Vaqif İbrahimoğlunun son tamaşası

Vaqif İbrahimoğlunun son tamaşası
22 oktyabr 2013
# 07:00

Qoca, sadiq Firs haqda...

Oktyabrın 18-də Yuğ teatrında balaca bir bayram əhvalı olur. Ürəklərdə bir ovuc işığı, sevinci olan belə balaca bayramlar böyük bayramlardan qat-qat yaxşıdır. Hər halda mən belə düşünürəm. Bayramın biri məlum- bir BALACA bayram müstəqillik günüdür – hər kəs öz bildiyi kimi qeyd edər. O biri iki bayram bir-birinə o qədər qarışıb qovuşub ki, hətta ayırmağa adam qıymır. Çünki Vaqif İbrahimoğlu ilə Yuğ teatrını necə ayırmaq olar ki, onu heç tarix ayırmadı - oktyabrın 18-i mərhum rejissor İbrahimoğlunun doğum günü olduğu kimi YUĞ teatrının da ad günüdür.

Axan zaman deyil, məsafələrdir

YUĞçular ustadlarını Anton Pavloviç Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanan “Birinci akt” tamaşası ilə andılar. “Birinci akt” Vaqif İbrahimoğlunun tamaşaçılara son ismarıcı, vida baxışıdı.

Qabaqcadan deməli, tamaşaya pyesi oxuyub getsəniz daha yaxşı olar. Həm də Çexovun “Albalı bağı” qəribə pyesdir. Okean kimi bir xassəsi var - dibindən isti və soyuq cərəyanlar axır...

Qrişa adlı oğlunu itirmiş Ranevskaya uzun illərdən sonra qarşısında albalı bağı olan malikanəsinə dönür. Amma məlum olur ki, malikanənin borcu başından aşır, çarə albalı bağını satmağa qalıb. Və bağı qırıb torpağı ayrı-ayrı paylar şəklində satsalar daha baha sata bilərlər. Bu, tacir Lopaxinin ideyasıdı. Hər nə isə, albalı bağı qırılmağa məhkumdur. Və elə pyes onu qıran balta səsləri ilə bitir.

Pyesdə hadisə olmalıdır, deyirik. Amma Çexov üçün həmişə önəmli olan biri var - o, İnsandı. "Albalı bağı"nda da hadisədən çox insan var. Daha doğrusu, bu pyesdə hər insan bir hadisədir. Tacir Lopaxin atasının uşaqlıqda ona vurduğu şillədir, Ranevskaya aldığı sevgi yarasıdır, Qrişanın ölümüdür, Qayev bilyard zərbəsidi... Albalı bağısa onları bir-birinə bağlayan taledi...

.

Albalı bağı sevgi deməkdir. Hərçənd ruscada bağ bu iki mənanı vermir. Bizim dildə bağ həm də əlaqədir. “Albalı bağı” insanlar arasındakı bağın nazikliyini, qalınlığını yoxlayır. Bu bağları çəkişdirmək üçün ən ağır gələn şey zamandır. Ranevskayanın qürbətdə keçirdiyi zaman. Amma nə demiş şair? Axan zaman deyil, məsafələrdir. Bu adamlar arasında nə qədər məsafələr, divarlar var. Hər kəs öz yalnızlığına həbs olunub - həyətdə isə albalı bağı çiçəkləyir!!!

YUĞ teatrının səhnəsinin tən ortasında bir saat sferblatı qurulub - əqrəbləri şəffaf arakəsmələrlə məkanı dörd yerə bölür. Qəhrəmanların sözləri bu şəffaf arakəsmələrə dəyib yerə düşür, bir türlü müsahibə yetə bilmir. Qəhrəmanlar öz eqolarına –kədərlərinə, sevgilərinə, sıxıntılarına, ehtiraslarına - həbs olunublar. Baxın, ətrafda bu qədər insan kədəri, insan əzabı varkən, Qaev 100 yaşlı şkaf haqqında nitq söyləyir, onu dəyərini vurğulayır, Varyanın əndişələri Anyanın yuxusuna qalib gələ bilmir, dayənin ölümü Ranevskayanın əhvalında dəyişiklik yarada bilmir (Halbuki, dayənin ailəyə nə qədər bağlı olması məlumdur), Firs isə qoca, sadiq it kimi artıq diqqətsizliyə və sevgisizliyə vərdiş edib. Bütün bunların fonunda albalı bağı çiçək açır. Onlar pəncərəni açıb bağa baxırlar, heyranlıq ifadə edən sözlər deyirlər, bağın dəyərli olduğunu vurğulayırlar o bağsa, insanlarla ağac dilində danışır - çiçəkləyir...

Çexovun “Qüssə” hekayəsi yadınızdadırmı? Arabaçı kişi sonda öz dərdini atla bölüşür, onu yalnız at dinləyir, duyur.

YUĞ teatrının tamaşasında seyrçiyə qəhrəmanların zindan kimi ağır yüklərini görmək qabiliyyəti verilir-qalanı yenə də seyrçinin öz boynunadır, istərsən əl uzadıb Çexovun “Albalı bağı” kədərindən, sevgisindən bir ovuc götürərsən, istəməzsən özün bilərsən. Yəni götürməsən də, qəbahət deyil, çünki, heç aktyorlar da bu ağırlığa tablaya bilmir – ikinci akt başlayan kimi bir-bir tamaşanı oynamaqdan imtina edirlər - YUĞçuların kripto dedikləri (aktyorlar özləri, öz obrazları haqda şəxsləşmiş informasiya ötürürlər) məqam yetişir. Hər aktyor yaxasından oynadığı obrazın ad-familiyası yazılan bəciki çıxarıb şəffaf pərdələrə sancır - obrazını soyunub, öz qəhrəmanı haqda, pyes haqda danışır, obrazlarının gələcəyi haqda öz təxminlərini də bölüşürlər. Təkcə Firs rolunun ifaçısı Fərhad İsrafilov “eh” deyib, əlini yelləyib gedir. Bu, tamaşa boyu ən təsirli jestdir- Firs nə isə demək istəyir və düşünür ki, nə isə demək mənasızdı, əlini yelləyir və küsküncə gedir.

Lyubov Ranevskaya yaralı quş kimidir. Qanad çaldıqca yaraları ağrıyır. Elə hərfi tərcümədə də Lyubov Ranevskaya “sevgi” və "yara" anlamına gəlir. Sonaxanım Mikayılova obrazının təxmini gələcəyini danışır - albalı bağı onun üçün sevgidir. Dunyaşa Yaqut Paşazadə üçün də eynən elədi. “Ehtiraslı Dunyaşa varlı bir adama ərə gedir - adam “təsadüfən” ölür. Və onun da həyətində bir albalı ağacı çiçək açır (sevgi)”...

Bu çıxışlar pyesin mini yozumları da sayıla bilər. Vidadi Həsənov albalı bağını cənnət hesab edir. İdilliya (albalı bağı) və reallıq (qəhrəmanların münasibətləri)... Həqiqətən tamaşada “o biri dünya“ xəyalı var. Dekorasiyada bircə detalla belə işarə olunmayan əfsanəvi albalı bağı (görünməz idilliya) və saat əqrəblərinin dairə boyunca qovduğu insanlar...

Beləcə Qasım Nağı (Trofimov), Natəvan Qeybani (Varya), Vidadi Həsənov (Qayev), Oqtay Mehdiyev (Lopaxin), Mətanət Abbas (Anya), Məmməd Səfa (Pişik), Hikmət Məmmədov (Yaşa) və başqaları danışırlar... Sonra yavaşca səhnəni tərk edirlər. “Birinci akt” tamaşası bitir.

Demə, Vaqif müəllim bir vaxtlar ən son tamaşaya qoyacağı əsərin “Albalı bağı” olacağını deyibmiş. “Birinci akt” albalı bağına baxıb ah çəkmək, köksünü ötürməkdi. Vaqif İbrahimoğlunun ölümündən iki il ötüb. Nə demiş şair? Axan zaman deyil, məsafələrdi...

# 2903 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #