Amerikada yaşayan azərbaycanlı kulinar: “Kitabımı çap etməkdən imtina etdilər”

Amerikada yaşayan azərbaycanlı kulinar: “Kitabımı çap etməkdən imtina etdilər”
13 may 2015
# 08:00

Fəridə Buyuran. Kaliforniyada yaşayır. Azərbaycan kulinariyası barədə ingilis dilində “Nar və Zəfəran: Azərbaycan kulinariyasına səyahət” (“Pomegranatess and Saffron: a culinary journey to Azerbaijan” ) kitabının müəllifidir. 2014-cü ildə nəşr etdiyi kitabı “Qurman” Dünya Yemək Kitabları mükafatına layiq görülüb. Az.coocbook kulinariya bloqunun rəhbəridir.

Kulis Fəridə Buyuranla müsahibəni təqdim edir.

- Fəridə xanım, əvvəlcə özünüz haqqında məlumat verin. Bloqunuzdan məlumat oxudum, amma bilmək istəyirəm, hansı ixtisas üzrə təhsil almısınız? Kulinariyaya marağınız necə yaranıb?

- Bakıda anadan olmuşam. Xarici dillər universitetinin “İngilis və fransız dili pedaqogikası” fakültəsini bitirib, ingilis ədəbiyyatı üzrə magistr dərəcəsi almışam. Kaliforniyaya 2002-ci ildə köçmüşük. İkinci magistr təhsilimi Kaliforniya Dövlət Universitetinin biznes fakültəsindən “Master of Business Administration” dərəcəsini almaqla bitirmişəm. Gördüyünüz kimi, təhsilimin kulinariya ilə bir əlaqəsi yoxdur. Amma kulinariyaya həvəsin üstüörtülü şəkildə hələ Bakıdaikən var idi. Orada 13-14 yaşımdan yemək reseptlərini dəftərcəmə yazıb hərdən bəzilərini hazırlayırdım. Amma repertuarım məhdud idi və mətbəxə az girərdim. Ailə qurub Kaliforniyaya köçdüm, artıq mətbəx mənim öhdəmdə idi və həm özümə həm həyat yoldaşıma ev yeməkləri bişirmək həvəsinə düşmüşdüm. Bişirməyi öyrəndikcə bunun bir sənət olduğunu gördüm...


- Kaliforniyada yaşayırsınız. Yeməklərimizə bu diqqət-sevgidə hardasa qürbətdə yaşamağınızın təsiri varmı?

Kaliforniya multi-etnik bir şəhərdir. İnsanların çoxu uzaq ölkələrdən gəlib burada uzun müddətdir ki yaşasalar da, hamısı elə bil mədəniyyətlərinin bir parçasını kulinariya vasitəsi ilə qorumağa çalışır. Kimi restoran açır, kimi mağaza. Bizim yeməklərimizə diqqətim yəqin ki, qürbətdə yaşamağımın da təsiri vardı. Uzaqda olanda hər şeyin qədrini-dəyərini daha artıq bilirsən. Bu da məni kitab yazmağa vadar etdi.

- Kitab və onun yaranma prosesi haqda danışın?

- 2007-ci ildə necə deyərlər, dəlisov bir fikrim yarandı: Azərbaycan mədəniyyətini və mətbəxini təbliğ edən kitab yazmaq istəyirdim. Kitab almaq üçün kitab mağazalarına, kitabxanalara gedəndə müxtəlif ölkələrin mətbəxini təbliğ edən kitablar görürdüm. Demək olar ki, bütün ölkələrin kulinariyası haqda..... Buna qədər heç kitab yazmamışdım. Amma jurnalda işlədiyimə görə, məqalələrim var idi, nəşriyyat prosesindən bir qədər xəbərim var idi. Eyni zamanda araşdırma işini çox bəyənirəm. Həm də Azərbaycan və Amerikada aldığım təhsilin mənə bu yöndə kömək edəcəyinə inanırdım. Və beləcə yola çıxdım. Kitabı 7 ilə yazdım. Müxtəlif regionlardan, kəndlərdən yemək reseptləri toplamağa başladım. Ailəm bu işdə mənə çox kömək etdi. Reseptləri topladıqdan sonra mətbəxə keçib hamısını test edirdim, ərzaqların miqdarını dəqiqləşdirirdim; amerikalılar dəqiq reseptləri xoşlayırlar. Onlara “xəmir qatılaşana qədər un tök” demək olmur, dəqiq ölçü istəyirlər. İlk növbədə reseptlərdə bu dəqiqliyi təmin etdim. Bişirdiyim zaman yeməklərin şəklini də çəkirdim. Beləcə 200-ə yaxın resepti işlədim. Amerikalı redaktorum mətni redaktə etdi, dizaynerlə işlədik. Buradakı məşhur nəşriyyatların çoxu kitabı çap etməkdən imtina etdilər, çünki Azərbaycan mətbəxi burada yetərincə tanınmır və kitabın satılacağına ümid etmirdilər. Mən özümə əvvəldən söz vermişdim ki, nə olursa olsun, ruhdan düşməyəcəm. Ona görə də, kitabı özüm nəşr etməyə qərar verdim. Yəni ki, bir nəşriyyat evinin yükünü öz üzərimə götürdüm. Kitabım 2014-cü ildə Amerikada çap olunmuş Şərqi Avropa kulinariya kitabları arasında qalib oldu. Bu, mənə imkan verir ki, iyunda Çinin Yantay şəhərində bu təşkilatın daha böyük müsabiqəsində iştirak edim. Şərqi Avropa kateqoriyasında qalib olmuş 10 yaxın iştirakçının içindən Best of the World seçiləcək. Mən orada Azərbaycanı və Amerikanı təmsil edəcəm. Qeyd edim ki, ilk tiraj qurtarmaq üzrədir. Yeni nəşrə hazırlaşıram. Bu nəşrdə əlavə olaraq 16 yeni səhifə də olacaq, yəni yeni resept və şəkillər olacaq. İkinci nəşrin tirajını daha böyük etməyi planlaşdırıram – təxminən 2000 nüsxə (birinci nəşrin sayı 1000 ədəd idi).

- Oxuduğum məlumata görə, kitabda atalar sözləri və əhvalatlar da yer alıb. Bu ideya haradan yarandı və atalar sözləri hansı məqamda qeyd olunub?

- Düzü gördüyüm kulinariya kitablarında belə bir şey yox idi, bu ideya mənim ağlıma gəlmişdi. Mən kitabımın resept yığını olmasını istəmirdim. Məqsədim bu reseptlərlə bərabər, yemək mədəniyyətimiz barədə məlumat vermək idi. Bu bir növ mədəniyyət haqda kitabdır, resept kitabı deyil. “Yemək bişirmək üçün resepti əlinə alan şəxs yeməyin harada hazırlanması, etnoqrafik xüsusiyyətləri, fəlsəfəsi haqqında öyrənməlidir” deyə düşündüm. Və bizim yeməklə əlaqədar olan atalar sözləri və deyimlərimizi kitaba əlavə etdim. Məsələn, “yumurtadan yun qırxmaq” məsəlini yazmışam. Bu xaricilərə maraqlıdır. Ya da narlı yumurta reseptinə “Bugünkü yumurta sabahkı toyuqdan yaxşıdır” atalar sözünü yazmışam. Yəni atalar sözlərini reseptlərə bir qədər uyğun gəlməsini istəmişəm. Bu atalar sözləri ilə bağlı çox rəylər aldım. Görünəni, mədəniyyətimizlə maraqlanan xaricilərin bu, çox xoşuna gəlmişdi.

- Hansısa yemək reseptləri təqdim olunarkən bunun yemək mədəniyyətində yeri, tarixçəsi, özəllikləri barədə məlumat verərkən bu informasiyanı haradan alırsınız?

- Məlumatları reseptləri aldığım adamlardan almışam. Elə yeməklər var idi ki, onlar haqqında heç bir məlumatım yox idi. Onu kitabı işləyəndə öyrəndim. Məsələn, Şabran dolması – Şabranın demək olar ki, unudulmaqda olan reseptlərdən biri. Mətbəx yalnız resept deyil, o mədəniyyətdir və çox amillərlə bağlıdır. Yalnızca reseptləri, xüsusilə etnik reseptləri, paylaşmaq oxucunu o yeməyi bişirməyə motivasiya etməz, şəxsən məni etmir. Bu məlumatlar da o üzdən vacibdir.

- İşinizi biznesə çevirmək kimi fikriniz varmı?

- İndiki halda yalnız kitab yazmışam. Bloqum da fəaliyyət göstərir: Azcookbook.com. Düzdür, nə kitablardan, nə bloqdan mənim çox gəlirim yoxdur. Amma istərdim, gələcəkdə kulinariya ilə bağlı bir biznesim olsun. Hələ ki, bu barədə düşünməmişəm. Sadəcə ideyalar var.

- Başqa bir ölkədə, başqa mədəniyyətlərin arasında yaşayan bir şəxs kimi bizim mətbəxin özəlliklərini nədə görürsünüz?

- Xaricilərin gözü ilə baxsaq... Ekzotiklik, rənglər, qeyri-adi təamlar onlara özəl görünür. Məsələn, plovda albuxara ilə quru əriyi qarışdırırıq-bu, onlara maraqlı gəlir. Bir də bütün yeməkləri polufabrikatsız, hər addımını özümüzün hazırlamağımız onların diqqətini çəkən amillərdəndir.

- Qərbdə və ABŞ-da sağlam qida problemi çox böyükdür. “Biz ən azı belə problemin olmamasına sevinməliyik” kimi fikir var. Bu fikir nə qədər doğrudur?

- GMO (Gen modifikasiya olunmuş məhsullar) problemi burada böyükdür. Sağlamlığa ziyanlı olan məhsullar burada var. Sağlamlığına diqqət edən insanlar belə məhsullardan uzaq durur. Yəni, burada insanların seçimi var. Onlar istəsələr hər həftə təşkil olunan bazardan orqanik məhsullar ala bilərlər. Və ya sağlam qida mağazaları var. Yəni seçim insanlara buraxılıb. Düzdür, insanlar özləri özlərini bu məsələdə maarifləndirməsələr, GMO tələsinə bilmədən düşmək asandır. Azərbaycandakı vəziyyət haqqında dəqiq heç nə bilmirəm. 14 ildir orada yaşamıram. Amma eşitmişəm ki, Azərbaycanda da belə problem var: ora gələn bəzi məhsullar GMO-dur. Diqqətli olmaq lazımdır.

- Bütünlükdə öz yaradıcılığınız nəticəsində hazırladığınız yeməklər varmı?

- İmprovizələr edirəm, ərzaq olmayanda soyuducuda olan məhsullarla əvəz edirəm. Bunu da hər qadın edir.

- “Kasıb xörəyi - varlı xörəyi”. Bu bölgü haqda nəsə danışa bilərsiniz?

- Kitabımdan bir misal çəkim. Məsələn, orada bir resept var – Qarabağ buğlaması. Bu yemək dağlarda yabani bitən otlardan və düyüdən hazırlanır. Olduqca asan, ucuz başa gələn yeməkdir. Resepti mənimlə paylaşan xanım qeyd etmişdi ki, bu yeməyə o bölgədə kasıb yeməyi deyilir. Mən hətta bu məqamı reseptin əvvəlində da qeyd etmişəm. Ucuz başa gələn, hazırlanması asan yeməklərə kasıb yeməyi deyilir. Zəngin yeməyi də tam onun əksi olmalıdır.

- “Qonaqpərvərlik” sözünü bizə çox aid edirlər. Bu “qonaqpərvərlik” haqda nə deyə bilərsiniz? Yəni, nə müşahidələriniz var: Bu, ürəkdən gələn insani keyfiyyətdirmi (bölüşmək, paylaşmaq), yoxsa göstərmək, lovğalanmaq məqsədi güdür? Və yaşadığınız ölkədə qonaqlıq qaydaları necədir?

- Coğrafi nöqteyi-nəzərdən baxanda şərq ölkələrinə xas olan xüsusiyyətdir. Bu yalnız bizə aid deyil. Amma bizə yad da deyil. Xüsusi ilə də rayon və kəndlərdə qonağa elə hörmət edirlər, evlərində olan ən yaxşı qidaları gülərüzlə qonağın qabağına qoyurlar. Əlbəttə, özünü göstərmə halları da olur, yəni, baxın masaya qoyacaq çox şeyimiz var...

- Kaliforniyada qonaqlıq qaydaları necədir?

- Burada insanlar mətbəxdə çox vaxt keçirmirlər. Kimsə şənlik edirsə, asan hazırlanan yeməklər, pizzalar sifariş edir. Yəni ev yiyəsi özünü çox yormur. Bizdə düzdür ki, qadınlar qonaq gələndə çox yorulurlar. Mən də bu mədəniyyətin nümayəndəsi kimi belə xasiyyətdəyəm. Amma son vaxtlar çalışıram ki, qonaq üçün bişirdiyim yeməklərin sayını azaldım. Burada belə şeyləri ciddiyə almırlar, əylənməyə daha çox diqqət edirlər. Burada dəvətsiz qonağa süfrə açmırlar. Qonaq əgər yemək üstünə gəlibsə ona “Gəlin, bizimlə bir tikə yeyin” kimi israrlar olmur. Yeməyə xüsusi dəvət olmalıdır.

- Ədəbiyyatla nə qədər maraqlanırsınız?

- Son vaxtlar bu mövzuda özümü günahkar hiss edirəm. Çoxdandır ədəbiyyat oxumuram. Halbuki vaxt var idi, kitablardan ayrılmırdım. Bir neçə aydan bir kitab oxuyuram. Əvvəllər buradakı “Book Club”ların üzvü idim, gedirdim. Son oxuduğum deyəsən Barak Obamanın “Atamdan Arzular” kitabı idi. Daha çox dünya ədəbiyyatını oxuyuram. Bu dəfə Azərbaycana gələndə bizim yeni nəsil yazıçıların kitablarından alacağam. Jurnal oxumağı çox xoşlayıram. Abunə olduğum müxtəlif mövzulu jurnalları həvəslə oxuyuram.

# 1586 dəfə oxunub

Müəllifin son yazıları

# # #