“Azdrama”da premyera: hər şey var, heç nə yox!

“Azdrama”da premyera: hər şey var, heç nə yox!
6 aprel 2015
# 17:41

Balaca bir tapmaca: o nədir ki, orada hər şey var amma heç nə yoxdur?

Deyim sizə. Bu Akademik Milli Dram Teatrında dövlət sifarişi ilə hazırlanan “Mənim günahım” tamaşasıdır. Tamaşada aktyorlar, aktrisalar var, kostyumlar var, əla geyimlər, mebellər, musiqi parçaları belə var. Amma tamaşanın özü yoxdur. Buna klipmi desək, etüd məşqimi desək, nə desək...

Yazmağa hardan başlayacağımı bilmirəm. Hardan başlayasan? Tamaşaya baxmış adamın bu yazını görgəc “Nə qoyub, nə axtarırsan?” qınağını eşidirəm. Amma bəs tamaşaçının günahı nədir - deyə düşünüb davam edirəm.

“Mənim Günahım” İlyas Əfəndiyevin pyesidir. Rejissor tamaşanı dramaturqun 100 illik yubileyi münasibətilə hazırlayıb.

Əsərin baş qəhrəmanı 40 yaşında və tezliklə səhnəylə vidalaşmağa məcbur olan Nurcahan adlı balerinadır. Bir zamanlar kasıb tələbə olan, indi isə vəzifəyə təyin olunan əri Sahiblə sevgi içində yaşayırlar. Lakin bu xoşbəxtlik uzun sürmür, vaxtilə Sahibə yardım edən şəxslər indi ondan balaca xahişlər edirlər. Sahib isə öz vicdanına qarşı çıxa bilmir və bu adamların xahişlərini rədd edir. Belə olanda bu paxıl, mərdiməzar və aravuranlar Sahiblə Nurcahanın ailə həyatına zərbə endirməyə çalışırlar. Ərinin ona diqqətsizliyindən inciyən Nurcahan dedi-qodulardan sonra daha tələbkar olur. İstədiyi sevgini tapa bilməyən balerina ərini tərk edir...

“Mənim günahım” da rejissor-məmur (Sahib - Elşən Rüstəmov) arvadı olan balerinanın (Nurcahan - Məleykə Əsədova) sevgi umu-küsüsünü qabardır. Yəni, bunu müsahibədə rejissor Mərahim Fərzəlibəyov özü bizə demişdi:

“Mənim günahım”da Sahib bütünlükdə özünü işə həsr edir və ailəyə diqqəti azalır. Məmurluq onun sevgisini əlindən alır. Nurcahan sevgisini qaytarmağa çalışır. Amma Sahib və həyat yoldaşı evdə o dövrün pafosu ilə ictimai sosial məsələlərdən danışırlar. Əslində, əsərdə Nurcahan da onunla bu mövzuda söhbətlərə cavab verir, onu dinləyir, müzakirə edir, lakin mən onun cavablarını mətndən çıxardım. Mənim yozumumda Nurcahan onun ictimai pafosuna təəccüblə baxır ki, bu adam niyə bunları danışır ki... Nurcahan üçün sevgi diqqət deməkdir, amma o, bu diqqəti görmür...

- Belə anladım ki, siz əsas vurğunu ictimai mühitə yox, balerinanın məhəbbət faciəsinə vurursunuz...

- Bilirsiniz, hər insan ictimai mühitin bir parçasıdır. Mən bir məmurun məhəbbət faciəsini göstərmək istəyirəm - o, öz ömrünü işə sərf edir, amma məhəbbətini, ailəsini unudur. Nurcahan çalışsa da, məhəbbəti qaytara bilmir. Mənə rejissor kimi Nurcahanın məhəbbət dünyası maraqlıdır»

Beləcə, biz rejissorun istədiyi kimi Nurcahanın məhəbbət dünyasına daxil oluruq. Əslində, burada hansısa dünya yoxdur. “Mənim günahım” bir-birinə bağlana bilməyən qırıq-qırıq etüdlərdən ibarətdir. Ayrı-ayrılıqda hardasa musiqi, hardasa dekorasiya tamaşaçını bir neçə anlıq qeyri-müəyyən bir hissə qapılmağa vadar edir. Amma o anda da bu illüziya dağılır. Ümumiyyətlə, teatra aid olan bütün komponentlər birləşib bədii məhsul ortaya çıxara bilmir. Aktyorlar öz obrazlarını tanımırlar. Bəlkə səhnə boşuna fırlansa, bu tamaşadan daha artıq bir məna çıxarmaq olardı. Amma Sahibin qayğıları Nurcahanın sevgi dünyası, hətta sevgi anlayışı özü belə, adamlara yaddır. Bu qırıq-qırıq səhnəciklərdə danışılan hansı mövzu kiməsə toxuna bilər ki? Məsələn, Sahib fəhlələrə ev növbəsindən danışır. “Fəhlələrə ev növbəsi” - belə şeyi harada oxuyub eşitmisiniz? Rejissor qəhrəmanlarının əlinə telefon verib selfie çəkdirməklə əsəri müasirləşdirmək istəyir?

Amma bir məsələdə həqiqətən də bir tamaşaçı kimi rejissora təşəkkürümü bildirmək istəyirəm. Dediyinə görə, tamaşada o əsərdən fərqli olaraq ictimai pafosu azaldıb. Yaxşı ki, azaldıb. Hələ bir ona qıcıq olmağımız qalmışdı...

Onsuz da balerina geyimində aktrisa Məleykə Əsədovanın “Qu gölü”ndən ifa etdiyi balaca bir rəqs parçası, oxuduğu mahnı qeyri-estetikliyi, qeyri-peşəkarlığı ilə qıcıq oyadır.

Aktyorlar yüksüzdür, özlərini dəyirman daşı daşıyır kimi aparsalar da şardan yüngül yükləri var. Bunun günahı əlbəttə ki, özlərində deyil. Oynadıqlarının həyata dəxli olmadığını yaxşı bilirlər. İikinci dərəcəli obrazları canlandıran Dilarə Nəzərova, Əjdər Həmidov, Cümşüd Zeynalov ürəkbulandıran dərəcədə çox işlənmiş, tipik obrazarı imitasiya edirlər.

Dramaturji material aktyorlara hansısa yükü verə bilməyib. Məntiqdən, reallıqdan uzaq süjet hansısa dramaturji situasiya yarada bilmir. Konflikt sünidir. Yeganə real görünən balerinanın sevgi umu-küsüsüdür. Bu umu-küsü yaşantılarının musiqidə ekvivalentini elə tez-tez təkrarlanan “Qu gölü” baletindən olan məşhur mahnıda tapıblar. Görünür, rejissor bunu əhvalatın leytmotivi kimi düşünüb. Həm pyesdə adı keçir, həm də hazır metaforadır; Sevgi qoşa qanad. Sevgisiz balerina - qanadı qırılmış qu quşu, son uçuşunu edən qu quşu. Daha nə istəyirsən?

Amma Məleykə xanımın balerina kimi çabalamalarına, hər səhnədə dəyişdiyi bir birindən gözəl geyimlərə, Elşən Rüstəmovun Sahib rolunda qayğılanmağına, Dilarə Nəzərovanın əsassızca hikkəli yerişinə, Nigar Məmmədovanın Ayqız rolunda saflıq müamiləsinə, Hacı İsmayılovun roldan-rola dəyişməyən monoton didaktik intonasiyalı çıxışlarına, Əjdər Həmidovun təsbehilə çözmək istədiyi milli “julik” Almuradına baxmayaraq “Mənim günahım” Qu gölünə çevrilə bilmir, əksinə, aktyor enerjisini, insan zəhmətini və vaxtını amansızca udan bataqlığa dönür.

Qaldı balerinanın sevgi umu-küsüsünə...

Ötənlərdə qarşıma maraqlı bir karikatura çıxmışdı. Gənc ər-arvadın dialoqudur:

- Bəzən məni heç sevmədiyini düşünürəm, Xeyrəddin!

- Bunlar bizə görə söhbətlər deyil, Salihə. Yat, səhər 5-də qalxıb tarlanı əkəcəyik.

# 1817 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #