Alçağın yekəsi – Alpay Azərin hekayəsi

Alçağın yekəsi – Alpay Azərin hekayəsi
3 aprel 2017
# 09:56

Kulis.az Alpay Azərin “Alçağın yekəsi” hekayəsini təqdim edir.

Universitetin coğrafiya fakültəsində dərs deyən Rəşad müəllim televizordan keçmiş tələbəsinin Strateji İnkişaf və Sənaye nazirinin müavini təyin olunması xəbərini eşidəndə, yerində qurcuxdu, sonra mexaniki fikirləşdi: “Bu günlərdə... yox, gələn həftə”. Sonda işsiz qalan oğluna görə tələbəsinin qəbuluna bir ay sonra getməyə qərar verdi. Lap axırda mətbəxdəki arvadını səslədi: “Tez bura gəl!” və məsələni ona danışdı. Arvadı isə dedi ki, a kişi, gələn ay nədi, bir-iki həftənin içində qohum-tanışları töküləşəcək yanına, sən gedəndə də, başından eliyib deyəcək, məllim, boş yerimiz yoxdu, ona görə çox uzatma, uzağı bir həftəyə cum onun yanına.

“Arvada qulaq as, amma öz bildiyini elə” atalar sözünü sevən Rəşad müəllim o cür də elədi, – bir ay sonra nazir müavininin qəbul otağına zəng edib özünü təqdim edəndən sonra Orxan müəllimin qəbuluna düşmək istədiyini dedi. Katibə dedi ki, Orxan müəllim xaricdə səfərdədi, üç gündən sonra gələcək. Müəllimə nədənsə elə gəldi, katibə onu başından edir, yenə də ümidini itirmədi. Üç gün sonra zəng edəndə katibə bu dəfə: “Sabah əlaqə saxlayın,” – dedi. Nəhayət, sabahısı müəllim xoş xəbər eşitdi: birisi gün səhər saat on birə görüş təyin olundu.

On birə on beş dəqiqə qalmış geyimli-keçimli qəbul otağında oturub, dizlərinin üstündə qara portfel səbrlə gözləyirdi. On ikiyə on dəqiqə işləmiş qorxa-qorxa katibədən soruşdu:

– Xanım, bağışlıyın, belə başa düşdüm ki, Orxan məllimin yanında adam var?

– Hə, bir nəfər var, çıxsın, siz keçərsiz.

Elə bu vaxt daxili telefonun zəngi çalındı. Qız dəstəyi götürdü:

– Aha, burdadı. Oldu, deyərəm indi, – dəstəyi yerinə qoydu. – Buyurun, məllim, keçin.

– Dediniz yanında adam var, bəs, ­­– barmağıyla kabineti göstərdi.

– Özü dedi, gəlsin, – katibə də təəccüblə çiyinlərini çəkdi.

Rəşad müəllim cəld ayağa durub portfeli stula qoydu, pencəyinin ətəyini aşağı dartdı, əliylə saçına əl gəzdirdi, portfelini götürüb kabinetə tərəf addımladı. Geniş, işıqlı, parıldayan parketli otağa girən kimi, uzun, yekə masanı, stulları, kökəlib xeyli dəyişmiş keçmiş tələbəsini, onun yanında əyləşmiş başqa bir bazburdlu vəzifəli cavan adamı görəndə vahimə basdı onu, bilmədi, tələbəsinin yanında sizlə, yoxsa sənlə danışsın. Tez də cavab tapdı, imkan daxilində hər iki şəxs əvəzliyindən qaçmaq lazımdı.

– Oo, Rəşad məllim, bizim nazirliyə xoş gəlmisiz, – nazir müavini ayağa qalxdı, müəlliminə tərəf addımladı. Yanındakı da ayağa qalxdı. Müəllim hər ikisinə əl verdi. Tələbəsinin əl işarəsiylə yanındakı adamla üzbəüz oturdu.

– Deməli, Fazil, – nazir müavini qonağa üzünü tutaraq. – Rəşad məllim o vaxt iqtisadi coğrafiya fənnindən dərs deyib mənə. Tək mənim yox, qrupumuzun ən sevimli müəllimlərimdən biri olub.

– Çox gözəl, müəllimlərə böyük hörmətimiz var, – Fazil dodaqucu gülümsədi.

– Təşəkkür edirəm, – Rəşad müəllim başını tərpətdi.

– Rəşad müəllim, Fazil mənim yaxın dostumdu, – nəhayət, onları tanış etdi. – Daxili İşlər Nazirliyində şöbə müdiridi. Fazil, bəlkə qəribə səslənəcək, Rəşad məllim bizə həm ağsaqqal olub, həm də dost, – keçmiş tələbənin ürəyi doluydu, elə bil illər gözləmişdi ki, ürəyini boşaltsın.

Müəllim yenə gördü vəziyyət gərgindir, fikirləşdi ki, yenə “təşəkkür edirəm” desə, süni alınar, amma sonda çıxış yolu tapdı, “Vallah, məni lap utandırdın(ız)ın” yerinə bunu dedi:

– Vallah, mən lap utanıram.

– Allah eləməsin, ay məllim, o, nə sözdü? Bu həyatda o qədər utanası adam var, siz niyə utanırsız?

“İndi bu, mənə sizlə müraciət edir. “Sən”lə danışsam, yaxşı çıxmaz. Yenə yanında adam olmasaydı, sən demək olardı”. Əslində, məsələ yenə də onun xoflanmağındaydı, dosent bu kabinetdə özündən yaşca kiçik olan iki vəzifəli adamın yanında çox sıxılırdı.

– Rəşad məllim, bir şey soruşum, bizə o vaxt dərs deyən məllimlər varıydı, Zahid müəllim, Zəhra müəllimə, onlar necədi?

– Zahid müəllim keçən il rəhmətə getdi.

– Nə danışırsız? – guya Zahid müəllimin rəhmətə getməsindən pis oldu. – İnanırsız, xəbərim olmayıb. Bilsəydim, gedərdim hüzr yerinə.

O birilərin sifətində yaranan ifadədən hiss olundu ki, Orxan bilsəydi belə, hüzrə gedən deyildi, sadəcə, bu xəbərə necəsə reaksiya vermək lazımıydı. Əslində, Zahidin bir il qabaq rəhmətə getməsi mövzusu Rəşad müəllimə sərf edirdi, “sən” deməkdən uzaqlaşırdılar.

– Bəs nədən rəhmətə getdi? – nazir müavini soruşdu.

– Ağciyər xərçəngi, – Rəşad müəllim həvəslə cavab verdi.

– Hə, yadıma gəlir, rəhmətlik çox siqaret çəkirdi.

– Siqaretdən heç kim xeyir görmüyüb, – Rəşad müəllim birdən dayandı, keçmiş tələbəsinin siqaret çəkməyi yadına düşdüyündən, – O vaxt elə bil ss... – az qaldı desin, “sən siqaret çəkirdin,” – özünü saxladı, cümləni bitirməmiş sağ əlinin iki barmağını ağzının yaxınlığında birləşdirərək, siqaret çəkmək işarəsi göstərdi və dalınca “tərgitdin?” sözünü deyəndə, sual “Ss, tərgitdin?” kimi səsləndi deyə, bu, qıraqdan qəribə göründü.

– Dördüncü kursda atdım, –nazir müavini çaşqın halda cavab verdi.

– Lap yaxşı, vallah, halaldı.

– Məllim, bir şey soruşum sizdən? Bizim qrupu yəqin xatırlayırsız, razılaşırsız ki, güclü qrupuyduq?

– Düzdü, güclü qrupuydu, – sondakı “z” hərfini yeyən müəllim başını tərpətdi.

– Bura bax, – Fazil nazir müavininə dedi. – Sən neçənci illərdə universitetdə oxumusan?

Bununla da elə bil zərbə vurdular Rəşad müəllimə, qeyri-ixtiyari fikirləşdi ki, ey dadi-bidad, oğlu yerində olan birisi qədər də cəsarətin yoxdu, bu “sən” deyir, mən də qalmışam belə.

– Səysən iki səysən yeddinci illərdə, – deyib nazir müavini müəlliminə tərəf çöndü: – Məllim, səmimi deyin, müqayisədə bizim vaxtın tələbələri yaxşı oxuyurdu, yoxsa indikilər?

Rəşad müəllim “müqayisə” sözünü eşidəndə təşvişə düşdü, bildi ki, cavabında onu izləyən “sən” ya “siz”dən istifadə etməmək çox çətin olacaq.

– Belə deyim də, mənim əziz tələbəm. Hər dövrdə oxuyan tələbə də olur, oxumayan da. Amma onu deyim ki, sizlərin oxuduğu illərdə tələbələr elə bil daha çox elmə meylliydilər, elmə xüsusi bir sevgi varıydı onda.

Öz məharətinə məəttəl qaldı. “Necə tapdım e. Sizlərin oxuduğu illərdə. Nə sən, nə də siz”. Bu vaxt Fazil qəfil ayağa durdu.

– İcazənizlə mən yavaş-yavaş gedim, – nazir müaviniylə müəllim də ayağa durdu. Rəşad müəllimə yaxınlaşan Fazil əlini uzadıb dedi:

– Çox şadam oldum tanış olmağıma. Necə deyərlər, bu cür pedaqoqlarımız çox olsun.

– Təşəkkür edirəm, Fazil müəllim. Qoy sssizlər kimi cavan kadrlar çox olsun, dövlətimiz də inkişaf etsin.

Bu dəfə də “sssizlər”lə vəziyyətdən çıxdı. Sifətində “Axı sən bizə dərs deyəndə kəkələmirdin?” sualı əmələ gələn Nazir müavini dostunu qapıyacan ötürüb qayıtdı, öz yerində oturdu və Rəşad müəllim bir növ ehtiyatı əldə saxlamaq üçün qərara gəldi ki, təkbətək qalmalarına baxmayaraq, yenə də ikinci şəxs əvəzliklərindən qaçmaq lazımdır.

– Hə, məllim, deyirsiz, hər şey qaydasındadı?

– Hə, şükür qaydasındadı.

– Təmiz yadımdan çıxmışdı, gəlin, bir çay içək, – telefonun dəstəyini götürdü.

– Yox, nə əziyyədi.

– Əziyyət nədi, borcumuzdu, məllim. Məlahət, bizə çay gətir.

– Oğlum, burda nazirlikdə iş çətin olmur ki? – özünə də o dəqiqə elə gəldi, “oğlum” da “sizlər” kimi uğurlu tapıntıdır, yeri gələndə, bundan yenə istifadə etmək olar.

– Olanda olur. Adətən, səhər saat doqquzdan axşam doqquza qədər burda oluram. Amma iş çox olanda, ya cənab nazir vacib bir iş tapşıranda, elə olur, ona-on birəcən burda otururam. Sizdə necə, dərslər çox olur?

– Məndə həmişə tam dərs yükü olub, öyrəşmişəm buna. Belə, oğlum. Vaxt almıramsa, gəlişimin məqsədini deyim?

– Yox, məllim, o nə sözdü, buyurun.

– Deməli, mənim oğlum üç il əvvəl BDU-nun tarixini qurtarıb, arada bir turist şirkətində işlədi, sonra nəysə alınmadı, çıxdı ordan, başqa bir şirkətdə yarım il işlədi. Orda da ixtisara düşdü, indi işsiz evdə oturub. Düzünü deyim, özünün həvəsi əvvəldən dövlət qulluğu olub, ama dediyim kimi, nəysə alnmadı.

– Bir şey soruşum, əvvəllər dövlət qulluğuna imtahan veribmi oğlunuz?

– Hə, onu deyəcəkdim elə, verib imtahan, amma bu zəhrimar ingilis dilində həmişə ilişir, – özü də hiss etdi ki, beynəlxalq dillə bağlı “zəhrimar” sözünü işlətməyin yeri yoxuydu. – Ona görə narahat elədim, dedim, bəlkə oğluma bu nazirlikdə iş olar. Amma elə bir iş ki, ingilis dilini bilmək vacib olmasın.

Bu vaxt Məlahət çayları gətirdi. Stəkanı qabağına qoyan nazir müavini dilləndi.

– Məllim, siz belə eləyin, – kağızı götürüb imeylini yazdı, müəlliminə uzatdı. – Hər-halda oğlunuz kompyuterdə işləməyi bacarar yəqin?

– Hə, hə, kompyuteri əla bilir.

– Lap yaxşı. Yazdığım imeylə sivisini göndərsin, sizin oğlunuz olduğunu imeylin tekst yerində yazsın, mən onu kadrlar şöbəsinin müdirinə...

– Mən hazırlıqlı gəlmişəm – deyib müəllim sevincək portfelini açıb içindən bir vərəq çıxartdı. Bu da onun sivisi.

– Lap yaxşı – Orxan CV-yə baxdı, – Aha.. BDU... Amma siz yenə oğlunuza deyin, mənə bunu elektron formatda yollasın.

– Oldu, deyərəm. Vaxt almıyım, gedim mən, – müəllim ayağa durdu.

– Çayınızı içərdiz də.

Çay içə-içə bir az ordan-burdan söhbət edə-edə Rəşad müəllim arada özünə sual verdi ki, görən, tələbəm nazir olsaydı, “siz”, “sən” məsələsinə görə, hansı qərara gələrdim. O dəqiqə anladı ki, yenə tərəddüd içində vurnuxardı.

Nəhayət, söhbətləri bitdi, Orxan ayağa durub müəllimini qapıya qədər ötürdü, mehribanlıqla sağollaşdılar.

Nazirlikdən çıxan Rəşad müəllimin sifəti sevincdən parıldayırdı, – keçmiş tələbəsi onu həm xoş qarşılamışdı, həm də oğluna işlə bağlı ümid vermişdi. Sevincini evdə arvadıyla bölüşdü, oğluna məsələni dedi. Oğlu da tez yarım səhifəlik CV-sini nazir müavininin imeylinə yolladı.

Axşam yerinə girəndə, “siz”, “sən” arasında zülm çəkdiyini arvadına danışdı. “Ay kişi, siz deyəydin gərək. Baxma, adam nazir müavinidi, nə olsun ki, tələbən olub. Gör üstündən neçə il keçib. Üstəlik, deyirsən, yanında şöbə müdiri də varıydı”. Kişi dirsəklənib hirslə arvadına baxdı. “Sən nə qul psixologiyalı adamsan,” – dedi və dalınca fikirləşdi ki, elə özüm də qul kimi bir şeyəm. Arvadı deyəsən, ərinin ürəyindəkiləri oxudu, “ehh” deyib üzünü divara tərəf çevirdi.

Səhərisi yadına düşdü ki, keçmiş tələbəsi konkret demədi nə vaxt əlaqə saxlayacaqlar. “Nəysə, səbr edib bir ay da gözləyək”. Sonra keçmiş tələbəsinin ona vizit kartını vermədiyini xatırladı. “Bəlkə istəməyib mobil nömrəsini versin”, hərçənd bilirdi, adətən, bu cür yüksək vəzifə tutanların vizit kartlarında mobil telefon nömrəsi yox, katibə, ya köməkçilərinin nömrəsi olur. Lazım bildikləri adamlarçünsə qələmlə mobil nömrələrini həmin karta yazırlar. “Əşi əsas odu ki, oğluma iş versin. Vizitka verdi-vermədi, bunlar boş şeylərdi”.

Görüşdən iki həftə sonra mühazirələrdə, fasilələrdə keçmiş tələbəsinin hələ də zəng eləməməsi yadına düşürdü, deyinirdi öz-özünə: “Nə oldu e buna, niyə zəng eliyib bir şey demir?” Evdə də arvadı və oğlu mısmırığını sallamağa başlamışdı. “Tələbəndən bir xəbər çıxmadı?” – arvadıydı. Atasının “A bala, arada imeylinə gir, bəlkə ora yazıblar,” – sözlərinə “Ay ata, imeylimə gündə on dəfə girirəm. Heç kim heç nə yazmayıb,” – hirslə reaksiya vermişdi oğlu.

Rəşad müəllim arada yadına salmağa çalışırdı, bəlkə, o vaxtlar imtahanda keçmiş tələbəsinə aşağı qiymət veribmiş, aralarında hansısa xoşagəlməz söhbət olubmuş deyə, görüşdə üzdə mehribançılıq göstərsə də, əslində, bu cür cavabı uzadıb onu intizarda qoymaqla heyfini çıxır.

Bir müddət sonra nazirliyin saytından ümumi nömrəni tapıb nazir müavininin qəbul otağını öyrəndi, oranı yığdı, “alo” deyən katibəyə özünü təqdim elədi. İki həftə əvvəl “Orxan müəllimin” qəbulunda olduğunu xatırlatdı, lap axırda xahiş etdi ki, zəhmət olmasa, Orxan müəllimə deyərdiz, o məsələylə bağlı bir cavab desin. Katibə “Narahat olmayın, çatdıraram” dedi. Rəşad müəllim əmin oldu ki, gələn həftə tələbəsi onunla əlaqə saxlayacaq. Tez də mobil nömrəsini qıza qeyd elətdirdi ki, xəbər çıxsa, o nömrəyə zəng etsinlər.

Üçüncü həftənin ikinci günündən başlayaraq, narahatçılığı daha da gücləndi, bir tərəfdən də oğluyla arvadının deyinmələri onu bezdirmişdi: işsizdi deyə, evləndirəmmirik, oğul nəvəsi istəyirəm (ərə getmiş qızından nəvə görmüşdülər) və s. Üçüncü həftənin dördüncü günü yenə katibəyə zəng edib Orxan müəllimin qəbulunda olmağını, bir həftə əvvəl zəng etdiyini xatırlatdı, axırda soruşdu ki, siz müəllimlə danışa bildinizmi. Katibə xanım quruca tonda xahişi çatdırdığını, bu məsələylə bağlı onunla əlaqə saxlayacaqlarını dedi. Katibənin quru tonu Rəşad müəllimin xoşuna gəlmədi, üstəlik, oğlunun iş məsələsinə görə ilk dəfə içində bir ümidsizlik yarandı. Telefonun dəstəyini yerinə qoymamış dedi: “Məlahət xanım, bir də yadına salın, deyin, Rəşad məllim cavab gözləyir”. Bir az ərkyana deyilən bu sözlər, əsas da, adının çəkilməyi katibənin (bir növ “sən məni tanıyırsan ki, adımı çəkirsən?” mənasında) xoşuna gəlmədi, heç nə demədən dəstəyi yerinə qoydu. “Pah, bu da özünü adam sayır,” – əsəbiləşən Rəşad müəllim həyata nifrət etdi. “Tipik Azərbaycan məmurudu, gülə-gülə söz verir, amma əməl eləmir. Çaynan, kanfetnən başımı aldatdı alçaq”. Sonra özünü söydü: “Alçağın yekəsi elə özünsən, yüz cür oyun qurdun, cürətin çatmadı tələbənlə sənlə danışasan. Nə olsun nazir müavinidi, adam da heç tələbəsindən çəkinər”.

İki saatdan sonra evdə çay içə-içə məsələni təfsilatıyla oğluna və arvadına danışdı, yəni, elə bilməyin, o məsələylə maraqlanmıram, hər həftə zəng edirəm, amma neyniyim, cavab yoxdu. Arvadı bu dəfə ərinə dəstək oldu: “Hə, düz eliyirsən, ay kişi. Üstünə düş bu işin, əl çəkmə o tələbəndən. Kömək eləsə, elə o eliyər”.

Ertəsi gün fikirli-fikirli işdən qayıdanda, bir BMV onun yanında dayandı.

– Rəşad müəllim, necəsiz?

– Tanımadım, a bala, – donuq nəzərlərlə kök oğlana baxdı.

– Tələbəniz olmuşam, Samir. Üç yüz altıncı qrup.

– Hə, hə yadıma düşdü, – yalandan dedi, sadəcə, bahalı maşını görüb fikirləşdi, bəlkə bu da dövlət işində yaxşı vəzifə tutur.

Qısası, keçmiş tələbəsi Rəşad müəllimi zorla maşınına oturtdu: “Məllim, hara desəniz aparacam”. Söhbət vaxtı məlum oldu ki, bu tələbəsi tikinti şirkətinin prezidentidir, üstəlik, o vaxt Orxanla eyni potokda oxuyub. Rəşad müəllim oğluyla bağlı onun qəbulunda olduğunu qısaca danışdı, soruşdu ki, səndə (Samir yüksək dövlət vəzifəsi tutmurdu deyə, “sən”, “siz” məsələsində tərəddüd etmədi) onun mobil nömrəsi olmaz. Samir bunları dedi: “O, adam deyil, məllim. Adam olsaydı, gərək özü vizitkasını verəydi, üstəlik, götürüb mobilnisinin nömrəsini yazardı. Siz də məni bağışlayın, o, yaralı barmağa şey eliyən deyil, ona görə ümidinizi kəsin o gədədən”. Aydın oldu ki, Samirin da nazir müavinə işi düşübmüş, amma onu heç qəbul etməyib, katibəsi yüz cür bəhanə gətirib qəbula yazmayıb. Samir onu da dedi ki, heyif, indi bizdə oğlunuza uyğun iş yoxdu, ayrılana yaxın mobil telefonu yazılmış biznes kartını müəlliminə verdi.

Axşam anası oğlunu danlayırdı: “Nə yapışmısan dövlət işindən, görürsən, camaat tikinti şirkətinin prezidenti işləyir, qoy bir-iki ay keçsin, atan həmin o Samirə zəng eləsin, bəlkə sənə uyğun iş olar”. Oğlu yenə öz dediyindən əl çəkmirdi: “Mənimki dövlət işidi, o nazirlikdə işə düzəlim, iki-üç ilin içində karyera eləməsəm, atamın oğl..”, atasının sərt baxışını görüb “adımı dəyişdirərəm” əlavə elədi. Atası sonra dedi ki, a bala, anan düz deyir, bəlkə fikrini dəyişəsən, camaat şirkətlərdə daha çox pul qazanır, nəinki dövlət işində, oğlu yenə öz dediyindən çəkmədi.

Nazir müaviniylə görüşdən bir aydan çox vaxt keçmişdi. Rəşad müəllimin tələbəsinə olan nifrətinin həddi-hüdudu yoxuydu, ondan necəsə qisas almaq istəyirdi. Ən azından, zəng edib “Müəllim, təəssüf ki, oğlunuza uyğun bir iş yoxdu” sözlərini eşidəndən sonra “Bəs sən axı söz vermişdin, demişdin mütləq iş olacaq”, “Mən sənə çox ümid edirdim, başa düşürsən, çox ümid edirdim” kimi cümlələrlə ürəyindən tikan çıxartmaq istəyirdi “sən”ləri deməklə.

Bakcelin gizli nömrəsindən qəbul şöbəsinə zəng elədi, dəstəyi həmin katibə götürdü.

– Buyurun, eşidirəm.

– Orxan yerindədir? – səsini dəyişmişdi.

– Orxan yox, Orxan müəllim.

– Ay Məlahət, ay qadan alım, məllim o deyil e, məllim mənəm.

– Siz kimsiz?! Bu nə danışıqdı? – katibə həyəcanla soruşdu.

– Mən Orxanın qohumuyam, özü də çox yaxın qohumu.

– Bəs onda, – katibə çaşan kimi oldu, – niyə onda özünüzü təqdim eləmirsiz?

– Cavid müəllimdi danışan, ­– bu dəfə lap ötkəm səslə dedi.

Tez də qırmızı düyməni basıb öz-özünə dedi: “Həə, adamı belə dolayallar e”. İki gün sonra dərsdən çıxıb metroya tərəf gedəndə, mobil telefonuna zəng gəldi. Nazir müavinin katibəsiydi.

– Rəşad müəllimdi?

– Bəli, xanım, buyurun, – səs çox tanış gəldi.

– Sizə Strateji İnkişaf və Sənaye nazirliyindən, Orxan müəllimin qəbul otağından zəng edirlər. Siz indi Orxan müəllimlə danışa bilərsiz?

– Hə, hə, qızım, danışa bilərəm, – o dəqiqə də ürəyi düşdü. “Paho zibilə düşdüm, o gün gizli nömrədən zəng eləsəm də, biliblər kimiymiş zəng edən. Yəqin emvededə işləyən dostu kömək edib nömrəmi tapmaqda”.

Yenə Motsartın “Türk Marşı” eşidildi və nazir müavini danışmağa başladı:

– Salam Rəşad müəllim, nətərsiz? Nə var, nə yox?

“Yox, səsi şəndi”.

– Yaxşıyam, siz necəsiz? – artıq bu dəfə “siz”dən qaçmaq mümkün olmadı, eyni zamanda elə bil üstündən ağır yük götürüldü.

– Şükür, yaxşıyam. Məllim, sizə bir xoş xəbərim var. Oğlunuza bizdə ümumi şöbədə bir iş tapmışam.

– Ayy, nə yaxşı, əla xəbərdi ki.

– Deməli, sabah saat on ikidə şəxsiyyət vəsiqəsiynən gəlsin yanıma, aşağıdan deyəcəm buraxsınlar. Aparıb şöbə müdiriylə tanış edərəm, birigündən başlayar işləməyə.

– Vallah, təşəkkürümün həddi-hüdudu yoxdu.

– Müəllim, siz Allah bağışlayın, bu arada işlər çoxuydu deyə, bir az gec zəng elədim sizə.

– Yox, o nə sözdü. Əsas odu ki, iş düzəlib. İş düzələcəksə, lap bir il də gözləmək olar. Təşəkkür edirəm, bu gün çox sevindim, çox...

Axşamsa oğluna məsləhətlər verirdi:

– Qara kostyumunu geyinərsən, ağ köynək qara qalstuk da öz yerində. Özünü inamlı apar, ürəkli ol, amma eyni zamanda etika çərçivəsində. Yəni, birdən çaşıb sənlə danışarsan ha, ancaq sizlə.

– Ay ata, ağ eləmə də, o qədər də tupoy deyiləm axı. Yaxşı, sən özün onunla necə danışırsan? Sənlə, yoxsa sizlə?

– Mən? Mən əlbəttə sənlə, – özündən razı halda dedi. – O, mənim tələbəmdi. Mənə olar, səninsə müdüründü. Fərqi başa düşdün?

12 yanvar – 8 iyul, 2016

20 mart – 2 aprel, 2017 (əlavələrlə)

Bakı

# 2890 dəfə oxunub

Müəllifin son yazıları

# # #