Kulis.az Anarın "Tələsmə, Zamin!" adlı yazısını təqdim edir.
Bilirəm, mənə hörmət edən, rəğbət bəsləyən adamlar məni bu yazıya görə qınayacaqlar. "Axı niyə hər yetənin hərzə yazılarına vaxt itirib cavab verirsən" - deyəcəklər. Amma bu sayaq yazılara hərdənbir cavab verməyəndə qudurub hədlərini aşırlar.
Zamin Hacı adlı köşə yazarı ömrünün ən gözəl illərini məni sancmağa həsr edib. Bir vaxtlar əvvəl "Azadlıq", sonra "Yeni Müsavat" qəzetlərinin demək olar ki, hər nömrəsində barəmdə səfeh bir yazı çap etdirirdi. Mənə deyirdilər ki, bu, elə belə deyil, vəzifəli bir şəxsin tapşırığını yerinə yetirir. Doğrusu, buna inanmırdım. Amma o vəzifəli şəxs işindən uzaqlaşdırılan gündən bu adam da daha mənə ilişmədi. Lakin axır vaxtlar yenə məndən yazmağa başlayıb. Bilmirəm, təzə tapşırıq verəni var, ya özünün şəxsi təşəbbüsüdür. Bir müddət bundan əvvəl hörmətli tədqiqatçı Ədalət Tahirzadənin "Meydan" kitabından mənimlə bağlı yanlış məlumatdan həvəslə bəhrələnib, barəmdə növbəti çirkabı qəzet səhifələrində boşaltdı. Guya mən Vəzirovdan Hökumət evinin arxasındakı binada mənzil istəmişəm və bu mənzili mənə verib. Mən də, məsələdən agah olan Xalq yazıçısı Elçin də qəzetdə təkzib verdik ki, Hökumət evinin arxasında, Üzeyir Hacıbəyov 33/35 nömrəli mənzili mən Ə.Vəzirov Azərbaycana gəlməmişdən 13 il əvvəl almışdım. Ədalət Tahirzadə də bu səhv məlumatın kitabına düşməsindən təəssüfünü bildirdi və ağsaqqal kimi Zamin Hacıya məsləhət gördü ki, belə-belə ucuz üsullarla adamları zəhərləməsin. Elə bilirsiz, köşə yazarı bundan sonra üzr istədi, yanlış məlumata görə, yaşlı bir adamı ləkələdiyinə görə üzrxahlıq elədi? Əsla. Tam tərsinə, ən son yazısında da bu iyrənc yalanı təkrar edir. Mən bunu təbii qəbul edirəm. Çünki kiməsə şər atmaq, böhtanla, yalanla kimlərinsə əsəbləriylə oynamaq belələrinin həyat məramıdır.
Belə "homofasiştikuslar" Hebbelsin məşhur tövsiyəsinə əməl edirlər: "Bacardığınız qədər çox yalan danışın, əvvəl-axır kimisə inandıracaqsınız".
İllər boyu "Təhminə" filmində türk aktrisası Meral Konradın improvizə edib söylədiyi "Tələsmə, Zaur" sözləri bu köşə yazarının həyat devizinə çevrilib. Hər yazısında, yeri gəldi-gəlmədi, ürəyinə yatan bu sözləri təkrar edir. Son yazısında isə təzə bir mövzu tapıb. Guya mən "Dantenin yubileyi" povestini böyük saydığı rus yazıçı Kuznetsovun heç adını belə eşitmədiyim hekayəsindən plagiat etmişəm. Povestimin plagiat olduğunu sözbəsöz isbat edəcəyini deyir. Heç cür isbat edə bilməz. Çünki mən heç vaxt oxumadığım hekayədən, istəsəm belə, plagiat edə bilməzdim.
O ki qaldı "Sizə məktub var" adlı Amerika filminin "Mən, sən, o və telefon" hekayəmdən iqtibas olunmasına, mən özüm bu barədə heç vaxt, heç bir söz deməmişəm. Bunu kinoşünas Ayaz Salayev deyir və onunla əsaslandırır ki, bu film çıxandan çox illər əvvəl mənim həmin hekayəm ABŞ və Kanadada populyar jurnallarda dərc olunmuşdu. Qızıl vaxtını mənə ayıran köşə yazarı eşələnib tapıb ki, həmin o Amerika filmi 1940-cı ildə Hollivudda çəkilmiş "Küncdəki dükan" filminin remeyki, yəni yeni versiyasıdır. Yaxşı ki bu faktdan belə nəticə çıxarmır: "Yəqin Anar 2 yaşında olarkən bu filmi Amerikada görüb və hekayəsini ondan plagiat eləyib". Zavallı köşə yazarı illərdir, ağır Sizif əməyinə qurşanıb, dəridən-qabıqdan çıxır, sübut eləsin ki, Anar yazıçı deyil. Odur ki, qırx ildən artıq bir müddətdə neçə-neçə nəsillərin ən çox oxunan, sevilən, populyar əsərlərini qaralamağa çalışır - "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanını, "Mən, sən, o və telefon" hekayəsini, "Dantenin yubleyi" povestini. Nadanlığı və hikkəsi nəticəsində "Mən, sən, o və telefon" hekayəsində obrazlı ifadələri, bədii təsbehləri dil xətaları kimi qələmə verir. "Yuxuya girməklə yatağa girməyin" fərqini anlamır. Yaxşı, razılaşdım, mən yazıçı deyiləm, yazıçı da, şair də, qəzəlxan da, melodramaturq da, filosof da sənsən. Di əl çək. Yox, əl çəkən deyil, çünki anarafobiya bu adamın sağalmaz xəstəliyi, patologiyasıdır.
Bu yerdə həmin köşə yazarının köhnə bir yazısı yadıma düşdü (Yaxşı ki, arxivimdə mənə aid bir sıra belə hərzə yazıları saxlamışam). O vaxt işlədiyi "Azadlıq" qəzetində indi mövqeyi 180 dərəcə dəyişmiş redaktor müavininə yarınmaq üçün yazırdı:
"Mən yenə də hesab edirəm ki, Anar Rzayev yazıçı deyil. Azərbaycanda hamı Anarı "Beşmərtəbəli evin altıncı mərtəbəsi" adlı melodramasıyla tanıyırlar. Xaricdə belə yazıya heç kim ciddi əhəmiyyət vermir. Uzağı, əsasında "Mehriban düşmən" fason bir kinodan-zaddan çəkirlər, evdar qadınlar dovğa bişirəndə baxmaq üçün" (Dovğanı bişirməzlər, bulayarlar - A.).
Anarın yaradıcılığı vərəsəlik əsasında baş verib. Çünki Azərbaycanda hakimiyyət kimi, ədəbiyyatı da monarxiya üsul-idarəsi hesab eləyirlər. Elçin də belə yazıçı olub. Adamlar acından ölür, ölkə rüşvətxorluq bataqlığında, torpaq düşmən əlində, Anar, Vaqif Səmədoğlu, Bəxtiyar Vahabzadə, qoca, çürümüş hakimiyyətə dirək vurmaqla məşğuldurlar.
Mən yenə də hesab edirəm ki, Anar Rzayev yazıçı deyil. Çünki ən azı Mirzə Cəlildən, Tolstoydan, Dostoyevskidən, Selincerdən ayıbdır. Hətta Əkrəm Əylislidən də...
Zamin Hacı
"Destruktiv parlament"
"Azadlıq" qəzeti, 25-27 noyabr 2000".
Bu sözlərə bircə əlavəm var: köşə yazarının həyat yoldaşı, namuslu və obyektiv jurnalist Sevinc Telmanqızından da ayıbdır. Sevinc Telmanqızı yazır: "Kim nə deyir desin, mən Anar müəllimin xətrini çox istəyirəm. Bugünkü heç bir hərəkəti, özü demiş, iynəli sözü "Ağ qoç, qara qoç", "Anlamaq dərdi", "Dantenin yubileyi", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Dədə Qorqud" kimi onlarla gözəl əsərinin müəllifi olaraq ona hörmət bəsləməyimə əngəl ola bilməz.
SEVİNC TELMANQIZI "Yenə həmin Anar müəllim barədə"
"Yeni Müsavat" qəzeti, 14 noyabr 2008".
Sağ ol, Sevinc xanım!
Tələsmə, Zamin!
/525-ci qəzet/