizi bildirir, Azərbaycan oxucularına ürək sözlərinizi eşitmək istərdik.

- Vaxtı ilə Altay dil qrupundan yola çıxan Koreya və Türk dünyası xalqlarının indiki zamanda “İpək yolu” mədəniyyət yaxınlığına xüsusi önəm verməliyik. İstərdim ki, bir-birimizin ədəbiyyatını, mədəniyyətini öyrənək, dəyərlərimizdən bəhrələnək. Təkrarən gözəl Azərbaycana qayıtmaq, bu xalqı daha dərindən öyrənmək istərdim...

Söhbətləşdi: Aydın Xan Əbilov

# 1206 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #