Hacı yoxsa Həci: kimdir haqlı? – Aydın Talıbzadə yazır...

Hacı yoxsa Həci: kimdir haqlı? – Aydın Talıbzadə yazır...
27 iyun 2019
# 10:24

Kulis.az sənətşünas alim Aydın Talıbzadənin "Hacı yoxsa Həci: kimdir haqlı?" məqaləsini təqdim edir.

Uzun illər elə bilmişəm ki, Bakı və Abşeron kəndlərinin camaatı Kəbə ziyarətindən qayıtmış müsəlmana “Həci” deyəndə səhv eləyir, anlayışı yerli ləhcə modifikasiyasında söyləyir, “Hacı” kəlməsinin qutsal möhtəşəmliyini xırdalayıb aşağı salır, onu meydan mədəniyyəti kontekstində urvatsızlaşdırır. Axı Azərbaycanda bütün qələm əhli, elm əhli, siyasət əhli bu sözü hər yerdə – məktəbdə, dərslikdə, qəzetdə, efirdə, notarial xidmət şəbəkəsində, min-min sənəddə – “Hacı” kimi yazıb və elə o cür də tələffüz eləyib.

Amma bu bakılılar, xüsusilə, iddiasız sadə adamlar, kənd sakinləri öz şakərlərindən əl çəkməyiblər, Kəbə ziyarətindən geri dönən möminlərə hörmətin, dini sevginin ən ali ifadəsini göstərmək məqsədilə onlara həmişə qürrələnə-qürrələnə, sözü kəllə qənd şirinliyində islada-islada “Həci” deyib müraciət ediblər, Məkkə zəvvarlarının şərəfinə öz oğul övladlarına “Həci” adını veriblər.

Əslində, tarix müstəvisində Hacıdan heç vaxt Həci düzəldilməyib: əksinə, Həci sonradan Hacıya çevrilib.

Gözlənilməz də olsa, bu, faktdır.

Biz hamılıqla Sovetlər Birliyinin gurhagur çağlarından tutmuş ta indiyə qədər Məkkədən “Hacı” fəxri tituluna yiyələnib gəlmiş bir müsəlmanı Həci kimi çağırmağı pisləmişik, kəndçilik, savadsızlıq, məlumatsızlıq ayağına yozmuşuq, bakılıların dil vərdişi qismində qavramışıq, hətta buna bir azacıq da lağ eləmişik. Böyük mənada isə Hacı və ya Həci deməyin sosial-kulturoloji, aksioloji mahiyyətinə varmamışıq, buna heç bir önəm verməmişik, rişxəndcil yabançı mövqeyində dayanıb məsələyə biganə yanaşmışıq. Çünki ateizm ideologiyası kontekstində bolşevik və kommunistlər hacılıq institutunu kökündən ləğv etmək, aradan qaldırmaq, dəyərsizləşdirmək, dini hissiyyata toxunmadan ona qeyri-rəsmi qadağa qoymaq, İttifaq müsəlmanlarını Kəbədən tamamən qoparmaq istəyirdilər. Təbii ki, azərbaycanlı mentallığı da özünü bu tip münasibətə uyğunlaşdırırdı. Amma sonadək alınmadı. Müstəqilliyimizin bərpası ilə azərbaycanlı hacıların sayı az bir zaman çərçivəsində dəfələrlə artdı, hacılığa hörmət milli-mənəvi dəyərlər şəbəkəsində tam bərpa edildi. Di gəl ki, buna rəğmən bakılılar və Abşeron camaatı “Həci” demək, bütün azərbaycanlılar isə hacılarla bağlı məzəli lətifələr uydurmaq şakərini tərgitmədi.

Beləliklə, HACI YOXSA HƏCİ: KİMDİR HAQLI VƏ HANSI DAHA DÜZDÜR?

Xatırladıram: Abdulla Şaiq də hələ Sovet Azərbaycanında öz unikal nağılını (təmsil sərhədlərilə gəzişən mənzun hekayəsini) “Tülkü Həccə gedir” adlandırmışdı. Nədən ki, Axund Mustafanın oğlu Abdulla Şaiq hacılığa münasibətdə öz güclü tənqidi pafosuna, kinayəsinə, rişxəndinə baxmayaraq dəqiq bilirdi ki, Hacc deyilən bir şey yoxdur, Həcc var.

Bugün çoxsaylı reklam çarxları da müsəlmanları Kəbəyə dini zəvvarlığa dəvət eləyəndə görürük ki, monitorlarda məhz “Həcc ziyarəti” kəlmələri iri hərflərlə işıqlandırılır.

Qurani-Kərimin surəsi də “əl-Həcc” adlanır və Ziya Bünyadov, Vasim Məmmədəliyev kimi şərqşünaslar da Quranı müstəqim olaraq ərəbcədən Azərbaycan dilinə çevirəndə sözü ərəblərin şifahi nitqdə işlətdikləri kimi saxlamışdılar.

Onda ortaya belə bir məntiqi sual çıxır. Nə üçün biz Həcc ziyarətini tamamlamış adama Hacı deyirik?

Həccə getmiş adam Həci olar da, Hacı olmaz ki?

Elə isə bəs bu HACI nəmənə: dil qatında nəyin hesabına özünə bu cür möhkəm yer edib rəsmiləşib? Niyə azərbaycanlılar Hacını Həcidən üstün sayıblar?

Azərbaycan ədəbiyyatında, təbii ki, mənim oxuduğum hüdudlarda, “Həci” sözü adamın gözünə bir o qədər də dəymir: yalnız təkəm-seyrək səhnədən, kinoekrandan eşidilir. Mirzə Fətəlidən Yusif Vəzirə, Cəfər Cabbarlıdan Əli Əmirliyə, Mirzə İbrahimovdan İsmayıl Şıxlıya, Mirzə Cəlildən Anara, Elçinə, Muğannaya, Kamal Abdullaya kimi hamı öz bədii mətnlərində bir qayda olaraq dini titulu “Hacı” şəklində diskursa gətiriblər.

Bunun səbəbi nə və izahı varmı? Məgər xalq öz sadə danışıq dilində “Həci” sözünə daha çox müraciət eləməyib? Bu, Sovet Azərbaycanı ziyalılarının daha mədəni görünmək, daha kübar dildə danışmaq, dinə yabançılaşmaq cəhdimi? Bəlkə maarifçilik jesti, islam dinini sivil dünyaya daha çox yaxınlaşdırmaq istəyi? Bəlkə qavrayışla, tələffüzlə ilişikli problemlər? Bəlkə öz sosial statusunu gücləndirmək çabası? Yoxsa tərcümə yanlışlığı?

Əsla elə düşünməyin ki, mən kiməsə bir irad tutmaq və ya keçmişləri suçlamaq, təftiş etmək həşirindəyəm. Xeyr, sadəcə, mən özüm üçün aydınlaşdırmaq istəyirəm ki, Hacının Həciyə və ya əksinə transformasiyası adi ləhcə xətasıdır, yaxud mental, sosial-kulturoloji, ideoloji məsələlərlə əlaqədar bir təzahür?

Dönək lap başlanğıca, tələffüz invariantına. Ərəblər Kəbə ziyarətini “Həcc” adlandırırlar, təvaf eləmiş mömini – “Həəci”... Amma buna rəğmən ərəb qrafikasında bu söz “HACİ” kimi, yəni əliflə yazılıb hərəkə ilə oxunur və burada “ə” qoşalaşır.

Farslar bu sözü ərəb qrafikasında işarələndiyi kimi dillərinə daxil edirlər, “a”-nı uzadıb, vurğunu birinci hecaya atıb deyirlər “Haci”...

Bizdə nə odur, nə bu: rəsmi mədəniyyətdə Hacıdır, camaat içində əksərən Həci, şəkililərin şivəsində – Hajı...

Qəribədir, deyilmi?

Ola bilsin ki, Sovet dönəmində Azərbaycan ziyalıları “Həcc” sözünün rus variantından yararlanıblar, “xadji” və ya “qadji” ifadələrini dilimizə ruscadan çevirib “Hacı” yazıblar, sovet gerçəkliyinin sosial-kulturoloji paramaetrlərinə uyğunlaşmağa çalışıblar və “Həci” kəlməsinin mənasına, fonoloji hüsnünə diqqət kəsilməyiblər. Əgər Tolstoy Lev Nikolayeviç “Xadji Murat” adlandırıbsa öz əsərini, biz onu necə “Həci Murad” yaza bilərdik ki? Bəyəm “Həci Murad” deyib özümüzə, dilimizə ironiya ilə yanaşmazdıq, tərcüməyə lağ etməzdik, povestin özünü aşağılamazdıq?

Sözün deyiliş invariantı Həci ola-ola rəsmi mədəniyyət onu yaxın buraxmır və Hacı söyləməyi tərcih edir.

O da mümükündür ki, burada türk təsiri özünü görükdürüb. Çünki məhz Türkiyə türkləri öz leksikonlarında Hac və Hacı kəlmələrindən faydalanırlar. Bu da ondan irəli gəlir ki, Türkiyə türkcəsində “ə” saiti “e” saitinin içində gizlədilib və heç də aktiv sayılmır. Onların Həcc ziyarətinə Hac ziyarəti, Kəbədən geri qayıtmış müsəlmana isə “Hacı” deməsi birbaşa elə bunun nəticəsi.

Məsələ gün kimi aydındır: bakılılar və Abşeron kəndlərinin əhalisi elə sözün düzünü söyləyirlər. Düz də bu ki, Həccə gedən Həci olub gəlir, Hacı yox və bunu ləhcənin boynuna yıxmaq tam mənasız.

Amma və lakin...

Biz bir toplum olaraq razılaşmalıyıq ki, mental dünyamızda Hacı sözünün rəsmiyyəti, ictimai cingiltisi bıçaq kimi kəsir.

Hacı ağadır, üstündür, yuxarıdadır, hökm, söz, nüfuz sahibidir, toplumsal əlaqələr nizamlayıcısıdır, repressivdir, rəsmi dini avtoritetdir.

Həci qardaşdır, doğmadır, dostdur, hal əhlidir, qorxusuz və təhlükəsizdir, məclislərin hörmətli fiqurudur, fəxri avtoritetdir.

Hajı isə baməzə Molla Nəsrəddin variantıdır, meydan adamıdır, zarafatcıl və şəbədəçi dayıdır: hətta özünə də lağ etməkdən çəkinmir və heç bir avtoriteti yoxdur.

Bax, elə görünür bu səbəblər ucbatından azərbaycanlılar HACI sözünün sanbalından bayılırlar.

Mən təklif eləyib söyləmirəm ki, Hacını dəyişdirib yenidən Həci eləyək. Əsla. Bu, heç lazım da deyil, problem də deyil. Mənim görəvim sadəcə bu ki, əsl həqiqətin nədən ibarət olduğunu bir teleqraf üslubunda məqaləmə gətirim, fikirlərimi oxucularla paylaşım və sonucda hüzuri-şərifinizə çatdırım ki, ideoloji və mental ənənə, ictimai psixoz sözlə külək yarpaqla oynayan kimi oynayıb onun semantik çənbərində sayrışan mənalara və fonoloji strukturun özünə təsir göstərir, sözü dəf kimi çalır. Sözü dəf kimi çalanda rəsmi və qeyri-rəsmi mədəniyyət arasında mənaların karnaval vibrasiyası çoxalır.

# 9223 dəfə oxunub

Müəllifin son yazıları

# # #