Azərbaycanlı rejissorlarda absurd Kann fikirləri SORĞU

Azərbaycanlı rejissorlarda absurd Kann fikirləri SORĞU
26 may 2014
# 11:18

Kulis.az kino, teatr və mətbuat adamlarına “Son zamanlar Kann festivalının mükafatını almış hansı filmləri izləmisiniz? Ümumiyyətlə Kann festivalını izləyirsinizmi?” sualı ilə müraciət edib.

Cavablar belədir....

Eldar Quliyev (kinorejissor): “Festivalla əlbəttə ki, maraqlanıram. Son illər mükafat almış filmlər mənim ürəyimcə deyil. Bizim gəncliyimizdə kimlər vardı? 60-70-80-ci illərdə. Fellini, Antonioni, Qodar, Alen Rene… Lars von Trier maraqlıdır, axtarışlar edir. Amma onun son vaxtlar çəkdiyi filmlər… Bir azərbaycanlı kimi, bir kişi kimi məni qıcıqlandırır…”

Samir Qulamov (kinorejissor): “Nuri Bilgə Ceylanın “Üç maymun” filmini izləmişəm. Bir də Kusturitsanın “Andeqraund” filmini. Bir də… “Günəşi gördüm” də Kann alıb, yoxsa yox?”

Nicat Kazımov (rejissor): “Mən filmləri mükafatlara görə izləmirəm. Yaxşı filmdirsə, izləyirəm. Bilirəm ki, bizim filmimiz ora gedib. Uğurlar arzulayıram”.

Oqtay Mirqasımov (kinorejissor): “Mən izləmirəm, baxmıram, danışa bilmərəm”.

Abbas Qəhrəmanov (aktyor): “Daha çox “Oskar” mükafatı almış filmləri izləyirəm. Bir də Hollivud filmlərini”.

Gümrah Ömər (rejissor): “Maraqlanmamışam”.

Aydın Talıbzadə (teatrşünas): “Mütləq izləyirəm. Lars von Trierdən, Semih Kaplanoğludan, Kusturitsadan Ceylana qədər Kann mükafatlı filmləri izləməyə çalışıram. Amma meyar yenə də öz zövqümdür”.

Mikayıl Mikayılov (rejissor): “İzləyirəm. Hətta hard diskimdə mükafat almış bütün filmlər var... Amma hələ hamısına tam baxmamışam... Müasir zamanda mükafat alanların əksəriyyətini isə demək olar ki görmüşəm...”

Aygün Aslanova (kinoşünas): “Mükafat alan filmlərin çoxunu izləmişəm. Festival haqda xəbərləri, festivalda iştirak edən rus kino-tənqidçilərinin məqalələrini oxuyuram, Anton Dolinin, Valeri Kiçin, Stas Tirkin yazdıqlarını”.

Vidadi Həsənov(aktyor): “Konkret film yadımda deyil. Festivalı da izləmirəm”.

Zahir Əzəmət (şair) “Əvvəllər çox izləmişəm. Özəlliklə də festivalda yer qazanan türk və İran filmlərini. Son bir ildə məhz bu məqsədlə film izləməmişəm”.

Zamin Hacı (jurnalist): “Kannda mükafat almış filmlərin demək olar ki, çoxuna baxmışam, hətta film seçəndə prinsiplərimdən biri də filmin orda ödül almasıdır. Bu ilki festivala gəlincə... Hardasa gördüm ki, münsiflərin üzvü Sofiya Koppoladır, ondan sonra açığı, marağım tamam itdi”.

Gülzar Qurbanova (aktrisa): “Bir deyil, iki deyil. Demək olar ki, əksəriyyətini izləmişəm. Mən kino xəstəsiyəm, bunu sağlam adamdan soruşun”.

Həmidə Rüstəmova (mədəniyyət müxbiri): “Əsgər Fərhadinin “Nader və Siminin boşanması” və Nuri Bilgənin “Bir zamanlar Anadoluda” filmlərini izləmişəm. Əlbəttə Kann festivalı maraqlıdı, yalnız sənət yox, elə siyasi münasibətlər kontekstində də. İran və Şərqin qorxduğu, yaxud inkar etdiyi məqamların əsas xətt təşkil etdiyi filmin sapına qədər qərb ideallarına əsaslanan bir festivalda yer alması, bu yolla Şərqin Qərbə nüfuzu maraqlıdı. Yəni əslində Kann və ümumən bu festivallar kinonu yaradıcı yanaşmadan çox, siyasi maraq müstəvisində qabardır ki, zamanla Qərbin özü bundan peşman olacaq. Ümumiyyətlə, son 10 ildə Kann Oskar və bu kimi Qərb siyasi ideallarına söykənən festivallar Şərqin eybəcər bildiyi detalların qabardığı filmlərə qucaq açır. İran məişətini, onların qapalı həyatının açılmasını sevə-sevə istəyirlər ”.

İlqarə Cavadbəyli (aktrisa): “Ümumiyyətlə, bütün festivalların, müsabiqələrin ancaq nəticələri ilə maraqlanıram. Xüsusi olaraq izləmirəm. Amma təsadüfən festivalın göstərildiyi kanala baxıramsa axıra qədər izləyə bilərəm. Hansı festival filmlərini izləmişəm, bilmirəm. Çünki, baxdığım filmin xoşuma gəlib-gəlməməyi onun hər hansı festivalda, müsabiqədə, akademiyada mükafat alıb-almamağından asılı deyil. Hətta Oskar almış filmlər var ki, heç tükümü də tərpətməyib”.

Bəhram Osmanov (rejissor): “Mənim kinoya o qədər də marağım olmayıb. Amma Kann mükafatlı filmlərdən yadıma düşəni Polanskinin “Pianoçu” filmidir. Bir də Ceyn Kempionun “Piano” filmi”.

Səidə Quliyeva (aktrisa): “Oskar almış filmləri daha çox yadımdadır. Belə, indi yadıma düşmür. Klod Lelüşün “Kişi və qadın” filmini adını çəkə bilərəm. Məncə o Kann mükafatı alıb. Bu il bilirəm ki, bizim filmimiz də festivalda iştirak edir”.

Fehruz Şamıyev: (prodüser): “Hanekenin “Sevgi”, Ceylanın “Bir zamanlar Anadoluda” filmləri yadıma düşənlərdir. Festivalı izləməyə çalışıram. Rus tənqidçilərinin məqalələrini oxuyuram”.

Namiq Ağayev (rejissor): “Kannı izləyirəm. Mükafat almış filmlərdən Nuri Bilgə Ceylanın filmlərinə baxmışam”.

Şamil Əliyev (rejissor): “Kann və Berlin festivalında iştirak edib mükafatlandırılmış filmləri izləməyə çalışıram. Elə bu ilki festivalı da. Bilirsiniz, bizim də filmimiz orada iştirak edir. Onu da bilirsiniz yəqin, Azərbaycandan ilk dəfə Kann festivalına bizim çəkdiyimiz “Azərbaycan xalçaları” filmi çıxıb. Müsabiqə proqramında olmasa da, 1500 filmin içindən seçilən 200 filmdən biri idi. Qaldı festivala, mənə elə gəlir ki, festivalın meyarları, ölçüləri dəyişib. Güclü konyuktura var. Məsələn mən Əbdüllətif Keşişin ötən il Kannda mükafat almasını anlamadım. Liberal dəyərləri köklü dəyərlərə qarşı qoyurlar. Mili dəyərlərin itməsini istəyirlər. Amma mən bunu qəbul edə bilmərəm. Mənim üçün azərbaycanlı olmağım hər şeydən vacibdir. Bəlkə mən konservatoram, amma bundan qətiyyən utanmır".

# 3982 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #