Bakı xristianları ölənləri necə dirildir? – Pasxadan Reportaj

Bakı xristianları ölənləri necə dirildir? – <span style="color:red;">Pasxadan Reportaj
23 aprel 2019
# 08:54

Səhər saat 10-u keçməsinə baxmayaraq, “28 May” metrosu ətrafındakı küçələrdə adam azdır. Arabir buxur ətri duyulur. Bu gün 21 aprel - xristianların Müqəddəs Pasxa bayramıdır. Qoxunun kəskinləşəcəyini təxmin etsəm də, gəlib çatdığım, xalq arasında “Kirxa” deyilən lüteran kilsəsində buxur ətri-filan yoxdur. Ümumiyyətlə, heç bir xüsusi qoxu yoxdur. Kilsə sıradan bir ibadət gününü yaşayır. İçəri daxil olub bir kənarda əyləşirəm. Bu Yevangelik-lüteran icmasının toplaşdığı Xilaskar kilsəsidir.

Kilsə

Cənubi Qafqazda Lüteranlıq XIX əsrin 20-ci illərindən etibarən, Azərbaycanda Yelenendorf və Annenfeld alman koloniyalarının yaradılmasından sonra yayılmağa başlayıb. Həmin dövrlərdə kolonistlər Yevangelik-Lüteran Ali Konsistoriyasına tabe idilər. Bakıda 1870-ci ildə qurulmuş Yevangelik-Lüteran İcmasının da təşkilatçıları alman-lüteranlar olurlar. 1873-cü ildə Bakıya, Robert Nobellə birlikdə lüteran inanclı isveçlilər də köçürlər. Kilsənin əsası 1896-cı ildə qoyulur. Bu, şəhərin həyatına, mədəniyyətinə bir rəngarənglik qatır. Belə ki, burada orqan olduğu üçün dini ayinlərdən başqa Avropa bəstəkarlarının əsərlərinin konserti də keçirilib. Elə indi də bura Mədəniyyət Nazirliyinin Kamera və orqan zalı kimi fəaliyyət göstərir.

Burada qadın da pastor ola bilər

....Keşiş moizə oxuyur, arabir kilsə xoru dini mahnı səsləndirir, birgə dualar oxunur. Bayram ayinləri başlayacaq, deyə səbirsizlənirkən, hiss olunmadan mehrabın üstündə divara bərkidilmiş dar borulardan keçərək sirlilik qazanan səslərin ahənginə düşürəm. Bakıdakı alman icmasının ibadət etdiyi kilsədə artıq heç nə görə bilməzsən, nə ikona, nə təmtəraq, nə buxurdan... Bu, həm də lüteran kilsəsinin özəlliyidir – hər hansı dini əşyaları fetişə çevirməmək, dini ayinləri sadələşdirmək, mənanın dərkinə can atmaq...

Lüteranlıq protestantlığın qoludur, Roma katolik kilsəsinin sui-istifadəsinə, öz xeyrinə işləməsinə qarşı çıxan, katolik kilsədə islahatlara can atan Martin Lüterin adı ilə bağlıdır. Lüter İncili almancaya ilk dəfə çevirən insandır. Lüteranlıq demokratik, liberal dəyərləri ilə fərqlənir. Məsələn, lüteranlıqda qadın da pastor ola, moizələr oxuya bilər.

Sərt, tez-tez cəhənnəm əzabını xatırladan dini rəhbərin yerində sadə, anlayışlı moizələr oxuyan, fortepianoda caz üslublu, ayaqları tərpətdirən musiqilər çalan pastoru görürük. Pastor Pasxanın mahiyyətini izah edir:

“...Pasxa yenidən dirilmə deməkdir. Sağlam məntiqlə düşünəndə insan dirilə bilməz. Biz bilirik ki, həyatımız məhduddur. Amma İsanın dirilməsi, bunu qeyd etdiyimiz pasxa bayramı bizə ümid verir ki, dirilmə mümkündür. İnsanın iki tərəfi var: əbədi və müvəqqəti. Dirilməyə inam, əbədilik bəxş edən sevgiyə qovuşma insanın narahat ruhunu sakitləşdirə bilər.”

Pastor Qotthard Lemke moizələri alman dilində oxuyur, icma üzvlərindən biri onun almancasını ruscaya çevirir. Çünki zalda almanca bilən azdır. Gələnlərin içində azərbaycanlılar da çoxdur.

Onlardan biri ilə - Rəna xanımla danışıram. O, kilsəyə tez-tez gəlir. “Mən internasionalam. Həm də burada oturmağı, xor dinləməyi sevirəm” - deyir.

Arxa kürsülərdən tanış bir küçə qoxusu gəlir; tənhalıq, “bomj” həqiqətlər qoxusu... İnsanı sevirsənsə əgər, çiyrinməməlisən. Moizələr də, orqan musiqisi də bunu deyir...

Nəhayət, hamı ayağa qalxır, pastor son duanı oxuyur:

“...Bir-birimizi duymaq üçün ruhumuzu zəngin et. Bizə doğru yolda olmağa yardım et. Bu icmanı saxlamaqda əməkdaşlıq edən, insanlıq ləyaqətini qorumuşlardan nəzərini çəkmə.”

Daha sonra pastor səhnədən zala düşür, adamlarla söhbət edir. Pasxa yumurtaları və hədiyyələr uşaqlara paylanır. Uşaqlar sevinirlər: axır ki bayram oldu!

Pastordan bu yumurtaların nəyi simvolizə etdiyini soruşuram.

- Bunun İsa ilə bir əlaqəsi yoxdur, yumurta yenidən doğuluşu, baharı işarə edir.

- Biz də Novruzda, yəni bahar bayramında yumurta boyayırıq...

- Bir çox xalqlarda var. İlin fəsillərini qeyd edirlər. Pasxa ümid, dirilmə haqda əhvalatdır. Amma yumurta boyamaq da xoş bir adətdir. Məsələn, şam bir simvoldur, o işığın simvoludur, aydınlanmanın simvoludur. Şamın ardınca insanların getməsi də məcazdır. Qaranlığa işığın gəlməsidir. Və ya “c” və “r” hərfləri yunancadan İsanın simvolu ola bilər. Almaniyada “zorba” adlanan xalq var ki, onlar yumurta boyamaqda ad çıxarıblar. Heç yerdə orada olduğu kimi yumurta bəzəmirlər. Marketlərdə şokoladdan pasxa dovşanları təqdim edirlər. Şaxta babanı götürüb pasxa dovşanları qoyurlar - müsahibim gülümsəyir.

Azərbaycan kinosundan danışan pastor

Pastor Gotthard Lemke altı ay var ki, kilsəyə gəlib. Bundan əvvəl Almaniyada Yena şəhərinin kilsəsində pastor olub. Xidməti başa çatdıqdan, təqaüdə çıxdıqdan sonra, yeni bir işdə olmaq arzusuna düşür. Həyat yoldaşı bakılı olan bir pastor dost ona bu kilsədə pastorun olmadığını deyir.

İcmanın tabe olduğu Gürcüstan kilsəsində işləyən yepiskop tanışının köməyi ilə Bakıdakı bu kilsəyə pastor olaraq gəlir. Onun sözlərinə görə, pasxanın keçirilməsi yalnız əsaslandığı təqvim üzrə keçirilmə vaxtına görə pravoslav kilsədən fərqlənir. Pravoslavların pasxası bir həftə sonra olacaq:

- Pasxa İsanın dirilməsini bayramıdır. Biz inanırıq ki, bu gündə İsa dirilib. Bu günlə bizim də həyatımız yenilənir. Bunu müstəqim mənada başa düşmək lazım deyil. Burada mənəvi-ruhani məna var. Biz bilmirik ki, məhz belə olub, ya yox. Amma biz inanırıq. Biz bu əhvalatdan onun ölümünü yox, dirilməsini əsas götürürük. Burada son söz ölüm yox, dirilmədir.

Pastor Qotthard Lemke incəsənətlə yaxından maraqlanan insandır: klassik poeziyanı, musiqini, mahnı oxumağı sevir. Hətta özü də musiqilər bəstələyir. Azərbaycanda konsertlərə çox gedir. Şərq musiqisini çox dinləyir. Qara Qarayevə qulaq asır. Bakıda olan muzeyləri gəzir. Nizaminin əsərlərinin almancaya çevrilməsini çox istəyir. Millətin azadlığında şair və yazıçıların böyük rolu olduğuna inanır.

Söhbət arasında yanından keçdiyi “Azad qadın” heykəlinin yerini soruşur. Ona bir də tamaşa etmək istəyir. “Azad qadın”ı tapandan sonra, birlikdə pastorun oxuduğu şairin adını axtarırıq. Bu azərbaycanlı şair az əvvəl vəfat edib, onun şeirlərini həyat yoldaşı ingiliscəyə çevirib ki, pastor da məhz o kitabı oxuyub. Cənab Lemke tərcümədə misralar desə də, şairi xatırlaya bilmirik.

Onu bu günlərdə premyerası keçirilən Azərbaycandakı alman icmasının 200 illiyinə həsr olunmuş “Əlvida, Şmidt” filmi ilə bağlı xəbərdar etmək istəyirəm. Məlum olur ki, pastor özü bu filmdə iştirak da edib - epizodlardan birində almanca səsləndirmə onundur.

Kinodan söz düşəndə cənab Lemke, “Nabat” filmi haqda danışmağa başlayır. Oradakı bir epizodu xüsusilə yadda saxlayıb: kənd bombalanıb, Nabat əyilmiş elektrik dirəklərinin yanında kəndə baxır və bu dirəklər xaç şəklində dayanıb. Pastor bu anda qadını Mariya Maqdalenaya oxşadıb:

- Belə şeyləri çəkmək çətindir. Xaç ümid simvoludur. Tarkovskinin “Stalker”ində də üç kişi arzuladıqları yeri axtarırlar. Onlar sıxıntılı, narahat və ağrılıdırlar. Pasxa da insanların ağrı və sıxıntısı haqqında danışan bir rəvayətdir. Bu əhvalatda sonda böyük ümid var.

Stalina

Xilaskar lüteran icmasının sədri Vera Nesterovanın söylədiyinə görə, icma 20 il əvvəl fəaliyyətə başlayıb:

- Əvvəllər bura alman kökləri olan insanlar gəlirdi. Yəni 20 il əvvəl Şəmkir, Göygölə köçürülmüş almanların övladları. Amma bunlardan başqa bizə almanlarla əlaqəsi olmayan, sadəcə, alman mədəniyyəti ilə maraqlanan ziyarətçilər də gəlir.

Sədr məni icmanın alman mənşəli alman dilli üzvü Stalina Əliyeva ilə tanış edir. Stalina Əliyevanın nənəsi Bek Sofiya Şəmkirdə doğulub. Babası Azərbaycanlı olub. 1937-ci ildə Stalin hökuməti Stalinanın İran mənşəli, demokrat babasını güllələtdirir. Müharibə başlayanda, 1941-ci ildə Nənəsini, böyük bir ailə ilə birgə Qazaxıstana sürgün edirlər. Qadınları ağır işlərə göndərirlər. Amma Stalinanın nənəsi mamaça olduğu üçün onu kənddə saxlayırlar. Nənəsinin söylədiyinə görə, aclıqdan və soyuqdan ən çox uşaqlar ölürlər. Stalinanın nənəsi müharibə zamanında əmək cəbhəsinə getmiş qadınların uşaqlarını da öz uşaqları ilə birgə böyüdür. Nə az, nə çox, 11 uşağa baxır. Bu işdə ona peşəsi kömək olur. Stalina anasının və nənəsinin yaşadığı Qazaxıstanda doğulur. Bütün ömrü boyu anası və nənəsi Azərbaycana qayıtmaq istəyir. Stalinanın anası Qazaxıstanda vəfat edir. Nənə isə onu özü ilə Azərbaycana gətirir.

- O, buranı çox sevir, vətəni sayırdı. Əvvəllər İçərişəhərdə yaşayıb. Nənəm evi tapdı, amma ev köhnə idi, bərpaya bağlanmışdı. Nənəm deyirdi ki, bu qoxunu nə qədər gözləmişəm.

Stalina Bakıda azərbaycanlı ilə ailə qurub, amma qızı almana ərə gedib:

- Nəvələrimin iki adı var, biri alman, biri Azərbaycan: Katarina Emina, Lukas Farid. Bəlkə mənim nəvələrimə də bura maraqlı olacaq, öz köklərini axtaracaqlar. Həyat elə bil dövrə vurur; olduğu yerə qayıdır

...Qapıdan çıxmaq istəyirəm. Əlində podnos olan qadın sinini qarşıma tutub gülümsəyir:

- İsus voskres.

- Voistenu – deyib bir yumurta götürürəm.

# 5867 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #