AZDRAMA-da üç öpüb bir dişləyəcəklər

AZDRAMA-da üç öpüb bir dişləyəcəklər
30 aprel 2014
# 15:00

Dədə Qorqud nə etsin?

Akademik Milli Dram Teatrının ən yeni “İlahi oyun” tamaşası TürkSoyun layihəsi əsasında hazırlanıb. “Kitabi Dədəm Qorqud”un Dirsə xan oğlu Buğac” boyu əsasında işlənən bu müzikl türkdilli ölkələrdə 12 boya müvafiq olaraq hazırlanan 12 tamaşadan biridir. Bu on iki tamaşa Türkiyədə bir festival şəklində təqdim olunacaq.

Hələ bu sonra olacaq. İndisə Bakıda premyeradır.

Teatrda bayram ab-havası var. Çox səliqəli, gözoxşayan bir dekorasiya işlənib... Kətanın iyi zala vurur: Üç alaçıq səhnəni tutub. Fonda da rənglər bombozdur. Eynən mağara divarları kimi. Azca qabaqda üç qəbir daşı var. Stop! Burada təsviri saxlayıram. Bircə xatırlatma ilə Mikayılın (rejissor Mikayıl Mikayılov) gördüyü, görmək istədiyi, göstərdiyi tamaşanı dağıdacağımdan qorxuram...

Qayıdıram əvvələ. “Dirsə xan oğlu Buğaca”ın konseptual həlli adda “şifrələnib” -“İlahi oyun”. Çünki Mikayıl “Dədə Qorqud”u on ikinci əsrin yox, islamdan əvvəlki dövrün də yox, lap-lap əvvəllərin totemizm dövrünün, tenqrizmin, bəlkə ondan da əvvəllərin abidəsi kimi görür. Haqlıdır. Çünki “Kitabə”dəki epizodlar onu islamdan öncəki tarixə aparır-axı İslamdan sonra kimsə nikah kəsilmədən azadca sevgi yaşaya, sevdiyi ilə sevişə - “üç öpüb bir dişləyə” bilməzdi. Bu azad ruh hardandi? Deməli daha əvvəllərdi. “Qam gan oğlu xan Bayındır...”

Bunusa hələ reportaj edərkən Mikayıl özü diqqətimizə çatdırıb: “”Qam”, “ğam” “şaman” deməkdir”. Deməli çox qədim inanclar dövrüdür. Üstəlik “Dədə Qorqud”dakı bütün metaforalar təbiətlə bağlıdır- “kül təpəcik olmaz”. Axtara-axtara gəlib təbiətin özünə çıxırıq. İnsan ruhunun təbiətin ruhundan hələ qopmadığı zamanlara. Mikayıl da tamaşanı məhz bu yerdən başlayır. Demək, ən düzü odur ki, Mikayıl ona tarixi abidədən də çox ilahi oyun kimi yanaşır. Mikayılın tamaşasında Qorqud yoxdur-Kut var. “Türkcədə işlənən kutluluq sözünün kökü. Kut başlanğıcdır”- Bunu reportajda özü izah etmişdi: Kutun dəfinin sədası ilə ruhlar oyanır, bir oyun göstərib qeyb olurlar.

Mikayıl epik teatrdakı kimi, nəqletmədən yararlanır. Bu nəqletmə həm də aşıq sənətinin cəhətidir. Kut (Novruz Novruzov) hadisələrə təkan verir-Ozan danışır, aktyorlar göstərir. Vidadi Həsənov (gənc Ozan), Pərviz Məmmədrzayev (oğul Ozan), Nigar Bahəddinqızı (Ana) ...

Nəzəri olaraq bu yanaşma “Dədə Qorqud”u “tarixi abidə” statikliyindən, hər cür hermetiklikdən xilas edirdi. Amma...

Realizə

Tamaşa bir şərtlə başlayır. O ələgəlməz, gözə görünməz, qədimdən qədim ruh min illərlə uyuyan o bədənlər arasında parçalanıb bir oyun göstərməli, sonra yenə də qeyb olmalıdır. Bu yerdə fəlsəfi olan “Niyə? Nədən ötrü?” sualı vermək istəyirsən, amma tamaşa bilmərrə bu sualı vermir deyə bunun üstündən keçirsən.

Tamaşanın konsepsiyasındakı oyun şərtini Mikayıl formaca həll edə bilir: Yuvarlaq olaraq formaca “şərti teatr” prinsiplərilə. Əslindəsə tamaşada “göstərmə” məktəbinə xas aktyor oyunu, epik teatr, şərti teatr elementləri, aktyorların obrazları bir-bir “geyinib-soyunmağı” var.

Bir də “Dədə Qorqud” mətninin poetik ruhunu qorumaq lazımdı. Bəs tamaşaya epik teatrın prinsipləri hakim ikən, nə etməli? Onda rejissor başqa bir üsula əl atır. Çox güman ki, bu poetik ruhu vurğulamaq üçün mətnin ritm qəliblərini müəyyənləşdirir. Daha doğrusu, aktyorlar əhvalatı, mətni müəyyən ritmlər üzərində və bəzən xorla nəql edirlər. Bu, ritm və xor mətnə bir sakrallıq qatır, onu subyektivləşməkdən xilas edir. Ritm qəlibləri (ozanın söylədiyi şerlərdə nəqəratın təkrarlanması) quruluşuna və vəcd effektinə görə onu rituala bənzədir. Amma bu, Qrotovskinin arzuladığı “Teatrda ritual” məsələsi deyil. Bu ritualda tamaşaçılar iştirak etmir. Vəcd də yalnız aktyorlar üçün enerji mənbəyi kimidir. Amma bütün hallarda tamaşaçıdan qopuqdur.

“İlahi oyun”a “etnoqrafik müzikl” kimi janr təyini verilib. Tamaşa boyu ən müxtəlif janrlı musiqilər eşidilir: şaman musiqisi, saz, muğam, rok... Yaranma tarixi ardıcıllığıyla musiqilər bir-birini əvəzləyir. Əvvəlcə tamaşa şaman, sonra aşıq-ozan musiqisi üstündə irəliləyir. Və tamaşanın dramatik cəhətdən kulminasiya nöqtəsində – Ananın yaralı oğulla görüşü zamanı-müğam parçası ifa olunur. Məhz bu “məqam-muğam” alqışlanmasına baxmayaraq, tamaşanın ümumi ahəngini, ritmini ən çox pozan səhnədir. Anlaşılan odur ki, Mikayıl sinkretikliyə nail olmaq istəyib. “Yaşı bilinməz”liyi səhnə məkanında, zalda bərqərar etmək istəyib və ümumi əsas ritmi tez-tez xatırlamaq şərtilə müxtəlif janrlı musiqilərin bir-birini əvəzləməsi, poetik və epik mətnləri ritmlərlə nizamlamaq ona ən optimal görünüb.

Amma muğam “naləsi” bir anda ümumi konsepsiyanı pozur-sanki milli musiqiləri sərgiləmək məqsədini faş edir. Qarmaqarışıqlıq yaradır.

Daş

Əhvalatın ortasında Ana oğlu Buğacı ana südü, dağ çiçəyi ilə müalicə edir. Təbiət möcüzə göstərir - ananın döşünə süd gəlir. Ana bayaqdan qarğıdığı təbiətlə eyniləşir. Amma ana qütblərin mərkəzində, tamaşanın dayaq sütunu ola bilmir, burada aktrisalıq heç nə yoxdur, tamaşada belə düşünülməyib. Amma aktrisa öz plastika imkanları ilə daim diqqət mərkəzindədir.

40 igidi təsvir edən iri ölçülü yelpiklər şərti teatr havasını zala ötürür. Vizual olaraq da gözəl görünür. Geyimlər obrazların statuslarından çox, cinslərini vurğulayır (rəssam Mustafa Mustafayev) – qadın və kişi bədəninin özəllikləri vurğulanır. Bu minimalizm də şərti teatrın tələbidir. Ümumilikdə Kutun geyimindən başqa geyimlər və dekorlar səliqəli, gözoxşayan, səhnədəki proporsionallığına görə mükəmməldir.

Yalnız qəbir daşları....

Tamaşa başlayan kimi ilk gözə çarpan qəbirlər olur. O baş daşlarını görən kimi qorxa-qorxa öz-özünə “Amandır, “Dədə Qorqud” filmini xatırlatmasın” deyirsən. Amma tamaşanı praktiki olaraq məhz o film kimi başlayıb eynən elə də bitirirlər. Daşlar canlanır, ruhlar oyanır... Halbuki tamaşada filmdən fərqli konsepsiya var idi. Novruz Novruzovun Kutu filmdəki Dədəni unuda bilmir, hətta bəzən karikatura təsiri bağışlayır. Geyiminin rəngi, parlaqlığı, tamaşadakı rənglərdən seçilir. Üstəlik Kut ruh kimi səhnədə gərdiş etməli ikən, canlı müqəvva təsiri bağışlayır. Amma əlbəttə ki, “Savalan” qrupundan tanıdığımız Novruz Novruzlunun səsi, ifası tamaşanın ruhunu qoruyur.

Final metaforikdir: əcəl alır, yer gizləyir – bir-bir yıxılan qəhrəmanlar daşlaşır və yuxarıdan qara bir pərdə düşür, yəni yer gizləyir. Fani dünya bir bizə, bir də Kuta qalır. Çünki Kutu bu qara pərdənin çölündə saxlayırlar.

Üstəlik məhz final hermetik təsir bağışlayır, “tarixə qovuşdurub” əhvalatı bizdən uzaqlaşdırır. Bizə qalan parlaq mavi geyimli Kut olur. O da “Gəlimli - keçimli dünya...” ilə başlayan məşhur sözləri deyib saqqalını yırğalayır. Nə edəcəyini bilmir sanki: Bizimlə bu fani dünyanın cari işlərinə qarışsınmı, yoxsa... Bircə dəqiqə gözləsə, tamaşa onsuz da bitir....

Niyə “Dədə Qorqud” daşla, üstəlik qəbir daşı ilə assosiasiya olunmalıdır? Yazıçı Anarın təqdim etdiyi “Dədə Qorqud”dan nə zaman qurtulacağıq? Darıxmayın, üç gün keçməz sevindirrəm sizi: “Dədə Qorqud” dastanı əsasında bu il çəkiləcək çoxseriyalı filmin ssenarisini yenə də yazıçı Anar yazır...

# 3772 dəfə oxunub

Müəllifin son yazıları

# # #