Allah ölməyib, qocalıb – Aqil Abbas yazır

Allah ölməyib, qocalıb – Aqil Abbas yazır
18 iyul 2018
# 16:40

Kulis.az millət vəkili, yazıçı Aqil Abbasın "Təkcə söz qocalmır" yazısını təqdim edir.

(Mahir Qarayevin 60 yaşına)

Dünyada nə varsa hamısı hər gün qocalır. Təbiət də, Ay da, Günəş də, planetimizin özü də, insanlar da. Təbiət hətta o qədər qocalıb ki, başını itirib. Bilmir nə vaxt yağış yağdırsın, nə vaxt gün çıxartsın və ya yağışı harda yağdırsın, günü harda çıxartsın.

Nitsşe deyir ki, “Allah ölüb”. Mən onu deyə bilmərəm, ağzım əyilər. Amma mənə elə gəlir ki, Allah da qocalıb, artıq bəşəriyyəti istədiyi kimi idarə edə bilmir. Bu boyda dünya dağılır, nə yeni bir Peyğəmbər göndərir, nə yeni bir Kitab. Bu boyda dünya qalıb iki güc dövlətin əlində, girinc olub. Az qalmışdım yazam, iki gic dövlətin əlində, qorxdum yazmadım, adamı çarmıxa çəkərlər.

Bəli, dünyada hər şey qocalır, hətta sonra yox olub da gedir.

Təkcə Sözdən savayı. Söz nəinki qocalmır, hətta hər gün gəncləşir, cavanlaşır. Homerdən tutmuş üzü bəri. Nizamidən, Firdovsidən, Nəsimidən, Füzulidən tutmuş üzü bəri. Şah İsmayıldan, Vaqifdən, Mövlanadan, Yunus Əmrədən, Nazim Hikmətdən tutmuş üzü bəri.

Axundovdan, Caviddən, Cəfərdən, Müşfiqdən, Səməd Vurğundan, Rəsul Rzadan, Bəxtiyar Vahabzadədən, Əli Kərimdən, Əliağa Kürçaylıdan, Məmməd Arazdan, Qabildən, Cabir Novruzdan, Nusrət Kəsəmənlidən, Hüseyn Kürdoğludan, Ağa Laçınlıdan,Vahid Əlifoğlundan üzü bəri.

Fikrət Qoca, Nəriman Həsənzadə ona görə qocalmırlar ki, Sözü qoymurlar qocalmağa.

Qocalmır Söz. Vaqif Səmədoğlu qoymadı qocala Söz. Eldar Baxış, Siyavuş Sərxanlı, Tofiq Abdin qoymadı qocala Söz. Akif Səməd qoymadı qocala Söz. Mehdi Bəyazid də qoymadı qocala Söz. Yazıçı Şahmar da qoymadı, şair Şahmar Əkbərzadə də. Baba Pünhanı unutmaq olmaz.

İsa Hüseynov, İsmayıl Şıxlı, Sabir Əhmədov, İsi Məlikzadə, Fərman Kərimzadə, İsmayıl Qarayev, Cəmil Əlibəyov qoymadı qocala Söz.

Anar, Elçin, Kamal Abdulla, Seyran Səxavət, Çingiz Abdullayev, Afaq Məsud, Elçin Hüseynbəyli, Nəriman Əbdürrəhmanlı, Yunus Oğuz qoymur qocala Söz. Elə bir az da mən.

Musa Yaqub, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Ənvər Əhməd, Zakir Fəxri, Xanım İsmayılqızı, Maarif Soltan, Salam Sarvan, Səlim Babullaoğlu, Rəşad Məcid, Şərif Ağayar, Aqşin Yenisey, Seymur Baycan, Vəli Xramçaylı, Əbülfət Mədətoğlu qoymur qocala Söz.

Bu gün Sözü qocalmağa qoymayan istedadlı şairimiz Mahir Qarayevin 60 yaşı tamam olur. Maşallah, heç özü də qocalmır. Elə 40 il bundan əvvəl tanıdığım Mahir Qarayevdi.

Təbrik edirəm, qardaş! Bu dünyada hər şey qocalır və qocalaq, bircə Sözdən savayı. O Sözdən ki sən onun keşiyində durmusan.

Və bir də bu dünyada hamı ölür, təkcə Sözə qulluq edənlər və Sözün işığında yaşayanlardan başqa.

Hətta imperatorlar, sultanlar, şahlar da gücləri çatdığı qədər Sözə qulluq edirdilər ki, bəlkə o Söz onları da yaşada.

Mahir, sən həmişə yadıma düşəndə nədənsə Sabir Adil də yadıma düşür. O da Sözə qulluq edirdi.

Adları deyəsən çox yazdım, eləmi? Əksinə, hələ nə qədər Sözə qulluq edənlərin, Sözü yaşadanların, Sözü qocalmağa, ölməyə qoymayanların adlarını da yaza bilərəm.

Bu gün dilimiz yaşayırsa, bu gün bu millət kökündən ayrılmayıbsa və bu millət az-çox qocalmaqdan qaça bilirsə, yuxarıda adlarını çəkdiyim və adlarını çəkmədiklərim Sözü qocalmağa qoymayanlara borcludur.

Mahir Qarayev, şənbə nömrəsində sənin Fəxri Uğurla beş il bundan qabaqkı söhbətini də təkrar çap edəcəm. Çünki o müsahibə də Sözdü və heç vaxt qocalmaz. Çünki o müsahibəni alan Fəxri Uğurlu da Sözü qocalmağa qoymayan əmioğullardandı./adalet.az/

# 2582 dəfə oxunub

Müəllifin son yazıları

# # #