Alimi mollaya çevirən məqamlar

Alimi mollaya çevirən məqamlar
30 sentyabr 2019
# 13:50

Kulis.az mədəniyyətşünas alim Aydın Əlizadənin “Alimin rəngsazdan fərqi nədir?” yazısını təqdim edir.

Danışıram bəzən həmkarlarımla, deyirlər Azərbaycan dilində filan ədəbiyyat yoxdur, tələbələri tədris edə bilmirik. Deyirəm, onda o ədəbiyyatı yazın, qoyun yerinə. Məsələn, mən dərs dediyim dövrdə gördüm "Antik fəlsəfə tarixi" dərsliyi yoxdur, onu yazıb yayımladım. İndi tələbələr onunla oxuyur. Deyirlər, ona görə bizə pul vermirlər, nəyimizə lazımdır? Dedim, mənə də verməyiblər o dərslik üçün, ancaq mən pulsuz yazdım, çünki bunu etməli idim, mənəvi borcum idi.

Mən belə şeyləri anlaya bilmirəm. Biz ziyalılar ona görə ziyalıyıq ki, zehni əməklə məşğuluq. Zehni əmək isə mənəviyyatın və ruhun yüksəlməsi deməkdir. Ona görə pul verdilər, ya yox, önəmli deyil. İnsanın ruhuna uyğun bir ehtiyac əmələ gəlirsə, onu ödəməmək olmur. Alim üçün önəmlisi ruhun təmin olması, onun əsərlərinin oxunması, onlara istinad edilməsi, tarixə düşməsidir. Pul önəmli deyil.

Məsələn, mən 12 kitab, dərslik, ensiklopediya, monoqrafiya; eləcə də 150 elmi məqalə müəllifiyəm, beynəlxalq elmi konfranslarda iştirak edirəm. Bundan başqa Vikipediyada, Youtube, bloqlar və sosial şəbəkələrdə fəaliyyət göstərirəm və heç vaxt bunlara görə pul almamışam. Sadəcə bu fəaliyyət mənə zövq verir, ruhum yüksəlir. Heç bir pula mən bu işləri görməzdim.

İndi mənə pul vermirlər deyə, fəaliyyət göstərməyim? Mən pulu gözləsəydim heç nə edə bilməzdim. Özü də əslində mənə heç kəs pul verməz. Çünki pul sahiblərinin çoxu mənim nə demək istədiyimi anlamır. Mənsə onların istəyini icra edən və nazı ilə oynayan adam deyiləm.

Alimdən “pul versinlər işləyim” sözlərini eşidəndə mənə qəribə gəlir. Başa düşürəm, çilingəri ki, o pulsuz boru çəkməz, ya rəngsazı ki, pulsuz divar rəngləməz. Ancaq alim addımbaşı pul gözləyirsə, onda onun həmin rəngsazdan, ya çilingərdən nə fərqi var? Alimlik ruhi məqamdır, ruh isə maddiyyata baxmaz, hal gələndə yaradıcılıqla məşğul olar.

Ona görə "pul verin işləyim" fikrində olan alimlərə etibar etmirəm. Əgər ruhunu ödəmək hissi alimə yaddırsa, ancaq maddi hislərlə yaşayırsa, deməli ciddi bir şey də ortalığa qoya bilməz.

Bütün bunları vətənpərvərlik iddiasında olanlara da aid etmək olar. Bir nəfər həmkardan "Mən həyatım boyu bu millətə və vətənə xidmət etmişəm, ancaq mənim işlərimi düzəldən olmur, hamı məndən üz döndərir" sözlərini eşitdim.

Bu da mənim tərəfimdən anlaşılmayan iddiadır. Ziyalıların bir çoxu belə düşünür ki, onlar millətə və dövlətə qulluq edir və sonra bunun əvəzini gözləyir. Əvəzini almayanda başlayır millətdən və vətəndən şikayət etməyə.

Əslində, millətə və vətənə heç kəs lazım deyil. Onlar var olub və olacaq. Biz hamımız gəlib gedənik, bu dünya isə həmişə mövcuddur. Bu səbəbdən vətənin və millətin heç bir şəxsə ehtiyacı yoxdur. Kimsə nəsə edəndə bunu vətən üçün etmir, özü üçün edir və təbii ki, əvəzini gözləyir. Çünki hər şeyin əvəzi olmalıdır. Vətən və millət kimi yüksək sözlər yalnız görüntüdür, əslində önə çıxan şəxsi maraqlardır

Beləliklə, mən öz payıma deyə bilərəm ki, nə edirəmsə özüm üçün edirəm. Sadəcə öz ruhumu qidalandırıram, yazdığım elmi işlərdən, mübahisələrdən, ictimai fəaliyyətimdən həzz alıram. Həyatda isə xoşbəxtlik elə həzz almaqdır. Bu, sadəcə mənə ləzzət verir. Ona görə də etdiyimin qarşısında əvəz istəmirəm. Etdiklərimdən aldığım mənəvi həzz elə onların qarşılığıdır, istədiyimi alıram.

Qaldı Vətənə və millətə, əgər hansısa işlərim onlara xeyir verərsə, nə yaxşı. Ancaq bunu da zaman göstərəcək. İndi mən deyə bilmərəm ki, millətimə xeyir, ya da ziyan verirəm.

Ümumiyyətlə, vətənpərvər ona görə vətənpərvərdir ki, vətəndən, dövlətdən və millətdən heç nə gözləmir, pul istəmir, şəxsi maraqlar güdmür, şöhrət üçün işləmir və s. Əksinə özünün nəyi varsa - pulunu, biliyini, bacarığını, istedadını və s. vətən üçün təmənnasız verir və xərcləyir. Hətta milləti onu anlamasa, vətəni inkar etsə, vətənpərvər onlardan üz döndərməz. Səmimiliyi və təmənnasızlığı hələ Nikkolo Makiavelli vətənpərvərliyi tərif edərək şərt kimi irəli sürmüşdür.

Vətən atadır, anadır. Onu ya sevirsən, ya da yox. Sevirsənsə, onda onun üçün təmənnasız xidmət edirsən, necə ana üçün edirlər. Hətta dilimizdə də ana vətən deyilir. Anadırsa, onda deməli təmənna olmamalıdır. Kim anaya qarşılığı almaq şərti ilə xidmət edir?

Bir adam vətən üçün çalışır deyə qrantlar, pullar, şöhrət istəyirsə nə vətənpərvərdir? Şəxsi maraqlarını təmin edən adamdır. Gördüyü işin nəticəsində vətənin ucalması hissi elə vətənpərvərin gəliridir.

Vətən ən yüksək ruh, qayə və amaldır. Ondan pul gözləmək günahdır, onunla balaları dolandırmazlar. Balaları dolandırmaq üçün çilingərlik, ticarət, mühəndislik və s. sənətləri var.

Vətəndən qrant, pul, şöhrət, vəzifə gözləyən Allaha xidmət etməkdən pul qazanan molla kimi bir kəsdir.

# 3118 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #