Ər çörək verirsə döyər də, öldürər də

Ər çörək verirsə döyər də, öldürər də
14 may 2015
# 08:00

Saytlarda hər gün təzələnən ailədaxili qətl, intihar xəbərlərini “nə üstə öldürüb” marağıyla oxuyub bitiririk. Bu əslində səbəb yox, motivdir. Səbəb görünməyən yerdə gizlənib. Məsələ hər gün ölkədə baş verən ailədaxili qətllərin olması deyil, həm də bu qətl xəbərlərinin ciddi saytlarda baş xəbər, manşet olmasıdır. Min başqa səbəb ola bilər, amma başda duran bu olacaq: insanın dəyərinin düşməsi.

Düşməyib də nə etsin?

Pullu müğənnilərin qarderoblarını eşələyən, bahalı əşyalarını görməmişcəsinə təqdim edən telekanallarımız : “Adəmi adəm eləyən paradır” reallığını dəqiq göstərməklə öz əxlaqına uyğun dəyərlər təbliğatı qurub.

Məsələnin kökü yalnızca bu gündədirmi, yəni problem indinin problemidirmi? Deyil.

Bu yaxınlarda küçədə keçirilən bir sorğuya baxdım. Sorğuda iştirak edən qızların çoxu evlənmək istədikləri oğlanın evinin və maşınının olmasını və bonus olaraq onları sevməsini vacib hesab etdiklərini dedilər. Əlbəttə, dəbdəbəli həyatı tərənnüm edən mühitin içində qızların bu arzusu təbiidir. Amma bunu gələcək ərdən gözləməkləri niyə?

Məsələ burasındadır ki, kişilərdən də sorğu etsələr, onlar da onun bir sözünü iki etməyən, geyiminə, həyat tərzinə özlərinin qərar verəcəkləri qız istəyəcəklər, bonus olaraq gözəlliyi də olsun, deyəcəklər.

Deməli, ailədaxili qətllərdə, “qadınlara qarşı zorakılıqlar”da kökü yaxın keçmişdə qoyulan bir düşüncənin izi var. Bu düşüncəyə görə ər arvadını saxlamağa, yəni onun bütün ehtiyaclarını ödəməyə borcludur.

Və bu olduqca təbii qəbul olunur. Eyni zamanda ərlər də arvadların davranışlarını özü idarə edir- qadının işləyib işləməyəcəyinə, harasa gedib getməyəcəyinə, geyiminə, həyat tərzinə özü qərar verir. Bu məsələdə də özünü tam haqlı bilir. Çünki arvadının geyimini alır, çörəyini verir, bir sözlə onu o, saxlayır. Ər kimi bütün şərtləri ödədiyi halda arvadın ondan azadlıq tələb etməsi, sərbəst davranışları “kölə -arvad” olmaqdan imtina etməsi ədalətsizlikdir, konfliktə gətirib çıxarır və belə konfliktlər böyüyüb “qadın zorakılığı”, ailədaxili qətllərə səbəb olur. (Deyəsən süfrəyə duz qoymağı unutduğuna görə arvadını öldürən kişinin həqiqətinə çata bilirik).

Halbuki onu saxlamağa ərini borclu bilən qadın özünə qarşı kölə münasibətini haqq edirdi.

Məsələyə başqa rakursdan yanaşanda kölə yalnız arvad deyil. Ərini qazancının az olmasına görə, onların ehtiyaclarını ödəmədiyinə görə, uzun dili ilə qamçılayanda o, heç də köləyə oxşamır.

Bu yerdə ərlə arvadın arasına bərabərlik işarəsi qoymaq olar.

Ailə büdcəsinin ümumi olması haqqında, yəni bu büdcəyə həm ərin həm də arvadın eyni dərəcədə məsul olması haqqında, ərin onu saxlamaq kimi bir borcu olmaması haqqında qızlara kimsə heç nə deməyib. Onları ər çörəyi yeməyə hazır böyüdüblər. Diplomu cehiz kimi ona qoşublar – “ərin qoysa işləyərsən, qoymasa da qohum əqraba yanında başın uca olar” deyiblər. Onlar da evli, maşınlı + onlara aşiq olacaq oğlan gözləyiblər.

Reallıqsa bu nağılı, “milli standartlara uyğun” ailənin şərtlərini pozur. Yalnız bir adamın-ərin işləməsi ilə ailənin təminatı ödənmir. Büdcəyə təsir etməklə və ya karyera yüksəlişi ilə ərini özünə “borclu” qoyan arvad azadlığı, sərbəstliyi (bəlkə də normal insani davranışları) haqq etdiyini düşünür. Təməldəki qeyri-sağlam düşüncə konfliktə gətirib çıxarır. Və ya əksinə, məişətin bütün ağırlığını öz üzərinə götürən, uşaqların tərbiyəsi ilə məşğul olan arvad ailəni təmin etdiyinə görə özünü ərinə borclu bilir, ərin şərtlərinə uyğun olmağa çalışır. Şərtlərə uyğunlaşdıqca, özü ola bilmir, kiminsə arvadı, kiminsə anası olur…

Qərb cəmiyyətində ailədə ən xırda məişət məsələlərinədək ər və arvadın vəzifələri rasional şəkildə bərabər bölünüb. Qərb cəmiyyətində yaşayan dostların söylədiyinə görə, bu rasionallıq o həddə çatıb ki, qadın və kişi simasını itirməkdən qorxur. Bütün sosial statuslarını qazanan qadın ekzotik sevgi romanlarını “gözünə təpir”.

Deməli, məsələ hansısa bölgüdə deyil. Məsələ insanca yanaşmadadır.

Sivilizasiya irəlilədiikcə şərtlər dəyişir. İbtidai icma quruluşundə ovçuluq edən kişi və odu qoruyan qadının vəzifələri artır, dəyişir. deyəsən, bütün zamanlarda qadın (arvad) ailənin mərkəzi fiquru olaraq qalır. Amma bunun “ev heyvanı” və ya üstcins olmaqla bir əlaqəsi yoxdur.

# 2269 dəfə oxunub

Müəllifin son yazıları

# # #