Kulis.az yazıçı Alpay Azərin M.Kaşğarlı Beynəlxalq Hekayə Müsabiqəsinin ölkə (Azərbaycan) üzrə mərhələsində 1-ci, beynəlxalq mərhələdə 3-cü yer tutmuş “Hikkəli qadın” hekayəsini təqdim edir
Həftədə bir, bəzən iki dəfə “Üç xanım” kafesinə gedirəm. Adına uyğun ora cavan, ortayaşlı xanımlar, bir də, sevgiləri alışıb-yanan (qabaqlarında yanan şam, əlləriylə sevişə-sevişə söhbət edənlər) və sevgiləri soyumuş, ya yoxa çıxmış (şamı yandırmayanlar, ehtirassız-təbəssümsüz söhbət edənlər) cütlüklər gəlir. Birinci dəfə Bakıda bu cür adda kafe görəndə təəccüblənmişdim, fikirləşmişdim ki, görünür, əvvəldən xidmət elə xanımlara hesablanıb deyə, bu cür ad seçib kafenin sahibi.
O kafedə, dördadamlıq masa arxasında qırmızısaç qoca qadının tək oturub, qəhvə içə-içə ofisiantlara ərklə, hirslə tapşırıqlar verdiyini ilk dəfə görəndə, düzü, əsəbiləşmişdim. Elə sonralar da bu mənzərəyə rast gələndə hirslənirdim, amma təbii ki, kiməsə iradımı bildirəmməzdim. Yetmiş-səksən yaş arasında olan bu qadın nə saçlarını rəngləməyindən qalır, nə də makiyajından və dodaq boyasından, üstəlik, tünd iyli ətirdən istifadə edirdi.
“Yaxşı, ay... kaftar deməyim sənə. Hər halda mənim də nənəm var, hardasa elə sən yaşlarda olar. Kafeyə, restorana getməsə də, sənin kimi makiyajından qalmır. Kafeyə gəlirsən, əcəb edirsən, bəs niyə hər dəfə bu ofisiantlara zülm edib məni də boş yerə əsəbləşdirirsən. Bəlkə, bu kafeyə gələn sevgililərə paxılığın tutur. Onda sən nifrətin kvadratına layiqsən”. Sonra da fikirləşirdim ki, bəlkə, cavanlıqda şəxsi həyatı gətirməyib, ya ümumiyyətlə, kişi üzü görməyib, onda kvadratsız nifrət edirdim hikkəli qadına.
İkinci dəfə onu uzun qırmızı (cavanlıq rəngi) müştükdə nazik “Davidoff” siqareti çəkən görəndə təbii ki, təəccüblənmədim. Qəhvə içə-içə tüstünü çox vaxt halqalarla havaya buraxırdı. “Yəqin ki, kofesinə konyak damızdırıb. Öz də Fransa konyakı, Şəmkir, Tovuz konyakı yox ha,” – arada bir o tərəfə nəzər ata-ata fikirləşirdim. – Hmm, bəlkə də ofisiantın qulağına pıçıldayıb deyir ki, kofenin konyakını az eləmisən, ya əksinə, çox eləmisən”. Nədənsə, mənə siqaretin külünü əks tərəflərə baxan ikibaşlı şir-külqabıya – ancaq onun masasında beləsi varıydı, – tökməyi ləzzət edirdi. Əmin idim ki, sabah Azərbaycanda kafe və restoranlarda siqaret qadağası qanunu qəbul edilsə, onun bu xanıma heç bir aidiyyatı olmayacaq.
...Yenə tək oturub həminki yerdə. İçəri keçib boş masalardan birinin arxasında otururam. Ofisiant masama yaxınlaşır, “Jülyen, bir də Espresso kofesi, zəhmət olmasa,” – sifariş verirəm. Qoca xanım mənimlə yanaşı masada oturub. Adətən, məndən əvvəl kafeyə gəlir, amma fikir verirdim ki, nədənsə, biz təxminən eyni vaxtda sifarişlərimizi veririk.
- Tvoroqlu (kəsmikli) blinçik, yaşıl çay, – qadın sifariş edir. – Hə, Fariz, keçən dəfə tvoroqun içinə kişmişi az vurmuşduz? Təcili povora (aşpaz) bunu çatdır.
- Ola bilməz, Solmaz xanım, – ofisiant həlim səslə dillənir.
- Necə yəni ola bilməz, mən sənə yalan danışıram? Sən begəm görmüsən ki, birdən-ikidən...
- Yox, yox, – ofisiant qəşş edib gülməyə başlayır.
Fikir verirəm ki, bizdən aralıda olan ofisiantlar da gizlincə xısın-xısın gülür, başa düşürəm ki, bu kafedə artıq Solmaz xanımın hirsli atmacalarına, danlaqlarına öyrəşiblər.
- ...Ona görə ola bilməz ki, siz blinçikləri sifariş verəndə “povara” tapşırdım ki, “zakazı” verən Solmaz xanımdır. Üstəlik, Elçindən xahiş elədim ki, diqqətli olsun.
- Ayıb olsun sənə, Fariz, – Solmaz düz ofisiantın gözünün içinə baxır.
- Niyə, Solmaz xanım? – Fariz gülə-gülə soruşur.
- Ona görə ki, qarşımda həyasızcasına yalan danışırsan.
- Yalan danışmıram, Solmaz xanım, – ofisiant ciddiləşir.
- Ayıb olsun sənə, Fariz, ayıb olsun.
“Ayıb olsun”dan sonra Fariz günahkarcasına başını aşağı salır, – elə bil deyir ki, qələt eləmişəm, keçin günahımdan, bir də eləmərəm.
- İkincisi, mən indi özüm kişmişləri bir-bir saydım, – Solmaz xanım artıq ekstazdadır, – hər blinçikdə cəmi üç dənə kişmiş vardı.
- Bəs keçən dəfəkilərdə nə qədəriydi?
- Sən məni dolamısan?! – Solmaz xanım hirsindən qızarır.
- Yox, yox, o nə sözdü... Mən demək istiyirdim ki... Yəni gələn dəfə... Belə olmasın deyə soruşuram, – ofisiant özünü itirdiyindən dili topuq çalır.
Bilmirəm, arvad qarşısındakını özünü itirdiyinə görə yazığı gəlir, ya nəydisə, səs tonunu yumşaldır:
- Keçən dəfə blinçiklərin hərəsinə beş dənə kişmiş vurmuşduz, əgər bunu bilmək sənə vacibdirsə.
- İstiyirsizsə, biz yenə blinçik gətirə bilərik, – Fariz günahkarcasına dillənir.
- Lazım deyil, amma axırıncı dəfə olsun. Nə deyirəm, onu da gətir, mübahisə də eləmə, başa düşdün?!
Okey, Solmaz xanım.
Bu dəfə isə Solmaz xanım Farizin kondisioneri soyuq rejimə qoymasına görə deyinirdi. Fariz cəsarət edib deyəmmirdi ki, Solmaz xanım, zəhmət olmasa, durun başqa boş masada əyləşin ki, kondisionerin soyuq havası sizi vurmasın. “Əmri” eşidən kimi ofisiant səssizcə pultu götürüb kondisionerin soyuq havasını bir az aldı. Az sonra Solmaz yenə də soyuğu azaltmağı tələb etdi və mənə elə gəldi ki, axırıncı tələbinin səbəbi Farizin onun az öncəki istəyinə az da olsa etiraz eləməməsi oldu. O halda Solmaz həmişəki danlaq tonla bir xeyli deyinib ürəyini boşaldacaqdı, axırda Fariz üzr istəyə-istəyə arvadın dediklərinə tabe olacaqdı və Solmaz həmişəki kimi özünü haqlı, qalib hiss edəcəkdi.
Amma Fariz bu dəfə etiraz elədi:
- Axı müştərilər...
Solmaz xanım sanki bunu gözləyirmiş kimi:
- Hansı müştərilərdən danışırsan, Fariz? – başqa müştərilər eşitməsin deyə pıçıltlyla deyib (guya etikalılığı tutdu) düz Farizin gözlərinin içinə baxdı, bu baxışlarda “Mən olan yerdə başqa müştəri söhbəti eliyirsən sən?” – yazılmışdı.
Məndən başqa “pıçıltıyla” deyilən bu sözləri iki nəfərlik masa arxasında oturan sevgili cütlük və başqa yerdə əyləşmiş iki rəfiqə də eşitdi. Qızla oğlan gülümsədilər, o biri qızlar isə təəccüblə bir-birinə baxdılar: yəni bizi nəzərdə tutur?
- Bir azdan bura gələcək müştəriləri deyirəm, – Fariz hirslə cavab verdi.
- Bir az, nə vaxt? – Solmaz soruşdu.
- Beş dəyqə sonra, – bu dəfə qəzəbini gizlətmədən Fariz düz onun gözlərinin içinə baxdı.
İlk dəfəydi bu baxışlarda “Bəsdir də bezdirdin bizi sən,” – yazılmışdı. Solmaz Farizə baxa-baxa qaldı və susdu. Onun susmağı isə sanki “Səndən bunu gözləmirdim, cavan oğlan, ilk dəfə sən mənim qapıma qol vurdun, quru hesabdan çıxdın,” – mənasına gəlirdi. “Afərin, Fariz”. – ürəyimdə dedim. Mənə də Farizin cəsarətli cavabları, Solmaza sərt baxmağı ləzzət eləmişdi. Axı nə vaxta qədər bu Solmazdan, adamayovuşmazdan qorxmaq, qabağında əzilib-büzülmək, az qala mazoxistcəsinə alçalmaq olar. Lap tutaq ki, qadın kafenin böyüyünün, ya da hansısa VİP-in anasıdır, ya xalasıdır, bəs sənin mənliyin hardadır, ay Fariz, bu qədər də olmaz axı.
Farizin cəsarətli tonda verdiyi cavabdan sonra heyrətdən susan Solmaz xanım neyləsə yaxşıdı, gülümsədi. Qarşılığında Fariz də gülümsədi və bu təbəssümlə bir növ demək istədi ki, bəsdi də, ay Solmaz xanım, nə vaxta qədər özünüzü dağ başına qoyacaqsız, aşağı düşün də.
Nə beş, nə də on beş dəqiqə sonra yeni müştəri gəlmədi, üstəlik, o tərəf bu tərəfə gedən, arada yediyim pitsayla içdiyim Espresso qəhvəsinin hesabını gətirən Fariz Solmazın ikinci dəfəki xahişini yerinə yetirmək bir yana, heç o oturan masaya tərəfə baxmasa da, yanından keçəndə gülümsəyirdi. Solmaz hər dəfə Fariz yanından keçəndə gözünü ona zilləyirdi, aradabir o da gülümsəyirdi və mənə elə gəlirdi, Fariz ona tərəf baxmasa da, qulağının ucuyla Solmazın qımışmasını hiss edir.
Növbəti gəlişlərimin birində mən Solmaz xanımın yanında təxminən elə özü yaşda bir qadın da gördüm. Sifarişləri hələ gəlib çıxmamışdı, həvəslə bir-birilərinə yaxın qohumlarının qeybətini edirdilər. Yeri gəlmişkən, rəfiqəsi də siqaret çəkirdi, – müştüksüz, qalın, ağ filtrli “Kent”. Ömrü boyu siqaret çəkən qadınları “yıxıb-sürüyən” mənimçün ən maraqlısı, həm də gülməlisi qoca rəfiqələrin bir-birinin dalınca tüstünü havaya buraxmalarıydı: mən xəyalən düz xətti halqaların ortasından keçirirdim. Mənə elə gəlirdi, hər ikisi cavanlığında heç siqaretin dadına da baxmayıb, sadəcə, son on-on beş ilin dəbinə, bir də, güman ki, kafedəkilərin, əsas da, cavanların diqqətini cəlb etmək eşqinə düşüblər.
Az sonra bunların blinləri və çayları gəlib çıxdı. Çəngəl-bıçaq işə düşdü. Heç üç dəqiqə keçməmişdi ki, o biri arvad qəfildən Solmaz xanıma “Bir dəyqə,”– deyib ayağa durdu, qətiyyətli addımlarla ofisiantlara doğru getdi. Mən gözaltı Solmaz xanıma baxır, səbirsizliklə nə isə maraqlı bir şeyin baş verməsini gözləyirdim.
- ...Mən göbələlkli blinçik demişdim! – rəfiqəsi az qalırdı Farizi boğsun, – kişmişli yox.
- Nailə xanım, vallah...
“Buna söz deyənin biri əskiyiydi, indi də bu birisi çıxdı meydana,” – fikirləşdim.
- Allaha yalandan and içmə, ayıbdı.
- Bağışlayın, ola bilsin səhvən Solmaz xanım sifariş edəndə elə bilmişəm siz də kişmişli...
Tez Solmaz xanıma baxdım, yırtıcı baxışlarını rəfiqəsindən və “yazıq” Farizdən bir an belə çəkmirdi. Gözlədiyim kimi, qəfildən yerindən durdu və özünü yetirdi, nə yetirdi... Farizə nələr dediyini sizə danışmayacam, məncə, özünüz də təxmin eliyə bilərsiz.
Hər ikisi oturandan sonra bir müddət susa-susa rəfiqəsinin üzünə diqqətlə baxan Solmaz xanımın sifətində sanki bunlar yazılmışdı: “Nailə, burdakı ofisiantları ancaq mən danlaya bilərəm, mən təhqir edə bilərəm. Sən şikayət elədin, rəfiqəmsən deyə, adamların yanında bir şey deyə bilmədim, gələn dəfə bir də belə hərəkət eləmə. Nədən narazısansa mənə de, bunların dərsini vermək isə ancaq mənlikdi”....
- Yox, yox, mən verəcəm, – Nailə çek kitabçasını Solmazın əlindən dartıb almaq istəyirdi. – Yox, Solmaz, olmadı da, axı söhbətimiz belə oldu ki, bu dəfə mən səni qonaq edirəm...
...Təbii ki, hikkəli qoca “madmuazelin” nəçi olduğunu, niyə belə tez-tez hisrləndiyinin səbəbini öyrənməyə bilməzdim, onun haqqında ən cüzi məlumatı bilmək həvəsi varıydı məndə. Düzü, imkan da tapammırdım ki, Farizə istədiyim sualı verəm, içimdəki qurdu öldürəm, – tərslikdən həmin vaxt Solmaz orda olurdu. Sual verəndə ofisiantın qeyri-ixtiyari çönüb qəhrəmanımıza baxmağından, diqqəti cəlb etməyindən ehtiyatlanırdım.
Nəhayət, günlərin bir günü kafeyə girəndə Solmaz orda yoxuydu. Fariz mənim çayımı, çiyələklə blinlərimi gətirəndə sakitcə soruşdum:
- Qardaş, bax orda, – gözümün işarəsiylə boş masanı göstərib, – həmişə yaşlı bir qadın oturur. Sirr deyilsə, o kimdir? – sualı elə tonda verdim ki, yəni narahat olma, verəcəyin cavabdan sənə ziyan-xətər gəlməyəcək, dediklərin məndə qalacaq, sadəcə, mənə maraqlıdır deyə soruşuram.
- O qadın əvvəl hansısa universitetdə dərs deyib. Bu kafe isə əvvəllər onun evi olub.
- Aaa, – qeyri-ixtiyari reaksiya verdim. – Belə başa düşürəm ki, bu qadın hər gün bura gəlir ki, keçmişini yadına salsın.
- Elədir. Siz aboya baxın.
Bu sualdan bir az çaşan kimi olsam da, çönüb divar kağızına baxdım, köhnə, yaşıl rəngli divar kağızıydı.
- Buranı bizim şefə satanda, – Fariz izah eləməyə başladı, – Solmaz xanım iki şərt qoydu. Birincisi, o, ölənə qədər aboy dəyişməyəcək. Müdir dedi ki, yaşılını taparam, lap sizinkinə oxşayanı olar, amma təzə olsun, ona da razı olmadı Solmaz xanım. Fikir vermisizsə, Solmaz xanım oturduğu yerdə hərdən əlini divara sürtür.
- Hə, düzdü, – onun əlini divara sürtdüyünü, düzü, heç vaxt görməmişdim, söhbətin davamını səbirsizliklə gözləyirdim deyə yalandan bunu gördüyümü dedim. – Bəs ikinci şərti nə olub?
- İkinci şərti... Bu, bir az uzun məsələdir. Deməli, əvvəlcə dedi ki, kafenin adı “Mənim evim” olmalıdır. Şef razılaşmadı, dedi ki, Solmaz xanım, nə danışırsız, bu cür adla kliyent yığmaq olmaz bura. O birisi gün gəldi ki, “Uyutnıy dom”, yəni “Rahat ev” olsun adı. Buna da şef razılaşmadı, dedi ki, birincisi, rusca ad qoymaq olmaz, dövlət dili məsələsi. Qayıtdı ki, niyə Tarqovıda ingilis dilində adlar qoyurlar, rus dilində olmasın. Şef də dedi ki, dil bir yana, ad yenə də uyğun deyil. Üçüncü dəfə Solmaz xanım gələndə dedi ki, atalar üçdən deyib, bu dəfə mən deyən olmalıdır. “Üç xanım” olsun. Şef də bir az fikirləşdi, dedi yaxşı, siz deyən olsun. Bura yığılmışdı, – əliylə boğazını göstərib, –bir söz demədi. Həm də, düzü, ad da şefin ağlına girmişdi.
- Bəs niyə üç xanım?
- Hə, elə onu danışacaqdım indi. Bəlkə yadınızda olar, Solmaz xanım bir dəfə bura bir qadınla gəlmişdi?
- Hə, əlbəttə, yadımdadır, hələ gəlib səni blinçikə görə danladı həmin qadın.
- Hə, düzdü. Onlar üç padruqa olublar. Solmaz, Nailə, məni blinçikə görə danlayan həmin o qadın, – gülümsədi, yəni öyrəşmişəm bu danlaqalara, – bir də Ellada xanım. Ellada xanım hardasa bir il qabaq rəhmətə gedib, rakdan.
- O da bura gəlirdi?
- Hə, iki-üç dəfə burda olub. Rəhmətlik çox mədəni qadınıydı, bu birilər kimi deyildi. İndi qalıblar iki padruqa. Elə buna görə axırda ağlına bu ad gəlmişdi, “Üç xanım” kafesi.
- Hmm, maraqlıdır, – ofisiantın danışdıqları doğrudan da mənə maraqlı gəlirdi. – Bura bax, soruşmaq ayıb olmasın, bu xanım ərdə olub? – xeyli vaxtdı altşüurumda ilişib qalmış sual üzə çıxdı.
- Yox, məllim, ayıb niyə olur. Sizcə, o ərdə olmamış olar? Əlbəttə, əri var, – xoş xəbər deyirmiş kimi güldü.
- Bəs onda niyə bura...
- Bilirdim ki, bu sualı verəcəksiz. Deməli, bir dəfə Solmaz xanıma qulluq eliyirdim. Bu vaxt içəri kostyumda “salidni”, ağbaş kişi girdi, getdi düz Solmaz xanımın yanına. Sizcə, Solmaz xanımın reaksiyası necə olsa yaxşıdı?
- Niyə gəlmisən bura?
- Ay sağ olun. Siz, deyəsən psixoloqsuz.
- Yox, riyaziyyatçıyam, amma intuisiyamla başa düşdüm.
- Düzdü, Solmaz xanım hamının yanında yüksək səslə dedi: Sən niyə bura gəlmisən?
İkimiz də güldük.
- Qısası, kişi evin açarını yadından çıxardıb işdə qoyubmuş, ona görə gəlmişdi. Arvadın o cür danışmağına heç bir reaksiya vermədi əri, açarı götürüb sakitcə çıxıb getdi. Görünürdü ki, çox mədəni adamdı. Təsəvvür edin ki, bu kafe açılanda Solmaz xanım bütün işçilərin bioqrafiyasıyla maraqlandı, harda, neçənci ildə anadan olub, haranı qurtarıb. Siz də məni bağışlayın, – pıçıltyla, – süpürgəçilərə qədər maraqlanırdı ki, kimdi, nəçidi.
- Hmm, maraqlıdır, – dedim və pauza yarandı.
- Məllim, gəlin sizə maraqlı bir şey də danışım.
- Aha, əlbəttə, – dedim.
- Siz ikinci mərtəbədə, – qaşıyla yuxarını göstərdi, – üç qadın heykəlini görmüsüz yəqin.
- Hə, əlbəttə, fırlanan heykəlləri deyirsiz, Oqinskinin Palanezi çalır.
Kafenin ikinci mərtəbəsində köhnə dolablardan birinin üstündə ayaqlarını ayaqlarının üstünə aşırmış üç ortayaşlı şlyapalı xanım heykəlcikləri düyməni basanda yelpiklənə-yelpiklənə bəstəkar Oqinskinin “Polonezinin” sədaları altında dairəvi fırlanırlar. Bəzən bunu seyr etmək üçün mən də ikinci mərtəbəyə qalxıram.
- ...Onu Solmaz xanım Varşavada olanda alıb gətirib bizə verib. Və tapşırıb ki, ora hər dəfə təzə müştəri gələndə bir dəfə səsləndirsinlər.
- Bəs niyə onda ikinci mərtəbə? Bəs özü....
- Başa düşdüm sizi. Solmaz xanım özü belə istəyib. Deyir ki, o xanımlar ən yüksək yerdə olmalıdırlar. Amma hərdən özü tək olanda, bəzən də Nailə xanımla ikinci mərtəbəyə çıxıb bir yerdə o heykəllərin fırlanmasına baxırlar, Palanezə qulaq asırlar. Hər dəfə də ikinci mərtəbədən düşəndə mənə bərk-bərk tapşırır ki, tez-tez tozunu sil o heykəllərin. Bununla, – önlüyünün cibindən tünd qırmızı rəngdə məxmər parça çıxartdı, – tapşırıb ki, ancaq bununla tozunu al. İnanırsız, gündə iki dəfə tozunu silirəm o heykəllərin, amma yenə də narazı qalır məndən, – deyib Fariz yenə gülümsədi. – Bir şeyi də danışım, bu günlük məncə bəsdir.
- Hə, əlbəttə, danış görək. Nə qədər istəsən danış.
- Mən birinci dəfə buna Solmaz xala demişdim. Mənə bilirsiz nə demişdi. Bir də mənə “xala” desən, bu çəngəli dilinə batıracam. Bir müddət buna Solmaz xanım, Solmaz xanım deyirdim. Bir dəfə “prikol” (məzə) üçün buna yenə Solmaz xala dedim. Neynəsə yaxşıdı, hamının yanında ki, dilini çıxart. Deyirəm, Solmaz xanım, zarafat eliyirsiz. Deyir yox e, bu dəyqə dilini çıxartmalısan, o dedi, mən dedim, mən dedim, o dedi. Axırda məni inandırdı ki, çəngəli bərk batırmayacaq dilimə.
Farizə qulaq asa-asa gülməkdən çiyinlərim tərpənirdi.
- Sən də dilini çıxartdın?
- Hə, neyniyim tay.
- Bərk batırdı?
- Nə çox yumşaq, nə də bərk, amma öz istədiyinə çatdı da. Amma bir şey var ki, o gün hardasa günortadan sonra kafeyə gəlmişdi, adam demək olar yoxuydu bur...
“Burda” sözünün “-da”-sını deməmiş kafenin qapısı açıldı və içəri Solmaz xanım və yanında on səkkiz-iyirmi yaşında hündürboylu, uzunayaq, irigözlü, taxma kiprikli, bir sözlə model bir qız girdi. Keçib Solmaz xanımın masasının arxasında oturdular. Fariz yavaşca: “Nəvəsidi,” – deyib mənə göz vurdu, onlara yaxınlaşdı. Nənə və nəvə sifarişlərini verəndən sonra çox güman ki, çöldə başladıqları mübahisəyə davam eləməyə başladılar: daha doğrusu, nəvə elə hey hücum edirdi, nənə isə müdafiə olunurdu:
- Nənə, sən elə bilirsən anam səni çox istiyir? Elə hesab edirsənsə, çox böyük səhv eliyirsən, bunu biləsən. Əgər anam səni çox istəmirsə, onda atamdan, yad kişidən diqqət, qayğı gözləməyinin heç yeri yoxdu.
- Elya, imkan ver, sözümü deyim. Sən hələ uşaqsan, heç iyirmi yaşın yoxdu.
- Eee, yenə başladın da. Nə yaş e, nə yaş-yaş salmısan. Söz tapmayanda kənd arvadları kimi, başlıyırsan cavansan, uşaqsan. Bir də ki, ona qalsa, atalar deyir ki, ağıl yaşda deyil, başdadı.
- Axı səndə.... – deyib duruxdu, davamını gətirəmmədi nənə.
- Hə, nə demək istiyirsən, ağlım yoxdu. De də, niyə qorxursan?
Kafenin yarısı bu mübahisəni eşitməməzliyə vurub öz aralarında söhbət eləsələr də, mənim kimi qulaqlarını şəkləmişdilər, həm söhbətin gedişatını izləyir, həm də sonu gözləyirdilər.
- Yox, Elya, mən səndən niyə qorxuram ki, – hərçənd ki, səsindən qorxduğu hiss olunurdu, – Ona görə yaş məsələsini dedim ki, sənə baxanda çox şey görmüşəm bu həyatda...
- Nə görmüsən e bu həyatda? – nənəsinin sözünü kəsdi. – Adı it dəftərində olmuyan Memarlıq universitetində dərs demisən də. Böyük şey eləmisən, camaat gedib Oksfordda dərs deyir, bu da Azərbaycanın hansısa dördüncü dərəcəli universitetində dərs deyib, fəxr eliyir bunnan.
Solmaz xanım elə ağzını açmaq istəyirdi ki, Elyanın (Elmiranın yəqin) mobil telefonuna zəng gəldi. – Bir dəyqə, nənəsinə gözünü ağartdı, – Bax, mən danışa-danışa sözümü kəssən, özündən küs, – deyib “Yes” düyməsini basdı. Və tamam başqa tonda, əzilə-əzilə “Herr Ştefanla” (Cənab Ştefanla) almanca danışmağa başladı. Almanca bildiyimdən deyilənlərin çoxunu başa düşürdüm. Bu gözəlçə Ştefana telefonda deyirdi ki, Frankfurta təyyarə biletini bronlayıb, sabah vizayla bağlı sənədləri Almaniya səfirliyinə təqdim edəcək, uzağı dörd gündən sonra vizanı alacaq, pasportu səfirlikdən götürən kimi də gedib bron elədiyi bileti alacaq. Yenə əzilə-əzilə Ştefana təşəkkür edib vidalaşdı onunla. Telefonun “No” düyməsini basandan sonra da iki-üç saniyə üzündə təbəssüm ekrana baxdı. Və birdən nənəsinə baxıb yenə zəhərsifət aldı:
- Hə, nə deyirsən, nənə. Mənim heç nə vecimə deyil, düzünü bilmək istiyirsənsə. Mən üç illik gedirəm Almaniyaya. Urra, mənim işlərim düzəlir!
- Əlli yaşlı kişiyə ərə getməyə? – nənə kinayəli nifrətlə soruşdu.
- Fuu, bunun dediyi sözə bax. Ştefan əlli yaşında olsa da, otuz yaşlı cavan oğlan kimidi. Hər səhər idman eliyir, təbii sok içir, sənin kimi ucuz siqaret çəkmir, – nifrətlə masanın üstündəki ağ “Davidoff” qutusunu göstərdi. – İkincisi, bu, mənim şəxsi işimdi, kefm istiyər əlli yaşlı kişiyə ərə gedərəm, kefim sabah başqa cür olar, həştad yaşlıya ərə gedərəm. Sənə nə var? Getdim e, mən. Sənin orta əsrdən qalma leksiyalarıva qulaq asmağa həvəsim yoxdu, nə vaxtım, – deyib yerindən qalxdı.
- Ay qız, dayan, hara gedirsən?
- Mən getdim, hələ viza blankını doldurmalıyam.
- Bəs göbələkli pitsa, kofe zakaz vermişdin?
- Onu sevimli nəvən Aykaya aparıb verərsən, – deyib dikdaban ayaqqabılarını taqqıldada-taqqıldada kafedən çıxdı.
Az sonra Fariz sinidə iki pitsa və iki fincan qəhvə yanımdan keçəndə, mənə təbəssümlü bir göz vurub, Solmaz xanımın masasına yaxınlaşdı. Və Solmaz xanım ilk dəfə mülayim tonda:
- Farizçik, sən pitsaları falqaya bük, mənə gətir, zəhmət olmasa.
- Bəs kofeləri neyniyim Solmaz xanım?
- Kofeləri... Birini özün iç, o birisini də... sizin işçilərdən kim istəsə, ona ver, de ki, Solmaz xanım qonaq eliyir.
- Çox sağ olun, Solmaz xanım, – deyib Fariz dolu siniylə mətbəxə qayıtdı.
Az sonra Solmaz xanım əlində dolu paket ağır-kədərli addımlarla kafedən çıxdı. Maraqlı o idi ki, Farizin sonra boş vaxtı olsa da, mənə yaxınlaşıb nənə və nəvə arasında baş verən qovğalarla bağlı heç nə demədi. Bəlkə də bunu da desə, mənim gözümdə qeybətcil obrazında görünmək istəmirdi. Ya da Solmazgilin sifarişlərini gətirəndə mənə gülümsəyib göz vurmaqla demək istəyirdi ki, no comment, yəni hər şey aydındı, şərhə ehtiyac yoxdu.
Belə başa düşdüm ki, Solmaz xanım qızı və nəvəsinə olan hirsini bəlkə də hər axşam kafeyə gəlib Farizdən çıxır, amma hərdən onunla məzələnir də, – məsələn, dilinə çəngəl batırır. Və harmoniya təşkil edən bu hirslənmələr, məzələnmələr, qarşılıqlı atmacalar onun stresini qismən aradan qaldırır, hələ ola bilsin, ömrünü də uzadır. Farizin isə dünya vecinə deyil, Solmazın onu tez-tez “çimdikləməsindən” qəşş edib gülə-gülə enerji alır. “Ay qoca, – Solmaza baxıb fikirləşirdim, – dünyanın bicisən sən. Səndə nələr var. Yüngülvari sadistliyin tutub bu yaşında, kefindən qalmırsan. Amma bu nəvə məsələsi heç yaxşı olmadı ha, ay nənə ”. Yeri gəlmişkən, “Üç xanım” kafesində bircə Fariz Solmaz xanıma qulluq edə bilərdi, hələ bir dəfə də olsun başqa bir ofisiantın onun masasına yaxınlaşdığını və nəyəsə görə danlandığını görməmişdim.
Hardasa üç aydan çox idi kafeyə getmirdim, – işsiziydim, pulsuzuydum deyə, kafeyə, çayxanaya getməyi israfçılıq sayırdım. Nəhayət, təzə işə düzəldiyim yerdə ilk maaşımı alan günün axşamı özümü verdim “Üç xanım” kafesinə. Gözümə ilk dəyən divar kağızının dəyişməsiydi. Əvvəlki yaşıl rənglinin yerində sarı yarpaqlar rəsmi olan divar kağızıydı.
Fariz gözümə dəymədi və ayaqlarım instinktiv məni pilləkənlərə tərəf apardı. Pilləkənləri iki-iki qalxdım. Fariz həvəslə üç qadın heykəlciyi ilə bağlı yəqin ki, mənə danışdıqlarını indi də masa arxasında oturmuş, dəblə geyinmiş, gündə qollarını, ayaqlarını qaraltmış, heyrətdən dodaqları bir-birindən aralanmış iki şokolad qıza danışırdı. Necə şövqlə danışırdısa, deyəsən, məni görmürdü. Az sonra Oqinskinin “Polonezinin” sədaları altında şlyapalı üç heykəlcik xanımlar yelpiklənə-yelpiklənə fırlanmağa başlayacaqdı.
29 noyabr, 2013 – 2 sentyabr, 2014,
Milan (dəmiryolu vağzalı, Motta kafesi) – Genuya - Bakı