Klounlar paradı – Aydın Talıbzadə yazır...

Aydın Talıbzadə

Aydın Talıbzadə

17 may 2022
# 15:00

Kulis.az sənətşünas Aydın Talıbzadənin “Klounlar paradı” yazısını təqdim edir.

“Yuğ” teatrının “Kloun Z” tamaşasının premyerasından cəmi bir ay sonra:

…Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Boris Consonu “kloun”, onun administrasiyasını isə “sirk” adlandırır1...

Gərçi Conson kloun Dzampanodursa, onda Makron kloun Mattodur: yəni onları bir tipaj olaraq haradasa Federiko Fellininin “Yol” (1954) bədii filminin iki kloun qəhrəmanı ilə qiyaslamaq mümkün...

“Ağacı vurarsan, səmtinə düşər”…

“Yuğ” teatrının “Kloun Z” tamaşasının premyerasından cəmi üç ay sonra:

…bir sıra dünya informasiya agentliklərinin yayımladığı xəbər bloklarında Ukrayna prezidenti Volodimir Zelenskinin ünvanına “kloundur” deyirlər.2

O pyes əsasında ki, “Yuğ” teatrının “Kloun Z” tamaşası rejissor Mikayıl Mikayılovun quruluşunda öz məkan həllini tapıb, onu rumın-fransız yazarı Matey Vişnek “Qoca kloun üçün vakansiya” və ya “Qoca kloun tələb olunur” başlığı ilə hələ 1987-ci ildə çap elətdirmişdi...

Maraqlıdır, görəsən, jurnalist M.Vişnek “qoca kloun” deyəndə kimi nəzərdə tutmuşdu uzaq səksənlər dönəmində?

Təbii ki, daha onu bilə bilmərəm...

Amma...

... bu gün həmin bu pyes müasir dünyanın sosial-siyasi paradiqması ilə o qədər səsləşib o qədər ilginc bağlantılar yaradır ki... o qədər fikirlər, assosiasiyalar oyadıb beyin fırtınasına səbəb olur ki...

Yaxşı, əgər indi Conson, Makron, Zelenski cavan klounlardırsa, bəs onda qoca kloun kim ola?

“Yuğ” teatrının “Kloun Z” tamaşasının premyerasından düz bir il əvvəl:

Seçkilərlə əlaqədar Klivlənddə təşkil edilmiş ənənəvi debatlar zamanı prezidentliyə namizəd 78 yaşlı demokrat Cozef Bayden 75 yaşlı rəqibi Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampı “kloun” sözü ilə aşağıladığı üçün ondan üzr istəməli olur3... və sonucda prezident kürsüsünə əyləşir...

Niyə qışqırmırsınız: dəhşət?

İlahi...

...heç 78 yaşlı adamı da prezident seçmək olar? Bu ki antihumanizmdir, təqaüd yaşı ötmüş insanların hüquqlarının tapdalanmasıdır, onların istismarıdır: Amerika Birləşmiş Ştatları kimi bir dövlətin mövcudluq məsuliyyətini, dolayısı yolla dünyanın siyasi-ictimai gündəminin, sosial-psixoloji durumunun aqibətini yaddaşı zəif, sümükləri ağrılı, koordinasiyası korlanmış bir qocaya tapşırmaq nə demək?

Möhtəşəm Amerikanın bumudur tərcihi?

Kimi aldadırıq, yoxsa demokratiya öz-özü ilə həm birinci, həm də ikinci versiyada “Mafiya” oyunu oynayır? Yoxsa...

...“Yuğ” teatrının “Kloun Z” tamaşası klounlar paradı kimi şifrələnir?...

Mikayıl Mikayılovun istedadlı pantomim keçmişi bu sənətçini heç rahat buraxmır: o, yenə klounları toplayıb ətrafına və çoxsaylı mesajlar “fırlayır” seyrçilərə tərəf...

Niyə məhz klounlar haqqında tamaşa hazırlamaq istəyib Mikayıl? Zənnimcə, səbəbləri mənə aydındır.

Klounlar dünyanın “pambıq” adamlarıdır: islana bilirlər, yana bilirlər, küləyə qoşulub uça bilirlər, uşaq kimi səmimi olub inciyib-küsüb ağlaya bilirlər, təbəssümlərini çiçəyə çevirib insanlara bağışlaya bilirlər.

Kloun deyib-danışıb-zarafatlaşan xeyirxah təbəssümlü ictimai sıfırdır: yəni bir ola bilməyən boşluqdur.

Sonsuzluğu içinə qapsamış sıfır daim bütün rəqəmlərə gülür. Çünki sıfır kainatın, kloun cəmiyyətin güzgüsüdür.

Hamıya gücü çatan gücsüzdür kloun...

Odur ki, onun xətası xəta, günahı günah hesab edilmir. Kloun manej filosofudur: üzünə həkk olunmuş gülüşündə sevinclə kədər, məsumiyyətlə biclik, hikkə ilə iltifat qonşulaşıb yaşayır. Onlar kimə, nəyə istəsən gülə bilirlər, kimdən, nədən istəsən Ezop dilində danışa bilirlər...

Əbəs deyil ki, “Yuğ” teatrının “Kloun Z” tamaşasının təkcə adı belə çağdaş düşüncənin, çağdaş psixologiyanın hədəfində duran ekzistensional, ictimai-sosial, mənəvi-əxlaqi məsələləri, koqnitiv proseslərin istiqamət yönünü eyhamlaşdırır. Həqiqətən, rejissorun tamaşa üçün müəyyənləşdirdiyi ad universaldır, polisemantikdir, müxtəlif diskurslarda açılır və hətta kompozisiyanın korpusunda müstəqil məna modelləri yaratmağa qabil olur.

Niyə də “Zet” hərfi “Z nəsli”nə, yəni zumerlər (“X nəsli”nin törəmələri) və ya houmlənderlər (yəni evdə oturanlar, obrazlı desək, ev pişikləri) nəsli kimi təsnif edilən rəqəmsal adamlara münasibətdə rejissorun gizli zarafatı, ironiyası kimi yozulmasın?

Bəlkə, “Zet” hərfini “zibil” sözünün semantikasından itələnib çözmək daha düzgün?..

Tamaşanın aktuallığı göz qamaşdırır və hətta haradasa postdramatik teatr nəzəriyyəsinin bəzi mühüm postulatlarını şübhə altına alır.

“Yuğ” teatrında oyun məkanı gəzərgi sirklərin çadırı modelində ağ-qara zolaqlı şapito fraqmenti kimi düşünülüb. Şapito şəhərdə həmişə gerçəkliklə xəyal, illüziya, romantika sərhədini rəmzləşdirir, gerçəklikdən irreallığa keçidin, şən və gur musiqiyə köklənmiş qeyri-adi həyatın işarəsi statusunda qavranılır. Lakin quruluşçu rəssam Umay Həsənovanın şapito üslublu tərtibatı son dərəcə ciddidir, “toxdur”, minimalistdir, hətta rəsmidir. Döşəmədə üç ağ şirmayı stul: klounların əynində ağ köynək, qara smokinq, başlarında – qara silindr...

Seyrçidən sağda qəhvəyi rəngdə balaca, köhnə bir Avropa qapısı...

Bu nə simvolik qapıdır belə ki, həndəvərində çeşid-çeşid mənalar “rəqsanə” bir şəkildə fırlanır? Olmaya gəlməyəcək Qodonun qapısına işarədir bu? Bəlkə də, Frans Kafka qəhrəmanının böyründə uzanıb yatdığı, öləcəyi günəcən açılmayacaq qanun qapısıdır bu? İş-işə oxşayır: hər iki variant keçərlidir...

Bax, “Yuğ” teatrında həmin bu qapı önünə yığışır üç qoca kloun M.Vişnekin “Qoca kloun tələb olunur” elanına əsasən...

Üç qoca kloun toplaşır şapito üslubunda tərtiblənmiş qəbul otağına, gözləmə otağına...

Qoqo (Estraqon) və Didi (Vladimir) kimi onlar da gözləyəcəklər xilaskarı – elan müəllifini. Kimsə gəlməlidir; gəlib də kastinq keçirməli və onlardan birini vakant kloun yerinə seçməlidir.

Artıq bu məqamın özündə paradoks və absurd şifrələnib, vəziyyətin mənasızlığı ustacasına qabardılıb. Məsələ bu ki, qoca kloun olmur; qocalmış kloun manejə çıxmır; qoca kloun vakansiyası cəfəngiyatdır; qoca klounlar arasından kimisə seçmək də heç kəsə lazım deyil!!!

Çünki kloun hamıdan erkən gedir təqaüdə və heç vədə geri qayıtmır: elastikliyini itirmiş qoca kloun bədəni manejə yaramır!!!

Bəlkə, bu qapı qoca klounlar üçün qəbiristanlıq qapısıdır?!

Quruluşçu rejissor pyesin yalnız adını dəyişməklə kifayətlənmir: onu bütün parametrlərdə müasirliyə yaxınlaşdırmağa çalışır; lakin radikal rejissuraya doğru meyllənmir, əsərin bütövcəlik harmoniyasını dağıtmır. Bununla belə, o, bir rejissor-müəllif kimi “Qoca kloun tələb olunur” alleqoriyası əsasında tamam fərqli “Kloun Z” tamaşasını ərsəyə gətirir: personajları öz adlarından məhrum edib onlara simvolik ləqəblər verir; nəticədə, Filippo olur Qırmızı, Nikkolo olur Yaşıl, Peppino da olur Sarı.

Qırmızı...

Yaşıl...

Sarı...

İnsanların cəmiyyətdə fəaliyyət qaydalarının bildiriciləri. Düşüncənin rəngləri. Əməlin xarakterini müəyyənləşdirməyə çağırış. Daxilən konkret qərara, eyləmə köklənmək, səfərbərlik.

Toplum işarələrlə idarə olunur: beyin işarələrlə özünü modullaşdırır.

Qırmızı qadağadır.

Yaşıl icazədir.

Sarı təhlildir.

Hərçənd çox təəssüf ki, dünyada yenə müharibədir, permanent müharibədir, bütün hallarda müharibədir və heç kim də onu dayandıra bilmir.

Di gəl ki, rejissoru bu siqnalların oyatdığı assosiasiyalar da qane eləmir: o, riskə gedir, daha dərinə enir, kişi rollarını aktrisalara tapşırır; klounların qadın versiyasını öz tamaşa konsepsiyası üçün daha mühüm sayır. Mikayılın təfsiri bəraətlidir: axı, klounların cinsi olmur; axı, manejdə qrim, geyim, səs plastikası onların cinsini tanınmaz edir!!!

“Zet nəsli” üçün səciyyəvi əlamət: Norveçdə kişilərlə qadınlar eyni kazarmada yatıb, eyni hamamda yuyunub, eyni cür geyinib, eyni əziyyətlərə qatlaşıb əsgəri xidmət çəkirlər.

Gender bərabərliyinin zirvə həddi...

Qoca kloun rollarına cavan aktrisaların təyin edilməsinin sırf peşəkar və estetik tərəfi də var rejissor üçün: o, istəməyib ki, tamaşanın kompozisiya plastikasına sərtliyi, codluğu, brutallığı yaxın buraxsın; istəyib ki, zərifliyin gücündən faydalansın, qoca klounları sanki itələyib buludların arasına salsın, onların yerlə əlaqəsini üzsün, transendental makabra “dirijorluq” eləsin.

Birinci “qoca” kloun qırmızı qalstuklu Qırmızıdır aktrisa Zümrüd Qasımovanın təqdimatında...

O, tamaşa partiturasına görə ekstremal Qırmızıdır; üsyankardır, dalaşqandır, həmişə birinciliyə iddialıdır; adı yazılmış hər nə cür çap məhsulu varsa, yığıb balaca bir qırmızı çamadana özüylə gəzdirir; o yana dartır, bu yana dartır çamadanı; yeri gələndə onunla başqasını hədələməkdən də çəkinmir (əcəb gözəl alleqoriyadır). Çünki “varidatı”, “xəzinəsi”, olanı-qalanı qəzet kəsimlərilə doldurulmuş təkcə bu çamadandır, vəssalam. Və bu bir çamadan kloun həyatı barədə hər şeyi danışır, kloun taleyini, kloun aqibətini danışır.

Zümrüd xanımın ifasında isə ekstremal Qırmızı qoğal Qırmızıdır, öz qoğallığına şad Qırmızıdır, aqressiyadan, nifrətdən uzaq yaraşıqlı Qırmızıdır. Görünür ki, aktrisa öz qoca klounundan və öz ifa manerasından çox məmnundur: öylə məmnundur ki, hətta Qırmızının qocalığı, onun həyəcanı, özü ilə birgə daşıdığı ağrıları aktrisanın üzünün işığına yenilir. Bu, elə belə də düşünülüb: sirk, klounada seyrçiyə heç vaxt neqativ ötürmür. Bir də qırmızı, yaşıl, sarı bir rəng kimi qocala bilməz axı: rənglər ideyalar kimidir; onlar qocalmırlar. Deməli, qocalıq motivi də tamaşada tamamən şərtidir...

İkinci “qoca” kloun aktrisa Təranə Ocaqverdiyevanın yaşıl qalstuklu Yaşılıdır...

O, mülayim Yaşıldır; yola gedəndir, razılaşandır, konsensus tərəfdarıdır, hərçənd öz mövqeyi üçün, öz payı üçün dalaşmaqdan da imtina etməz. Ona görə də Təranə xanımın Yaşılı öz plastikasına görə içi barışıqla dolu yaşıl şarı xatırladır: hiss olunur ki, onun klounu qrimi və gülüşü üzünə öz həyat acılarını gizlətməkdən ötrü çəkib...

Üçüncü “qoca” kloun aktrisa Natavan Qeybaninin sarı qalstuklu Sarısıdır...

Bu Sarı tamam başqa bir aləmdir: qədeş, lotu, zarafatcıl Sarıdır: əgər zarafatcıldırsa, onda, deməli, təhlil etmək, mühakimə yürütmək potensialına malik birisidir. Özündənrazı, özünəvurğun Sarı güclü ironiya sahibidir: hər halda N.Qeybani Sarını belə oynayır; bu ironiya təkcə Qırmızı və Yaşıla doğru yönəlməyib; Sarının özü də, seyrçilər də bu kinayənin hədəfindədirlər.

Sarı aktrisanın təqdimatında podiumdan enmiş modeli xatırladır: yerişində qürur, əzm, baxışlarında azacıq kədər, qüssə sezilir. Arıq, qrafik bədən rəsmində görünən Sarı dinamik və cəlddir: kişitəhər davranış və jestlər sərgiləyir. Nədənsə, mənə elə gəldi ki, N.Qeybani ara-sıra “Yuğ” teatrının aktyoru Əbdülqənini, onun oyun və danışıq manerasını təqlid eləyir.

Hər üç aktrisa portağal rəngli kloun parikindədir: üzlərinin aşağı nahiyəsi isə “Coker” filmində Hoakin Feniksin dodaqları tərzində qırmızıya boyanıb.

Yəni “qoca” klounlar üçün Parad Alle...

Mənası nə?

Cavan ol, qoca ol, fərq eləmir: eqolar savaşı bitmir, “mənəm-mənəmlik” azalmır; hər yerdə, hər yerdə, hər yerdə eyni ssenari oynanılır – “sən yaxşısan, yoxsa mən” adlı əski bir ssenari...

Diqqət yetirin, kiçik bir misal: Azərbaycan teatrı heç cür cameə ola bilmir. Nə üçün? Çünki bir-birilərinin uğurlarını həzm edə bilmirlər, uğursuzluqlarını isə düşmən məğlubiyyəti kimi qavrayıb sevinirlər.

Eynən “Kloun Z” tamaşasındakı üç “qoca” kloun kimi...

...yalnız birisi öləndə qüssələnmək olar...

Axı tamaşada kloun Sarı gözləyib-gözləyib-gözləyib ölür, danışıb-danışıb-danışıb ölür, zarafatlaşıb-zarafatlaşıb-zarafatlaşıb ölür: həyatda hər zaman nəyisə gözləmək absurdundan insan ölümlə xilas olur.

Ölür, amma kədər yoxdur, qüssə yoxdur...

Kiminsə halına, vəziyyətinə kədərlənmək, qüssələnmək üçünsə gərək mütləq empati qurasan...

“Kloun Z” tamaşası isə seyrçidə empati yaratmağa və ya gülüş oyatmağa hesablanmayıb. Nədən ki, rejissor öz tamaşasının janrını feyeriya-makabr, yəni nağılvari məzmunlu ölüm rəqsi kimi müəyyənləşdirib. Niyə makabr: çünki özündə alleqoriya qapsayır və dünyanın fənalığı ideyasına köklənir; yəni eqoların, savaşların heç bir cıqqılı da dəyəri yox. Deməli, “Kloun Z” tamaşası da günümüz-güzəranımız, yaşantılarımız barədə bir alleqoriya...

Təbii ki, burada artıq empatidən danışılmaz.

Odur ki, rejissor seyrçini, sadəcə, klounlar dünyasının kefini çıxarmağa dəvət edir və tamaşada bir sirk atmosferi oluşdurmağa çalışır. Tamaşa bir gözü ilə Federiko Felliniyə, o biri gözü ilə Rober Lepaja baxa-baxa sirkin poeziyasına tərəf bir reveransda bulunur.

Sən tamaşanı, hadisələri, personajların aqibətini izləmirsən, tamaşanın aurasına qatılıb axırsan. Nədən ki, seyrçini sözlərdən-sözlərdən-sözlərdən darıxmağa qoymayıb da onu tamaşanın içiylə gəzdirən musiqidir, assosiasiyaları bir-birinə calayan musiqidir, qoca klounların solosunu montaj edib onları kompozisiya bloklarına paylayan musiqidir və üstəgəl hər üç aktrisanın plastika baxımından yumşaq, mükəmməl oyun tərzi... Nə bir qışqırtı, nə bir təlaş: hətta zarafatlaşmağa da imkan var yetərincə...

Düşünürəm, “Kloun Z” tamaşası milli teatr prosesində balaca bir mikro hadisədir: təbii ki, hamı üçün yox, lokal bir seyrçi auditoriyası üçün; hərçənd quruluş mədəniyyətinə, ifaçılıq texnikasına, kompozisiya bitkinliyinə görə peşəkar teatr mühitindən ötrü son dərəcə dəyərlidir. Həqqən ki, Mikayıl Mikayılov artıq çağdaş Azərbaycan rejissurasının liderinə çevrilir: son zamanlarda tamaşaları haqqında ən çox məqalə yazdığım rejissor məhz odur. Mikayıl o rejissordur ki, xarici məmləkətlərin teatrlarında tamaşa hazırlamaq üçün tez-tez xüsusi dəvətlər alır. Əgər elə isə niyə də onun öz teatrı olmasın Bakıda?

_______________________________________

1 Медведева К. Макрон назвал Джонсона клоуном – https://iz.ru/1258197/2021-12-02/makron-nazval-dzhonsona-klounom

2 В США назвали Зеленского «клоуном» и раскритиковали его слова о войне - https://radiosputnik.ria.ru/20220317/zelenskiy-1778635089.html

3 Байден сожалеет о слове «клоун» в отношении https://iz.ru/1069965/2020-10-06/baiden-sozhaleet-o-slove-kloun-v-otnoshenii-trampa

# 3398 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #